Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dollar alışına niyə məhdudiyyət qoyulub?-ŞƏRH

 

           Ekspertlər hesab edir ki, bu qərar ölkədə investisiya və biznes mühitinə zərbədir

Yenixeber.org: Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı yalnız günün birinci yarısına qədər almaq olar. İkinci məhdudiyyət isə valyuta limiti ilə bağlıdır. Bir vətəndaş  il ərzində yalnız 11 min 700 dollar ala bilər.

Bu məhdudiyyətlər nə dərəcədə doğru və qanunidir? Mövzunu ekspertlərlə müzakirə etdik.

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli saytımız şərhində Mərkəzi Bankın bu məsələdə öz yaxasını kənara çəkdiyini söylədi:

“Son mətbuat konfransında israrla bildirdilər ki, bizim belə bir qərar və ya göstərişimiz olmayıb. Məhdudiyyət ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı yalnız 20 min manat ekvivalentində dollar ala bilər. Bu, keçən ilin yanvar ayından tətbiq olunur. Bəzi vətəndaşlar var ki, həmin limiti artıq bir il ərzində doldurublar, limitlər bu ilin yanvar ayından sıfırlanmalı idi. Əgər bu cür absurd və qeyri-qanuni qərar tətbiq edirlərsə, bunu da normal tətbiq etmək olar. Amma yüzlərlə şikayətlər var ki, dolmuş, il ərzində sıfırlanmış limitlərin açılmasına da Mərkəzi Bank imkan yaratmır. Bu da çox ciddi problemdir”.

Ekspert bunun heç bir qanuni əsası olmadığını bildirdi:

“Mərkəzi Bank belə bir qayda qoya bilməz. Bu cür qadağanı və məhdudiyyətləri ya Milli Məclis, Nazirlər Kabineti, ya da prezident hansısa qanuna əsaslanaraq tətbiq edə bilər. Mərkəzi Bankın belə bir hüququ yoxdur. Əgər Mərkəzi Bank israrla deyirsə ki, bu, mənim göstərişim və qərarım deyil, banklar özləri bu cür addım atırlar, o zaman bunun özü biabırçılıqdır. Çünki özəl bankların vətəndaşların şəxsi məlumatlarını soruşmaq haqqı yoxdur. Onlar hüquq-mühafizə orqanları deyil, təhlükəsizliklə bağlı işlərdə iştirak etmirlər. Onlar özəl banklardır. Özəl restoranla özəl bankın mahiyyət etibarilə heç bir fərqi yoxdur. Məsələn, düşünün ki, restorana gəlirsiniz və vətəndaşa restoran sahibi deyir ki, siz burda dünən yemişdiniz, bu gün sizə yer yoxdur, yalnız iki gündən sonra gələ bilərsiniz. Bu nə qədər absurd səslənirsə, özəl bankın vətəndaşa limit tətbiq etməsi, vətəndaşdan sənəd, gəlir deklarasiyası istəməsi də tamamilə absurd və yanlış yanaşmadır”.

N.Cəfərli qeyd etdi ki, Mərkəzi Bank yaxasını qırağa çəkirsə, o zaman özəl banklar, Banklar Assosiasiyası buna cavab verməlidir:

“Özəl banklarda yüksək vəzifədə oturan insanlar mənə deyiblər ki, bu, Mərkəzi Bankın göstərişidir. O zaman bank həmin göstərişi çıxarıb, bir açıqlama verməlidir. Özəl banklar bu məhdudiyyətləri tətbiq etməkdən boyun qaçırmalıdırlar”.

Ekspertin fikrincə, Mərkəzi Bank və banklar bu addımla dollara olan tələbatı mümkün qədər minimum səviyyəyə salmağa çalışırlar:

“Düşünürlər ki, belə inzibati yanaşmalarla dollara olan tələbatı tənzimləyə bilərlər. Halbuki bu yanaşma “qara bazar”ın əmələ gəlməsinə şərait yaradır. Azərbaycanda dollar almaq istəyən onsuz da həmin dolları tapıb, alacaq. Valyuta istəyənin ona çıxış əldə edə bilməməsi mümkün deyil. Ona görə də həm hüquqi cəhətdən, həm iqtisadi cəhətdən heç bir dayanıqlılığı olmayan qərarlar təbii ki, ləğv edilməlidir. Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir, bizdə qiymətli kağızlar bazarı, səhm bazarı yoxdur, xarici investorlar yox dərəcəsindədir deyə belə absurd qərarlar alırlar. Normal, liberal iqtisadiyyatı olan ölkələrdə, lap Türkiyənin özündə belə bir qərar verilsəydi, 1 dollar 15 TL-yə qalxmış, səhm bazarı çökmüş olardı. Belə bir məhdudiyyət qərarları həmişə biznesə, iqtisadi münasibətlərə çox böyük zərbə vurur”.

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov isə bankların vətəndaşdan şəxsi məlumatlarını istəməsinin qanuni əsası olduğunu deyir:

“Bütün dünyada qəbul olunan ümumi bir prinsip var. Bu, “müştərini tanı” prinsipidir. Yəni bank müştərini tanımalıdır. Bankın təhlükəsizlik, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və sair halların qarşısını almaq üçün öz daxili təhlükəsizlik və yoxlama sistemi ola bilər. Bank müştərisinə istənilən sualı verə bilər və əgər bu, müştərini qane etmirsə, o gedib digər bankdan xidmət ala bilər. Qanun banklara bu imkanı verir. “Qeyri-qanuni yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” haqqında qanunumuz var. Həmin qanun çərçivəsində banklar vəsaitlərin mənbəyi ilə bağlı müştəriyə suallar verə, ondan müəyyən məlumatlar istəyə bilər”.

Hüquqşünas təəccüblü və narahatlıq doğuran məsələnin isə bu olmadığını vurğuladı:

“Bizi təəccübləndirən məqam odur ki, necə olur, bütün banklarımız eyni qaydaları tətbiq edir. Bu, bankın öz təşəbbüsü ilə olacaq işlər deyil. Niyə axı birdən-birə bütün banklar valyutanı ancaq günün birinci yarısında satır? Niyə bütün banklar məhz iyirimi min manat limiti tətbiq edir? Bank necə bilir ki, bir vətəndaş nə qədər  və hansı banklardan valyuta alıb? Bu, bank sirrinin pozulmasıdır. Ehtimal etmək olar ki, bəlkə banklarımız sövdələşiblər və məlumatları bir-birlərinə ötürürlər. Amma bu ehtimal, sadəcə, fantastikdir. Düşünmək olar ki, bankların işi-gücü yoxdur, müştərilərin məlumatlarını bir-birlərinə göndərirlər. Hər bir halda, ehtimal etsək ki, bu, doğrudan da belədir, o halda banklar bir-birinə məlumat vermək üçün müştərinin razılığını almalıdır. Necə ki, vətəndaşlar banklardan kredit alanda bank mərkəzləşdirilmiş kredit bürosuna müraciət edir və vətəndaşların başqa kreditinin olub-olmaması ilə bağlı məlumatlar alır, bunun üçün də vətəndaşın razılığı olmalıdır. Amma burada vətəndaşın razılığı ilə bağlı məlumat yoxdur. Buna görə də, ehtimal edirəm ki, bu, bankların təşəbbüsü deyil”.

Ekspertin sözlərinə görə, banklar bir-birinə rəqibdir, əksinə, çalışırlar ki, müştərilərlə əməliyyatlarda imkan daxilində az tələb qoyulsun ki, müştəri onlarla işləsin:

“Bank niyə tələblərini sərtləşdirsin? Bu halda müştəri həmin bankdan qaçacaq. Azərbaycanda 26 bank var. Niyə bir neçə ay ərzində 26 bankdan birinin ağlına gəlmədi ki, valyutanı bütün banklar günün birinci yarısı satır, biz günün ikinci yarısı sataq, daha çox müştəri əldə edək? Niyə heç bir bankın ağlına gəlmədi ki, iyirmi minlik limit tətbiq etməsin, hamı gəlib ondan alsın? Heç birini edən olmur. Bu isə o deməkdir ki, bu, bankların öz təşəbbüsü deyil. Sağlam bazarda qanunvericilik məhdudiyyəti yoxdursa, hər bir bank çalışar ki, digərinin etmədiyini etsin, daha çox pul qazansın. Ötən həftə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev dedi ki, biz belə bir göstəriş verməmişik. O, bu cür göstəriş verdiklərini deyə də bilməz. Çünki bu göstəriş qanuna ziddir. Əgər Mərkəzi Bank bundan boyun qaçırırsa, deməli, bu göstərişi hansısa dövlət orqanı verib. Amma banklara nəzarət edən qurum Mərkəzi Bankdır. Bu göstəriş çox primitiv və qeyri-rəsmidir, bank sirrini pozur”.

Ekspert hesab edir ki, vəziyyətin bu həddə çatdırılması ölkəmizdə investisiya, biznes mühitinə, ümumən Azərbaycanın imicinə böyük zərbədir:

“İstənilən əcnəbi ölkəmizə gəlib pul qoymaq istəsə və ona bu məlumatı versələr ki, bu ölkədə heç kəsin bilmədiyi bir səbəbdən banklar limit tətbiq edir, bu, o deməkdir ki, bu ölkədə qanunlar işləmir, dövlət orqanlarının qeyri-rəsmi göstərişləri işləyir. Bu halda, həmin əcnəbi burada necə iş görəcək? Bu gün valyuta, sabah tamam başqa bir göstəriş ola bilər. Xarici investor heç vaxt burada nəsə etmək istəməyəcək. Belə vəziyyətdə heç kəs ölkəyə yatırım etmək istəməz”.

Məsələni aydınlaşdırmaq üçün banklarla əlaqə saxlamağa və onlardan cavab almağa çalışdıq. Bir neçə bankdan öyrəndik ki, limitlə bağlı məlumatların hamısı bir sistem vasitəsilə müəyyən edilir. Banklardan bildirdilər ki, bu kimi bütün sualların ən yaxşı cavabını Mərkəzi Bank bilir.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam