Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SİYASİ DRAMATURGİYAMIZDAKI MƏZHƏKƏÇİLİK

 

 

İSTİQLAL BƏYANNAMƏMİZ, KÖTÜKLƏŞMİŞ HİYLƏGƏRLƏR VƏ ZAMANIN PAZI

 

Napaleon Bonapart bir zamanlar Müqəddəs Yelena adasına sürgün olunanda Fuşeni nəzərdə tutaraq “həqiqəti mən yalnız satqınlardan eşidirdim ” deyirmiş. Bonapart özünün də vurğuladığı kimi çox zaman tabeçiliyində olan insanlara hər cür ixtiyar və səlahiyyət verməklə çoxlarını etibarlı nökərə çevirib onların sürüşkən ayaqlarından məhz özünün maraqları naminə istifadə edib. Hiyləgərliyin daşıyıcısına çevrilən KÖTÜKLƏR arasında onun ağlı sanki PAZ funksiyasını yerinə yetirib – kötüklərin içini, içalatını açıb ortalığa qoyub. O zamanlardan fərqli olaraq bizim “kötüklərimiz”lə  “pazlarımız”ın gərgin fəaliyyətlərinə də zatən ehtiyac yox – çünki zamanın diktəsilə cəmiyyətimizi şoka salan olayların özü hər şeyə aydınlıq gətirir...

Itirdiklərimizə münasibətdə Azərbaycanın siyasi biryasının aparıcı fiqurlarının sərgilədikləri mövqe, külli-ixtiyar sahibi olan monopolist nazirlərin, komitə rəhbərlərinin, bankirlərin vətəndaşa olan münasibətlərindəki vampir davranışları da buna şahidlik edir.  Eyni zamanda cəmiyyətdaxili problemlərin çözülməsində konyuktur maraqların önə çəkilməsi və səlahiyyət sahiblərinin daha çox etibarlı nökər statusu uğrunda bir-birini az qala al qana qərq etmələri bugünkü siyasi dramaturgiyamızın əsas ana xəttini təşkil edir. Milli problemlərimizin həlli istiqamətində çarpışmaq və bunun üçün bir zəmin hazırlamağınsa sanki bunlara aidiyyatı yoxdur.  Yeri gəlmişkən, elə bu yaxınlarda həbs olunan “Bayraq meydanı”nın rəisiylə bağlı genetik kodun açıqlanması doğrudan da bizim milli problemlərimizin həllinin belələrinə aidiyyatı olmadığını açıqca göstərdi.  Deyəsən belə problemlər haqqında düşünmək, cəmiyyəti maarifləndirmək tək-tük aydınlarımızın bəxtinə düşüb. Belə Aydınlarımızın önündə gedənsə hələ ki, VHP sədri Sabir Rüstəmxanlıdır. Dədə-babalarımızdan qalma həlli müşkülə çevrilmiş ağrı-acılarımızla ilgilənmək sanki Sabir Rüstəmxanlıya əmanət kimi ötürülüb. Əgər belə olmasaydı, elə bu günlərdə məhz Rüstəmxanlının təşkilatçılığıyla keçirilən  “21 Azər Hərəkatı”yla bağlı tədbirdə güvəndiyimiz alimimizin, “ana müxalifət”in balasını ağlar günə qoyan “siyasi düşüncə” sahiblərinin  məsələyə barmaqarası baxış bucağındakı yanaşmalarında da bunun şahidi olmazdıq. Alimin “belə tədbirlər mənlik deyil”  deməklə adamda ikrah doğuran yestlər etməsi, qos-qoca partiyanı dağıtmaqla müsavatçılara “sizi siz edən mən olmuşam” mesayını ünvanlayan İsa Qəmbər kimi “siyasi düşüncə” sahiblərinin tədbiri yarımçıq qoymaqla merkantil maraqların milli maraqları üstələdiyini açıqca nümayiş etdirməsi, başqa birisinin “dağdan dağa” deyənlərə “çarığımı yama” düşüncəsiylə yanaşması da deyilənləri təsdiqləyir....

Bəli, belə tədbirləri keçirmək MÜASİR GƏNCLİYƏ VƏ CƏMİYYƏTİMİZDƏKİ KÖTÜK  MANQURTLARA MİLLİ ÖZÜNÜDƏRKİ TƏLQİN ETMƏK ancaq VHP sədri Sabir Rüstəmxanlı potensialı çərçivəsindədir – o alimlərin, o siyasi düşüncə sahiblərinin yox, iqtidar yetkililərinin, digər müxalifətçi  qüvvələrin yox. Milli problemlərə yönəli tədbirlərdə iştirak etməyi belələri öz şəstlərinə sığışdırmırlar, çünki onlar iqtidarın heraldist çinovniklərinin buyruq quludurlar, bütlərin keşiyini çəkən başıkəsik kötüklərdilər. İsa Qəmbər Müsavat başqanı olanda görən hansı gözügölgəlilik onun bu kateqoriyadan olan tədbirlərə qatılmasına imkan vermirdi? Yaxud, Pənah Hüseyn!  Bu kateqoriyadan olan tədbirlərin keçirilməsi hər zaman Rüstəmxanlının siyasi strategiyasında əsas ana xətti təşkil etsə də, ancaq “Bizim Azərbaycan”dan olan opponentlər nədənsə VHP sədrinin yanında olmayıblar...Bütün bunlara baxmayaraq VHP sədri yenə də öz AĞSAQQALLIĞINI edərək hər bir kəsi ata ocağı ətrafında dərdlərimizi bölüşməyə, bunun həlli yollarını aramağa toplaya bildi. Doğan günəş, işıqlanan səhər hər kəsi öz ampulasında cəmiyyətə təqdim etdi...

Bədənlərinə daim “müqəddəs yağ” sürtərək özlərini cəmiyyətə tər-təmiz göstərməyə çalışan hakim elitanın da iç üzü açıldı. Və deyəsən göründü ki,  1945-ci il 12 dekabrda Pişəvərinin rəhbərliyi altında Güney Azərbaycanda qurulan Milli Hökumət bunların da istəkləri xaricində olub. Ol səbəbdəndir ki, “belə tədbirlərə qatılmaq” onlarlıq da deyil.  Elə isə, onda bunların istəkləri nədir? Bəyəm tədbiri müxalifət keçirəndə iqtidar buna barmaqarası baxmalıdır? Yaxud, nədən elə həmin hakim elita belə tədbir düzənləyib, bütün siyasi qüvvələri bir yerə cəm etməklə BÜTÖVLÜK nümayiş etdirmir?  “20 Yanvar”, Xocalı soyqırımı və başımıza gətirilən digər bəlalarla bağlı tarixi günlərdə də millət olaraq komanda formasında çıxış edə bilmirik. 1918-ci ildə Türk və islam dünyasında ilk demokratik  cümhuriyyətin yaradılmasıyla bağlı düzənlənən tədbirlərdə də siyasi qüvvələrin birliyi heç zaman olmayıb. İstiqlal Bəyannaməsini imzalayan cümhuriyyət liderlərininin heç birinin adının əbədiləşdirilməməsi, onların təbliğinin demək olar ki, heçə endirilməsi bütövlükdə milli konsepsiyanın olmaması və buna münasibətdə hakimiyyətə, xarici kəşfiyyata  etibarlı nökər mövqeyi sərgilənməsi dövlətçiliyimizə olan sayğısızlıqdan irəli gəlir. Hansısa “gül bayramı”nda qol götürüb oynayanların Azərbaycana dövlətçilik bəxş edən liderlərin adlarını belə dilə gətirməmələri “mətbuatda antitəbliğat”  prinsipini əsas götürəndə əslində həmin KİŞİLƏRə qarşı ictimai sevgini daha da artırmış olur.    

Yetər, yetər bunca rəzalət, bəylər! Yetər daha, məmləkəti yalanlar girdabına sürükləməyin! Yetər millətimizin varlığını içindən talamaqla kağız üzərində “dövlət proqramını həyata keçirmək”lə bağlı ölkənin Birinci Şəxsinə yalan vədlər verməyiniz! Yetər daha millətə aminazin təsiri bağışlyan taktiki gedişləriniz!...

Bəlkə də Azərbaycanı “ölə-ölə sevənlər”lə  “sevə-sevə ölənlər”in çəngindən qurtarmaq lazımdır ki, məmləkət kimlərinsə cılız hislərinin qurbanı olmasın. Dövlətçiliyimizin tarixini özündə əks etdirən günlərlə bağlı keçirilən tədbirlərdə səslənən fikirlərdə də əsil həqiqətlər görünməkdədir. Respublika Günüylə bağlı keçirilən tədbirlərdə cümhuriyyət liderlərini yad etmək, onların fəaliyyətlərini dolğun  şəkildə cəmiyyətə çatdırmaq əvəzinə iqdidar yetkililəriylə onların qulbeçələri daha çox bütpərəstlik dövrünün rituallarını sərgiləyirlər...  

 

Zamanında Napaleonun iti ağlı bir paz olaraq yakobinçi hiyləgər kötüklərin iç üzünü açmışdı. İndi də tarixi günlərimizə münasibətdə sərgilənən mövqelər, qısqanc yanaşmalar hər bir kəsin kimliyini apaydın göstərməkdədir.  Milli pazlarımızla milli kötüklərimizin nəyə qadir olduqları, onlara verilən ixtiyar və səlahiyyətdən sui-istifadə etmələri, büründükləri anonim örtüklər zamanın qayçısına tuş gəlib, qayçılanmaqdadır. Zamanın pazı məmləkətimizin hiyləgər kötüklərini heç onların ruhu da incimədən ifşa etməkdədir. Lion cəlladı Fuşeni ağalarını satmağa vadar edən onun hakimiyyət hərisliyi idi, indiki oyunbazların yestlərisə özünü “etibarlı nökər” kimi göstərməyə çalışanların təqdimatında qarın niyyəti xatirinə hər zaman ağasını satmağa hazır olanların siyasi məzhəkələridir. Öz yurdunda normal yaşayışa məhkum olan millət də bu məzhəkənin tamaşaçısı....

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam