Redaktor seçimi
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
Günün xəbəri

Prezident İlham Əliyev“Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.

Yenixeber.org:  Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi-konfransın 26-cı ildönümünü nailiyyətlərlə qeyd etdiyini, Azərbaycana hər gəlişində burada müsbət dəyişikliklərlə qarşılaşdığını bildirdi, sərginin işinə uğurlar arzuladı.

Sonra dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Bu, çox əlamətdar hadisədir. Bu sərgi dünya miqyasında çox önəmli beynəlxalq tədbirlərdən biridir.

Bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə 30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir. İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.

Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri əlbəttə ki, təqdirəlayiq bir haldır.

1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi. Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək.

Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.

Onu da bildirməliyəm ki, sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt “Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır. Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.

Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır.

“Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il – düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır.

Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır.

Biz bu layihələri əlbəttə ki, o cümlədən xarici maliyyə resurslarının hesabına icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından kredit şəklində vəsait aldıq. Bu münasibətlə bu qurumların Azərbaycana dəstəyi haqqında danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı – dünyanın bu aparıcı maliyyə qurumları Cənub Qaz Dəhlizinin reallaşmasına öz maliyyə vəsaitini ayırıb və beləliklə, layihənin icrası üçün çox önəmli dəstək vermiş olublar. Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın uğurlu gələcəyinə inamın təzahürüdür.

Biz bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq aparırıq. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul edilmişdir. Bizim təşəbbüsümüzlə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı keçirilmişdir. Bu toplantılarda həm görülmüş işlərə yekun vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır. Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır.

Mən bir qədər əvvəl beynəlxalq əməkdaşlıq haqqında fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, çünki belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi.

Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır.

Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir.

Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni, bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır.

Mən bu gün Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.

Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır.

Mən sərginin keçirilməsi münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Sərginin təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm. Sərgiyə uğurlar arzulayıram. Sağ olun.

X X X

ABŞ dövlət departamentinin enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Azərbaycanın qlobal enerji bazarına, Cənub Qaz Dəhlizi layihəsinin isə enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və digər tərəfdaşlara təşəkkür etdi. Kent Loqsdon daha sonra ABŞ Prezidenti Donald Trampın məktubunu tədbir iştirakçılarına çatdırdı.

Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam Foks videomüraciətində bildirdi ki, Azərbaycan enerji müstəqilliyini təmin etmiş ölkədir. Azərbaycan ilə Böyük Britaniya arasında dərinləşən əməkdaşlıq ölkələrimizə daha çox iqtisadi faydalar verməkdədir. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.

Sonra Prezident İlham Əliyev sərgi ilə tanış oldu.

Sərgidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR geniş təmsil olunur. SOCAR-ın stendində neft emalı və neft-kimya, STAR neft emalı zavodu, karbamid zavodu, SOCAR Polimer zavodu, Cənub Qaz Dəhlizi və perspektiv layihələr barədə məlumat verilir.

Dövlətimizin başçısına burada SOCAR-ın neft-qaz-kimya kompleksi layihəsi haqqında məlumat verildi. Layihənin əsas məqsədi ölkə əhalisini təmizlənmiş təbii qazla təmin etmək və neft-kimya məhsullarını istehsal etməkdir. Qaradağ rayonunun ərazisində reallaşdırılacaq bu layihə ildə 10 milyard kubmetr qaz emalı, 600 min ton poletilen, 130 min ton propilen istehsal etməyə imkan verəcək. Burada inşaat mərhələsində təqribən 15 min nəfər, istismar dövründə isə 2000 nəfər çalışacaq. Məhsulların Türkiyə, Avropa, Çin və digər ölkələrə ixracı nəzərdə tutlur. Zavodların 2023-cü ildə istismara verilməsi planlaşdırılır.

Bu il Neft daşlarının 70 illiyi tamam olur. Azərbaycan neft sənayesində Neft daşları yatağının çox mühüm yeri var. İlk dəfə burada açıq dənizdə neft və qaz hasilatına, estakada üsulu ilə yataq istismarına başlanılıb, yataqlara suvurma üsulundan istifadə olunub. Neft daşları yatağında 70 il ərzində 175 milyon tondan çox neft, 13,5 milyard kubmetr qaz hasil edilib, 1928 quyu qazılıb. Ötən il bu yataqdan 945 min ton neft və 81,2 milyon kubmetr səmt qazı hasil olunub. Hesablamalara görə, Neft daşlarında çıxarıla bilən 18,9 milyon ton neft ehtiyatı var.

Stendə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı guşə yaradılıb. Ulu öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində imzalanan müqavilə ölkəmizin həyatında çox mühüm tarixi hadisəyə çevrildi. Bu il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın payına 279 milyon ton mənfəət nefti düşür. “Azəri-Çıraq-Günəşli” saziş sahəsindən bu il aprelin 1-nə qədər 481,1 milyon ton neft və 156,2 milyard kubmetr qaz hasil edilib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 382,9 milyon ton neft ixrac olunub.

Prezident İlham Əliyev BP-Azərbaycanın stendində də oldu. Dövlətimizin başçısına burada AÇG-nin 25 illiyi ilə bağlı uğurlar və növbəti 25 illik plan barədə məlumat verildi. BP-Azərbaycan ölkənin və Cənubi Xəzər regionunun aparıcı əməliyyatçısı kimi fəaliyyət göstərir. Bu müddətdə BP təhlükəsiz və səmərəli əməliyyatlar həyata keçirərək ölkənin bir sıra mühüm neft-qaz layihələrini uğurla təhvil verib. Bu layihələrə “Azəri-Çıraq-Dərinsulu Günəşli” neft yatağı, “Şahdəniz” qaz və kondensat yatağı, üç ixrac boru kəməri, həmçinin dayazsulu “Abşeron” və “Şəfəq-Asiman” və D-230 geoloji-kəşfiyyat strukturları daxildir. İndiyədək BP tərəfdaşları ilə birgə Azərbaycanın neft-qaz layihələrinə 72 milyard dollardan artıq sərmayə qoyub. BP-nin Azərbaycanda 2900-a yaxın yaxın ixtisaslı işçisi var. Onların 90 faizi Azərbaycan vətəndaşlarıdır.

İtaliyanın SAİPEM şirkəti də sərgidə iştirak edir. Şirkət energetika və infrastruktur sektorlarında iri layihələrin mühəndisliyi, qazma və tikinti işləri sahəsində böyük təcrübəyə malikdir. SAİPEM ən yüksək texnologiyaları tətbiq edir. Şirkət 60-dan çox ölkədə fəaliyyət göstərir.

Belarusun dövlət neft-kimya konserni olan Belnefttechim də sərgidə təmsil olunur. Şirkət iqtisadi potensialına görə dünya bazarında öz yerini tutub. Müəssisə neftin kəşfiyyatı, hasilatı, daşınması və emalı, eləcə də neft məhsullarının satışı üzrə bütün prosesləri ehtiva edir. Konsernin həyata keçirdiyi fəaliyyətin ən mühüm istiqamətlərindən biri də neft məhsulları, kimyəvi liflər və iplik istehsalıdır.

İtaliyanın “Maire Tecnimont” şirkəti dünyanın aparıcı şirkətlərindən biridir. Mühəndislik, satınalma və tikinti işlərini həyata keçirən və texnologiyaların hazırlanması üzrə energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biri olan bu şirkətin 40 ölkədə nümayəndəliyi var. Şirkət Azərbaycanda həm də SOCAR-ın neft-kimya sənayesində reallaşdırdığı “SOCAR Polymer” layihəsinə podratçı qismində cəlb edilib.

Dövlətimizin başçısı Fransanın TOTAL şirkətinin stendinə də baxdı. Şirkət Azərbaycanda kəşfiyyat-istehsalat fəaliyyətinə 1996-cı ildən başlayıb. 2012-ci ildə TOTAL Xəzər dənizinin dərinliklərində Abşeron bloku ilə əlaqədar böyük bir kəşf edib. 2018-ci ildə TOTAL və SOCAR Abşeron yatağının operatoru olan birgə əməliyyat şirkəti yaradıblar.

Norveçin “Equinor” beynəlxalq energetika şirkəti “Azəri-Çıraq- Günəşli” yatağına sərmayə qoymaqla yanaşı, Azərbaycanda digər investisiya imkanlarını da nəzərdən keçirir. Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri kimi “Equinor” şirkəti ölkəmizdə uzun müddətdir fəaliyyət göstərir. Şirkətlə “Qarabağ” yatağı, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə əməkdaşlıqla yanaşı, bərpaolunan enerji sahəsinin inkişafında birgə layihələrin həyata keçirilməsi də prioritet istiqamətlərdəndir.

Ukraynanın “İnterpipe” şirkəti neft-qaz, elektrik istehsalı, mexanika və konstruksiya sahələrində istifadə üçün nəzərdə tutulmuş polad boruların qlobal miqyaslı istehsalçısıdır. Şirkətin məhsulları Ukrayna, MDB, Avropa, ABŞ və Yaxın Şərq regionlarında yerləşən kommersiya ofisləri vasitəsilə dünyanın 80 ölkəsinə ixrac edilir.

ABŞ-ın “Hallibörton” şirkətinin əsası 1919-cu ildə qoyulub. Şirkət enerji sənayesi üzrə dünyanın ən böyük istehsal və xidmət təchizatçılarından biridir. 80-dən çox ölkədə fəaliyyət göstərən şirkət öz müştərilərinə yataqların istismarı ilə bağlı xidmətlər təklif edir.

Rusiyanın 10 ən böyük neft-qaz şirkətlərindən biri olan “Russneft” də sərgidə təmsil olunur. “Russneft”in hazırkı biznes modeli hasilata yönəlib. Şirkət Rusiyanın bir regionunda, eləcə də MDB ölkələrində, o cümlədən Azərbaycanda perspektivli layihələri uğurla həyata keçirir. “Russneft” müasir texnologiya və avadanlıqlar sayəsində neft-qaz hasilatı üzrə nəhəng layihələrin işlənib hazırlanması və həyata keçirilməsi baxımından böyük potensiala malikdir.

“Caspian Drilling Company” şirkətinin əsas məqsədi qabaqcıl dəniz qazma operatoru olmaqla, ən yüksək səviyyədə quyu mühəndisliyi, kompleks layihə idarəetməsi və qazma xidmətləri göstərməkdir. Şirkət fəaliyyətində texniki cəhətdən müasir avadanlıqdan istifadə edir. “Caspian Drilling Company” yerli statusa malik olmaqla, beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

Azərbaycan şirkəti olan “Vertex” də sərgidə xidmətlərini təklif edir. Şirkətin əsas iş fəaliyyəti elektrik və şəbəkə xətlərinin çəkilməsi, elektrik avadanlığı istehsalı və quraşdırılması, metal məmulatlarının istehsalı, qaynaq və boruquraşdırıcı işlər, modul tipli binaların hazırlanmasıdır.

Özbəkistanın “Uzbekneftegaz” şirkəti 200-dən çox şirkəti, o cümlədən 20 birgə müəssisəni, 6 səhmdar cəmiyyəti və bir sıra digər qurumları birləşdirən müasir korporasiyadır. Holdinqin hazırkı strukturu istehsal və texnologiyanın bütün mərhəllələrini əhatə edən qarşılıqlı əlaqəli layihələri səmərəli idarə etməyə imkan verir.

ABŞ-ın “Schlumberger” şirkəti neft və qaz sahəsində neft yataqlarının xarakterizə edilməsi, quyuların qazılması, hasilat və emal üzrə dünyanın qabaqcıl texnologiya təchizatçısıdır. Şirkət yataqların kəşfiyyat-qazma işində, boru kəmərinin və hidokarbonların bərpasında xidmətlərini təklif edir. Avadanlıq və xidmətlərin ən geniş çeşidini sənayedə təmin edən bu qurum fəaliyyətində innovativ həllərə üstünlük verir.

NİGAZ milli sənaye qrupu bir neçə şirkəti özündə birləşdirir. Şirkət fəaliyyətini yüksək texnologiyalara əsasən qurub. Bu qrup neft emalı, neft-kimya müəssisələri və digər aidiyyatı qurumlara qarşı kibertəhlükəsizliklə bağlı həlləri təklif edir.

Çinin HUAWEI şirkəti də sərgidə təmsil olunur. İnformasiya və kommunikasiya texnologiyaları infrastrukturunun və smart cihazların qabaqcıl dünya təchizatçılarından olan HUAWEI dörd əsas sahədə inteqrasiya edilmiş həlləri təqdim edir. Bunlara telekommunikasiya şəbəkələri, informaisya texnologiyaları, smart cihazlar və bulud xidmətləri daxildir.

İngiltərənin “Worley” şirkəti layihələndirmə, təchizat və tikinti sahələrində müvafiq təcrübə, habelə geniş çeşiddə əməliyyat, texniki xidmət, konsaltinq və məsləhət xidmətlərini təqdim edir. Şirkət karbohidrogen, mineral, metal, kimyəvi maddələr və infrastruktur sektorlarında yeni aktivlər yaradıb.

Sərgidə Almaniya 15 şirkətlə təmsil olunur. Bu ölkənin İqtisadiyyat Nazirliyi və Alman maşınqayırma şirkətləri Assosiasiyasının dəstəyi ilə burada orta və kiçik şirkətlərin məhsulları təqdim edilir. Bu şirkətlər qazma, nasos, təhlükəsizlik texnikası, kəşfiyyat və hasilat üzrə ixtisaslaşan qurumlardır.

Prezident İlham Əliyev Türkiyənin TPAO şirkətinin stendində də oldu. Qeyri-ənənəvi kəşfiyyat, təbii qazın saxlanması, dərin su qatlarında kəşfiyyat, boru kəməri ilə daşımalarda iştirak edən şirkət Yaxın Şərq, Afrika və Xəzər regionu kimi bölgələrdə öz biznes portfelini genişləndirməkdədir. TPAO “Şahdənz”də 19, Cənubi Qafqaz Boru Kəmərində 19, “Azəri-Çıraq-Günəşli”də 5,73, Bakı-Tbilisi-Ceyhanda 6,53 faiz paya malikdir.

Tanınmış beynəlxalq platforma kimi nüfuz qazanan və bölgəmizin neft-qaz sənayesinin mühüm tədbiri olan bu sərgi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək üçün mühüm platforma hesab edilir. Sərgidə iştirak edən şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edir.

Sonda dövlətimizin başçısı sərgi və konfransın xatirə kitabını imzaladı.  (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam