SOCAR-ın 2020-ci il üzrə maliyyə hesabatı açıqlanıb. Şirkətin prezidenti və 12 vitse-prezidentinə maaş və mükafatlardan başqa, ümumilikdə 1 milyon 376 min manat ödəniş (bonus) verilib. Hesabata əsasən prezident və vitse-prezidentlər təsdiqlənən əməkhaqqı cədvəlinə uyğun olaraq maaş və mükafatlar, eləcə də şirkət rəhbərliyi olaraq əlavə ödənişlər almaq hüququna sahibdilər. 2020-ci ildə SOCAR prezidenti və 12 vitse-prezidentin hər birinə orta hesabla 106 min manat əlavə pul verilib. Hesabatda qeyd olunur ki, 2019-cu illə müqayisədə SOCAR rəhbərliyinə ümumi ödənişin həcmi 28 min manat az olub. Belə ki, 2019-cu ildə SOCAR prezidenti və vitse-prezidentlərinə 1 milyon 404 min manat ödəniş edilib.
Yenixeber.org: Bu məlumat bəlkə də diqqət çəkməyə və normal qarşılana bilərdi, amma…
Məsələ burasındadır ki, SOCAR-ın 2020-ci il üzrə xalis zərəri 1,7 milyard manat təşkil edib. Belə olan halda sual yaranır: zərərlə işləyən qurumun rəhbərliyinə bonusların ödənilməsi nə qədər doğrudur? Bunun qanuni əsası varmı?
SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov sualımıza cavabında həmin rəqəmin (1 milyon 376 min manat) hesabatın 55-ci səhifəsində qeyd olunduğunu xatırlatdı:
“Diqqət etsəniz, orada “bonus” anlayışı yoxdur. Burada söhbət əməkhaqqından gedir. Hər ay SOCAR-ın hər bir işçisinə əməkhaqqı ödənilir. Şirkətin rəhbər heyətinə də eyni şəkildə əmək haqları ödənilmiş olur…”
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, SOCAR-la bağlı ən böyük problem qeyri-şəffaflıqdır:
“SOCAR-da dövlət satınalmaları, tenderlər qeyri-şəffaf keçirilir. Kifayət qədər şişirdilmiş qiymətlərlə xərclər artırılır və ilin sonunda hesabat çıxarılarkən, gəlirlərlə xərclər arasında nisbət hesablanarkən şirkətin ziyanla işlədiyi məlum olur. SOCAR ziyanla işləməməlidir, inhisarçı şirkətdir, dövlətdən dotasiyalar alır, böyük yatırımlarda dövlətin də köməyi olur. Hansısa sahənin inhisarçı şirkəti ziyanla işləyə bilməz. Onun rəqibi yoxdur ki, maneçilik də törətsin. Bu mənada SOCAR-ın əsas problemi idarəetmənin bərbad qurulmasından, xərclərin şişirdilməsindən, tenderlərin, dövlət satınalmalarının qeyri-şəffaf olmasından və korrupsiya ehtimalının çox yüksək olmasından qaynaqlanır”.
Bonuslar məsələsinə gəldikdə, ekspert dedi ki, istər dövlət, istərsə də özəl şirkətlər olsun, CEO-larla müqavilələr bağlanarkən şirkətlərin gəlirlərinə bağlı olaraq orada bonuslar da nəzərdə tutulur:
“Əgər şirkətin gəliri yoxdursa, hətta ziyanla işləyirsə, bonus ödənilməməlidir. Çünki bonuslar o zaman ödənilir ki, şirkətlərin idarəolunması yaxşı həyata keçirilib, gəlirliliyi olub, inkişaf edib. Bu zaman CEO-lara bonuslar ödənilir. Bu, dünyanın hər yerində var. Amma ziyanla işləyən şirkətdə bonusun ödənilməsi məntiqsizlikdir və qeyri-şəffaflığı, idarəetmənin problemlərini bir daha göstərən faktordur”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bonusların müxtəlif formada olduğunu vurğuladı:
“Bonuslar müxtəlif olduğu üçün burada konkret hansı bonuslardan söhbət getdiyi bizə məlum deyil. Hamının bildiyi bonuslardan əlavə, işçilərə verilən mükafatlar da bonus hesab edilir. Şirkət özü bu barədə açıqlama verməlidir, söhbətin hansı bonuslardan getdiyinə aydınlıq gətirməlidir. Konkret açıqlama vermirlər, üstüörtülü deyirlər. Bəlkə Azərbaycanı təmsil etdiyi üçün həmin hasilatın pay bölgüsü sazişlərindən əldə olunan bonuslardır? İndiki vaxtda burada mükafatlardan söhbət belə gedə bilməz. Əgər belədirsə, bu, çox dəhşətli bir şeydir”.
Xalis zərərə gəldikdə isə M. Qəhrəmanlı ötən ildən bəri bu barədə danışdığını nəzərə çatdırdı:
“OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarından sonra Azərbaycanda hasilat aşağı salındı, çoxlu sayda quyuların ağzı bağlandı. Dekabrın sonunda hasilatı bir az qaldırdılar. Bir qədər sonra neftin qiyməti yüksəlməyə başladı, amma OPEK+ ölkələri neftin qiymətinin yenidən enəcəyi barədə proqnoz verirlər. Bunların hamısı zərərə səbəb olur. Bütün bunlarla yanaşı, ixtisarlara da başlanılıb. İşçilərin bir çoxu əməkhaqqının 70 faizini almaqla, evlərində oturdulur”.
M. Qəhrəmanlının sözlərinə görə, ötən ilin martından bu ilin may ayının sonuna kimi işçiləri otellərdə saxladılar və onlara çəkilən xərcləri Dövlət Neft Şirkəti ödədi:
“Burada sual yaranır ki, həmin otellər kimin idi? Onlar otellərdə qalma müddətini azalda da bilərdilər. Amma əksinə, artırdılar, bu, özü də bir siyasətdir. Hər dəfə iyirmi minə qədər insandan işə gedib-qayıdanda analizlər götürürdülər. Bunlar da xərcdir və ziyana gedir. Yanvar ayından isə kütləvi ixtisarlar başladı, adını da “optimallaşdırma” qoydular. İxtisara düşən insanlar üçün imtahanlar təşkil etdilər, bunların özü də xərcdir. Sertifikatlaşdırma idarəsi var ki, hər imtahan üçün ora vəsait ödənilir. Şirkətdə müşavirlərin özlərinin də iki-üç müşaviri var. Bunun özü də zərər yaradan səbəblərdən biridir. Müşavirlərin bu qədər çox olması onların peşəkar olmamasından xəbər verir. Əvvəl şöbə yaratmışdılar, adını departament qoymuşdular, indi də idarələrə bölünüblər. Bu cür biabırçı vəziyyət yaradıblar…”
M. Qəhrəmanı sonda şirkətə bizim vasitəmizlə sual ünvanladı:
“Müşahidə Şurasının Nizamnaməsində yazılıb ki, onlar üçün də mükafatlandırma nəzərdə tutulub. Həmin mükafatlandırma da SOCAR-ın büdcəsindən ödənilir? Mükafatlandırma adətən gəlirlərə əsaslanır. Müşahidə Şurası bu mükafatlandırmanı hansı gəlirdən götürəcək? Nəyin əsasında, hansı büdcədən mükafatlandırma alacaqlar və nə üçün alacaqlar?..”(pressklub)
Ülviyyə Şahin