AMERİKANIN HEGEMONLUĞU VƏ BİRİNCİLİYİ
Müasir tariximizdəki heç bir ölkə ABŞ qədər qlobal hərbi gücə malik olmayıb.
"Xeberinfo.com": Amma buna baxmayaraq, bəzi analitiklər ABŞ-ın bundan əvvəlki dünya hegemonu olmuş Britaniya kimi, qürub çağına qədəm qoyduğunu iddia edirlər. Lakin bu tarixi anologiyanın daha çox populyarlaşmasına baxmayaraq, səhv mülahizədir.
Əvvala, Böyük Britaniya ABŞ-ın nail olduğu güdrətə yüksəlməmişdi. Əlbəttə, britaniyalıların donanması güc baxımından onlardan sonra gələn iki böyük dövlətin birləşmiş donanmasına bərabər idi və yer kürəsi əhalisinin dörddə biri isə bu imperiyanın ərazsində yaşayırdı. Lakin unutmayaq ki, Britaniya imperiyası ilə müasir Amerikanın güc resursları arasında mühüm fərqlər var və Britaniya imperiyası Birinci Dünya Müharibəsi ərəfəsində böyük dövlətlər arasında ordusunun sayına və Ümumi Daxili Məhsulun həcminə görə dördüncü yerdə gedirdi. İmperiyanın idarə edilməsi, əsas etibarı ilə müstəmləkə ərazilərindəki yerli orduya arxalanırdı. Birinci Dünya Müharibəsində iştirak edən 8,6 miyon Britaniya hərbçisinin üçdə biri imperiyanın müstəmləkə əraziləri hesabına formalaşmışdı.
İkinci Dünya Müharibəsinin başlandığı dövrdə isə Britaniya imperiyasının ərazilərinin qorunması, artıq onun üçün böyük yük hesab edilirdi. Böyük Britaniyanın Almaniya və Rusiyanın yaxınlığında yerləşməsi də təhlükəsizlik baxımından onun üçün ciddi problemə çevrilmışdi. Ancaq Amerikan imperiyası haqqında danışılan mənasız sözlərə baxmayaraq, ABŞ-ın idarə olunmaq üçün heç bir müstəmləkəsi yoxdur və ona görə də, onların B.Britaniyadan fərqli şəkildə daha böyük və sərbəst manevr etmək imkanları var. Digər yandan isə təhlükəsiz ölkələr və iki okeanla əhatə olunduğu üçün ABŞ-ın özünü müdafiə etmək imkanları da xeyli asanlaşır. Qlobal hegemonluq ilə bağlı aparılan tarixi anologiya məsələsində başqa bir problem də meydana çıxır. Beləki, hegemonluq sözünün mənası ətrafında dolaşıqlıq əmələ gəlir. Bəzi analitiklər hegemonluq və imperializmin mənalarını tamailə qarışdırırlar. Lakin ABŞ-ın timsalında açıq-aydın sübut olunur ki, hegemon dövlət hansısa formal imperiyaya heç bir ehtiyac duymur.
Bir çox analitiklər hegemonluğa – beynəlxalq qaydalar sisteminə öz istəklərini diktə etməyi bacarmaq qabiliyyəti kimi baxırlar. Amma burada tam aydın olmayan məqamlar da üzə çıxır. Sual yaranır ki, görəsən bu proses zamanı hegemonluq edən tərəfin təsir imkanları digər böyük dövlətlərə nisbətən nə dərəcədə böyük olmalıdır. Bəziləri isə hesab edirlər ki, hegemonluq – güc resurslarının böyük bir hissəsi üzərində nəzarət edilməsi mənasına gəlir. Amma belə bir müəyyənləşdirməyə görə XIX əsrdəki Britaniyanı öz hərbi-dəniz donanmasının üstünlüyünə baxmayaraq, heç də hegemon saymaq olmaz.
1945-ci ildən sonrakı ABŞ hegemonluğu barəsində danışanlar isə Sovet İttifaqının qırx il ərzində Amerikan hərbi gücünə qarşı tarazlıq yaratmasını nəzərdən qaçırırlar. ABŞ bu müddətdə nə qədər iqtisadi qüdrət qazansa da, onların siyasi və hərbi manevrlər etmək üçün məkanı Sovet İttifaqı tərəfindən məhdudlaşdırılmışdı. Bir çox analitiklər isə 1945-ci ildən sonrakı liberal xarakterli iyerarxik qaydalara ABŞ-ın rəhbərlik etdiyi dövr kimi baxırlar.
Əgər ABŞ-ın güman edilən hegemonluq dövrü haqqında söhbət salsaq, onda burada bir-biriylə qarışmış faktlar və xeyli sayda fantaziyalar da meydana çıxar. Bu tam mənası ilə qlobal nizam və qaydalar sistemi də deyildi. Çünki burada əsas etibarı ilə Amerika və Qərbi Avropada yerləşən və oxşar mentalitetə malik ölkələr qrupu olub. Həmin qrup isə dünyanın yarısından az bir hissəsini özündə birləşdirirdi və onların Çin, Hindistan, İndoneziya və Sovet bloku ölkələrinə münasibəti heç də həmişə dostcasına olmayıb. Bu fon üzərindən ABŞ-ın dünyadakı vəziyyətini səliqəli şəkildə yarı hegemoniya da adlandırmaq mümkündür.
Əlbəttə ki, 1945-ci ildən sonra ABŞ böyük iqtisadi üstünlük qazanmışdı. Çox ölkə İkinci Dünya Müharibəsi zamanı dağıdılmış halda idi və elə məhz bu səbəbdən də demək olar ki, dünyanın Ümumi Daxili Məhsulunun yarısı ABŞ tərəfindən istehsal edilirdi. Sonradan bu göstərici İkinci Dünya Müharibəsindən əvvəlki vəziyyətə qayıtmışdı və ABŞ artıq dünya ÜDM-nın 25%-ni verirdi. Amma bütün bunlara baxmayaraq, siyasi və hərbi nöqteyi nəzərindən dünya iki qütblüydü. Sovet İttifaqı ABŞ-ın qüdrətinə qarşı tarazlıq yaratmışdı. Elə məhz həmin dövr ərzində hətta, ABŞ çox zaman öz maraqlarını qoruya bilməmişdi. Soyuq müharibə adlandırılan həmin ərəfədə SSRİ nüvə silahı əldə etmiş, Çində, Kubada, Vyetnamın yarısında kommunistlər hakimiyyətə gəlmiş, Koreya müharibəsi dalana dirənmiş, Macarıstan və Çexoslavakiyada baş qaldıran üsyanlar isə yatırılmışdı.
Deyilənlərdən konkret formada belə nəticə çıxarmalıyıq ki, dünya tam mənası ilə proqnozlaşdırılması mümkün olmayan istiqamətdə inkişaf etdiyinə görə, ABŞ-ın gələcək hegemonluğu haqqındakı suala dəqiq cavab vermək də çətinləşir. Çünki meydana gözlənilmədən yeni transmilli hərəkatlar, qeyri-dövlət oyunçuları və Çin kimi dövlətlər çıxır. Bütün bunlar isə öz növbəsində üfüqdə yeni dəyişiklərin baş verə biləcəyindən xəbər verir. Amma hər halda yaşadığımız əsrin birinci yarısına kimi ABŞ-ın dünyada öz liderliyini qoruya biləcəyi və həm də müxtəlif güclər arasında balans yaratmaq istiqamətində mərkəzi rol oynayacağına dair səslənən fkirlər böyük əsaslara dayanır.Başqa sözlə belə deyə bilərik ki, ABŞ-ın dünyadakı lider vəziyyətinin sona çatma dövrü hələlik gəlməyib.
(Project Syndicate)