SEÇKİÖNCƏSİ ZƏHƏRƏ QARŞI VURULAN VAKSİN
VƏ QURBAN MƏMMƏDOVUN ESKİZİNDƏ MİLLİ ŞURANIN STRATEGİYASI
Azərbaycanda keçirilən seçkilərin xronologiyasına nəzər yetirəndə acınacaqlı olsa da, zaman ötdükcə cəmiyyətdaxili siyasi və sosial qütbləşmənin getdikcə daha da dərinləşməsinin şahidi oluruq. Heç şübhəsiz ki, burada cılız potensiala malik fiqurların boylarından yuxarı iddialarını gerçəkləşdirmək üçün siyasi texnologiyanın ən çirkin metodlarından istifadə etmələri başlıca rol oynayır. Siyasi texnologiyaların mahiyyətindən də bəllidir ki, bilərəkdən gündəmdə saxlanılmasına, yaxud gündəmə ötürülməsinə icazə verilən taktikanı iddialı tərəf bir qayda olaraq özünün yeni model tapıntısı kimi cəmiyyətə təqdim edir . Təqdim olunan modelsə əks tərəfin siyasi naşılığından bir çox hallarda onlara aminazin təsiri bağışlayır.
Danılmaz faktdır ki, aktiv elektoratından məhrum olan siyasi qüvvələr taktiki gedişlərini bu gün öz həvəskar elektoratlarıyla həyata keçirməkdədirlər. Aktiv elektoratdan məhrumluğu şərtləndirən səbəblərin nədən ibarət olması ayrı bir mövzunun söhbəti olduğu üçün hələlik buna toxunmağına dəyməz. Çağırışların cavabsız qalması cəmiyyətin həmin qüvvələrə olan inamsızlığının bariz nümunəsi olsa da, onlar bu etinasızlığın özündən də bir şou düzənləyib hansısa təzyiqin, hansısa təqibin göstəricisi kimi beynəlxalq aləmə sırımağa çalışırlar. Ortalıqda olan reallıq bundan ibarətdir ki, qartımış siyasi qüvvələr təmsil olunduqları sferada özlərinin son akkordlarını vurmaqdadırlar. Seçkiöncəsi kampaniyalar və mövcud siyasi hakimiyyətin atdığı addımların fonunda ucdantutma xor kapellalarının ayrı-ayrılıqda oxuduqları ariyalar da bunu bir daha təsdiqlədi. Hər zaman olduğu kimi yenə də müxalifətçi qüvvələr hakim partiyanın, daha doğrusu, ölkə başçısının yestinin arxasınca sürünərək bunu müzakirə predmetinə çevirməklə öz varoluşlarını təsdiqlətdirməyə çalışırlar. Elə Milli Şura adlanan qurumun Koordinasiya Mərkəzinin üzvü olan hüquqşünas QURBAN MƏMMƏDOVun sifariş taktikası da deyilənləri təsdiqləyir.
Milli Şura adı altında toplanan ƏL İÇİ narazılar zaman-zaman “mövcud hakimiyyətə qarşı barışmaz mövqe” sərgiləsələr də, bütün bunlar əslində formal xarakter daşıyıb. Və bunun sübut-dəlilə də ehtiyacı yoxdur. Elə ən böyük sübut-dəlil AXCP-dən ayrılan siyasi fiqurların qarşı tərəf haqqında səsləndirdikləri ittihamlarda apaydın öz əksini tapmaqdadır. Eləcə də əvvəllər başqa siyasi düşərgədə olsa da, indi təmsilçiliyini Milli Şurada tapan siyasi fiqurların yanaşmaları da bu qəbildəndir. “Seçkini boykot” taktikasını seçməklə öz partiya Nizamnaməsinə və elektoratının siyasi maraqlarına tüpürən Milli Şuraçıların indiki halda məhz ölkə başçısının yesti sayəsində Allahın lütfünə sığınma istəyi müəyyən mənada alqışlanasıdır. Qarşı tərəflə müqayisədə siyasi çəkidə çox cılız olmağınızı etiraf edin, bəylər və xanımlar! Axı etiraf da BÖYÜKLÜK əlamətidir . Dolayısı yolla Qurban Məmmədov bunu etdi, növbə digərlərinindir.
Xatırlatmaq yerinə düşər ki, elə bu qüvvələr hələ 2003-cü ildə İbrahim İbrahimlinin timsalında vurğulayırdılar ki, “prezident seçkisi MÜXALİFƏTİN SON ŞANSIDIR (seçmə mənimdir –müəllif) . Əgər bu seçkidə müxalifər uğur əldə etməzsə onda növbəti illərdə müxalifətin varlığından belə söz açmaq sadəcə olaraq, sadəlövhlük olardı”. İndi sual olunur: Bəylər və xanımlar , siz xalqı bunca sadəlövhmü hesab edirsiniz? Bu baxımdan kimlərinsə Milli Şuranın timsalında müxalif qüvvədən bir matah qayırması başadüşülən deyil.
Əslində bu gün Azərbaycan siyasi müstəvisində şərti olaraq bölgü sistemi haqda fikir yürütməyin özü də bir müşgülə çevrilib. Buna siyasi baxışların qeyri-leqal maliyyə kanallarının çirkabına bulaşması maneçilik edir. Ancaq burada bir məqamı da vurğulamaq yerinə düşər. Qərb dünyası və onların iştirakçılıqları ilə formalaşan saysız-hesabsız beynəlxalq təşkilatlar ilk növbədə özlərinin iqtisadi maraqlarını müəyyən ölkələrdə təmin etdikdən sonra həmin maraqlar üzərində öz siyasi gedişlərini tənzimləməyə çalışırlar. Elə yerli siyasi hakimiyyətlər də müxalifətlə münasibətlərində eynən beləcə davranırlar. Üzvlük haqları, ianələr ümidinə qalan siyasi qurumların maliyyə problemlərinin müəyyən bir qismini həll etməklə hakimiyyət müxalifət üzərində Azərbaycansayağı texniki qələbə qazanmış olur. Sadəcə bu prosesdə “radikallar”dan fərqli olaraq sağlam qüvvələr dövlətçiliyin hər şeydən üstün tutulması məsələsində əldə etdikləri taktiki gedişlərlə həm də özlərini sığortalamış olurlar. Bu kontekstdə xarici kəşfiyyatın qulbeşəsi rolunda çıxış etməksə birbaşa dövlətçiliyimizin hədəfə çevrilməsində iştirakçı olmaqdan başqa bir şey deyil. Yəqin elə bu səbəbdəndir ki, Qurban bəy də bir sıra addımların atılacağı təqdirdə xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmaması üçün bütün mümkün vasitələrdən istifadə etməklə prezidentə yardımçı olmağı Allahdan arzu edir.
Milli təhlükəsizliyimizə cavabdeh olan şəxsin sərsəm sıçrayışlarına Astana sammitindən dərhal sonra gözlənilmədən vurulan zərbə dövlət başçısının ictimai şüura təsir rıçaqlarını daha da genişləndirdi. Taktiki gedişlərdəki gözlənilməzlik liderləri səciyyələndirən xüsusiyyətlərdəndir. Hakimiyyətdaxili monopolist qruplaşmanın qeyri-leqal formatda olan əməkdaşlığından ötürülən “zəhər”in toksiki effektinin qarşısını almaq üçün ölkə başçısı tərəfindən zamanında istifadə olunan vaksinin dəyəri Milli Şura yetkilisi tərəfindən də ən yuxarı səviyyədə qiymətləndirildi. Və həm də...
Və həm də əks arqumentlərlə qarşılanacağı təqdirdə elə həmin Milli Şuraçıların hansı addım atacaqlarıyla bağlı sanki bir eskiz ortalığa qoyuldu. Yəni, bu dəyişikliklərə gedilərsə müxalifət filan, filan şeyi edəcək qənaəti əks təqdirdə “edilməyəcək” anlamına gəlir. Və bu da öz növbəsində hakimiyyətə qarşı deyil, birbaşa dövlətçiliyimizə qarşı yönəli addımdır ki, məsələyə məntiqin gücü ilə yanaşanda deyilənlərin Milli Şuranın strateyi planlarında da öz əksini tapdığının şahidi oluruq.
Nəzərə alsaq ki, hər bir Azərbaycan vətəndaşı potensial prezident, potensil nazir, potensial millət vəkili və nəhayətdə hansısa kürsünün sığortalamadığı sıradan bir vətəndaşdırsa, onda oturuşan çirkin siyasi metodların günün birində onlara qarşı işlənəcəyi də şəksizdir. Belə olan halda yıxılana balta vurma kimi çirkin ənənələrdən əl çəkmək lazımdır və belə davranış kölgə kimi sürünməkdən başqa bir şey deyil. Haqq olaraq lazımi addımı ölkə başçısı atıb, bu məsələ ilə bağlı kimlərinsə siyasi divident əldə etmək cəhdisə artıq gecdir. Regional prinsiplər əsasında qütbləşən cəmiyyətimizdə parlament seçkisinin qrup maraqları çərçivəsində keçirilməsinə imkan verilməməlidir. Hakimiyyətdaxili qruplaşmalar ailə monopoliyasını formalaşdırmaqla həm bir-birinə, həm də dolayısı yolla ölkə başçısına əzələ nümayiş etdirirlər. Seçkiöncəsi gözlənilməz addımın atılmasısa onu göctərir ki, parlament seçkisinin toqquşan maraqlar, yaxud siyasi şou fonunda keçəcəyindən danışanların qənaətləri tam yersizdir. Çünki konkret fakt və konkret addım ortaya qoyulub. Yersiz qənaətlərin tam əksinə olaraq ölkə başçısının atdığı addım onun özünə və komandasına olan əminliyini stimullaşdıran faktdır.
R.S. BƏŞƏR ƏSƏD gecəyarısı qəfildən Putinin qarşısında görünüb, ALLAHŞÜKÜR PAŞAZADƏyə də Putin qəfildən bir orden verib. EYNULLA FƏTULLAYEV də qəfildən Moskvada hava limanında saxlanılıb. Və...və QURBAN MƏMMƏDOV da qəfildən bir çıxış edib...Əcəba, bu nə QƏFLƏT YUXUSUdur böylə!?
İGİD TEYMURLU