Monitorinq qrupu nazirliyin korrupsiyasını ört-basdır edir -ŞOK İTTİHAM
Kənd Təsərrüfatı Nazirliyi bu il üçün Azərbaycanda 3 milyon tondan artıq taxıl istehsalı gözlədiyini açıqlayıb.
Xeberinfo.com: Hələlik nazirlik bu mövsümün yekun nəticələri açıqlanmasa da, mütəxəssislər və yerli fermerlər məhsulun yığım göstəricisinin ötən illərlə müqayisədə çox olduğunu təsdiqləyiblər. Fermerlər və bəzi mütəxəssislər isə yetişdirilən buğdanın keyfiyyətinin çox aşağı olduğunu iddia edirlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın buğdaya (ərzaq) tələbatının 1,5 milyon ton civarında olduğunu bildirilir. Ancaq 3 milyon ton taxıl istehsalını qarşıya məqsəd qoyan ölkəmiz hansısa səbəbdən hələ də Rusiya və Qazaxıstan taxılının əsas alıcılarındandır.
Maraqlıdır, tələbatdan iki dəfə artıq taxıl istehsal edildiyini hədəf seçən Kənd Təsərrüfatı Nazirliyinin bu fakta münasibəti necədir? Əgər biz keyfiyyətli taxıl istehsal ediriksə və ya etmişiksə, o zaman niyə Rusiya və Qazaxıstandan buğda almalıyıq?!
"Reytinq" qəzetinin bu və digər suallarını cavablandıran mütəxəssis deyib ki, Azərbaycanda taxıl əkini sahələrini bələdiyyə torpaqları hesabına artırmaqla ötən ilə nisbətən bir qədər artıq buğda istehsal olunsa da, keyfiyyət göstəriciləri yenə çox aşağıdır. Bunun səbəbkarı kimi Kənd Təsərrüfatı Nazirliyi göstərilir.
İddia edilir ki, bu nazirliyin rüşvət hesabına sertifikat verdiyi toxumçuluq təsərrüfatları, əslində, keyfiyyətli və məhsuldar buğda sortları yetişdirmirlər: "Onlar sadəcə, istehsal olunan buğdanı ələkdən keçirərək, kiloqramını 70-80, bəzən isə 1 manata yerli fermerlərə satırlar. Təbii ki, hər hektardan yaxşı toxuma görə ən azı 25-30 sentner məhsuldarlıq gözləyən kəndli biçin zamanı bu nəticəni ala bilmir.
Toxumçuluq təsərrüfatları və nazirliyin monitorinq qrupları isəbunu əkin sahəsinə yaxşı qulluğun göstərilməməsi və ya digər səbəblərlə əlaqələndirib, gizli korrupsiya oyunlarını davam etdirirlər".
Məlumatlı şəxs deyib ki, təyinatının ilk aylarında bu sahəyə xüsusi diqqət yetirən Kənd təsərrüfatı naziri Heydər Əsədov fürsətdən istifadə edərək, strateji sahələrə öz kadrlarını yerləşdirdikdən sonra atdığı addımlarla əvvəlki nazir İsmət Abasovu da "kölgə"də qoyub:
"Yəqin xatırlayırsınız, ötən il prezident İlham Əliyevin nazir, komitə, ASC sədrləri və icra başçılarının iştirakı ilə keçirdiyi son müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədovun çıxışından sonra məmurlara "barmaq silkələmişdi". Qısa olaraq yalnız onu xatırladaq ki, prezident İlham Əliyev Heydər Əsədovun məruzəsindən sonra fermerlərə ayrılan vəsaitlərin (subsidiyalar) mənimsənilməsində məmurları günahlandırdı və əlavə etdi ki, bu il məhsuldarlığın aşağı olması, kənd təsərrüfatı nazirinin dediyi kimi, əslində, quraqlıqla bağlı olmayıb. Bu məsələ ayrılan subsidiyaları cavabdeh məmurların sənəd saxtalaşdırmaqla mənimsəmələrindən qaynaqlanıb. Nəticə etibarı ilə bu il real statistika - aşağı məhsuldarlıq faktı ortaya çıxıb”.
Qeyd edək ki, bunun həqiqətən belə olmasını hələ ötən ilin yayında Heydər Əsədovun rəhbərliyi ilə bir sıra rayonlarda aparılan monitorinqin ilkin nəticələri də təsdiqləyirdi. O zaman Heydər Əsədov bir neçə rayonda korrupsiya faktının olmasınıəsas gətirib, cinayət işi açılması üçün prokurorluğa sənədlər göndərmişdi. Amma sonradan nazir Heydər Əsədov bu prosesi davam etdirmədi. Bu isə çox ciddi şübhələrə yol açıb.
Ehtimal edilir ki, hətta Kənd Təsərrüfatı Nazirliyi üçün 58 rayonda monitorinq aparan həmin nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti əməkdaşları ilə yerli məmurlarla "anlaşaraq" bəzi ciddi faktları ört-basdır ediblər.
İddia olunur ki, bu monitorinq qrupuna nazir Heydər Əsədovun ən yaxın kadrları nəzarət edir və onlar rayonlara çıxaraq yoxlama adı ilə iri təsərrüfatlarla yanaşı, subsidiyaların sənədləşdirilməsində birbaşa rol oynayan yerli icra nümayəndələri, o cümlədən icra başçıları ilə "bazarlıq” edirlər. Nəticə etibarı ilə hər il büdcədən ayrılan 10 milyon manata yaxın subsidiyanın önəmli hissəsi saxta sənədlərlə mənimsənilir. Həmin məbləğin milyon manatları aşması da sirr deyil.
Məlumatlı şəxs deyir ki, H.Əsədov təyinatının ilk aylarında buğda səpini həyata keçirən fermerlərə dövlət tərəfindən ayrılan subsidiyalarla bağlı yoxlamalar apartdırıb. 60-dək rayonu əhatə edən yoxlama nəticəsində bəzi icra başçılarına xəbərdarlıq edilib:
"O, həmin yoxlama materiallarının bir hissəsini Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsinə, bir hissəsini isə Prezident Administrasiyasına təqdim eləməklə, icra başçılarını qorxuya saldı. Hətta bir neçə rayonda icra başçılarının kəndlər üzrə nümayəndəliklərinə cinayət işinin açılmasına nail olan Heydər Əsədov bu variantlarla yerli məmurlara qorxuda bildi.
Bundan sonra o, monitorinq qrupuna öz qohumları daxil,ən yaxın kadrlarını yerləşdirməklə, ayrılan 10 milyonluq subsidiyadan tutmuş, digər maliyyə vəsaitlərinə qədər öz "sxemi"ni qəbul etdirdi. Hazırda həmin "sxem" üzrə yenə də bölgələrdə monitorinqlər davam edir. Ancaq diqqət edirsinizsə, bu monitorinqlər ötənilki kimi səs-küylü deyil, çox sakit formada aparılır. Çünki artıq nazirliklə yerli icra qurumları bir-birlərinin "dilini" asanlıqla anlayırlar".
Məlumatda qeyd edilir ki, nazir Heydər Əsədovun belə həssas məqamda məzuniyyətə çıxması da, onun ölkənin strateji sahəsi sayılan kənd təsərrüfatına baxışının "göstəricisi"dir:
"Təsəvvür edin ki, ölkəyə valyuta gətirə biləcək bu sahə ilə bağlı prezident İlham Əliyev iki ildir əlindən gələni edir, müşavirələr çağırır, maliyyə ayırır, şəxsən tapşırıq verərək, ölkəyə digər mənbələrdən valyuta axınının təmin edilməsinin vacibliyini qabardır, ancaq Heydər Əsədov yığımın ən qızğın çağında istirahətə gedir. Ölkədə buğda biçini başa çatsa da, qanunla ayrılan subsidiyalar isə hələ də kəndliyə verilməyib. Eyni vəziyyəti pambıqçılığa da aid etmək olar".
Qeyd edilir ki, bu il Türkiyədən alınan toxumluq çiyidi yerli fermerlərə guya güzəştli qiymətlə verdiklərini açıqlayan, əslində isə baha qiymətə sırıyan Kənd Təsərrüfatı Nazirliyinə bağlı olan şirkətlər pambıqçılığa olan ümidlərə daha bir zərbə vurublar:
"Görəcəksiz, payızda sənəd saxtalaşdırmasalar, "pripiska"lara getməsələr, məhsuldarlıq gözləniləndən dəfələrlə aşağı olacaq. Çünki buğdada olduğu kimi, pambıqçılıqda da təsərrüfatlara keyfiyyətsiz toxumlar sırınıb.
Sözsüz ki, nazir Heydər Əsədov bu korrupsiyaya söykənən əməllərinin üstünün açılmaması üçün maliyyəçi fəndini işə salacaq. Zatən onun başqa yolu da yoxdur”.
İddia olunur ki, ötən il bir çox təsərrüfatlara rüşvət hesabına toxumçuluq üzrə sertifikat verib. Üstəlik, nazir bu il prezidentin danlağından yayınmaq üçün daha keyfiyyətli vəbol bəhsul vədi verib: "İndi isə ortaya çıxan mənzərə onun və yaxın ətrafının korrupsiyasını üzə çıxaracaq. Ona görə də əminəm ki, o, sertifikat verdiyi təsərrüfatlardakı məhsuldarlığı şişirdərək, hesabata daxil edəcək. Fakt isə odur ki, taxılçılıq sahəsindəki toxumlar da keyfiyyətsiz olub. Elə buna görədir ki, Azərbaycanda istehsal olunan buğdanın yerli bazarda kq-ı 15-20 qəpikdir. Həmin buğdanın böyük hissəsi texniki sortdur. Ondan keyfiyyətli un almaq mümkün deyil".