ABŞ-Rusiya razılaşması:İslam dünyasına nə gətirə bilər?
"Əminik ki, qarşılıqlı maraq olarsa, Rusiya və ABŞ-ın ikitərəfli münasibətlərində irəliləyişlə bərabər, günümüzün ən əhəmiyyətli qlobal problemlərinin səmərəli həllində də mühüm addımlar atıla bilərlər."
Xeberinfo.com: Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Nazir Avstriyanın “Profil” jurnalına açıqlamasında onu da əlavə edib ki, xüsusilə, beynəlxalq terrora qarşı mübarizədə ölkələrimizin səylərinin koordinasiya edilməsinə ehtiyac var.
Lavrovun bu sözlərlə ABŞ-a əməkdaşlıq mesajı ünvanlaması təsadüfi deyil. Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da mətbuata açıqlamasında Rusiyayla əməkdaşlıq perspektivləri barədə danışmış, xüsusilə İŞİD-ə qarşı mübarizədə bunun vacib olduğunu bildirərək demişdi: "Putinə hörmət edirəm. Amma bu, “onunla yaxşı yola gedəcəyəm” mənasına gəlmir. Rusiya ilə yaxşı yola getmək getməməkdən daha yaxşıdır. Rusiya İŞİD-lə mübarizəyə kömək edərsə, bütün dünyada islami terror bitər. Bu, yaxşı haldır. Onunla yaxşı yola gedəcəyəmmi, doğrusu, bilmirəm".
Lavrovun Avstriya mətbuatına verdiyi açıqlaması da Trampın bu sözlərinə cavab kimi görünür.
Hər iki tərəfin qarşılıqlı açıqlamaları ilk baxışdan əməkdaşlıq perspektivləri istiqamətində heç bir əngəlin qalmadığından xəbər versə də, məsələnin dərinliyinə varanda bunun o qədər də asan olmayacağı və yaxud sülhə xidmət etməyəcəyi ortaya çıxır. İki güc arasında ən ciddi problemlərdən biri Trampın son zamanlar həyata keçirməyə çalışdığı siyasətlərin onun ritorikası ilə tərs mütənasiblik təşkil etməsidir. Belə ki, ABŞ prezidenti İŞİD-lə mübarizə barədə danışır. Amma onun son zamanlar viza qadağası qoyduğu 7 müsəlman ölkəsinin arasında nədənsə İŞİD-in həm ideoloji, həm də maddi cəhətdən dəstəkləndiyi dövlətlər yoxdur (Baxmayaraq ki, ABŞ məhkəmələri hüququn üstünlüyü prinsiplərinə zidd olduğu üçün bu qadağanı qəbul etmədi, Trampın həmin qərarı Yaxın Şərqə münasibətini əks etdirməsi baxımından əhəmiyyətlidir). Misir, Səudiyyə Ərəbistanı, Qətər və digər körfəz ölkələrinə tətbiq edilməyən bu qadağanın İran, İraq, Suriya, Hələb kimi dövlətlərə şamil olunması rəsmi Vaşinqtonun Yaxın Şərqdə məzhəb müharibəsinə girişən qüvvələr arasında ayrıseçkilik saldığı və tərəf tutduğu düşüncəsini yaradır.
Üstəlik, bu qadağanın Trampla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin 45 dəqiqə çəkən telefon danışığından sonra tətbiq olunması da düşündürücüdür. Bəzi ekspertlər həmin telefon danışığından sonra ABŞ administrasiyasının bu cür addım atmasını təsadüfi saymır, iki ölkə rəhbərliyi arasında müəyyən razılığa gəlmənin təzahürü kimi qiymətləndirirlər. Yeddi müsəlman ölkəsinə tətbiq olunan viza qadağasından sonra rəsmi Riyadın ABŞ-a investisiya yatıracağını açıqlaması da bu ehtimalı qüvvətləndirir.
Qeyd edək ki, Trampın prezident seçilməsi aydınlaşanda ciddi xəyal qırıqlığına uğrayan Səudiyyə krallığı bu ölkəyə investisiyaları dayandırmış, səbəb olaraq isə iki amili əsas gətirmişdi:
1) Trampın Yaxın Şərq siyasətinin qeyri-müəyyənliyi;
Bəlli olduğu kimi, Tramp seçkiqabağı təşviqat zamanı etdiyi çıxışlarından birində Səudiyyə Ərəbistanını ABŞ-ın sağmal inəyinə bənzətmiş, ondan qızıl və dollar sağdıqlarını bildirmişdi. Trampın fikrincə, nə zaman ki bu inəyin südü quruyacaq, Vaşinqton onu kəsib ətini yeyəcək. Bu qədər təhqiramiz bir şəkildə Riyada yanaşan Trampın seçiləcəyini gözləməyən Səudiyyə krallığı onun alternativi Hillari Klintonu maddi və mənəvi yöndə dəstəkləyirdi. Kral Əbdüləzizin ağlına da gəlmirdi ki, ABŞ-ın bu “dəli oğlanı” nə zamansa hakimiyyəti ələ ala bilər. Hər şey arzulananın əksinə gedincə, rəsmi Riyad da ciddi təşvişə düşmüş, ABŞ-ın neft-kimya sənayesinə yatırdığı investisiyaları dayandırmaq qərarına gəlmişdi. İndisə onun yenidən Amerika neft sahəsinə yönəlməsi təşviş yaradan bu amillərin ortadan qalxdığını təsdiqləyir. Deməli, kralla prezident arasındakı 45 dəqiqəlik telefon danışığında hansısa sövdələşmənin baş tutduğundan şübhələnməyə dəyər.
2) Yeni prezidentin ABŞ neft şirkətlərinin istehsalı artırmasını dəstəkləməsi və ölkəyə neft idxalatını məhdudlaşdıracağını vəd etməsi.
ABŞ-ın yeni prezidentinin iqtisadiyyatın bütün sahələrində idxalatı məhdudlaşdırmağı vəd etməsindən ən ciddi zərər görən ölkələrdən biri də Səudiyyə Ərəbistanı olacağı gözlənilir. Çünki ABŞ dünyanın ən böyük neft hasilatçılarından biri olsa da, xaricdən də külli miqdarda “qara qızıl” alır. Məlumatlara görə, neft böhranının başladığı 2013-ci ilə qədər bu ölkə öz neft ehtiyacının 60%-ni idxal edirdi və onun bu sahədə əsas partnyoru Səudiyyə Ərəbistanı idi. Barak Obama hakimiyyətinin Rusiyanı çökdürmək üçün neftin qiymətini aşağı salmaq tədbirləri çərçivəsində istehsalı artırması təkcə bugünkü böhrana səbəb olmadı, həm də ABŞ-ın neft idxalına ehtiyacını azaltdı. 1991-ci ildən bu yana ilk dəfə 2013-cü ilin oktyabrında ABŞ-ın neft hasilatı idxalatını geridə buraxdı: gündəlik hasilat ortalaması 7.7 milyon varilə qarşı 7.6 milyon varil idxalat. Nəticədə həm qiymətlərin aşağı düşməsi, həm də ixracatın azalması baxımdan rəsmi Riyad da xeyli itirmiş oldu.
Bu da azmış kimi, Trampın idxalatı daha da məhdudlaşdıracağını və idxal rüsumlarını artıracağını vəd etməsi Riyadda ciddi əndişələrə yol açmaqdadır. İdxalatdakı bu məhdudlaşdırmanın istehsalı artırmaqla kompensasiya edilməyə çalışılması da Səudiyyə Ərəbistanı üçün “qara xəbər” mənasına gəlir. Belə bir vəziyyətdə ABŞ neft sahəsinə investisiya yatırmaq neft böhranı ilə ciddi kapital sıxıntısı yaşayan, buna görə özünün böyük beynəlxalq iqtisadi layihələrini dayandırmağa məcbur olan rəsmi Riyadın əslində marağına uyğun deyil. Krallığın Enerji naziri Xalid əl Faleh isə bu istiqamətə ciddi investisya qoyacaqlarını açıqlayır. Bu da əslində Riyaddan çox Vaşinqtonun, daha konkret desək, Trampın işinə yarayır.
Mütəxəssislər yuxarıda zikr etdiyimiz amilləri nəzərə alaraq, krallığın bu yolla ABŞ-a 7 müsəlman ölkəsinə qarşı həyata keçirdiyi viza qadağası üçün “rüşvət” verdiyini düşünürlər.
Başqa sözlə desək, ABŞ-ın yeni prezidenti deyəsən, həqiqətən də, öz sağmal inəyini döşündən qan gələnə qədər sağmaq əzmindədir. Trampın İŞİD-lə mübarizə adı altında bu terror təşkilatını ortaya çıxaran körfəz ölkələrinə deyil, İran, Yəmən, Somali, İraq, Suriya kimi dövlətlərə viza qadağası gətirməsi də bu sağım prosesinə xidmət edir və sağıcıların əmək nəğməsinə bənzəyir.
Trampın söyləmi ilə əməli arasındakı tutarsızlıq Yaxın Şərqdə məzhəb müharibələrinə son qoymaq istəmədiyini göstərir. Deməli, onun Rusiyalı həmkarıyla Yaxın Şərqdə terrorun kökünü kəsmək istiqamətində hər hansı razılığa gəlməsi də mümkünsüzdür. Amma bu o demək deyil ki, dünya hegemonluğu yarışına girən bu dövlətlər hansısa məsələdə razılığa da gəlməyəcəklər. Böyük ehtimalla, bu razılıq baş tutacaq, fəqət o, Yaxın Şərqdə axan qanı dayandırmaq yox, daha genişmiqyaslı döyüşləri qızışdırmaq olacaq. Çünki müharibə yaxşı pul qazanmaq istəyən imperialistlərə hava və su qədər vazkeçilməzdir.(Strateq.az)