Vitse-prezident:"SOCAR bu il 7,2 milyard kubmetr qaz hasil etməyi planlaşdırır"
2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 7,6 mln. ton neft, 7,2 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır.
Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov “Reuters” agentliyinə bildirib.
Azərbaycan bu il qaz hasilatını artırmağı, mövcud yataqların vəziyyətinə görə neft hasilatını isə azaltmağı planlaşdırır.
O qeyd edib ki, Azərbaycanda 2020-ci ildə 38,4 mlrd. kubmetr qaz hasilatı planlaşdırılır. Bu isə 2019-cu ildəki qaz hasilatı göstəricisindən (35,6 mlrd. kubmetr) çoxdur. Neft hasilatının isə ötən ildəki 37,5 mln. ton həcmlə müqayisədə 36,5 mln. ton olması nəzərdə tutulur.
“Bizim vəzifəmiz qarşıdakı 4-5 il ərzində stabil neft hasilatını və daha sonra mövcud və yeni yataqlarda kəşfiyyat işlərini genişləndirməklə idarə olunan azalmanı təmin etməkdir. “Bulla-Dəniz”, “Qərbi Abşeron”, “Pirallahı”, “Darvin Bankası” və bəzi quru yataqlarında yeni qazma işlərinin neft hasilatını sabit saxlaması gözlənilir”,- Y.Lətifov əlavə edib.
Y.Lətifov qeyd edib ki, 2020-ci ildə “Şahdəniz” qaz-kondensat yatağından 18,96 mlrd. kubmetr qaz, 4 mln. ton kondensat hasil edilməsi planlaşdırılır. 2019-cu ildə yataqdan qaz hasilatının həcmi 16,8 mlrd. kubmetr, kondensat hasilatının həcmi 3,7 mln. ton təşkil edib.
O qeyd edib ki, “Abşeron” qaz-kondensat yatağında ilkin qaz hasilatı üçün ilk kəşfiyyat quyusunun qazılmasından sonra SOCAR və “Total” ən azı daha üç quyunun qazılması ilə nəticələnəcək yatağın tam işlənməsi işinə başlayır.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, “Abşeron” yatağından hasilatın 2021-ci ilin ortalarında başlanılması gözlənilir: “Yatağın ehtiyatları 300 mlrd. kubmetrdən çox qiymətləndirilir ki, bu da plato səviyyəsində ildə 5 mlrd. kubmetr qaz hasilatına imkan verir”.
Bundan başqa, Y. Lətifov bildirib ki, bu il SOCAR “Ümid” qaz-kondensat yatağından qaz hasilatını 850 mln. kubmetrdən 960 mln. kubmetrə, kondentat hasilatrını isə 140 min tondan 143 min tona artırmağı planlaşdırır. O bildirib ki, “Babək” yatağından ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin əvvəlinə nəzərdə tutulub.
SOCAR-ın vitse-prezidenti eyni zamanda məlumat verib ki, “Qarabağ” yatağından Norveçin “Equinor” şirkəti ilə birgə ilk qiymətləndirmə quyusunun qazılmasının fevralın sonuna başa çatması gözlənilir