Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) həbsdə olan sədri, iqtisadçı Qubad İbadoğlunun Amerikada təhsil alan oğlunun evinə naməlum şəxslərin gizli şəkildə daxil olduğu, orada axtarış apardıqları bildirilir.
Yenixeber.org: Bu barədə Q. İbadoğlunun qızı Jalə Bayramova sosial şəbəkələr vasitəsilə məlumat yayıb.
O bildirib ki, Amerikanın Nyu Cersi ştatının Nyu-Brunsvik şəhərindəki “Rutgers” Universitetinin tələbəsi olan Emin Bayramlının qaldığı otaq naməlum şəxslər tərəfindən qarət edib.
“Digər otaq yoldaşlarının otaqları toxunulmazdır. Təcavüzkar açıq zərfləri çarpayıya, paltarları yerə töküblər. Onlar televizor və ya hər hansı daşınan dəyərli əşyaları oğurlamayıblar. Yalnız Eminin sənədlərini, o cümlədən Emin Bayramlı və Qubad İbadoğlunun pasport vizasının surətlərini oğurlayıblar”, - J. Bayramova bildirib.
O, həmçinin sözügedən otaqdan fotolar da yayıb.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.