Türkiyədə müalicə alan qazilər məcburi ölkəyə qaytarılırlar? -AÇIQLAMA
Türkiyədə müalicə alan 44 günlük Vətən müharibəsi qaziləri oradakı müalicələrinin yarımçıq qalmasından və Azərbaycana göndərilmələrindən narahatdırlar.
Yenixeber.org: Onlar bildiriblər ki, “YAŞAT” Fondu tərəfindən təklif olunub ki, müalicələrini Azərbaycanda davam etdirsinlər:
“Biz narahatıq. Çünki burada olan tibbi avadanlıqların, demək olar ki, əksəriyyəti Azərbaycanda yoxdur. Müalicəmizin Türkiyədə davam etdirilməsini istəyirik”.
“YAŞAT” Fondundan bildirilib ki, qazilərimizin müalicəsi fond tərəfindən Türkiyədə davam etdirilir:
“Fond tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz Türkiyəyə göndərilib. Onlardan 129-u sağalaraq Vətənə qayıdıb. 38 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir.
Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir. İcra olunmalı əməliyyatların və ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda Türkiyə təcrübəsinə müraciət edilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir.
Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reabilitasiya prosesini mütəxəssislər təyin edirlər.
Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən, reallıq ondadır ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki vəziyyətlərinə qaytarılması mümkün deyil”.
“YAŞAT” Fondunun təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarından ibarət tibbi komissiyanın Türkiyəyə səfəri təşkil olunub və orada müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilib. Müalicə prosesində qazilərimizlə birlikdə bir nəfər ailə üzvü də Fond tərəfindən bütün xərcləri ödənilməklə Türkiyəyə göndərilir.
Ailə üzvlərinin bu prosesə cəlb olunması mümkün olmadıqda onlara bir nəfər baxıcı təhkim olunur. Bir ildən artıq müddətdir ki, qazilər ölkə xaricinə göndərilirlər və bu müddətdə onların digər ailə üzvləri - həyat yoldaşları, valideynləri, övladları ilə də mütəmadi görüşlər təşkil olunur. Eyni zamanda həmin qazilərimiz Türkiyədə təşkil olunan rəsmi tədbirlərə xüsusi qonaq qismində dəvət olunurlar, bayramlarda, xüsusi günlərdə onlar üçün təşkil olunan ziyafətlərə qatılırlar.
Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır. Buraya təyyarə bileti, xəstəxana xərcləri, qarşılanma, yemək və otel, nəqliyyat daxil olmaqla yarana biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu xərclərdən başqa, yarana biləcək hər-hansı əlavə istəkləri üçün hər ay 200 dollar xərclik qazilərimizə təqdim olunur. Qazilərimizin tibbdən əlavə, Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də təmin edilib.
Hazırda Türkiyədə müalicə alan 38 nəfər yaralı üçün Fondun büdcəsindən 6 098 575.11 AZN vəsait xərclənib. Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar aparılır, xəsarət və xəstəlik bildirilir və həmin istiqamət üzrə ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar həssaslıqla seçilir. Türkiyəyə müalicəyə göndərilməzdən öncə olduğu kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla birlikdə onların müalicə prosesini diqqətdə saxlayır, narahatlığa heç bir səbəb yoxdur”, - deyə qeyd edilib.