Nazirlər dəyişsə də, problemlər dəyişmir
Yəqin məşhur “Ulduz” filmindəki Gülümsərov obrazını oxucularımızın böyük əksəriyyəti tanıyır. Son 10 ilə yaxın müddətdə, hətta ondan da əvvələ də baxanda adamda elə təsəvvür yaranır ki, ölkənin strateji əhəmiyyət kəsb edən bu sahəsi yalnız həmin Gülümsərov kimi başabəlaların nəzarətinə verilib. Belə olmasaydı, bu sahədə hansısa ciddi irəliləyişin şahidi olardıq və ən azından kənd əhalisinin paytaxta axınının qarşısı qismən də olsa alınardı.
"Xeberinfo.com": Artıq xeyli müddətdir ki, İsmət Abbasov gedib, yerinə Heydər Əsədov gəlib, hansısa ciddi dəyişiklik demirik, heç olmasa bu istiqamətdə atılmış diqqətəlayiq bir addım gördünüzmü? Kəndli yenə şəhərə gəlib ucuz kirayə evlərdə qalır və tikintilərdə fəhləlik edir, yaxud bazarda araba sürür. Təəssüf ki, qarşılaşdığımız mənzərə yaxın gələcəkdə də yaxşı heç nə vəd etmir. Görəsən niyə? Bəlkə bizim kənd əhalisi tənbəlləşib, işləmək istəmir? Yaxud paytaxtda maaşlar o qədər yüksəkdir ki, camaat buraya gəlməklə birbaşa qayğısız və zəngin həyata qovuşur..?
“Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə məhsul yoxdur, yalançıdır”
Son 1 aya yaxın müddətdə istehlak bazarında qiymət artımı aqrar məhsullarda daha aydın görünür. Kartof, soğan, qarpız, yemiş, pomidor, xiyar, göyərtilər, kələm, meyvələr bahalaşıb. Kartofu 90 qəpikdən ucuz tapmaq olmur. Pomidor və xiyar isə baha olması ilə yanaşı, həm də qıtlaşıb. Zirə pomidoru 2 manatdan yuxarıdır, Gürcüstan sortu isə 1 manat 50 qəpikdən ucuz deyil. Kələmin 1 kiloqramı 1 manat, soğan 70-80 qəpikdən aşağı deyil. Bir neçə gün öncə isə Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq vəziyyətə guya aydınlıq gətirdi və belə çıxdı ki, bahalaşmaya səbəb Rusiya bazarının açılmasıdır, bu bahalaşma fermerlərə sərf edir, alıcılar isə gileylənməsin, çünki qiymətlər guya keçən ilki səviyyədədir. Nazirlik iddia edir ki, mövsümün əvvəlində formalaşmış qiymət fermerlər üçün əlverişsiz olub. Buna görə də qiymətlərin fermerlər üçün qaldırılmasına ehtiyac yaranıb: “Avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi təbii olaraq yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış etdi. Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil oldu. Eyni zamanda qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmadı, çünki bu, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir”.
Kimi qane etdi bu açıqlama? Vallah, nə deyəsən, sanki Gülümsərov “Möhsün, yaz!” deyib, Möhsün də yazıb. Əlbəttə ki, burada bəhanədən başqa bir şey yoxdur. Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov da belə düşünür:“Həqiqətən məhsul boldur. Sadəcə, həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir. İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə, məhsul yoxdur, yalançıdır…”
İndi çoxları durub deyəcək ki, YAP-çı deputat nazir olmaq istəyirdi, ola bilmədi deyə belə danışır. Bu barədə bir şey deyə bilmərik, ancaq onun dediklərinin yüzdə-yüz doğru olduğunun altını çizirik. Yeri gəlmişkən, E.İbrahimovun dediyi kimi, bu məsələdə İqtisadi İnkişaf Nazirliyinin də rolu və görməli olduğu işlər az deyil. Lakin nədənsə Şahin Mustafayevin obyekti susur, görünür daha vacib işləri varmış…
Fermerlərimizi Rusiya xilas edibmiş…
Digər tərəfdən, görəsən qiymətlər qalxmamışdan əvvəl Kənd Təsərrüfatı Nazirliyi səsini niyə çıxarmırdı, həyəcan təbili çalmırdı, niyə demirdi ki, hazırkı qiymətlər fermer üçün əlverişsizdir və vəziyyəti düzəltmək üçün hansısa addımlar atılmalıdır? Bəs Rusiya bazarı açılmasaydı nə olacaqdı? Deməli fermerlər əlverişsiz qiymətlərlə işləməkdə davam edəcəkdi? Belə çıxır ki, fermerlərimizi Rusiya bazarı xilas etdi… Əlbəttə ki, Rusiya məsələsinin fermerlərə, yoxsa onlardan malı dəyər-dəyməzinə alıb aparanlara sərf etdiyini müəyyən etmək o qədər də çətin deyil. Ancaq bu, başqa söhbətin mövzusudur. KTN-in açıqlamasından aydın olur ki, fermerlərin “xilaskarı” Rusiyadır. Ancaq burada da yumşaq desək, yalanı çürük pomidor kimi camaata yedirirlər. Nazirlik deyir: “Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə başladı. Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşməyə başladı. Bu il yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti yüksək olub.”
Birincisi, bahalaşma tək son sayılan məhsullar deyil, digər meyvə və tərəvəzlərdə də hiss olunacaq qədər çoxdur.
İkincisi, artıq sentyabrın yarısına çatırıq və nazirliyin yuxarıdakı açıqlamasında adını “qiymətlərə psixoloji təsir faktoru” qoyduğu bahalaşma heç də öz təsirini itirməyib və hətta güclənib. Bazara üz tutanlar bilir ki, avqustun əvvəli ilə müqayisədə əksər məhsulların qiymətlərində 1.5-2 dəfə, bəzilərində isə daha artıq bahalaşma mövcuddur.
Üçüncüsü, Rusiya bazarı bəhanəsi nəticəsində fermerlər qazanclarında qəpik quruş artım hiss etdiyi təqdirdə, şəhərdəki alıcı cibində böyük zərər görür. Həm də indiyə qədər xaricdən ölkəmizə mal gətirən məlum inhisarçıların da əlinə bəhanə düşüb və onlar da qiymətləri artırıblar. Hansı ki, bu qiymət artımının onlara heç bir aidiyyatı olmamalı idi.
Yəni, adını fermer qoyduğumuz kəndlinin qazancında ciddi bir artım yox, şəhərdə yaşayanların cibi soyulur, qazanan isə yenə inhisarçılar və möhtəkirlər!
Bəs Kənd Təsərrüfatı, İqtisadi İnkişaf adlanan nazirliklər, ümumilikdə bu hökumət hara baxır?
Bilmirik hara baxır, ancaq bilirik ki, Gülümsərovun biri gedib, o biri gəlməklə camaat ağ günə çıxmayacaq…