"Milli Şura mitinq keçirə bilməz"
“Milli Şura referendumla əlaqədar təşviqat qrupu yaratmadığından təbliğat-təşviqat kampaniyasına qoşula, mitinq keçirə bilməz”.
Xeberinfo.com: Bu fikirləri Azvision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
YAP funksioneri bildirib ki, Milli Şuranın mitinq qərarı çox qeyri-ciddi addımdır: “Milli Şurada da bilirlər ki, adları var, özləri yoxdur. Bu gün Milli Şuranın sosial bazasının olmasından danışmağa dəyməz. Son proseslər göstərir ki, referenduma ən zəif hazırlaşan, daha doğrusu hazırlıqsız olan məhz Milli Şuradır. Bu qurum təşəbbüs qrupu yaratmayıb, edilən təkliflərlə bağlı hər hansı bir konstruktiv fikir bildirməyib. Bu baxımdan mitinq keçirmək sadəcə özlərini yada salmaqdan başqa bir şey deyil”.
A.Mirzəzadə vurğulayıb ki, radikallar xaricdən aldıqları qrantların əvəzinə bu tip siyasi şouya əl atırlar: “Onlara xaricdən aldıqları qrantların yerini doldurmaq üçün mütləq belə bir siyasi şou lazımdır. Nəzərə alasq ki, Milli Şurada təmsil olunan şəxslər vaxtaşırı xaricdən qrant almaq, onların siyasi maraqlarını Azərbaycanda həyata keçirmək barəsində kifayət qədər maraqlıdırlar. Bu gün onların maddi təminatı məhz həmin xarici qüvvələrin hesabına kifayət qədər yaxşıdır. Hesab edirəm ki, mitinq keçirmək xaricdən hansısa qüvvələrin Milli Şuraya tapşırığı ilə bağlıdır. Ümumilikdə isə referenduma hazır olmayan, sosial bazadan yoxsul bir qurumun mitinq keçirməyə cəhd etməsinin özü çox gülünc görünür”.
YAP funsioneri vurğulayıb ki, referendumla əlaqədar təşviqatın aparılamsı üçün bütün imkanlar yaradılıb: “Referendumla bağlı fikirləri cəmiyyətə çatdırmaq üçün kifayət qədər imkanalar var. Qəzetlər, saytlar, televiziya kanallarında yaradılan şərait, eyni zamanda digər qanunla icazə verilən addımlar buna imkan verir. Bu baxımdan Milli Şura mitinq keçirmə elanı etməsəydi, onların mövcudluğu yadlarına da düşməyəcəkdi”.