Gömrük Komitəsi rəsməın reketçilik edir... -GƏLİŞMƏ
Azərbaycan gömrüyü yeni məhdudiyyətlər tətbiq edib
Xaricə səfər edən Azərbaycan vətəndaşları geri qayıdarkən aldıqları əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyət və qadağalarla üzləşiblər.
Yenixeber.org: Bu barədə banker.az saytı məlumat paylaşıb.
Bildirilir ki, insanlara şəxsi istifadə üçün gətirilən bir neçə kiçik əşyanın gömrükdə keçirilməsinə icazə verilməyib. Bildirilib ki, şəxsi istifadə üçün gətirilən malların sayı və məbləği, eyni zamanda həm qiymət, həm də say limiti ilə məhdudlaşıb.
Dövlət Gömrük Komitəsindən belə məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün yalnız 2 ədəd gətirmək olar:
“Üçüncü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu, Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub”.
Komitədən bildirilib ki, bir əşyadan üçü gətirilsə, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.
“Əşyaların sayı üçdən artıq olduqda fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiləşdirməlidir. Və həmin mallardan vergi rüsumları tutulacaq. Əşyaların sayı 3 və ya ondan artıq olduqda onların kommersiya məqsədli sayılıb sayılmamasına gömrük işçiləri qərar verəcəklər. Bu zaman şəxsin sərhədi nə qədər tez-tez keçməsi, bundan əvvəlki hallarda xaricdən gələrkən hansı malları gətirməsi və sair məsələlər nəzərə alınacaq. Ola bilər ki, gömrük işçiləri bu amilləri nəzərə alaraq həmin 3 əşyanı şəxsi istifadə üçün gətirilən kimi qəbul etsinlər və onun keçirilməsinə icazə versinlər. Amma ola bilər ki, buna icazə verilməsin. Sadəcə qərarda 1-2 ədəd ifadəsi yer aldığı üçün vətəndaşlar bunu bilməlidirlər”.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Nazirlər Kabinetinin 305 saylı qərarının və Gömrük Komitəsinin bu istiqamətdəki fəaliyyətinin beynəlxalq ticarət normalarına zidd olduğunu hesab edir.
Onun fikrincə, beynəlxalq ticarət qaydalarına görə ölkəyə gətirilən mallara, xidmətlərə heç bir qeyri-tarif baryeri qoyulmamalıdır.
“Hansı qaydada mal gətirilməsindən asılı olmayaraq tariflərlə tənzimləmək olar? İndiki halda malların gətirilməsinə məhdudiyyət qoyulması beynəlxalq ticarət normaları ilə ziddiyyət təşkil edir. Malların fərqinə varmadan sahibkar, vətəndaş və şirkət tərəfindən gətirilməsi arasında diskriminasiya olmamalıdır. Qaydanın ən böyük pozuntusu ondadır ki, bu malın rəsmiləşdirilməsi və bəyan edilməsi ilə bağlı mexanizmlər yoxdur. Əgər varsa da, işləmir. Əslində, fərdi olaraq gətirilən əşyaların gətirilməsinə yox, rəsmiləşdirilməsinə məhdudiyyət qoymaq olar. Yəni kommersiya, yoxsa fərdi ehtiyaclar üçün gətirilməsi fərqləndirilə bilər”.
Q.İbadoğlu deyib ki, indiki halda qərar boşluqlarla doludur, bu isə istehlakçıların, vətəndaşların, xüsusilə də xarici ölkələrə turist kimi səfər edən insanların hüquqlarının pozulması deməkdir.
“Məhdudiyyət bütün mallara da şamil olunmamalıdır. Çünki elə mallar və məhsullar ki, onun miqdarını iki, yaxud üçlə məhdudlaşdırmaq düzgün deyil. Bəzi bahalı mallar var ki, onun Azərbaycana gətirilməsinə müəyyən məhdudiyyətlər nəzərdə tutulsun. Amma 305 saylı qərar bütövlükdə karqo, poçt, teleqraf vasitəsilə biznes fəaliyyətini həyata keçirən, öz ailəsinə yardım göndərən vətəndaşların da maraqlarına ziddir. Ona görə ki, hər kəs özü istədiyi malı ölkəyə gətirməli deyil, onu göndərişlər vasitəsilə çatdıra da bilər. Görünür ki, həmin göndərişlərin Azərbaycana çatdırılması da müəyyən çətinliklər yaradır və beynəlxalq poçt göndərişləri ilə bağlı problemləri daha da çoxaldır”.
Qubad İbadoğlu 305 saylı qərarın yenidən işlənməsini vacib sayır: “Qərarın təkmilləşməsinə ehtiyac olduğundan Nazirlər Kabineti məsələyə yenidən baxmalıdır”.
ReAL Partiyasının İdarə Heyətinin sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, o da tez-tez xarici səfərlərdə olur, geyimlərini həmişə xaricdən alır.
Onun sözlərinə görə, komitənin açıqlamasından belə çıxır ki, ölkəyə üç corab alıb gətirsə, Gömrük onun birini müsadirə edəcək: “Mən anlayıram nə istədiklərini. Yəni 3 televizor, 3 mobil telefon, nə bilim 3 komputer gətirməyin, demək istəyirlər. Amma açıqlamanı elə bərbad dildə veriblər ki, adam oxuyanda yanlış anlayır”.
İqtisadçı Qadir İbrahimli komitənin qərarını əsassız və monopolistlərin maraqlarına cavab verdiyini hesab edir.
İqtisadçı bu barədə danışarkən bildirib ki, 3 övladı olan vətəndaş xaricdən onların hər birinə telefon hədiyyə gətirir. Ancaq komitə bunu kommersiya məqsədi sayıb telefonları müsadirə edir.
Ona görə qərar absurddur: “Əslində, bu addım gömrüyün reketçiliklə məşğul olduğunu göstərir, hətta komitə bununla bağlı utanmadan izahat da verir”.
Qadir İbrahimli düşünür ki, qərar ölkədəki kiçik və orta sahibkarlığa problem yaradacaq.