Bakıda Dövlətçilik Bayramı ilə bağlı tədbirdə Soylu Atalının çıxışı
Xeberinfo.com: Soylu Atalı: ... Bizə fərəh gətirəcək çox böyük dəyərlərimiz yaranıb. Eyni halda çox dərin də kədərlərimiz olub, yəni fəlakətlərimiz olub. Bu fəlakətlərimizdən birinin adını çəkmək istəyirəm. Maday dövlətinin süqutu, ona tarixdə Midiya dövləti deyirlər. Yunanlar onu Midiya adlandırıb. Madayların dövləti süquta uğradı. O dövrdə Əhəmənilər sülaləsinin nümayəndəsi Kirin başçılığıyla Maday dövlətinin başçısı Astiaqa qarşı üsyan qaldırıldı. Baxın, üstündən nə qədər çağlar keçdi. Bizim dövlətçiliyimiz onda sarsıldı, ondan sonra özümüzə gələ bilmədik. Bunu Asif Ata daim vurğu edirdi.
Dövlətçiliyimizin sarsılmasından sonra xalqın şüuru, mənliyi, kimliyi çox böyük zədə götürdü. Nə yaxşı ki, sonradan Şah İsmayıl Xətai... Ondan öncəkilər də olub, mən onların adını sadalamayacam, bilirsiniz. Ona görə Şah İsmayılın üzərində dayanıram ki, o, millətləşmə prosesi apardı. Onun dövləti Səfəvilər imperiyası olsa belə, o, çox ciddi millətləşmə, dövlətləşmə prosesi apardı. Bu gün bizə qıraqdan deyirlər, onların dövləti olmayıb. Nəyə görə deyirlər? Azərbaycan sözünü bizim tariximizə şamil elədiklərinə görə deyirlər ki, dövlətçilik ənənəsi başlayıb 20-ci yüzilin 20-ci ilində. Halbuki Azərbaycan deyə bir məsələ bizim tarixi dövlətlərimizin hamısının varisidir. Bu bir çatışmazlıq idi ki, dövlətlərimiz türk tayfalarının adıyla bağlı olub. Nə yazıqlar ki, bu belə olub. Belə olması doğru deyildi, ancaq belə olub. Məsələn, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti. Məgər Ağqoyunlular dövləti Hindistanda qurulmuşdu? Ağqoyunlular dövləti Azərbaycanda qurulmuşdu. Yəni indiki coğrafiyamızda qurulmuşdu, o tay-bu tay Azərbaycanda idi. Ya da Qaraqoyunlular dövləti. O da başqa bir yerdə deyildi axı. Əfşarlar dövləti, Səfəvilər dövləti başqa bir yerdə deyildi. Eləcə də Qacarlar dövləti. Tayfaların adına bağlı olub. Əlbəttə, bu bir fəlakətdir. Dövlət millətin adına bağlı olmalıdır. Bu gün də bizim dövlətimizin adı Azərbaycandır. Ancaq mən qəti əminəm ki, Azərbaycan sözünün ardına mütləq milləti ifadə edən bir söz gələcək. Biz onun, bəlli anlamda konseptual biçimini yazmışıq. Onun adı Azərbaycan-Türkel dövləti olacaq. Haçağ olacaq, mən bilmirəm. Ancaq biz əminik. Düşünürük ki, bu, olmalıdır. Azərbaycan sözünü mən sevirəm. Azərbaycan bizim mənəvi-ruhani dəyərlərimizin ifadəsidir. Zərdüştdən başlayaraq, Dədə Qorqudluğumuz, Xürrəmdinliyimiz, Hürufiliyimiz, Füzuliliyimiz, Muğamlığımız, Sazlığımız – bunları içinə alan bir sözdür Azərbaycan. Bu bizim ruhsal kimliyimizdir. Ancaq bir də var etnos, milli kimliyimiz.
M.Ə.Rəsulzadənin milli dili türk dilidir. Yaratdığı dövlət türk dövləti idi – Azərbaycan Türk Cümhuriyyəti idi. Baxmayaraq ki, onu Azərbaycan Demokratik Cümhuriyyəti elədilər. İngilis sərkərdəsi Tomson oturmuşdu Bakıda, M.Ə.Rəsulzadənin qurduğu dövləti tanımaq istəmirdilər. Çox ciddi basqı vardı. Bayrağı da dəyişdilər, himn də dəyişdi. M.Ə.Rəsulzadənin yaratdığı struktur zəiflədi. Məcbur oldu ittihadçılarla, sosialistlərlə birləşsin. İttihadçılarla, sosialistlərlə birləşdi, axırda bolşeviklərin gəlişiylə nə ittihadçılar, nə də sosialistlər M.Ə.Rəsulzadəni qorumadılar. Cümhuriyyəti savunmadılar. Ona görə cümhuriyyətin varlığına Bolşeviklər son qoydular. Burada Nərimanovun çalışmalarının da qatqısı oldu.
Nərimanov haqqında çoxşaxəli fikirlər səsləndirirlər. Mən Nərimanovu qəbul etmirəm. Baxmayaraq ki, Nərimanov intellektual adam idi, yazarlığı da vardı. Ancaq mən yazmışam ki, doğrudanmı Nərimanov 16 mart, 21 mart, 31 mart qırğınlarını görmürdü? Doğrudanmı anlamırdı onun nə demək olduğunu?! Doğrudanmı bilmirdi ki, Şaumyanın başçılığı altında bolşeviklərin Azərbaycan türklərinə qarşı oynadığı oyunlar nə deməkdir? Doğrudanmı Nərimanov bilmirdi ki, soyqırım olayı nə üçündür?! Bilirdi və M.Ə.Rəzulzadə ilə birləşmirdi. M.Ə.Rəsulzadəyə qarşı cəbhə yaratmışdı.
Azərbaycandan Ermənistan dövləti yaratmaq planı vardı. Erməni yönətim quralı yaratmaq planı vardı. Bu ideyanı Osmanlı pozdu. Bunları Nərimanov görməliydi, bilməliydi. Siyasi xadim səhv edə bilməz, aldana bilməz. Bu boyda açıq qırğınlara necə aldanmaq olar?!
Burda bir məsələni də nəzərə almaq gərəkdir ki, Nərimanovun daşıdığı ideoloji şüur vardı, bir də M.Ə.Rəsulzadənin daşıdığı ideoloji şüur vardı. M.Ə.Rəsulzadənin daşıdığı şüur bağımsızlıq şüuru idi. Özgürlük və türklük şüuru idi. Baxmayaraq ki, M.Ə.Rəsulzadə Azərbaycanı dünyadan, Avropadan təcrid eləmirdi. Ancaq şüur bütünlüklə milli idi. Nərimanovun şüuru bəs nə idi? Nərimanovun şüuru bolşevizm şüuru idi. O bolşevizm şüuru ki, Leninin planları idi, o da öncədən bəlli idi. Boş söhbətdir ki, o sonradan anladı. Sonradan anlamadı, sonradan gec oldu.
Dediyim odur ki, bizim dövlətimiz sadəcə elanla olmur. Dövlət milli kimlik üzərində formalaşır. Milli kimlik də dəyərlərə dayanır. Millətin öz içində yaranan dəyərlərə dayanır. O dəyərlər ki, bu günə qədər də danılıb, bu gün də inkar olunur, bu gün də ona damğalar vurulur.
Dədə Qorqud olayımız var. Dədə Qorqud olayımızın 3000 min il tarixi var. Ancaq bağımsız Azərbaycan dövlətimizdə Dədə Qorqudun 1300 illik yubileyi keçirildi. Nə deməkdir bu? Niyə onu ərəb mədəniyyətinin, ərəb dünyabaxışının içinə salırsan? Onun etkisinə salırsan, onun etkisinə tabe edirsən? Olmaz! Bu millətin dəyərləri çox qədimdən gəlir. Onun dəyərlərini heç bir başqa mədəniyyətlərin, dəyərlərin qoltuğuna salmaq olmaz. Biz başqa millətlərə qarşı deyilik. Başqa mədəniyyətə qarşı deyilik. Öz mədəniyyətimizin, kimliyimizin başqalarının etkisi altına düşməsinə qarşıyıq. Heç kimin bizim mədəniyyətimizi basqısı altına almasını qəbul etmirik.
M.Ə.Rəsulzadənin yaratdığı cümhuriyyət quralları, cümhuriyyət strukturu bu gün tarixi fakt kimi öyrənilir, araşdırılır. Söz yox, yanlışlar da vardı. Mən o yanlışlardan söhbət açmaq istəmirəm. Ancaq əsas etibarilə, dediyimiz faktlara görə süquta yetdi.
Biz parçalanmş xalqıq, biz bölünmüş vətənik. Böyük bir kəsimimizin şüuru (Güney Azərbaycanda) daim özgələşdirilməyə uğradılır. Fars etkisində sarsıdılmağa çalışırlar. Bizə azərilər deyirlər. Təəssüf ki, Türkiyə türkləri də bizə azərilər deyirlər. Biz azəri deyilik. Azərilər fars tayfalarıdır. Bu gün fars rejimi ciddi işləyir, sübut etmək istəyirlər ki, Azərbaycan türkləri türk deyil, onlar azəri tayfalarıdır, yəni farsdan dönmədir, sonradan dillərini dəyişib türkləşiblər. Baxın, bunu bizim xalqın içinə yeridirlər – hansı adla olur-olsun, dostluq, dili bir, dini bir, qardaşlıq. Qardaş olmursan axı, düşmən olursan. Sıradan çıxarırsan məni. Bir sözlə, dövləti yaşatmaq şüura bağlıdır. Ona görə biz cümhuriyyətimizi qoruya bilmədik. Bölünmüş xalq bütövləşməyincə, milli şüura yetməyincə, onun cümhuriyyəti güclü olmayacaq. Bu gün Azərbaycan dövlətini hər birimiz sevirik. Bizim üçün əzizdir, qutsaldır. Asif Atanın sözü var: “Dövləti olmayan xalq yetim xalqdır”. Ancaq nə qədər ki, Azərbaycan tarixi haqlarını bərpa eləməyib, biz Azərbaycanımızın güclənəcəyinə ümid bəsləyə bilməyəcəyik. Dünya güclülər dünyasıdır. Güclülər yönəldir dünyanı. Asif Ata deyir: “Çağdaş dünya ancaq güc tanıyır. Mədəniyyət, mərifət tanımır, əxlaq tanımır”. Gücə dayanır, güclə də sıradan çıxarır. İçərimizdə ayrı-ayrı qüvvələr formalaşdırır. Milliliyə qarşı qüvvələr formalaşdırır və onları aktivləşdirir də. Bu aktiv qüvvələr hər mənada bizim şüurumuzu korlamaqla məşğuldur. Balalarımızın şüurunu məhv edirlər. Evimizin içinə qədər girirlər. Şüurumuzun məhv olmasının sonucudur ki, o cümhuriyyətimizi qoruya bilmədik.
İndiki dövlətimiz isə onun nə dərəcədə varisidir, onu zaman göstərəcək. Varis o vaxt olur ki, onun bütün strukturları, dəyərləri hamısı milliləşir və milləti tam olaraq ifadə edir. Yəni millət öz vətənində özünü bağımsız və özgür bilir, dəyərlərini qoruya bilir. Bu gün milli dəyərlərimizi qoruya bilmirik. Ağzımızdan vururlar, hamısını böhtanlayırlar, ləkələyirlər...
Mən sizə bir təklif də vermək istəyirəm: bizim təkcə dövlətçilik ənənələrimizi deyil, milli-mənəvi dəyələrimizi də bu cür tədbirlərdə ifadə etmək gərəkdir. Məsələn, yaxın çağlarda biz Nəiminin 675 illiyini keçirdik, söhbət elədik. Babəkin öldürülməsinin, eləcə də anadan olmasının ildönümünü qeyd eləmək gərəkdir. Hürufiliyin banilərindən olan Nəiminin, Nəsiminin doğum və ölüm tarixini vurğulamaq gərəkdir. Onların xalqa verdiyi dəyərləri, xalqda oynadıqları rolları vurğulamaq gərəkdir və şüura yazmaq gərəkdir. Onu özümləşdirmək gərəkdir. Onda biz qeyd elədiyimiz, vurğuladığımız olayların tamamını, gəlişməsini yaşaya biləcəyik. Xalq dəyərlərin qorunmasında yaşayır. Xalq dəyərlərin davam eləməsində yaşayır. Ona görə də dəyərlərimiz insanlarımızın, aydınlarımızın, gənclərimizin şüuruna yazılmalıdır. Mən də sizə bu işinizdə böyük uğurlar diləyirəm. Dəstəkçiniz olmaq istəyirəm. Düşünürəm ki, bu cür tədbirləri bu cür şəkildə davam eləsəniz, çox böyük addım atmış olarsınız. Milli dəyələrimizin yaşamasına qulluq göstərmiş olarsınız. Yenə vurğu edirəm ki, milli dəyərləri yaşatmayan xalqın dövləti də zəif olur. Dövləti təkcə ordu, silah qorumur, dövləti gənclik qoruyur, aydın insanlar qoruyur. Milli şüur, milli kimlik qoryur. Milli kimliyi yaşatmaq, doğrultmaq gərək, onda M.Ə.Rəsulzadələrin ləyaqətini dərk etmiş olacaqsınız. Onların nə etdiklərini, niyə etdiklərini öz varlığınızda yaşatmış olacaqsınız.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
İşıq Ayı, 38-ci il.
(may, 2016.)