Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Sənəd verən məzunların sayı azalıb" -Məleykə Abbaszadə

Yenixeber.org:  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə maraqlı müsahibə verib.

 Həmin müsahibəni oxuculara təqdim edirik:

– Bu il ilk dəfə olaraq, kurrikulumla təhsil almış 9-cu sinif məzunları buraxılış imtahanları verdilər. Onların imtahanların ilk mərhələsində göstərdikləri nəticələri qaneedeci saymaq olarmı? Şagirdlər daha çox hansı sahədə zəiflik göstəriblər?

– Buraxılış imtahahanının I mərhələsinin ilkin nəticələri Direktorlar Şurasının iclasında müzakirə edilib və rəsmi olaraq, Təhsil Nazirliyinə təqdim edilib. Təhsil Nazirliyi də bu nəticələri daha ciddi araşdırmaq istəyir. Biz 9-cu sinif üzrə buraxılış imtahanının keçirilmə qaydalarını, məzmununu Təhsil Nazirliyi ilə birlikdə müvafiq işçi qrup səviyyəsində müəyyənləşdirmişik. Ümumiyyətlə, qeyd edim ki, təhsilin məzmununun yeni standartlar əsasında formalaşdırılması məqsədilə Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi əsasında 1999-cu ildə “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”, 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədləri hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.

Təbii ki, yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsi aktual məsələyə çevrilmişdi. Başqa sözlə, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranmışdı. Bu ehtiyacın aradan qaldırılması istiqamətində görülən işlərə bizim tərəfimizdən 2012-ci ildən etibarən monitorinq imtahanlarının keçirilməsi də daxildir. Yeri gəlmişkən monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili saytımızda yerləşdirilib və bir daha bütün təhsil ictimaiyyətini həmin materialla tanış olmağa dəvət edirik.

Monitorinq imtahanlarının nəticələrinə əsasən, birinci və ikinci mərhələdə hansı standartlar üzrə şagirdlərin bilik və bacarıqlarının yoxlanılacağı işçi qrup tərəfindən müəyyən olunub. Yalnız hər iki mərhələ üzrə imtahanlar keçirildikdən sonra ölkədə ana dili və riyaziyyat fənni üzrə yeni kurikulumla 9 il ərzində aparılmış tədris prosesinin hansı səviyyədə keçirilməsi, şagirdlər tərəindən mənimsənilmiş bilik və bacarıqların hansı standartlara uyğun olması barədə məlumatlar açıqlanacaq. Bundan sonra imtahan nəticələri ilə bağlı hansısa müzakirə aparıla bilər. Onu da qeyd edim ki, ictimai müzakirə olmamışdan əvvəl nəticələr ilk növbədə mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır. Əgər mütəxəssislər, metodistlər, müəllimlər bu məsələdə maraqlıdırlarsa, biz imtahanın ikinci mərhələsi bitdikdən sonra ilkin nəticələri elmi ictimaiyyətə təqdim edəcəyik və müzakirələrə açıq olacağıq.

Eyni zamanda, 9-cu sinif üzrə buraxılış imtahanında 27 minə yaxın şagird esse də yazmışdı. Hal-hazırda onların da nəticələri yoxlanılır. Bu həftə esselərin qiymətləndirilməsinin nəticəsi də elan olunacaq. Esselərin qrafik təsviri DİM-in saytında şagirdin nəticələri ilə bağlı öz səhifəsində yerləşdiriləcək. Hər bir valideyn, müəllim şagirdin yazdığı esseni yoxlaya biləcək. Beləliklə, bizə tam şəkildə məlum olacaq ki, 9 il ərzində kurrikulum əsasında təhsil alan nəsil buraxılış imtahanı fənləri üzrə dövlət tərəfindən təsdiq olunmuş hansı standartları yerinə yetirə bilir.

– İmtahanın I mərhələsi ilə bağlı narahatlıq doğuran əsas hal nədir?

– Burada bir məsələ var. Müəllim və valideynlərin imtahan nəticələrinə laqeyd yanaşması. İmtahanın birinci mərhələsinin nəticələri: bal haqqında arayış, cavab vərəqələrinin qrafik təsviri, eləcədə qiymətləndirmə meyarları saytımıza yerləşdirilsə də, imtahanda iştirak edənlərin bir hissəsi özlərinin nəticələri ilə maraqlanmayıblar. Buraxılış imtahanlarının birinci mərhələsində 116 148 nəfər şagird iştirak edib, onlardan 81 188 nəfəri cavablarına – yalnız ballarına baxıb. Ana dili fənni üzrə cavab vərəqinə isə yalnız 29 486 nəfəri, riyaziyyat fənni üzrə cavab vərəqinə 27 661 nəfəri baxıb. Hər iki fənn üzrə cavab vərəqinə cəmi 24 263 nəfər baxıb. Bu, o deməkdir ki, imtahanda iştirak edənlərin təqribən 75 faizi öz nəticələrinə – cavab vərəqələrinə baxmayıb. Belə laqeyd yanaşma başa düşülən deyil. Valideyndən soruşulmalıdır ki, niyə uşağının nəticəsi ilə maraqlanmayıblar. Bu imtahanlara məsuliyyətli yanaşmaq, bu imtahanlarda qaydaları pozmamaq bizim məzunlara əsas çağırışımızdır. Buraxılış imtahanlarının nəticələri həm də ona görə vacibdir ki, orta ixtisas təhsili müəssisələrinə və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul yalnız bu imtahandan toplanılan bal əsasında aparılır.

– Bu il nə qədər abituriyentin imtahan xərcləri dövlət tərəfindən qarşılanıb?

– Biz proqnoz olunan rəqəmləri Maliyyə Nazirliyinə təqdim etmişik. Lakin bu rəqəmlər hələ ki, tam deyil, hazırda onlar üzərində dəqiqləşdirmələr aparırıq. Çünki qarşıda hələ qabiliyyət imtahanları da var. Bu imtahanlar bitdikdən sonra bütün bu rəqəmləri ictimaiyyətə açıqlayacağıq.

– İmtahanların ödənişli olması bu il ali məktəbə sənəd verənlərin sayına necə təsir göstərdi?

DİM-in keçirdiyi birinci qəbul imtahanlarında 65 min abituriyent iştirak edib. İkinci qəbul imtahanlarında da iştirak etmək üçün kifayət qədər abituriyent qeydiyyatdan keçib. Ümumilikdə, 90 mindən artıq abituriyent müxtəlif imtahanlarda iştirak etmək üçün elektron ərizə təqdim edib. Amma nəzərə alınmalıdır ki, hər il imtahanda iştirak edən abitriyentlər iki hissəyə bölünürlər. Birinci hissə həmin ilin məzunlarıdır. Onların sayından əsas kontingent formalaşır. Abituriyentlərin ikinci hissəsini isə əvvəlki illərin məzunları təşkil edir. I-IV ixtsas qrupları üzrə 2014-cü ildə bütün abitriyentlərin 60 faizini cari ilin məzunları, 40 faizini əvvəlki illərin məzunları, 2015-ci ildə bütün abituriyentlərin 62,5 faizini cari ilin məzunları, 37,5 faizini əvvəlki illərin məzunları təşkil edirdi, 2016-cı ildə bütün abituriyentlərin 65,7 faizini cari, 34,3 faizini əvvəlki illərin məzunları təşkil edib. Bu il isə cari ilin məzunları bütün abituriyentlərin 77 faizini, əvvəlki illərin məzunları 23 faizini təşkil edir. Demək, ümumilikdə sənəd verən abituriyentlərin sayında deyil, əvvəlki illərin məzunlarının I-IV ixtisas qrupu üzrə sənəd vermə sayında 10 faiz azalma baş verib. V ixtisas qrupu 2015-ci ildə yaradılıb və əvvəlki ilin məzunları daha asan – V ixtisas qrupunu seçib yalnız 3 fəndən imtahan verməyə üstünlük verirlər. Ona görə V ixtisas qrupu üzrə imtahan verənlərin sayında artım müşahidə olunur. 2017-ci ildə təqribən 18000 əvvəlki ilin məzunu V ixtisas qrupu üzrə imtahana yazılıb.

İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayının azalmasına təsir göstərib. Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar. Elə şəxslər var ki, hər il imtahanda iştirak etmək üçün sənəd verir. Belə məzunların çoxu ərizə verdiyi halda ya imtahana gəlmirdilər, ya da gəldikdə kimdənsə nəyisə köçürmək istəyirdilər. Abituriyentlərin imtahana telefonla gəlməsi, telefonu gizlətmək istəməsi kimi aşkarlanan faktlar da əsasən, əvvəlki illərin məzunları tərəfindən edilirdi. İndi isə belə halların sayı azalıb, imtahanlar daha keyfiyyətli keçir.

İmtahana gəlməyənlər də əsasən əvvəlki illərin məzunları idi. Dövlət tərəfindən onların bütün imtahan xərcləri çəkilirdi, onlar isə imtahana məsuliyyətsiz yanaşırdılar. 2015-ci ildə V ixtisas qrupu üzrə əvvəlki illərin məzunu olan 16151 abiturieynt ərizə təqdim etmişdi. Onlardan yalnız 12283 nəfəri imtahanda iştirak edib. 2016-cı ildə isə bu göstərici müvafiq olaraq 23504 və 18584 olub. 5 minə yaxın abituriyent imtahana gəlməyib. Amma indi gənclərdə imtahanlara tam məsuliyyətli yanaşma formalaşır. Bu da çox yaxşıdır. Çünki artıq əvvəlki illərin məzunları bilik səviyyələrinin kifayət qədər olmadığını bildikdə imtahana yazılmır və imtahana ciddi yanaşan adama da mane olmurlar.

– DİM ilk dəfə olaraq, bu il Tarif Şurası tərəfindən təsdqiqlənmiş qiymətlrlə imtahanlar keçirir. Sizcə, bu qymətlərlə imtahanların təşkili imtahan xərclərinin tam ödənilməsinə imkan verirmi? Qiymətlərə yenidən baxıla bilərmi?

– Bu il ilk dəfədir ki, biz imtahanları iştirakçıların ödənişi əsasında aparırıq. “İmtahanın qiyməti” dedikdə buraya yalnız həmin gün imtahana çəkilən xərc nəzərə alınmamalıdır. İmtahanın təşkili, imtahanlarla əlaqədar olan elmi-statistik layihələndirmə, təhlil, imtahana aid olan hansısa yeni innovasiyalar, insanların əmək haqları – bunlar hamısı imtahanın qiymətinə daxildir. Biz imtahanlarla əlaqədar bir neçə il öncədən yeni proqramlar yazmasaq, yeni avadanlıqlar almasaq, yeni araşdırmalar aparmasaq (bu araşdırmaları hal-hazırda da aparırıq, amma indi tətbiq etmirik, bu, gələcək dövr üçün nəzərdə tutulur ) inkişaf olmayacaq. Biz hələ dövlət tərəfindən imtahan xərclərinin ödənilməsi üçün vəsait ayrılanda onu çox qənaətlə istifadə edirdik. İndi ölkə Prezidentinin Sərəncamı əsasında imtahanda ilk dəfə iştirak edənlərin imtahan xərcləri dövlət tərəfindən ödənilir. Biz bu maliyyə vəsaitinin də xərclənməsinə qənaətlə yanaşırıq. Hər bir imtahana çəkilən xərc ayrıca hesablanır. Buraxılış imtahanlarında 200 minə yaxın şəxs iştirak edəcək. Dövlət tərəfindən verilən vəsaitin xərclənməsinə ciddi maliyyə intizamı tətbiq edirik. Hələ ki, dövlət tərəfindən ayrılan pulun kifayət qədər olub-olmamağı ilə bağlı indi açıqlama vermək düzgün deyil. Maliyyə ilinin sonunda DİM-in büdcəsi ilə bağlı hesabat təqdim edəcək. Açıqlayacağıq ki, bizə nə qədər dövlət tərəfindən pul ayrılıb, ayrılan vəsait nəyə istifadə edilib, bu vəsaitlərə hansı avadanlıqlar alınıb və s.

– “Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklər layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə ali məktəblərdə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları yaradılacaq. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin 1-ci kursuna qəbul olunacaqlar. Sizcə, bu, ali təhsilimizdə keyfiyyətə necə təsir göstərəcək?

– Qanuna dəyişiklik qəbul olunub, bu sənəd qüvvəyə minməlidir, sonra onunla bağlı yeni normativ-hüquqi sənədlər hazırlanmalıdır. Təbii ki, qanun icra olunacaq. O ki qaldı ali təhsildə keyfiyyətə, ilk öncə “keyfiyyət” anlayışına aydınlıq gətirilməli, hansı parametr keyfiyyət göstəricisi olmalıdır. Sonra həm ali, həm orta təhsil müəssisələrində bu günkü keyfiyyət göstəricisi müəyyən edilməli, bir neçə il sonra həmin metodologiya ilə yenidən ölçülməli və bu günkü göstərici ilə müqayisə edilməlidir. İndi isə bu barədə fikir söyləmək, proqnoz vermək düzgün deyil.

– Hazırlıq kurslarının bitirənlər üçün buraxılış imtahanları ayrıca keçiriləcək?

Qeyd elədiyim kimi, Qanuna dəyişiklik qəbul olunub, bu sənəd qüvvəyə minməlidir, buna uyğun olaraq da normativ-hüquqi sənədlər hazırlanacaq. Bu sənədlərdə nə nəzərdə tutulacaqsa, hansı tapşırıqlar veriləcəksə biz onu icra edəcəyik. Yaxud ola bilər ki, bu bizə deyil, hansısa başqa bir təşkilata həvalə olunsun.

– Bəzi mütəxxəsislər bu fikirdədirlər ki, bu dəyişiklik Ukrayna, Türkiyə və digər ölkələrin ali məktəblərinə yalnız attestatla qəbul olunan zəif abituriyentlərin Azərbaycana dönüşünü təşkil etmək və onların ölkənin ali məktəblərində təhsilinə şərait yaratmaq məqsədilə edilir.

– O mütəxəssislərin fikirləri ilə mən də tanışam. Mən yalnız onu deyə bilərəm ki, iqtisadiyyat və təhsil, təhsilin iqtisadiyyatı və keyfiyyəti bir-biri ilə bağlıdır. Hazırda müasir dövrdə iqtisadiyyatın əsasında təbii ehtiyyatlar deyil, insan və onun bilikləri, bacarıqları dayanır. Biz biliklərə əsaslanan iqtisadiyyat qurmalıyıq. Təbii ki, təhsil siyasəti ölkənin ümumi siyasətinə uyğun olmalıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da nəzərdə tutulmuş əsas məqsədlərdən biri ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və beləliklə ölkənin davamlı inkişafını təmin etməkdir.

Biz inanırıq ki, təhsli islahatları ölkənin tələbatına və siyasətinə uyğun aparılır. Eyni zamanda unutmamalıyıq ki, təhsil ətalətli sistemdir. Bu istiqamətdə atılan hər addımın nəticəsi bir neçə ildən sonra bilinəcək və illərlə bir neçə nəslin taleyində özünü büruzə verəcək. Ona görə də bu sahədə atılan addımlar elmi əsaslara söykənməlidir. Biz öz tərəfimizdən həmişə elmi araşdırmaların nəticələrini ictimaiyyətə təqdim etmişik. Təhsil siyasətini isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Biz publik hüquqi şəxsik və biz qanunla icazə verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstəririk.

O ki qaldı Ukrayna, Gürcüstan, Türkiyənin aşağı reytinqli univrsitetlərinə üz tutan gənclərimizə, hamıya bəllidir ki, onlar oraya bilik, həqiqi ali təhsil almaq üçün deyil, asan yolla diplom almağa gedirlər. Bu gün biz ölkəmizdə təhsilin ümumi vəziyyəti ilə bağlı narazı ola bilərik, amma danılmaz bir fakt var ki, həqiqi təhsilə yiyələnmək istəyən gənclər arasında real rəqabət, qəbulda yaxşı nəticə əldə etmək səyi, təhsilə almağa motivasiya var. Yeni dəyişiklik təhsildəki ümumi vəziyyətə, gənclərimizin təhsilə olan bu motivasiyasına, yaxud Ukrayana, Türkiyə universitetlərinə üz tutanların sayına necə təsir edəcək – bunu zaman göstərəcək.

– Ümumiyyətlə, gələcək dövr üçün ali məktəblərə qəbulun şərtlərində hansı dəyişikliklərin edilməsi bu gün müzakirə edilir?

Bu məsələlərlə bağlı biz öz təklifimizi hələ 2014-cü ildə aidiyyəti qurumlara təqdim edərək, biliyin qiymətləndirilməsinin mərhələ-mərhələ aparılması, qəbul və buraxılış imtahanları ilə əlaqədar hansı dəyişikliklərin zəruri olduğu barədə fikirlərimizi söyləmişdik. Bu təkliflərin əsasında 20 illik elmi araşdırmalar dayanır, onlar praktiki cəhətdən həyata keçirilə biləndir. Burada biliyin əsas meyar olmasına təminat verilir, bərabərlik və ədalət prinsipi əsas götürülür və hər hansı ayrı-seçkiliyin tətbiq olunmasına şərait yaradılmır. Təbii ki, bizim təkliflər qəbul oluna və ya olunmaya bilər.

– Azərbaycanda buraxılış imtahanları, kolleclərə, ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə tələbə qəbulu mərkəzləşdirilmiş qaydada DİM tərəfindən keçirilir. Lakin bu gün doktoranturaya qəbul imtahanları Təhsil Nazirliyi və AMEA tərəfindən ayrı-ayrılıqda keçirilir. Sizcə, doktoranturaya qəbul imtahanlarının, eləcə də müəllimlərin işə qəbulu müsabiqəsinin sırf bu sahə üzrə peşəkar qurum olan DİM-ə həvalə oluna bilərmi?

Biz yalnız Nizamnaməmizdə qeyd olunan vəzifələri həyata keçiririk. Sizin qeyd etdiyiniz vəzifələr isə bizim Nizamnaməmizdə nəzərdə tutulmayıb. Buna görə də təbii ki, bunu həyata keçirə bilmərik.

– Bu gün DİM Tarif Şurası tərəfindən tarifləri təsdiqlənmiş xidmətlərdən əlavə olaraq, başqa xidmətlərin də ödənişli olması üçün işlər aparırmı?

Tarifləri təsdiqlənmiş xidmətlər üzrə qiymətlər monopoliya olmasın deyə təsdiqlənib. Amma müəyyən xidmətlər var ki, biz onların göstərilməsi üçün hansısa təşkilatlarla müqavilə əsasında işlər aparırıq. Bu xidmət DİM-in həmin təşkilatla əldə etdiyi razlılaşma əsasında göstərilir. Müxtəlf təşkilatlar bizə müxtəlif imtahanların keçirilməsini sifariş edirlər. Biz də onlarla razılaşma əsasında həmin imtahanları təşkil edirik. Qanunvericlikdə də belə xidmətlərin bu fomada təşkili nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam