Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mütləqə İnam Ocağı və Toplumsal həyat

 

Xeberinfo.com:  Azərbaycanın toplumsal həyatı çox rəngarəng bir mühitdir. Bu mühitdə çoxsaylı qurumlar, təşkilatlar çalışır. Bunlardan başqa özünəxas çalışmaları olan bir qurum da var – bu, Asif Atanın Mütləqə İnam Ocağıdır. Toplumun aktiv bölümü bu qurumun varlığından xəbərdardır. Ancaq bilgilər, baxışlar, münasibətlər başqa-başqadır. Bəlkə də çoxları üçün aydın olmayan çox şeylər var. Ona görə də Ocağın Yükümlüsü, tanınmış fikir adamı Soylu Atalının fikirlərini dinlədik. İndi bu söhbəti oxuculara təqdim edirik.

 

Mübariz Məmmədov: Soylu bəy, birinci sualım, Mütləqə İnam nə deməkdir?

 

Soylu Atalı: Bu suala bütövlükdə cavab vermək təbii ki, Asif Ata dünyabaxışının anlamını açmaq deməkdir. Ancaq müsahibə olduğu üçün çalışacağam ki, yığcam, ümumiləşmiş biçimdə aydınlıq gətirim. Mütləqə İnam, bir neçə sözlə desəm, yalansız, qurtuluşu insanlaşmada görən, millətləşmədə görən, bəşərləşmədə görən bir dünyabaxış sistemidir. Bu dünyabaxış özündə 6 ideya daşıyır. Bu ideyalardan birincisinin adı Mütləqə İnamdır. Mütləqə İnam, yəni yeri-göyü yaradan Allaha yox, dünyanın özündən artıq olan Mənasına inam. Yəni Dünyalıq mənasına inam. Eləcə də Həyatlıq mənasına inam, insanın İnsanilik mənasına inam. Gerçək dünya var və gerçək dünyanın özündə, ondan artıq olan bir qüdrət var, nizam var, ahəng var. Bu ahəng əzəlidir, əbədididr, kamildir, sonsuzdur. Bu Asif Atanın təyinidir. Dünyalıq adlı məna əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Dünya özü, yəni gerçəklik, ötəridir, keçicidir, qeyri-kamildir və sonludur. Düzdür, Məna və gerçəklik birliyi var. Ancaq məna bu gerçəkliyi yaratmır. Bu məna gerçəklik biçimində təzahür edir, görüntüyə gəlir, şəklə düşür. Dünya Dünyalıq mənasının görüntüsüdür, təzahürüdür. İnsan İnsanlıq mənasının təzahürüdür. Həyat Həyatlıq mənasının təzahürüdür... 

İkincisi, İnsanlaşma ideyasıdır. Ata onun adına Kamil İnsan ideyası da deyir...

 

Mubariz Məmmədov:  “Kamil İnsan” Nəimidə də var idi.

 

Soylu Atalı: Bəli, “Kamil İnsan” sözü Asif Atadan öncə də olub. Ancaq İnsanlaşma anlamı ilə bağlı yürütdüyü fikir onun özünəxasdır. Burada o, insanın, Özüylədöyüş ideyası əsasında, öz mənasına yetməsinin gərəkliyini vurğu edir. Ataya görə bəşər övladı dünyaya Məxluq kimi göz açır, Adam kimi böyüyür, İnsan kimi yenidən doğulur. Nə deməkdir bu? Ata vurğu edir ki, məxluqun vətəni olmur, milləti olmur. Məxluq üçün hər şey gödənə bağlıdır. Boğazına, qarnına bağlıdır. Məxluq heyvana bərabərdir demək olar ki. Ancaq bir də var Adam. Adam da yarımçıqdır, nisbidir. Yəni Adamda Məxluq da var, İnsan da var. Yəni adamda vətən sevgisi olur, ancaq vətən üçün çalışma, vətən üçün ölümə getmə olmur. Həqiqət istəyi olur, ancaq həqiqət uğrunda mübarizə istəyi olmur.

 İnsan tamamilə fərqlidir. İnsan özündə daşıdığı İnsanlıq mənasını aşkarlayan, ona yetən kamil varlıqdır. Yəni o özündə özünü yenidən yaradır. Fəlsəfi dillə desək, yenidən doğulur. Bunun üçün də Ata Özüylədöyüş ideyası verib. Özüylədöyüş ideyası ondan ibarətdir ki, hər bir fərd (hər bir fərd özündə bu imkanı daşıyır ancaq bütün fərdlər ona yetəcəkmi, onu demək çətindir. Çünkü bu kütləvi bir şey deyil. Ancaq hər bir fərd haqq edir və o imkana malikdir) özündə kiçikliyi, balacalığı, heyvaniliyi görməli, tanımalıdır. Boynuna almalıdır (etiraf eləməlidir). Doğrudan da xudbindirsə, deməlidir mən xudbinəm, özünə bunu deməyi bacarmalıdır. Adam həmişə özünüqoruma instinktinə meyil edir. Ancaq o, dünyaya ona görə gəlməyib ki, özünü aşkarlamadan qəbrə getsin. İnsan ona görə dünyaya gəlir ki, özünün mənasını aşkarlasın, öz mənasına bərabər yaşasın. Yəni İnsanlıq anlamına tən yaşasın. Əslində insanın özündə daşıdığı qüdrət ayrı-ayrı böyük şəxsiyyətlərimiz tərəfindən də vurğu edilib. Ənəlhəqq ideyası da həmin qüdrətə görə yaranıb. Yəni deyirlər insan Allahdır. Asif Ata daha doğru təyinat verir: “İnsan – daxilində Mütləq daşıyan, zamandan, mühitdən, gerçəklikdən, şəraitdən üstün olan, Mütləqiliyə meyil edən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”.  Bu səviyyəyə bərabər olmaq üçün insan özündəki heyvaniliyi, özündəki ölərini, ötərini, özündəki bəsitliyi, cılızlığı, xudbinliyi, xudpəsəndliyi... aşkarlayır və boynuna alır, özünü aldatmır, özünü tanıyır. Çox çətindir. Mən bu duyğuları yaşadığım üçün deyirəm. Öz qarşında bunları boynuna almaq çox çətindir. Ancaq İnsanlaşmanın başqa yolu da yoxdur. İnsan, beləliklə, özündə balacalığı aşkarlayır, tanıyır və onunla döyüşür. Onun tələblərinə əməl etmir. Onu əməlsiz qoyur. İçindəki balacalığı əməlsiz qoyur. Getdikcə özünə doğmalaşma aşamasına keçir. Özünü təsdiq aşamasına keçir. Əslində o, dünyaya bunun üçün gəlir. 

Asif Atanın üçüncü ideyası Ruhani Cəmiyyət adlanır. Buna Xəlqi Birlik də deyirdi. Bu ideyanın məğzi odur ki, Asif Ata quruluşları qəbul eləmir. 

 

Mübariz Məmmədov:  Hansı quruluşları?

 

Soylu Atalı: Nə kapitalizmi, nə də sosializmi. Ruhani cəmiyyət ideyasını Asif Ata geniş işləyibdir. Orada dövlətçilik ideyası da çözümünü tapır. Cəmiyyətin idarə olunması da çözümünü tapır. Bu bir kitabdır əslində. Vaxtı gözə alıb yığcam, qısa danışmaq istəyirəm. Gərəkərsə geniş aça bilərik. 

Dördüncü ideyası Müstəqil Vətən ideyasıdır. Müstəqil Vətən ideyası, Asif Atanı başqa ideya daşıyıcıları ilə tutuşduranda üstünlük təşkil edir. Niyə? Çünkü heç bir dünyabaxış yaradıcısında Müstəqil Vətən ideyası qoyulmayıbdır. Ancaq Asif Atada qoyulub. Asif Ata müstəqilliyi necə görür? Söz yox, fərdi müstəqillikdən başlayır xalqın, dövlətin müstəqilliyi. Ancaq onun ideoloji əsasları – politik müstəqilliyin, iqtisadi müstəqilliyin və mədəni müstəqilliyin olmasından keçir. Hər bir dövlətin də, xalqın da müstəqilliyinin təməl qarantı bu üç prinsipdən oluşur. Nə deməkdir, məsələn, müstəqil iqtisadiyyat? Asif Ata “İqtisadiyyat İnsaniliyi, İqtisadiyyat İnsansızlığı” adlı əsər yazıb. Kitabı var. Orda deyir ki, ölkənin başqa ölkədən asılı olmaması üçün iqtisadiyyat elə bir biçimdə qurulmalıdır, aldığın qədər verə biləsən, verdiyin qədər ala biləsən. Yəni asılılıq olmasın. Söz yox, heç bir dövlət o birindən təcrid olub yaşaya bilməz. Onlar qarşılıqlı əməkdaşlıq, alım-verim əsasında ayaqda dura bilərlər. Ancaq burada sən o qədər çox alarsan, az verə bilərsən, qarşıdakı tərəfdən asılı duruma düşə bilərsən. Ya da tərsinə. Bu asılılıq isə istər-istəməz dövlətin əsas sütunlarının laxlaması və xalqın özünün əsarətə düşməsinə gətirib çıxardır. Bu, tarix boyu özünü sübut eləmiş fikirdir. Ancaq bu sistemi qurmaq mümkündür, dövlətlərin bir-birinə etkisi qarşılıqlı olsun. Aşağı-yuxarı olmaqla biri başqasını əsarətə sala bilməsin. 

 Sonra, müstəqil mədəniyyətin olması. Bəşər xalqlarının hər birinin özünəməxsus mədəniyyəti var. Bir xalqın mədəniyyəti başqa xalqın mədəniyyətinə etki göstərir. Bu da təbiidir, mədəniyyətlərin bir-birinə etkisi qarşısıalınmazdır. Olacaq. Ancaq bir var mədəniyyətlərin bir-birinə etkisi, yəni bir xalqın başqa xalqdan qabaqcıl bir şeyləri əxz eləməsi, bəhrələnməsi, bir də var, bir xalq özünün bütün mədəni varlığını qoyur bir tərəfə, bütünlüklə başqa xalqın mədəniyyətini götürür. Bu isə assimilyasiyaya, özgələşməyə gətirib çıxarır. Necə ki, sovetin içində bizə qarşı o siyasəti yürüdürdülər. Rus mədəniyyətini, vahid bəşər ideyası adı altında sırıyırdılar xalqlara. İndi dünyada kürəsəlləşmə (qloballaşma) prosesi gedir. Dünyada ancaq ingilis mədəniyyəti hökmran olmalıdır. Yəni bunlar hamısı bizim kimi xalqların özünəxaslığının, mədəniyyətlərinin sıxışdırılıb aradan getməsi deməkdir. Biz bir növ beləcə mədəni assimilyasiyaya uğrayırıq. 

Mədəniyyətlərin qarşılıqlı etkisini bir qırağa qoymadan bir-birinin qabaqcıl cəhətlərindən bəhrələnmə ola bilər. Ancaq bütünlüklə onun yerinə gələ bilməz. 

Beşinci ideya Özümlü Doğu (Şərq) ideyasıdır. Özümlü Doğu nə deməkdir? Asif Ata Doğu-Batı bölgüsü yaratmır. O, dünyanı, bəşəriyyəti vahid götürür. Ancaq Doğu mədəniyyəti deyilən bir şey odur ki, sivilizasiya ordan başlayıb, böyük ənənələr ordan başlayıb. Peyğəmbərlik ordan başlayıb, poeziya ordan başlayıb. Doğu bəşəriyyətin nizamında qurucu söz deyib. Ancaq  bu gün biz bütünlüklə Batı etkisi altındayıq. Doğu olaraq, hər şeyimizi bir qırağa qoyub Batının köləsinə, kölgəsinə çevrilirik. Onun təkrarına çevrilirik. Asif Ata bunu yolverilməz sayır. Əgər istəyirsənsə bəşər vahid olsun, bütöv olsun, qüdrətli olsun, orada Batının özünəxas, qabaqcıl nələri varsa, Doğunun da özünəxas, qabaqcıl nələri varsa, onlar birləşməlidir. Bunlar qarşılıqlı etkidə olmalıdır. Yoxsa Doğunun mədəniyyəti heçdir, elə texniki gəlişmə (tərəqqi) bəsdir deməklə olmur. Texniki gəlişmə azdır axı. Texniki gəlişmə insana, insanlığa qulluq eləmir. Texniki gəlişmə insanı, insanlığı ayaq altına alır. Bu gün göylər fəth olundu, kosmos fəth olundu, ancaq insanlıq bütünlüklə uçurum qabağındadır. İnsani gəlişmə (tərəqqi) baş vermədi. Bax buna görə də Asif Ata “Özümlü Şərq” ideyasıyla məsələni belə qoyur ki, dünya vahiddir, onun coğrafi cəhətdən Doğusu, Batısı var, onların özünəməxsusluqları var, özünəməxsusluqları ilə bir araya gəlməlidirlər. Yəni  Batı imperiyası yaranmalı deyil Doğunun üzərində. 

Sonuncu Ləyaqətli Bəşər ideyası var. Buna əslində bir ideya demək də olar, ideya deməmək də olar. Çünkü bu sonucdur. Asif Atanın dünyabaxışı bəşəridir. Bütün xalqlar üçündür. Bütün xalqların yerini Asif Ata görür, göstərir, bütün xalqların haqqını tanıyır, tanıdır və hesab edir ki, heç bir xalqın başqa xalqı əzməyə, sıxışdırmağa, assimilyasiya eləməyə, yerini dar eləməyə, mədəniyyətini sıxışdırmağa haqqı yoxdur. Hər bir xalq özü vahid bir qüdrətdir, hər bir xalqın özünəməxsus yeri, rolu var bəşər həyatında. Çəməndə çiçəklərin özünəməxsus ətri, yeri olduğu kimi, bəşər həyatında da xalqın özünəxas yeri var. Bax, bu Asif Atanın Mütləqə İnam baxışının özül prinsipləridir. 

 

Mübariz Məmmədov: Soylu bəy, başqa dinlərdə insanların sosial həyatıyla bağlı müəyyən müddəalar var. İslamda bu daha qabarıqdır. İnsanların, varlı zümrənin maddi imkanlarını sosial vəziyyəti aşağı olan insanlara yönəltmək üçün, məsələn, zəkat, fitrə kimi qanunları var. Deyirlər Ocaqda iqtisadi ideyalar zəifdir. Ruhanilik yaxşıdır, var, gözəldir hər şey, ancaq real yaşama çevriləndə insanların sosial durumu indiki zamanda ruhanilikdən daha qabarıqdır, daha öndədir. Yəni onu tənzimləyib hansısa bir çərçivəyə salan qanun varmı Ocaqda?

 

Soylu Atalı: Əslində elə deyil. Asif Atanın, dediyim kimi, “İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” kitabı var, “Haqq – Hüquq” kitabı var. Ruhani dövlət ideyası var və i.a. Yəni burda yaşam prinsipləri öz əksini tapıb. İnfrastrukturları isə Ocaq işləməli deyil. Xalqın, toplumun içində onun bəs qədər mütəxəssisləri var. Hər şeyi Ocağın üzərinə yükləmək olmaz. Ocaq böyük ideyaları verir. Başqa dünyabaxışlarda, deyək Xristianlıqda, ya İslamda, heç də cəmiyyətin sosial problemləri çözülmür. Deyəcəm niyə. Əslində Asif Ata ona görə ruhaniyyat məsələsini qabardır ki, yaranan bütün sorunların əsası ruhaniyyatdakı boşluqlara dayanır. İnsansızlıq məsələsinə dayanır. Ədalət pozulur, həqiqət pozulur, vicdan pozulur. Sosial həyat iflic olur. Əgər İnsanlaşma ideyası əsas olsaydı, insani qanunlar işləsəydi, onda sosial sorunlarımız öz çözümünü tapardı. Əgər bu gün cəmiyyət təbəqələrə bölünübsə, biri varlı, biri yoxsul olubsa, bunun nədəni antiinsanilikdir. Ona görə Asif Ata təməl prinsiplərlə məşğul olur. O deyir ki, dünya əyilib. Dünyani kim əyib? İnsan. Bəs qurtarıcı kimdir? Yenə insan! Məsələ insandadır. Ona görə Asif Ata deyir: “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”.

Dediyim kimi, Atanın adını çəkdiyim kitabları var. O kitablarda Asif Atanın sosial həyatımızı tənzimləyə biləcək quralları var. Hətta Asif Atanın Azərbaycanın bütövlüyü ilə bağlı “Uluyurd aqibəti – Bütöv Azərbaycan” adlı kitabı var. Asif Atada bütün insan varlığını qapsayan ideyalar var. Sadəcə olaraq, onun içinə girmək, öyrənmək gərəkdir. 

Biz, söz yox, əsas ruhani məsələləri qabardırıq, onun təbliğatını aparırıq. Çünkü əsas olan ruhaniyyatın zəmin olması məsələsidir. Əsas hansı nöqtədən başlamaq məsələsidir. Biz bu gün cəmiyyətə nə vəd eləyək? Deyək sizi devalvasiyadan qurtaracağıq? Necə qurtaracağıq, bu mümkün deyil axı. Ocaq eləyə bilməz onu. Ocaq sənə deyir ki, xalq olaraq, insanlaşmadan başla millətləşmə prosesinə keç. Nə qədər ki, sən insanlaşma, mililətləşmə prosesini keçməmisən, sənin taleyini başqaları yönəldəcək, daha doğrusu, səni əzəcək. Bu qaçılmazdır. Bax, bütün məsələ budur. Nə vaxt bu aşama başa çatacaq? Deyə bilmərəm. Qurtuluş bundadır. Addım burdan götürülməlidir. Bəşəriyyətdə nə qədər devrimlərin (inqilabların) görəni (şahidi) olmuşuq. Bu günün özündə belə nə qədər küçə olaylarının görəniyik. Nə qədər mitinqlərin, aksiyaların izləyicisiyik. Nə çözülüb ki? Heç nə çözülmür. Heç nə bu gedişlə çözülməyəcək də. Yenə məsələ gəlir, ədalət hansı nöqtədə qırılıb, o nöqtənin üzərinə. 

 

Mübariz Məmmədov: Soylu bəy, indi kürəsəlləşmədən (qloballaşmadan) əziyyət çəkən tək bizim cəmiyyət deyil. Mühafizəkar ingilis cəmiyyətinda, rus cəmiyyətində də bu proses gedir, orda da millətin düşünən beyinləri durumdan narazıdırlar. Uçuruma getdiklərinin fərqindədirlər. Ümumiyyətlə, kürəsəlləşmə bütün xalqlara məxsus adət-ənənələrin, ruhani dəyərlərin hamısını silib atır, ortaya özünün özgələşdirən mədəniyyətini sunur. Onu yaşatmaq istəyir, yaşadır. İndiki texnologiyalar dövründə sizin sunduğunuz Mütləqə İnam fəlsəfəsi solğun görünmürmü?

 

Soylu Atalı: Üzdə elə görünə bilər. Çünkü cəmiyyət gözünü açıb özündən qıraqda qələbəlik görür və bu qələbəliyin içərisində də yalançı gəlişmə (tərəqqi) həşirinə düşür –  texnologiya belə getdi, kompyuterləşmə elə getdi, kosmos - filan. Hamı həşirə düşüb. Hər şey yüyürür: mədəniyyət yüyürür, tərəqqi yüyürür. İnsan fəlakətinin içərisində tüyünür, yüyürür. Hər şey qaçaqaçadadır. Ancaq bəşəriyyətin həyatı nə dünən başlamayıb, nə də sabah başa çatan deyil. Ona görə gec və ya tez, üzdəki qələbəliyin boş və zərərli olduğu dərk olunacaq. Həmin o qabaqcıl adamlar, deyirsiniz rahatsız olurlar, niyə rahatsız olurlar? Yaxşı, onda  nə etməli, aydın olaraq, uzaqgörən olaraq, düşünər olaraq, elm adamı olaraq bu həşirə qoşulub imdad gözləməli, yoxsa ideya verib sağlam mübarizə formalaşdırmalı?! Bəşəriyyəti qurtarmaq üçün konsepsiya işləmək gərəkdir. Bəşəriyyət hara yüyürürsə yüyürsün, mən qəti əminəm ki, gec-tez Asif Atanın ideyasına gəlib çıxacaq. Çünkü fəlakətdən çıxmağın ayrı yolu yoxdur. Ayrı cür qurtuluşu yoxdur. Dediyim kimi, yüyürhayüyürün, həşirin içərisində hamı hazır bir şeylər istəyir, asan bir şeylər istəyir, tez-bazar nəsə istəyir. Tez-bazar mümkün deyil. Dünya kapitalizm dünyasıdır. Quruluş kapitalizm quruluşudur. Pulçuluq dünyasıdır. “Bacarana baş qurban” prinsipi yeriyir. Ona görə təbəqələrə bölünəcək. Kim nə eləyirsə eləsin, uzaqbaşı ayrı-ayrı fərdlər özünü ora-bura vurub yüksək təbəqənin arasına keçə bilər, aşağı təbəqədən ayrılar. Bununla təbəqə aradan qalxmır axı. Yəni insanlar bu gün kapitalizmə qarşı, pulçuluğa qarşı mübarizə aparmır. Pulçuluq uğrunda mübarizə aparır, kapitalizm uğrunda mübarizə aparır. Ona görə də həyatları həşirə düşüb. Ancaq mən həmişə bunu özəl olaraq vurğulayıram ki, həyat uğrunda mübarizə həqiqət uğrunda mübarizəylə, insanlıq uğrunda mübarizəylə, ədalət uğrunda mübarizəylə əvəz olunsa, onda həyatımız tamam dəyişə bilər. Həyat uğrunda mübarizə adi mübarizədir. Qamarlama. Kim nə bacarır. Hər kəs mövcud olma prinsipindən çıxış eləyir. Bax, bu baxımdan bir qaçaqaçlıq var. 

Ancaq eyni halda, mən razıyam, sıradan adamlara anlatmaq olmur ki, sən insanlaşmalısan. Ac adam düşünür ki, yaxşı mən gəlib sənin çağırışını eşitdim, axı mən bununla kartof yemirəm, çörək almıram. 

Anlayıram bu çətinlikləri. Yəni bu baxımdan anlayıram ki, cəmiyyətin içində bu gün siyasal çabalar, toplumu acından qurtara biləcək çabalar da olmalıdır. Ancaq bu çabalar da yenə Asif Atanın dediyi ideyalara dayanmalıdır. Zəmin o olmalıdır. Əgər zəmin o olacaqsa, onda çaba göstərənin atdığı addım toplumun xeyrinə ola bilər. Yoxsa olmayacaq. Asif Ata demir ki, ruhsal hərəkatı oturub gözləyək. Bu uzun illərə bərabər bir gedişdir. Asif Ata deyir ki, siyasal hərəkat da olmalıdır – Uluyurd Hərəkatı. Onun prinsiplərini də bəlli edib. 

Bilirsiz, bütün bunları da gerçəkləşdirmək üçün şəxsiyyət yaranmalıdır. Doğrudan da fədakar insanlar ortaya çıxmalıdır. Yoxsa 3-5 adam ortaya çıxıb tanınır, tanınandan sonra satılır, alınır, xəyanət eləyir. Gözümüzün qabağında, sovetlər dağılandan üzü bu yana, daha nələr görmədik. Bunlar bizim üçün tarix dərsliyi deyil, canlı yaşantılarımızdır. Hamımız bunu görürük, gözümüzün qabağındadır. Kimlər satılmadı, kimlər alınmadı, kimlər xəyanət eləmədi?! Ona görə kamil şəxsiyyətlər yetişməlidir.

 

Mübariz Məmmədov: Deməli, Siz bəşərin xilasını Mütləqə İnamda görürsünüz. 

 

Soylu Atalı: Biz bəşərin qurtuluşunu böyük anlamda, Mütləqə İnamda görürük. 

Mübariz Məmmədov: Bayaq xəyanətdən danışdınız. Azərbaycanın müasir siyasi tarixində baş verən xəyanətlərdən. Asif Atanın ölümündən sonra Ocaqda da parçalanma oldu. Bəs burada bölüşülə bilməyən nə idi?

 

Soylu Atalı: Bəs ona görə deyirəm kamil şəxsiyyətlər yetişməlidir. Ocaqda bölünmə də tamamilə toplumsal proseslərin tərkib hissəsi idi. Asif Atanın Ocağında olan adamların heç biri nə göydən zənbillə düşməyib, nə yerin altından çıxmayıb. Bunların hamısı xalqın içindən gəlmiş adamlardır. Asif Atanın Ocağının qapısını açmaqla bunların hər biri kamil, yetkin şəxsiyyət olmur axı. Bunların hər biri özüylə məşğul olmalıdır, şəxsiyyət kimi formalaşmalıdır. Belə deyək ki, kamilləşməlidir. Bu proseslər keçilməlidir. Bu prosesləri keçməyən adamın içində hər cür qarşıdurma var. Hər bir bölüşülməyən şey var.  Yəni “sən, mən” məsələsi hər yerdə özünü göstərir. Bu da nədən irəli gəlir? Şəxslərin içində fərdi iddialar olur. Yəni onların içi fədakarlığa dayanmır. Onların dərdi Azərbaycan olmur. Onların dərdi insanı düşdüyü fəlakətdən qurtarmaq haqında düşünmək olmur. Bəsit, balaca ağılla yanaşır. Üzdən yanaşır məsələlərə. Ona görə belə şeylər labüddür. Asif Ata ölən kimi, hələ çox adam düşünürdü ki, Ocaq tamam dayanacaq, dağılacaq. Bunu gözləyirdilər. Dönə-dönə deyirdilər. İndi də qulağı səsdə olanlar var. Bu il Asif Atanın ölümünün artıq 19-cu ilidir. 19 ildir Ocaq Atasız yol gəlir. Baxın, onun içindən ayrı-ayrı fərdlər, təkcələr dayandılar, dayana bildilər. Fədakarlıq eləyə bildilər, özləri ilə məşğul ola bildilər. Özünün içindəki balacalıqlarla döyüşə bildilər. Çünkü doğrudan da, hədəf Asif Atanın ideya-prinsiplərini həyata keçirmək oldu. İnsanlaşma oldu, millətləşmə oldu. Hər birimiz içimizdə insanlaşma və millətləşmə yolu keçirik.  

Əgər kimsə Asif Atadan ad alıbsa, bu o demək deyil ki, kamil şəxsiyyət olub. Bunun üçün, dediyim kimi, Özüylədöyüş yolu keçmək gərəkdir. Hər kəs Ocağa özüylə xarakterini də gətirib. Cəmiyyətdə, evində, elində hansı xarakterlə yaşayıbsa, o xarakteriylə gəlib. İndi gərək burda onunla döyüşsün, özünü kamilləşdirsin. Bu dediklərimizin olmaması səbəb oldu ki, Asif Ata öləndən sonra bəsit düşüncələr toqquşdu və parçalanma baş verdi.

Ocaq bir ideya yoludur, adamların balaca xarakterlərindən arına-arına oturuşmaqdadır. Çox böyük fədakarlıqlar, hünərlər, qeyrətlər yaşayır Ocaqda. Heç yerdə Ocaqdakı fədakarlıq, səmimiyyət, insan sevgisi, millət sevgisi yoxdur bu gün.

 

Mübariz Məmmədov: Soylu bəy, Ocağın bayrağında Asif Atanın şəkli var. Bu şəxsiyyətə pərəstiş deyilmi?

 

Soylu Atalı: Yaxşı sorğudur. Çünkü toplumumuzda belə düşünənlər az deyil. Məhdud düşüncədir. Birinci bayraq məsələsiylə bağlı deyim. Bilirsiniz ki, bəşəriyyət min illər yol keçib. Ayrı-ayrı xalqların ayrı-ayrı bayraqları olub. Bu bayraqlarda hansı rəmzlər olmayıb? Ən çox heyvan şəkilləri olub. 

 

Mübariz Məmmədov: Bizim tariximizdə də olub – Ağqoyunlular, Qaraqoyun-lular...

 

Soylu Atalı: Bəli, qoyun da olub, quş da olub, qartal da olub, şir də olub, pələng də olub, canavar da olub, hər şey olub. Baxın, bəşəriyyət zaman-zaman heyvanın şəklini götürüb başının üstünə qaldırıb. Ona pərəstiş edib. Ancaq insanın şəklini bayrağa vurub başımızın üstünə qaldırmağa dərhal qısqanclıqla yanaşırlar. Özü də məhz niyə Asif Ata? Ona görə Asif Ata ki, Asif Ata bu dünyabaxışın yaradıcısıdır. Bu dünyabaxışın peyğəmbəridir. Asif Ata kamil insandır. Mən bayrağa mücərrəd bir insan şəkli vura bilmərəm ki. İdmanda üzü-gözü görünməyən simvollar verirlər. Mən elə simvol verə bilmərəm ki, bayraqda. Canlı Asif Ata kamil insandır, kamil şəxsiyyətdir. O, insanlığın obrazıdır, simvoludur. Onu da deyim ki, bayrağın biçimini Asif Ata özü qəbul edib, biz icad eləməmişik. Sonra, bu bayraq dövlətin bayrağı deyil, ruhaniyyatın bayrağıdır.

İkinci, şəxsiyyətə pərəstiş məsələsi. Bir var Stalin şəxsiyyətinə yanaşma, bir var Asif Ata şəxsiyyətinə yanaşma. Stalin hökmdar idi. Bir tərəfdə Stalin mənliyi dayanırdı, başqa tərəfdə bütövlükdə toplumun mənliyi dayanırdı. Bütün toplumun mənliyi Stalinin mənliyinə tabe idi. Stalinin mənliyi onun üzərində quruldu, formalaşdı. Toplumun mənliyi kölgədə qaldı. Toplumun mənliyi heç oldu, Stalinin mənliyi əsas oldu. Buna deyirlər şəxsiyyətə pərəstiş. Özü də Stalinə. Ona görə Stalinin adını çəkdim ki, “şəxsiyyətə pərəsyiş” sözünü Stalinlə bağlı ortaya atmışdılar.

Bir də var Asif Ataya sevgi. Bu, şəxsiyyətə pərəstiş deyil. Bu, Asif Atanın yaratdığı ideyalara yanaşmadır. Asif Ata bizim üçün filankəsin oğlu demək deyil. Asif Ata ortaya qoyduğu ideyalar deməkdir. O ideyalar qurtarıcı ideyalardır. Bu ideyaların qurucusu, daşıyıcısıdır, onu təmsil edir Asif Ata. Asif Atanın mənliyi yerdə qalan toplumun mənliyinin üzərinə kölgə salmır. Asif Ata insanları göyə qaldırır, insanları kamilləşdirir, yetişdirir. Mənim mənliyimi dirildir, millətin ləyaqətini mənə tapşırır. Baxın, görün nə qədər fərq var. Baxın, ona görə kamil insana yanaşmayla, hökmdara, padşaha, prezidentə yanaşma bir deyil. O inzibatçıdır, o kamil deyil, o ata deyil, bu atadır. Ataya yanaşmayla hökmdara yanaşma bir deyil. Ona görə Asif Ataya yanaşma əslində insanlığa yanaşmadır, Asif Atanın ortaya qoyduğu bütün insani-bəşəri ideyalara yanaşmadır. 

Ardı var

 

Mübariz Məmmədov: Dəyərli söhbətə görə təşəkkür edirəm.

 

Soylu Atalı: Var olun. Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

27 Yanvar, 2016. Bakı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam