Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Bir bulağam, suyum sərin...


"Xeberinfo.com":  Şərafət xanımın taleyi, keçdiyi həyat yolu şeirlərindən boylanır. Yaşadığı ağrı-acıları, nisgili misra-misra qəlbinə köçürən bu kövrək qəlbli şairi dolmuş göy üzünə bənzədirəm. Danışdıqca yaz yağışlarına, payız leysanlarına düşürəm. Anasızlığın ağrısını, göynərtisini duyduğumdan, yaşadığımdan onun ağrı-acısı mənə bu qədər doğmadı, tanışdı. 
O, dərdli-dərdli danışdıqca könlümdən bir kərkük bayatısı keçir: 
Dərdə mərdim, 
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin,
Çocuqkən dərd əmərdim.
1939-cu il aprelin 22-də Dağıstanın Rutul rayonu Cilixor kəndində anadan olub. Altı yaşında ikən canından artıq sevdiyi anasını Samur çayı alıb aparıb. Bəlkə elə buna görədir ki, dərdli-dərdli deyir: “Hər dəfə axar sulara baxanda elə bil anamın harayını eşidirəm. O ləpələr mənim çiliklənmiş arzularımdı, axıb gedir, anamın harayı bir əks-səda kimi o sularda qərq olur”. 
Körpə yaşlarından Qax rayonunda qohumlarının himayəsində böyüyən balaca qızcığaz 11 yaşında ikən Bakıya köçüb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılıqla məşğul olan Şərafət xanım maraqlı şeirləri ilə respublika mətbuatında çıxış edib. 
“Azərbaycan qadını” jurnalında, “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Radio Verilişləri Komitəsində və bir sıra qəzet və jurnallarda çalışdığı vaxtlar artıq onun şeirləri dillər əzbəri idi. 
Bir bülbüləm, xoş nəfəsli,
Həmdəmimdi bahar fəsli,
Xoşlamıram dar qəfəsi,
Bağban, məni yaralama,
Bu dağlardan aralama.
 
Bir çiçəyəm, al qumaşı,
Üstdəki şeh üzük qaşı.
Sevmirəm boranı-qışı,
Külək, məni yaralama,
Çəmənlərdən aralama.
Bəli, o, nəğməsiylə yeri-göyü süsləyən yaralı bir sarı bülbül idi. Yuva¬sından ayrı düşmüş sarı bülbül... Ona görə dərdli-dərdli oxuyurdu. Dar qəfəsə sığmayan Şərafət xanımın ən böyük arzusu uzaq-uzaq üfüqlərə uçmaq idi. O özü uçmasa da, ürəyi, nəğmələri qanadlanıb uçur, könüllərə yol tapırdı. “Gəl axtar məni”, “Xəbər al məni” deyə haray çəkən şairin harayına gələnsə yox idi. “Bu dünyanın”, “Sənsiz”, “Səndən ötrü”, “Olmur”, “Xəbər al məni”, “Ana Kürüm”, “Xatirələr”, “Sən vermədinmi”, “Dağlar qoynunda-qoynunda”, “Zəminə” və başqa məşhur mahnıların sözlərini yazan Şərafət xanım özü səhnə arxasında olsa da, mahnıları səhnədə idi, bu mahnıları milyonlarla dinləyici, tamaşaçı alqışlayırdı. Bu mahnıları oxuyanlarsa ara müğənniləri yox, musiqi beşiyinin bağrından qopub gələn nadir səslər idi. Xan Şuşinski, Əbülfət Əliyev, Arif Babayev, Səxavət Məmmədov, Mənsum İbrahimov, Nəzakət Teymurova... 
Uzun müddət xalq mahnısı adı ilə təqdim olunan bu mahnılarla, əslində, xalqın, o xalqın nümayəndəsi olan bir şairin halal haqqı tapdanırdı. Totalitar rejimin yaratdığı yalnız yalançı, hay-küylü, bər-bəzəkli “toy generalları”nın fay-dalandığı, yeri, göyü dəyişik düşən bu mühitin şairi olmaq əsl qəhrəmanlıq idi.
Ona görə illər uzunu Şərafət Dağıstanlı kimi arxası, köməyi olmayan şairlərin, ölkə vətəndaşlarının halal haqqını yedilər. Mahnı mətnlərinin müəllifi kimi adını deməyi belə rəva bilmədilər. Bunlar dünən idi. Bəs bu gün nə üçün səhnəyə çıxan minlərlə tamaşaçı qarşısında çıxış edən müğənni mahnının bəstəkarı ilə yanaşı, onun sözlərini yazan şairin adını çəkmir? Axı səhnə ona görə səhnədir ki, o, paklıq, ucalıq, təmizlik ocağıdı.
Musiqisi Elza İbrahimovanın, sözləri Şərafət Dağıstanlınındır! Nə gözəl səslənir. Mənə elə gəlir ki, bu sözləri səhnədən deməklə müğənni özünə başucalığı, bəstəkarasa hörmət, ehtiram gətirər. 
“Yaralama”, “Bakı–Ceyhan neft kəməri”, “Atatürklə Heydər ata”, “Xəbərsiz”, “Xəzərin sahilində”, “Xanım Zərifə”, “Göygöl”, “Gəz, axtar məni”, “Sən vermədinmi”, “Mehriban”, “Bu dağların”, “Ofelya”, “Sumqayıt”, “Sənsiz” və başqa 60-dan yuxarı rəngarəng mahnının yaranmasına səbəb Şərafət xanımın şeirlərindəki melodiklik, axıcılıq, şuxluq, geniş panoramdır. Şərafət xanımın 15000-dən çox şeir və hekayəsi dövri mətbuatda çap olunub. Və bir otaq dolusu qalaq-qalaq çap olunmamış əlyazmalarının şahidi oldum.
Şərafət xanım ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdir. Dağıstanda, Bolqarıstanda Avropa, Asiya, Latın Amerikası yazıçılarının iştirakı ilə keçirilən konqreslərdə dünyaca məşhur  şair və yazıçıları olan Nazim Hikməti, Orxan Kamalı, Yaşar Kamalı, Rəsul Həmzətovu, Cingiz Aytmatovu, Mixail Şoloxovu, Əhmədxan Əbu Bəkri görməsini, onlarla söhbət etməsini, xatirə şəkli çəkdirməsini indi də xatırlayan, o xoşbəxt anları qəlbində yaşadan Şərafət xanım ədəbiyyatın sirli-sehrli bir kəhkəşan olduğunu dönə-dönə vurğulayır. 
İndi, yaşının bu ixtiyar çağında Səməd Vurğunu, Xan əmini minnətdarlıqla xatırlayan Şərafət xanım: “Yaxşı kişilər yaxşı atlara minib getdilər”, – deyir.
Bu sözlərdə böyük həqiqət var. Xeyirxahlıq, nəciblik, çətinliyə, dara düşənə əl uzatmaq, kömək etmək indi, elə bil, seyrəlib. İnsani hislər, duyğular korşalıb.
Hər il ziyarət etdiyi Şuşanın, Cıdır düzünün, Qırxqız dağlarının, İsa bulağının yolları bağlıdır. “Bu ayrılıq, bu hicran, bu sitəm nə uzun çəkdi?” – deyir Şərafət xanım. 
O laləzar Cıdır düzü
Qarşılardı hər il bizi.
Ovsunlayıb gözümüzü,
Bizim Qarabağ, Qarabağ.
Bəs necə bu ayrılığa
Dözüm, Qarabağ, Qarabağ?!
“Mən apreldə doğuldum”, “Günayım mənim”, Moskvada rus dilində çap olunmuş “Mən dağlar qızıyam”, “Salam göndərib”, “Mənim arzularım”, “Tək sənə görə” və başqa bu kimi kitabların müəllifi olan Şərafət Dağıstanlı üçün vətən sevgisindən, vətən müqəddəsliyindən, ucalığından böyük heç nə yoxdur. Elə xalqımızın igid, qeyrətli oğlu Ramil Səfərova həsr etdiyi “Ramil günahkar deyil”  şeirində də bu, aydın görünür.
Şərafət Dağıstanlı 75 yaşın içindədir. Qayğının, ehtiyacın qoynunda çırpınır. Amma yenə qürurunu sındırmır. Ürəyi ilə baş-başa qalıb ürəkləri titrədən şeirlərini, nəğmələrini yazır. O, bu nəğmələri yazanda doğma Azərbaycandan, onun gözəlliyindən güc, ilham alır.
Mənə elə gəlir ki, ana da qoynuna sığınan balasını qorumalıdır. Azərbaycan Yazıçılar Birliyi uzun illərdir yazıb-yaradan, xalqına xidmət edən bu şairə qayğı göstərəcəkdir.
Xalqımızın igid oğlu Ramil Səfərovun vətənə qaytarılması, ölkə Prezidenti İlham Əliyev tərəfindən əfv edilməsi yer üzündə yaşayan bütün azərbaycanlıları ürəkdən sevindirdi. Ölkəmizin başçısı əməli işi ilə sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir. Belədə bütün ölkə öz Prezidentinin yanındadır. Yumruq kimi birləşib torpaqlarımızın azadlığı uğrunda savaşa hazırdır. 
Şərafət xanım da öz şeirləri ilə vətən uğrunda döyüşür. Və Azərbaycanın qələbəsinə inanır. İstedadlı insanlar gün işığı, ay işığıdır. Qaranlığı, zülməti yarıb keçər, dünyanı nura qərq edər. Şərafət Dağıstanlı işıqlı insandır. O, şeirləri, nəğmələri ilə könüllərə yol çəkir. Könüllərə yol çəkən insan isə unudulmasın gərək. Şərafət xanım özü nə gözəl deyib:
Bir bulağam, suyum sərin,
Dağ döşüdü yurdum, yerim.
Müjdəsiyəm nəğmələrin,
Sellər, məni yaralama,
Bu dağlardan aralama.

                                                                                                       

  Cəmilə Çiçək

 

 

 

Yazıçı, AJB və AYB-nin üzvü,

 

 

AMEA  Folklor İnstitutunun doktorantı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam