Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"KASIB ADAMLAR VƏ ÜMİDLİ AĞACLAR" - Məhərrəm Şəmkirli

KASIB ADAMLAR VƏ ÜMİDLİ AĞACLAR

Yenixeber.org: Bu payız da doğulduğum kəndimə getmişdim. Getmişdim ki, doğmalarımı, qohumlarımı, dostlarımı görüm, onlarla ünsiyətdə olum, sevinclərinə, kədərlərinə şərik olum. Kəndimin problemlərini öyrənim, keçən bir ildə hansı yeniliklərin olduğunu görüm. Çox təəssüf ki, yeni bir şey görmədim. Necə deyərlər köhnə hamam, köhnə tas. Kiminsə hamamı yeniləməyə, tası dəyişməyə nə imkanı var, nə də ürəyində təpəri. Hamı başını salıb aşağı dinməz,söyləməz yuxarıların insafa gəlməsini gözləyir. Yuxarılarda da insaf, mürvət nə gəzir. Heç elə bil əziyyət çəkən bunların qardaşı, soydaşı deyil.

Dəfələrlə qəzetlərə, saytlara yazmışam, kəndimə, kəndçilərimə kömək istəmişəm. Amma nə fayda, nə eşidən olub, nə də cavab verən. Beləcə, xırda buynuzlu məmurların səhlənkarlığından, işə laqeydliyindən kəndin 10 min sakini əziyyət çəkib və çəkir. Belə getsə, illərcə də belə davam edəcək.

Oxucular üçün qaranlıq qalmasın deyə kəndimizdə sakinləri narahat edən problemləri mən yavaş- yavaş yazım, siz də oxuyun. Kəndimiz Şəmkir rayonunun ən böyük kəndlərindən biridir. Əhalisinin sayı 10 min nəfərdən artıqdır. Yazda, yayda bu kənddə başı papaqlı tapmaq elə də asan məsələ deyil. Başına papaq qoyan üz tutur Rusiyanın müxtəlif şəhərlərinə. Elə bilərsiniz dincəlməyə, gəzməyə gedirlər. Qətiyyən yox. Onlar ailələrinə çörək qazanmağa gedirlər. Əli dolu gələn də olur,əli ətəyindən uzun gələn də. Bir sözlə, rusiyaya gedən bəxtə şah Abbas deyib gedir. Əli tutanlar ailələrinin problemləri ilə birlikdə kəndin çatışmamazlıqlarını da aradan qaldırmağa çalışırlar. Məsələn, onlar öz hesablarına uzaq yerdən borularla kəndə içməli su çəkiblər, ta kəndin başından ayağına kimi. Bu gün də camaata fasiləsiz su vermək üçün öz hesablarına su xəttinə nəzarətçilər təyin ediblər. Başqa bir misal: 20 Yanvar şəhidlərinə abidə ucaldıblar, vaxtıyla kəndin mərkəzinə kimi mərkəzi yola asvalt döşətdiriblər. Bir sözlə, bacardıqlarını kənd üçün, kənd camaatı üçün ediblər, bu gün də etməkdədirlər. Mənə elə gəlir ki, bu qayğını, diqqəti kimsə kimsəyə haqsız, muzdsuz eləməz. Çəkilib qıraqda durar və deyər: Hökumət var, hökumət eləsin. Mənim o qədər pulum, param yoxdur ki, hökumətin yerinə su çəkim, yol salım. Öz aləmi güclə dolandırıram. Amma halal olsun, onlar belə fikirlərdən, düşüncələrdən uzaqdırlar.

Zəyəm- Cırdaxan kənd camaatının ən böyük dərdi su dərdidir. Onların bu dərdinə kimsə əlac eləmir, dəfələrlə lazımı yerlərə müraciət eləsələr də. Sovet dönəmində kəddən axıb 3 iri təsərrüfatı suyla təmin edən “Aıbəy” arxı illərdir ki, su üzünə həsrətdir. Suyunu Zəyəm çayından götürən arx bu gün camaat üçün göz dağıdır. Zəyəm çayı Şəmkirlə Tovuzun sərhəddindən axır. Cayın bu tayında da, o tanıyda da “iş” adamları çayın bağrını dəlir, hərə bir tərəfdə çınqıl, qum istehsal edir. Ekoloji tarazlıq pozulub. Amma Sovetlər vaxtı bu çayın gözəlliyi də vardı, suyuda.

Hər yazımda Sovet quruluşunu xatırlamam heç də mənim “bəlkədə qaytardılar”xülyası ilə yaşama dəlalət eləmir. Sadəcə bu bir xatırlatmadır.

Həyətyanı torpaqlarını əkib- becərmək, malqaralarını, toyuq- cücələrini suvarmaq üçün bir qrup kənd camaatı 2017- ci ildə ölkə Prezdenti İlham Əliyevə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə məktub yazırlar. Məktub ümumi şöbədə qeydiyata alınır və tədbir görülmək  üçün Şəmkir rayon SSİ.nin rəisi S. Quliyevə, Şəmkir QLİ.nin rəisi E. Quliyevə göndərilir. Rayon icra hakimiyyətinin nümayəndəsi, mütəxəssislərlə birlikdə kənddə gedir. Şikayətçilərlə görüşürlər və onların şikayətinin doğruluğunu təsdiq edirlər. Və müəyyən yerləri nəzərdən keçirirlər. Gələcəkdə artizan quyusunun qazılacağını bildirirlər. Və camaatı ümidli edib gedirlər. Aradan uzun illər keçməyinə baxmayaraq hələ də gedənlərdən xəbər yoxdur.  

Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı əsas diqqət mərkəzindədir. Su həyatdır deyirlər. Məyər suyun həyat olduğunu xırda buynuzlu məmurlar bilmir?! Bu gün Zəyəm- Cırdaxanlılar bazardan göy- göyərti alırlarsa, ağaclarını çətinliklə kıran suyu ilə suvarırlarsa,onlar bunu keflərindən eləmirlər, imkansızlıqdan edirlər. Axı göy əkmək, ağac becərmək üçün texniki su lazımdır. Su da qalıb insafsızların “insafına”. Kənddə bir neçə yerdə artizan qazılıb, yaxşı da su çıxıb. Elə bilmən qazılan artizanları hökumət qazıb. Hökumətdə hardaydı zəhmətkeşə elə qayğı. 30 nəfər hərəsi min manat verib yığışıb bir artizan vurdurublar. İş- gücü olmayan, əkib- biçməyən adam üçün min manat verib artizan qazdırmaq elə də asan məsələ deyil. Kasıbların və ağacların ümidi Allahadır. Bəlkə yağış yağdı, susuzluqdan yanan ağaclar cana gəldi, mal-qara, toyuq- cücə doyunca su içdi.

Hər kəsə məlumdur ki, taxıl əkini payızda aparılır. Bunu bizim kəndin zəhmətkeşləri də gözəl bilirlər. Hər zaman da səpini vaxtında aparıb, aqrotexniki qaydada becərib, yaxşı məhsul götürüblər. Amma bu günə kimi bir nəfər də fermer şuma bir dən də olsa atmayıb. Səbəb suyun olmamasıdır.

Zəyəm- Cırdaxanlıların problemləri təkcə su deyil. Onların yol problemi, məktəb problemləri də var ki, illərdir həllini gözləyir. Yazımın əvvəlində qey etmişəm ki, kəndimizin 10 min əhalisi var. Kəndin başıyla ayağı arasındakı məsafə 7 kilometrdir. Bu on minin neçə mini orta məktəbə gedib oxumalıdır. Oxumaq, yaxşı təhsil almaq üçün də müasir tələblərə cavab verən tədris ocaqları olmalıdır. Kənddə iki tam orta məktəb var. Biri kəndin mərkəzində, biri də başında.  Kəndin başında olan məktəbə məktəb deməyə adamın dili gəlmir. Ona görə ki, məktəbdə heç bir şərait yoxdur. Sinif otaqlarının nə döşəməsi, nə tavanı, nə də istilik sistemi var. Uşaqların gətirdikləri çır-çırpı ilə siniflər qızdırılır. Halbuku vaxtıyla məktəbə qaz xətti çəkilib, amma sonralar nədənsə məktəbə qaz verilişi dayandırılıb. Və məktəbin qızdırılması qalıb uşaqların öhdəsinə. Mən ibtidai təhsilimi bu məktəbdə almışam. 60 il bundan qabaq necəydisə indi də elədir. Dəfələrlə adiyatı təşkilatlara yeni məktəb binasının tikilməsi zərurəti haqqında deyilib. Amma qol çırmayıb, bu işi görmək istəyənin biri ortaya çıxmayıb. Məktəbin təkcə özü bərbad deyil,həm də həyəti bərbatdır. Yayda toz- torpaqdan, qışda palçıqdan tərpənmək olmur.

Neft və milyonlar səltənətinin orta məktəbinin bu gündə olması adamda utancaqlıq hissi yaradır. Ancaq xırda buynuzlular heç utanıb eləmirlər. Bu şəraitsizliyə baxmayaraq hər il bu məktəbin məzunlarından bir neçəsi yüksək balla ali məktəblərə daxil olurlar. Sanki onlar məsul şəxslərə üzlərini tutub deyirlər: Baxın və utanın. Biz sizin “məktəb” adlandırdığınız yerin məzunlarıyıq.

Yol mədəniyyətdi deyib atalar. Bir yerdə yol bərbatdırsa, gediş- gəlişi çətindirsə orda hansı inkişafdan danışmaq olar. Təbii ki, heç bir. Bir neçə il bundan qabaq yolların abadlaşdırılması üçün yanılmıramsa 99 min manat pul ayrılmışdı. O pulla bir neçə maşın yaxınlıqdakı Zəyəm çayından çınqıl gətirib tökdülər və utanmaz- utanmaz adını da qoydular ki, Zəyəm- Cırdaxan kəndinə yol çəkildi. Bu gün yola tökülən çınqıldan kiməsə göstərmək üçün bir dənə çınqıl tapa bilməzsən. Yayda yol qırağındakı evləri tanıya bilmək üçün baş sındırmalısan, ona görə ki, evlərin,hasarların aüstünə yoldan qalxan toz onları görməyə imkan vermir. Hər gün TV- lərdə xəbərlərə baxıram. Bu baxmağım nə TV aludəçiliyimdən, nə də xəbərsizliyimdən irəli gəlmir. Sadəcə cənab Prezidentin bizim kəndimizin də yollarına pul ayırmasını eşitmək istəyirəm. Və yaxşı da bilirəm ki, Prezidentin bizim yolların hansı vəziyyətdə olmasından xəbəri yoxdur. Bunun üçün Rayon İcra Hakimiyyəti onu məlumatlandırmalıdır. İcra hakimiyyətinə də Allah insaf versin. Heç kəndə gəlir ki, bilə kənd camaatının nəyə ehtiyacı var. Amma Cənab Prezidend dəfələrlə icra başçılarına xalqın içində daha çox olmağı tapşırıb.

Kəndimizə elektriş işığı keçən əsrin 60- cı illərində çəkilib. Aradan 60 ildən çox vaxt keçməyinə baxmayaraq hələ də ömrünü çoxdan başa vurmuş dirəkləri, naqilləri dəyişməyiblər. Elə ki, hava dəyişdi,bir balaca külək əsdi, həmin an işıqları söndürürlər. Qəzadan, xoşa gəlməz olaylardan suğortalanmaq üçün. Belə xidmət kimə və nəyə lazımdır? Məyər hökumətin bir kəndin işıq dirəklərini, işıq naqillərini dəyişməyə gücü çatmırsa, hansı iqtisadi inkişafdan, xoş həyat şəraitindən danışmaq olar?! Rəhmətlik Xəlil Rza deyirdi ki, bizə neft lazım deyil, biz ilan zəhəriylə (Zirədəki ilan fabirikini nəzərdə tuturdu) xan kimi dolanarıq. Bu gün ilan zəhərimiz olmasa da, bolluca neftimiz var. Dünya bazarında hamının nefdindən baha satılan, neftimiz. Buna baxmayaraq hələdə yüzlərlə kəndimizdə məktəblər uçuq- sökük gündədir, yollar bərbaddır.

Kənddə gördüyüm bir mənzərə heç yadımdan çıxmır. Elə bir həyət yoxdur ki, orda xurma olmasın. Bu gözəl neməti alıb, satan yoxdur. Başında, dibində çürüyüb məhv olur, qaza, toyuğa tökürlər. Şəhərdə 80 qəpiyə gördüm, kənddə heç 20 qəpiyə alan yoxdur. Çətindirmi onu şəhərə gətirmək və yaxud xırda bir emal müəssisəsi yaratmaq. Təbiətin bizə verdiyi belə bir nemətə laqeyid qalmaq olmaz! Allah bunun qarşılığında bizi cəzalandıra bilər. Heç Allahdan qorxmursunuz?

Dəyərli Oxucular, kəndimin problemlərini qabartmağım nə birincidir, nə də axırıncı. Ona görə axırncı yazmıram ki, üzdəniraq məmurların dabbaqda gönünə bələdəm. Onların gönü qalındır, deyilən, yazılan onların qulağına da deyil. Dəqiq bilirəm ki, bu yazını oxusalar mənim yeddi arxa dönənimə söyüb deyəcəklər: Ə, get işinlə məşğul ol. Camaatın dərdi sənə qalmayıb?

Məhərrəm Şəmkirli.

 AJB-nin üzvü.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam