BMT ekspertlərindən təhlükəli xəbərdarlıq:“2030-cu ildən sonra planeti xilas etmək mümkün olmayacaq” – Araşdırma
Brendon Miller, Cey Kroft
CNN, 10.10.2018
Yenixeber.org: Nüfuzlu elmi təşkilatın iqlim dəyişiklikləri haqda dərc etdirdiyi kədərli elmi məruzədə deyilir ki, ölkələrin “cəmiyyət yaşayışının bütün yönlərində sürətli, uzağa gedən və misilsiz dəyişikliklər” həyata keçirməsi gərəkdir.
BMT yanında iqlim dəyişiklikləri üzrə beynəlxalq ekspertlər qrupu (İDBEQ) bazar ertsəi elan edilmiş məruzədə qeyd edir ki, planet artıq 2030-cu ildə sənayeöncəsi səviyyə üzərində yüksəlişi Selsi üzrə biryarım dərəcə təşkil edəcək istiliyin ən önəmli hədd qiymətinə çatacaq. Bu, ən güclü quraqlıq, meşə yanğınları, daşqınlar və yüz milyonlarla adam üçün ərzaq qıtlığı təhlükəsi yaradacaq. Bu gün yaşayan adamların hələ çoxu 2030-cu ildə sağ olacaq.
Alimlər öz nəticələrini istixana qazlarının indiki tullantı səviyyəsi əsasında çıxardıblar. Planet bu yolun artıq üçdə ikisini keçib, çünki kürəsəl istilik, təxminən, bir dərəcə Selsi yüksəlib. Bundan sonrakı yüksəlişə yol verməmək üçün qarşıdakı bir neçə ildə önəmli fəaliyyət göstərmək gərəkəcək.
Melburn universitetinin iqlimşünaslıq müəllimi Əndryü Kinq öz açıqlamasında qeyd edib: “Bu, təşviş doğurur, çünki bizə məlumdur ki, kürəsəl istiləşmə biryarım dərəcə Selsini aşarsa, anomal isti hava və isti yay mövsümü, dünya okeanı səviyyəsinin yüksəlməsi, dünyanın bir çox bölgələrində daha ciddi quraqlıqlar və atmosfer çöküntüsünün ekstremal miqdarı daxil olmaqla xeyli yeni problem meydana çıxacaq”.
İstiləşmənin biryarım dərəcəni keçməməyi üçün kürəsəl karbon qazı tullantısı həcmini 2010-cu ilin göstəricilərilə müqayisədə 45% azaltmaq, 2050-ci ilə doğru isə “sıfır tullantı” təmin etmək lazımdır.
Tullantıların bu cür azalması texniki baxımdan mümkündür, amma məruzədə qeyd olunduğu kimi, bunun üçün energetika, sənaye, inşaat, nəqliyyat və şəhərlərdə geniş əhatəli dəyişikliklər tələb olunur.
Kinq qeyd edib: “Kürəsəl istiləşməni biryarım dərəcə Selsidən aşağı saxlamaq imkanları sürətlə yox olur və Paris sazişi iştirakçılarının tullantılara görə öz üzərlərinə götürdükləri öhdəliklər bu hədəfə yetməyi təmin etmir”.
Fəaliyyətsizliyin nəticələri
İDBEQ-in məruzəsində qeyd olunur ki, iqlim dəyişiklikləri artıq baş verir, dünya beynəlxalq xarakterli təcili siyasi qərarlar almasa, sonrası isə daha pis olacaq.
İDBEQ-in birinci işçi qrupunun həmsədri Panmao Çjay deyib: “Bu məruzənun ən mühüm nəticəsi bundan ibarətdir ki, biz artıq bir dərəcə kürəsəl istiləşməni müşahidə edirik. Bu, havada kəskin çevrilişlər, dəniz səviyyəsinin yüksəlməsi, Arktika buzunun azalması və sair dəyişikliklərdir”.
Lakin istiləşmə hətta biryarım dərəcə, yaxud aşağı həddə qalarsa, nəticələr geniş əhatəli və olduqca əsaslı olacaq.
Məruzədə deyilir ki, bu yay Avropada seyr etdiyimiz istilik üç dərəcə Selsi yüksələ bilər. Bundan savayı, istiləşmənin astanasına çatanda Gənubi Afrikanın Keyptaununda suyun, demək olar, qurtardığı tipdə daha intesiv və daha sıx istilik gözləmək lazım gələcək. ABŞ-da baş vermiş “Harvi” və “Florens” tipli qasırğalar da bir o qədər tezləşəcək.
İstiləşmə Avstraliyadakı Böyük Maneə rifi daxil olmaqla 70%-dən 90%-ə qədəri quruyub məhv ola biləcək mərcan qayalarına da çox mənfi təsir edəcək.
Məruzədə qeyd olunur – ən pisi cənub yarımkürəsi ölkələrində baş verəcək. “Onlar kürəsəl istiləşmənin güclənəcəyi halda iqlim dəyişiklikləri üzündən iqtisadi artım üçün ən ciddi nəticələrə düçar olacaqlar”.
Məruzədə vurğulanır ki, istiliyin hətta ən cüzi çoxalması son zamanlar müşahidə etdiyimiz təbii fəlakətlərin nəticələrini gücləndirəcək.
İDBEQ-in ikinci işçi qrupunun həmsədri Hans-Otto Pörtner bildirib: “İstiləşmə dərəcəsinin hətta cüzi payının da önəmi var, çünki istiliyin biryarım və daha çox dərəcədə yüksəlməsi bəzi ekosistemlərin itirilməsi kimi uzunmüddətli və dönməz dəyişikliklərlə təhdid edir”.
Hərarət iki deyil, biryarım dərəcə Selsi yüksələrsə, kürəsəl istiləşmənin nəticələrini necə azaltmağın mümkün olacağına dair misallar gətirilib:
–2100-cü ilə doğru dünya okeanının səviyyəsi 10 santimetr qalxacaq.
-Yay vaxtında Şimal Buzlu okeanında buzların tam əriməsinin dövrilyi on ildə deyil, yüz ildə bir dəfə olacaq.
-Mərcan qayaları tam yox olmayacaq, 70-90% azalacaq.
“Kimya və fizika qanunları çərçivəsində mümkündür”
Bazar ertəsi çıxan məruzə üç il boyunca hazırlanıb və iqlim üzrə Paris sazişinin birbaşa nəticəsi olub. Bu sazişin 197 üzv ölkəsi dünya istiliyini sənayeöncəsi səviyyə ilə müqayisədə iki dərəcə Selsidən “xeyli aşağı” saxlamağı və biryarım dərəcə ilə məhdudlaşdırmağa cəhd etməyi qarşısına məqsəd qoyub.
Birləşmiş Ştatlar əvvəlcə bu sazişə qatılıb, amma prezident Donald Tramp ilyarımdan sonra bu müqavilə şərtlərinin ABŞ üçün ədalətsiz olduğunu iddia edərək ondan çıxıb.
İDBEQ-in üçüncü işçi qrupunun həmsədri Cim Ski deyir ki, kürəsəl istiləşməni biryarım dərəcə Selsi məhdudlaşdırmaq “kimya və fizika qanunları çərçivəsində mümkündür. Amma bunun üçün misilsiz dəyişikliklər tələb olunur”.
“Beynəlxalq işbirliyi tullatıların, kürəsəl istiləşmənin və onun təsirinin məhdudlaşdırılması, habelə effektli və əhatəli uyğunlaşma və nəticələrin zəiflədilməsinin qaçılmaz şərtidir, – Yeni Cənubi Uels Universitetinin yanında İqlim dəyişikliklərinin araşdırılması Mərkəzində elmi əməkdaş işləyən Sara Perkins-Kirkpatrik bildirib. – Qarşıdakı bir neçə il bu səylərin inkişafında ən mühüm illər olacaq”.
Tullantılar üzrə mənfi göstəricilərə və karbon qazının atmosferdəki miqdarının azaldılmasına imkan verən irihəmcli kənarlaşdırılmasına nail olmaq, habelə çirklənməyə qarşı sonrakı müqavimət tədbirlərini almaq da çox vacibdir.
Məruzədə qeyd edildiyi kimi, karbon qazını atmosferdə tərkibcə azaltmaq üçün iki əsas yol var. Bu, təbii təmizlənmə proseslərinə yardım, həmçinin karbon qazının eksperimental saxlanması və kənarlaşdırılması texnologiyasıdır. Məruzədə qeyd olunur – amma bu üsulların hamısı “işlənmənin müxtəlif mərhələlərindədir, bəziləri isə ancaq konsepsiya şəklindədir, çünki praktikada sınanmayıb”.
Bunların gerçəkləşdirilməsi, habelə karbon qazı tullantısı həcmini azaltmaq üçün xeyli siyasi iradə və qarşılıqlı fəaliyyət tələb olunur. Məruzədə səslənən kədərli saqındırmalara baxmayaraq, bu gün xüsusən də Tramp administrasiyasının bu məsələ üzrə mövqeyi nəzərə alınmaqla bu cür dəyişikliyin mümkünlüyü haqda sübutlar azdır.
ABŞ-ın keçmiş vitse-prezidenti El Qor deyib: “Bu gün dünyanın aparıcı alim və ekspertləri birağızdan təsdiqləyirlər ki, ana təbiət bizə aydınca göstərir: bizə təmiz energetika yaradılması məqsədilə kürəsəl iqtisadiyyatda təxirəsalınmaz və sürətli dəyişikliklər gərəkdir”.
“Təəssüf ki, Tramp administrasiyası çirkli üzvi yanacaqla işləyən sahələri qafilcəsinə dəstəkləməyə səy göstərərək dönük kimi hərəkət edir. Administrasiyadəyişikliklər uğrunda çıxış edən Amerika şirkətləri, ştatları, şəhərləri və vətəndaşlarıyla birbaşa münaqişəyə girib”.
Tərcümə Strateq.az-ındır.