AZƏRBAYCAN QAZ BAZARINDA RUSİYANIN RƏQİBİNƏ ÇEVRİLƏCƏKMİ? –Avropada ABŞ və Rusiyaya qarşı gerçək qaz rəqabəti başlanır – Araşdırma
Olqa Samofalova
vzqlyad.ru, 29.05.2018
Bakıda Türkiyə və Avropaya qaz aparacaq “Cənub Qaz Dəhlizi”ni rəsmən açıblar. Yeni boru kəməri Amerikanın bahalı STQ-dən (sıxılmış təbii qaz-red.) fərqli olaraq, Rusiya qazına gerçək rəqabət təşkil edə bilər. “Qazprom” yeni rəqibin meydana çıxmasına dözəcəkmi? Ya Rusiya qazının Avropa ixracatı azalmağa başlayacaqmı?
Yenixeber.org: Bakı yaxınlığındakı Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev boru kəmərləri sisteminin işə salınmasını rəmzləşdirən “ventil”i açıb. Onun sözlərinə görə, layihənin gerçəkləşdirilməsi geniş beynəlxalq əməkdaşlıq sayəsində mümkün olub. O, dəhlizin gerçəkləşdirilməsində daimi dəstəyə görə ABŞ, Böyük Britaniya hökumətlərinə, Avropa Birliyi və beynəlxalq maliyyə institutlarının rəhbərliklərinə təşəkkürünü ifadə edib.
Əliyev qeyd edib: “Azərbaycan qazı Avropaya qaz tədarükünün yeni qaynağıdır və biz CQD-ni gerçəkləşdirməklə qitənin energetik mənzərəsini yenidən yaradırıq”.
Yeddi ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Balkanın daha üç ölkəsi – Bosniya, Herseqovina və Çernoqoriya layihəyə qoşulmağı planlaşdırır. Əliyevin sözlərinə görə, onlar üçün “Cənub Qaz Dəhlizi”nin şaxələri salınacaq.
Bu dəhliz üç qaz kəmərini – Cənubi Qafqaz, Transanadolu (TANAP) və Transadriatik (TAP) – ehtiva edir. Onun əsasında 16 milyard kubmetr qaz müqavilələşdirilib: TANAP üzrə 6 milyad Türkiyəyə və TAP üzrə 10 milyard Avropaya. TANAP-ın gücünü 2023-cü ilə doğru 24 milyarda və 2026-yadək 31 milyarda çatdırmaq planlaşdırılır. Resurs bazası – Azərbaycanın “Şahdəniz” yatağıdır.
Amerikanın bahalı STQ-nin tədarükü bahalı qaz istifadəsi üzündən Avropa sənayesini qeyri-rəqabətli edərək öldürə bilər. Məhz buna görə Avropada yeni oyunçu – Amerika STQ – güclü şəkildə gözə dəymir, tədarüklər rəmzidir. Amma, bax, Azərbaycanın boru kəməri qazı Rusiya qazına gerçək rəqabət təşkil edə bilər.
Bu boru kəməri layihəsi Türkiyə və Avropa bazarlarında “Qazprom”un mövqelərini təhdid edirmi?
Milli Energetik Təhlükəsizlik Fondunun (METF) aparıcı eksperti İqor Yuşkovdeyir: “Rusiya qazıyla rəqabət ayrı-ayrı ölkələrin bazarlarında mümkündür. Yunanıstan və Bolqarıstanın hər biri Azərbaycanın 1 milyad kubmetr qazını almalıdır, amma əsas rəqabət Türkiyə və İtaliya bazarlarında olacaq, bundan heç hara gizlənmək olmaz”. Bunlar daha böyük və şaxələnmiş bazarlardır.
Azərbaycanlıların borunu vəd edilən 16 milyard kubmetrlə doldurmağı bacarıb-bacarmayacağı başqa məsələdir – hələ onun gücünü ikiqat artırmaq planlarını demirik. Yuşkov deyir: “Azərbaycan “Şahdəniz” yatağının (bu isə “Cənub Qaz Dəhlizi” üçün resurs bazasıdır) ikinci mərhələsinin işlənməsində problemlə üzləşib, geriqalmalar olub, layihə yetərincə məsrəflidir. İkincisi, başqa sahələrdə hasilatla bağlı Azərbaycanın Rusiyadan qaz alqısı yoluyla həll etməyə çalışdığı problemləri olub”.
Azərbaycan 2017-nin noyabrından Azərbaycanın “Şahdəniz” yatağının işə salınmasıyla bağlı 2006-da dayandırılan Rusiya qazının alqısını təzələyib. Hər şeyə əsasən, Azərbaycanda şübhə yaranıb ki, öz qaz ehtiyatları üçüncü ölkəyə tədarükü artırmağa bəs edəcək. Halbuki Türkiyə və Avropa ölkələrilə müqavilə sərtdir – öz problemlərindən asılı olmayaraq 16 milyard kubmetri tədarük etməlidir.
METF eksperti deyir: “Belə çıxır ki, Azərbaycan bir yataqdan Avropaya qaz vuracaq, başqa yataqlardakı probleməri isə Rusiyanın hesabına həll edərək daxili istehlak üçün Rusiya qazı alacaq. Tutarlı sual meydana çıxır: bəs yekunda Avropaya kim qaz tədarük edir – Rusiya, yoxsa Azərbaycan?”.
Nəhayət, Azərbaycanın buna hazırlaşmağına dəyər ki, ABŞ tez bir zamanda tərəfdaşdan asanlıqla rəqibə çevrilə bilər. “Cənub Qaz Dəhlizi” Rusiyanın rəqibi kimi təzə-təzə işlənərkən ABŞ bunu dəstəkləyib. Lakin Vaşinqtonun mövqeyi o vaxtdan bəri çox dəyişilib. Rusiyanı açıqca vurur, öz kommersiya mənfəəti xatirinə “Şimal axını-2”-yə qarşı çıxdığını gizlətmir. Lakin başqa alernativ tədarükçülər də indi Ştatlar tərəfindən Amerika STQ-nin Avropa bazarını ələ keçirməyə mane olan rəqib kimi qavranılır.
Yuşkov hesab edir: “Azərbaycan Türkiyə və Avropa bazarlarında Amerika STQ-nin rəqibinə çevrilir. Buna görə də, güman etmirəm ki, amerikalılar Azərbaycanın qaz layihələrini bundan sonra da çox həvəslə dəstəkləyəcəklər”.
Yeni Azərbaycan oyunçusunun meydana çıxması üzündən bütünlükdə Rusiya qazının Türkiyə və AB-yə ixracatının düşəcəyini gözləməyinə dəyməz. Anlamaq lazımdır ki, “Cənub Qaz Dəhlizi” lap çoxdankı layihədir və onunla rəqabət “Qazprom” tərəfindən çoxdan hesablanıb və nəzərə alınıb. Həm də Azərbaycan bazarının həcmi “Qazprom”unkuyla müqayisədə böyük deyil. Məsələn, “Qazprom” keçən il Türkiyəyə 29 milyard kubmetr qaz tədarük edib. Bu, əvvəlki 2014-cü il maksimumundan (27,3 milyard kubmetr) 1,7 milyad kubmetr çox olan yeni tarixi rekorddur. Türkiyə 2018-in iyunundan 6 milyard kubmetr Azərbaycan qazı almağa başlayacaq.
Yuşkov hesab edir – türklər müqavilə çərçivəsində Rusiya qazının alqısını azaltmayacaqlar. Lakin türk alıcıların müqaviləüstü həcm sifarişləri Azərbaycan qazıyla əvəzlənə bilər. Digər tərəfdən, türklər Rusiya yanacağını deyil, daha bahalı STQ-i və ya habelə aldıqları İran qazını Azərbaycan qazına əvəzləyə bilərlər. Buna görə də Türkiyə bazarında Rusiyanın payı, çətin ki, ziyan çəksin.
Azərbaycan qazı Avropa bazarında “Qazprom”la yalnız 2020-ci ildən rəqabətə girə bilər. Çünki Türkiyədən tranzitlə TAP qaz kəməriylə tədarüklər yalnız iki ildən sonraya planlaşdırılıb. Söhbət avropalılar üçün yalnız 10 milyard kubmetr Azərbaycan qazının tədarükündən gedir. “Qazprom” isə (Türkiyə daxil olmaqla) AB-yə 160 milyard kubmetrdən çox qaz çatdırır və tədarüklər artıq üç il dalbadal artır. Əsas rəqabət İtaliya bazarında başlana bilər. Amma İtaliyada mavi yanacağa tələbat kömür elektrik stansiyalarının bağlanmasına görə 2025-ci ilə doğru 8 geqavatt çoxalacaq. Buna görə də Azərbaycan artan tələbatı öz üzərinə götürə bilər və “Qazprom”un mövqeyi pisləşməyəcək…
Tərcümə Strateq.az-ındır.