Türkmənistanda prezidentin fotoşəklini korlamış 4 şagird həbs edilib:xüsusi xidmətlər tualetlərdə prezidentin şəkillərini axtarır –Araşdırma
azathabar.com (Türkmənistan), 23.03.2018
Türkmənistan təhlükəsizlik xidmətinin əməkdaşları prezident Qurbanqulı Berdımuhəmədovun portretlərini korlamağa görə həbs edilən məktəblilər haqda məlumatlar fonunda Daşoğuz vilayətində ayaqyolu yerlərində dövlət başçısının fotoşəkilləri olan qəzetlərdən kağız kimi istifadə faktını aşkarlamaq məqsədilə yaşayış binalarını yoxlamağa başlayıblar.
Yenixeber.org: “Azatlık”-ın bir-birinə bağlı olmayan bəzi qaynaqlarının məlumatına görə, Daşoğuzda keçən ilin axırında ölkə prezidentinin portretlərinin korlanması və buna görə bir neçə məktəblinin həbsiylə bağlı, ən azı, iki hadisə baş verib. Birinci hadisə vilayət mərkəzində – Daşoğuz şəhərində olub. 45 saylı məktəbin sinifdə oynayan şagirdləri prezident Berdımuhəmədovun portretini yerə salaraq tapdalayıblar. İkinci hadisədə Boldumsaz rayonunda 4 saylı məktəbin şagirdləri prezidentin portretinə flomasterlə bığ və saqqal əlavə ediblər. “Azatlık”-ın qaynağının xəbər verdiyi kimi, ona yaxın şagird polis bölməsinə gətirilib, bir hissəsini “asayışı pozmaq”, “dalaş” və “məktəb əmlakını korlamağa” görə mühakimə ediblər.
“Azatlık”-ın məlumatlı qaynağı nağıl edib: “Aşqabaddan özəl gələnlər məktəbliləri mühakimə ediblər. Onlardan,ən azı, dördünü 3-5 illiyə məhkum ediblər”.
Bu məkətblərin təmsilçiləri, habelə Daşoğuz rəsmiləri öz növbəsində prezident portretlərinin korlanması halları və məktəblilərin həbsi haqda məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Bundan başqa, Daşoğuz vilayətinin Goroğlu rayonunda məktəblərdən birinin tualetində prezidentin fotoşəkilləri olan qəzetlər aşkarlanandan sonra direktoru vəzifədən götürüblər. Sonradan hökumət yaşayış binalarının ayaqyolu yerlərində dövlət başçısının fotoşəkilləri olan qəzetləri aşkarlamaq məqsədilə nizamsız yoxlamalar həyata keçirməyə başlayıb.
“Azatlık”-ın Daşoğuzdakı qaynaqlarından biri deyib: “Məktəb direktorunu “vəzifənin öhdəsindən gələ bilməmək” formuluyla işdən çıxarıblar. Təhlükəsizlik xidmətləri bundan sonra xəbərdarlıq etmədən büdcə müəssisələri işçilərinin evlərinə baş çəkməyə və onların tualetlərini yoxlamağa başlayıblar. Orada prezidentin fotoəkilləri olan qəzetlər aşkarlandığı halda sakinlər haqda tədbirlər görülür. Mənə dövlət qulluqçularının bu səbəbdən işdən çıxarılmasilə bağlı, ən azı, 10 hadisə məlumdur”.
Habelə rayon təhsil müəssisələri müəllimlərdən qəzetlərdən prezident Berdımuhəmədovun fotoşəkillərini kəsmək və özəl alboma yapışdırmağı tələb etməyə başlayıb. Rəsmilər xəbərdarlıq ediblər ki, albomlar ilin axırında yoxlanacaq.
Bölgə məmurları bu hadisə üzrə şərhdən də imtina ediblər.
Qeyd edək ki, ölkənin bütün çap nəşrlərinin əsas hissəsini prezident Qurbanqulı Berdımuhəmədovun fotoşəkilləri tutur.
Türkmənistanın bütün dövlət, o cümlədən təhsil müəssisələrində prezidentin hər il əməkdaşların və şagirdlərin hesabına təzələnən portreti hökmən olmalıdır.
Bu iş, adətən, yeni dövlət şüarı altında baş verir. Bu il prezident Qurbanqulı Berdımuhəmədovun son kitablarından birinin adı – “Türkmənistan – Böyük İpək Yolunun Qəlbidir” – şüar olub. Şüarın, bununla birgə prezident portretlərinin hər il təzələnməsi bununla izah olunur ki, türkmənistanlıların yaşayışı yaxşı yöndə dəyişir və Arkadağın (prezidentə “xalqın verdiyi” fəxri ləqəb-tərc.) başçılığı ilə islahatlar həyata keçirildikcə ildən-ilə daha yaxşı yaşayırlar.
Bir şey deyil, amma “Azatlık”-la anonimlik şəraitində söhbətləşən türkmənistanlıların nağıl etdikləri kimi, bu təbliğat aksiyası müəllimlər, həkimlər və büdcə sahəsinin başqa işçiləri üçün əlavə xərcə dönür. Bu isə iqtisadi durumun günbəgün pisləşdiyi durumda olduqca təsirlidir.
Tərcümə Strateq.az-ındır.