DAŞA DEYİLSƏYDİ...
Yenixeber.org: Bu mövzuda yazını kənddən şəhərə dönən kimi yazmaq fikirində idim, amma nə illah edirdim yaza bilmirdim. Çünki fikirləşəndə içimdə qəzəb oyanırdı və mən bu qəzəbi yatırıb bilgisayarın arxasına keçə bilmirdim. Deyirəm Allah kəssin, mənim xasiyyətimi. Əsəbi, fikirli olanda əlimdən heçnə gəlmir. Buna görədə, əsəblərimin sakit olmağını gözləmək qərarına gəldim. Bu da uzun bir vaxt tələb edir. Amma dəyərli yazar Xalid Kazımlının "Ədalət" qəzetində çıxan "Kasıb ölkə"də şagirdə qayğı və alnına yazılan "2" yazısı bunu tezləşdirdi. Xalid bəyin yazı bu sətirlərlə başlayır: "Latviya Avropanın ən kasıb ölkəsidir. Ancaq burada uşaqlar 18 yaşa qədər marşruta pul vermir. Dərsdə isə yemək, çay, qəhvə, süd, meyvə pulsuzdur ".
Bu yerdə əlimi bilgisayardan ayrıb iki əlli başıma bir qapaz saldım. İlahi, biz nə gündəyik?!- deyib üzümü göyə tutdum. Mən deməsəm də göydəki bizim halımızı bilirdi, görürdü.Bəs bizi niyə haqq yoluna gətirmirdi? Bax, məncə bu düşündürücüdür. Böyük M. Ə.S abir demiş, əcnəbi göyə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz. Milli ruhumuzun azlığından, nəfsimizin itiliyindən, var- dövlət hərisliyimizdən, vətənpərvəsizliyimizdən...
Hər bir Azərbaycanlı kimi mən də Vətənimi, elimi, obamı, kəndimi- kəsəyimi sevir, onun təssübünü çəkirəm. Vətənimin, vətəndaşımın uğuru ilə qürur duyur, fəxr edir, sevinirəm. Çatışmamazlığımıza isə üzülürəm. Mənim doğulduğum, boya- başa çatdığm kənd Zəyəm- Cırdaxan Şəmkir rayonunda yerləşir. Rayonun ən böyük kəndlərindən biridir, on minə yaxın əhalisi var. Dağ silsiləsinin ətəyində, Zəyəm çayının qırağında yerləşir, axarlı- baxarlı təbiəti var. Amma bu boyda kəndin o qədər çatışmayan problemi var ki, deməklə, yazmaqla nə qurtaran, nə də düzələn deyil. Ancaq mən yorulmadan, usanmadan yazıram, deyirəm. Məni qınasalar da, yamanlasalar da.Vicdanlı, diqqətli məmur ümidim ölməyib. Etiraz edib, soruşa bilərsiniz, bir halda ki, düzəlmir, eşidilmir, onda özünə əziyyət verib niyə yazırsan? Tamamilə haqlısınız. Neynim, ürəyim ağrıyır, dözə bilmirəm. Axı mən burda doğulmuşam, vətənim burdan başlayır. Hamı kimi mən də istəyirəm ki, kəndimin sakinləri yaxşı, firəvan yaşasınlar, vətəni, torpağı sevsinlər, ehtiyaclarını dövlət ödəsin, hüquqlarını qorusun.
Bu yazını yazanda bilirsiniz kimin dahiyanə bir sözü yadıma düşdü? Dünya şöhrətli Paqanininin. Ona xoşbəxtlik haqqında sual verirlər, o,da təxminən belə cavab vermişdi: "Xoşbəxt o insandı ki, onun anlayanı var". Tanrı da bu neməti, bu bacarığı, bu sərvəti insana verib.
İllərdi ki, 400- dən artıq şagirdi, 40 yaxın müəllimi, yüzlərlə valideyini qop-qocaman "neft və milyonlar səltənəti"ndə anlayan, başa düşən yoxdur. Görəsən insan üçün bundan böyük dərd varmı? Mənə görə yox.Yazıqlar qalıblar məsuliyyətsiz və üzdəniraq məmurların əlində. Nə qədər vəd verib, əməl etməmək olar! Dünyada bəlkədə bizdən çox dərd çəkən, haqqı tapdalanan ikinci bir ölkə yoxdur. Araz, Qarabağ, torpaq, iş, çörək dərdi azmış kimi Tanrı (oxu: məmur)Zəyəm- Cırdaxan kəndinin yuxarı hissəsində yaşayanlara məktəbsizlik dərdi də çəkdirir. Əgər məktəb yoxsa milli ruh da, vətənpərvərlik də yoxdur. Bunun hər ikisi uşaqlara məktəbdə aşılanır, öyrədilir. O da k...
Dəyərli Oxucular! Sizə elə gəlməsin ki, 10 min əhalisi olan Zəyəm- Cırdaxanda yerli- dibli məktəb yoxdur. Yox, elə deyil. Kəndin mərkəzində 1200 şagirdin oxuduğu müasir tipli 3 mərtəbəli məktəb binası var. Naratçılıq kəndin yuxarı hissəsindəki məktəbdəndir. 59 il bundan qabaq mən o məktəbin ikinci sinifində oxumuşam. Onda məktəb ibtidai adlanırdı və bir neçə sinif otağından ibarət idi. Döşəməsi olmasa da tavanı vardı. İndi o vaxtdakından fərqli olaraq heç tavanı da yoxdur. Hasara da alınmayıb, camaatın toyuq- cücəsi, mal- qarası məktəbin həyətində gəzir. Son illərə kimi məktəbin heç ayaqyolusu belə olmayıb. Müəllimlər və uşaqlar məktəbə yaxın yaşayan kənd sakinlərinin ayaqyollarından istifadə ediblər. Susuzluqdan ciyərləri yananda elə ayaqyoluna getdikləri həyətlərin qapılarını döyüblər.
Artıq payızdır, yağışlı, küləkli payız. Payızın dalınca da qarlı, sazaqlı qış gəlir. Yenə uşaqlar palçıqlı ayaqqabıları ilə döşəməsiz sinif otaqlarına girəcəklər, yenə soyuqdan donacaqlar, yenə müəllimlər üzlərini pis tutub, uşaqlardan xahiş edəcəklər ki, məktəbə hər gün odun gətirsinlər. Odunu tapıb gətirən də olacaq, gətirməyən də. Beləcə bir dərs ilinin payızını, qışını da əzabla, min bir əziyyətlə yola verəcəklər. Güllü, çiçəkli yaz gələcək. Bütün çətinliklər unudulacaq.
Baxın, neftini, qazını Avropaya satan bir məmləkətin vəziyyətinə. Elə buna görə də Xalid Kazımlının yazısını oxuyandan sonra iki əlli başıma qapaz vururdum. Bəzi məsuliyyətsiz, xalqı yox, özünü düşünən iri buynuzlu məmurların ucbatından ölkənin sürətli və dinamik inkişafına adamda şübhə yaranır. Kasıb bir ölkə təhsilə ən yüksək qayğını göstərirsə, biz varlı olaraq bunu niyə etmirik? Görünür bizə təhsil lazım deyil. Olsaydı yuxarılar hərəkətə gələr, gözlərini açıb Zəyəm- Cırdaxan orta məktəbinin acınacaqlı vəziyyətini görərdilər. Xırda bir məmurun vətəndaşlardan bir ildə alıb yığdığı rüşvətlə nəyinki bir məktəb, hətta bir neçə məktəb tikmək olar. Əgər dövlətin məktəb tikməyə maddi imkanı yoxsa, onda rüşvətxor məmurunu cəzalandırmaq üçün ona məktəb, kitabxana tikmək cəzasını versin. Bunun üçün heç uzağa da getmək lazım deyil. Rayonun özündə rüşvətlə yaşayan xeyli məmur var. Mənə elə gəlir ki, belə cəza vasitəsi gələcəkdə rüşvət kimi xoşagəlməz halın qarşısını da ala bilər.
Dərs, təlim- tərbiyə üçün məktəbin yararsız olmağına baxmayaraq son illər bu məktəbdən xeyli məzun ölkənin ali məktəblərinə daxil olub, valideyinlərini, müəllimlərini sevindiriblər. Şagirdlərdə milli ruh və vətənpərlik hissi güclüdür. Kaş bu hisslər yüksək çinli məmurlarda da olaydı.
Bu gün XX əsrin əvvəli deyil, iyirmi birinci əsrin ikinci on illiyidir. Gələcəyin vətəndaşını belə məktəbdə yetişdirmək mümkün deyil. Onun üçün dünya standartlarına cavab verən məktəblər lazımdır. Bunun üçün dövlətimizin böyük imkanları var. Amma bəzi məmurlarının milli ruhu və vətənpərvərliyi yoxdur. Yəqin ki, cənab prezident belələri haqqında ciddi ölçü götürəcək. Zəyəm- Cırdaxan kənd orta məktəbinin müəllim və şagirdlərinin ümidi onadır.
Məhərrəm Şəmkirli
AJB-nin üzvü.