Rusiyanın Ukraynada döyüşən 2 İngiltərə əsgərinə verdiyi ölüm hökmü İngiltərədə böyük qəzəb dalğasına səbəb olub. Həm Britaniya mətbuatı, həm də hökumət rəsmiləri qərarın “saxta” olduğunu iddia etsə də, Rusiya prezidenti Vladimir Putinin yaxın dostunu xilas etmək üçün belə bir qərar verdiyi bildirilir.
Yenixeber.org: Ukrayna sıralarında döyüşərkən Mariupol şəhərində Rusiya qüvvələrinə təslim olan 2 İngiltərə və 1 Mərakeş əsgərinin qondarma "Donetsk Xalq Respublikası"nda məhkəməsi keçirilib. Məlumata görə, 3 əsgər ölüm cəzasına məhkum edilib.
Arxasında Rusiyanın dayandığı qərar dünyada şok effekti yaradıb. Britaniya mediası 28 yaşlı Aiden Aslin və 48 yaşlı Şon Pinnerin ölüm hökmünün məcazi qərar olduğunu və Putinin "son kozır" oyununu oynadığını iddia edib. "Teleqraf" qəzeti yazıb ki, Putin ölümə məhkum edilmiş iki Britaniya vətəndaşını hazırda Ukraynanın əlində olan yaxın dostu Viktor Medvedçukla dəyişmək istəyir.
Qeyd edək ki, Ukrayna xüsusi əməliyyatla ələ keçirdiyi Medvedçuku aprel ayında kameralar qarşısına keçirib. Putinin yaxın dostu kimi tanınan ukraynalı oliqarx əsir götürülən Britaniya əsgərləri ilə mübadilə olunmaq istədiyini deyərək, Rusiya liderindən kömək istəmişdi. Buna cavab olaraq o, Rusiyada təslim olan ingilis əsgərlərinin görüntülərini dərc edib. İngilis əsgərləri də Ukraynanın əlində olan Medvedçukun yanında olmaq istədiklərini bildiriblər. Putin Medvedçukun qızının xaç atasıdır və bu qohumluq münasibətində olan şəxslər "kirvə" adlandırılır.
Bir aydır dəyişdirmə qərarında irəliləyiş olmadığı üçün Putinin əsgərlərə ölüm hökmü verməklə əlini gücləndirdiyi düşünülür. İngiltərə məhkəmənin qərarından dərhal sonra vəziyyətin "saxta" olduğunu bildirərək Rusiyanı qınayıb. O vurğulayıb ki, Britaniya vətəndaşlarının Kiyev ordusunda iştirakı onlara Cenevrə Konvensiyasına əsasən “müharibə əsiri” statusu verir. Britaniya vətəndaşlarına verilən ölüm hökmü ölkədə böyük qəzəblə qarşılanıb. Həm Rusiya, həm də Britaniya vətəndaşlarının əlində olan əsgərlərin ailələri və yaxınları sosial mediada qınama mesajları yayımlayıb.
Xarici işlər naziri Liz Truss edam hökmlərini "heç bir legitimliyi olmayan saxta qərar" olaraq səciyyələndirib. İngilis əsgərlərin hökmləri üzlərinə oxunduqdan sonra bir ay ərzində qərardan şikayət edə biləcəkləri bildirilib. Təqsirləndirilən şəxslər qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Qərar təkcə Böyük Britaniyada deyil, beynəlxalq səviyyədə də reaksiyaya səbəb olub. Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Eva Ernst-Dziedzic Rusiyanın qərarının beynəlxalq hüququn açıq şəkildə pozulması və Rusiya administrasiyasının təxribatı olduğunu bildirib. BMT və bir çox ölkələr Rusiyanın qərarının dərhal ləğvini tələb edərək, bunun "qəbuledilməz" olduğunu bildirib.
İngilis mediası Donestkdə verilən qərarın beynəlxalq aləmdə heç bir qüvvəyə malik olmadığına diqqət çəkərək əsgərlərin Rusiyanın iddia etdiyi kimi “muzdlu” deyil, könüllü olduğunu bildirib.