VAHİD ƏLƏKBƏROVUN NEFT İMPERİYASINA SARSIDICI ZƏRBƏ - Nədən mütəxəssislər “Lukoil bitdi” deyir?

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Putinin Ukraynadakı müharibəyə son qoymaq istəməməsi səbəbindən Rusiyanın ən nəhəng iki neft şirkətinə - “Rosneft” və “Lukoil”-ə sanksiyalar tətbiq edib. Bu sanksiyalar indiyədək Rusiyaya qarşı yönəldilən ən ağır və ağrılı sanksiyalardan biri hesab olunur.
Qərb mətbuatı yazır ki, bu sanksiyalar Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun neft səltənətinə son qoya bilər. Məsələn, “Forbes”-in iddiasına görə, 28 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı neft maqnatı olan Vahid Ələkbərovun onilliklər ərzində qurduğu neft imperiyası, son aylarını yaşayır. Qeyd olunur ki, ABŞ sanksiyalarına məruz qalan və Ələkbərovun 28% paya sahib olduğu “Lukoil”, 11 ölkədəki xarici aktivlərini məcburən satmağa başlayır: “Bunlara Bolqarıstan, Rumıniya və Hollandiyadakı neft emalı zavodları, Avropa Birliyindəki yanacaqdoldurma məntəqələri şəbəkəsi və Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Latın Amerikası, Qərbi və Mərkəzi Afrikadakı istehsal müəssisələri daxildir”.
“Sanksiyalar və məcburi satışlar səbəbindən indi “Lukoil” ümumi karbohidrogen istehsalının 15-17%-ni itirə bilər”. Bunu isə “Alfa Bank”-ın analitikləri bildiriblər. Onlar qeyd ediblər ki, “Lukoil” öz neftinin 6,5%-ni və qazının demək olar ki, tam yarısını xaricdə istehsal edir. 5000 yanacaqdoldurma məntəqəsi şəbəkəsini təmin edən xaricdəki neft emalı zavodları isə “Lukoil”-in ümumi neft emalı həcminin dörddə birini təşkil edir. “Alfa Bank” xəbərdarlıq edir ki, xarici aktivlərin itirilməsi "Lukoil”-in maliyyə göstəricilərinə çox əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər.
ABŞ Xəzinədarlığı tərəfindən verilən lisenziyaya əsasən, “Lukoil” bütün əməliyyatları 21 noyabr tarixinə qədər başa çatdırmalıdır. Lakin hər şeyi bir ay ərzində satmaq qeyri-realdır. Kasatkinin sözlərinə görə, bu cür aktivlərin satışı üçün tipik müddət 6-12 aydır. Ona görə də “Lukoil” böyük ehtimalla lisenziyanın uzadılması üçün müraciət edəcək. Lakin bu müraciətə müsbət cavab veriləcəyi ehtimalı çox deyil.
Mütəxəssislər bununla yanaşı, hesab edirlər ki, “Lukoil”-in İraq, Qazaxıstan və Azərbaycandakı böyük istehsal müəssisələri onun mülkiyyətində qala bilər. Məsələn, Qazaxıstanın “Tengizchevronoil” şirkəti və “Lukoil”-in Xəzər Boru Kəməri Konsorsiumundakı payı ABŞ sanksiyalarından azad edilib. İraqda isə “Lukoil” Qərbi Qurna layihəsində qalmaq üçün payını azaltmağa məcbur olacaq. Qeyd olunur ki, çox şey şirkətin fəaliyyət göstərdiyi ölkələrin siyasi iradəsindən və Ələkbərova münasibətindən asılı olacaq.
Bütün bunlar “Lukoil”-i olduqca ağır günlər gözlədiyindən xəbər verir. Şirkətin bu zərbələrdən nə qədər böyük itkilərlə çıxacağını, ümumiyyətlə, bu neft imperiyasının davam gətirə bilib-bilməyəcəyini yaxın aylarda görəcəyik.(Azpolitika)
C.Məmmədli









AZ
RU