BMT-nin Azərbaycandakı nümayəndəsindən saxta mükafatlarla bağlı AÇIQLAMA
“BMT-nin UNCOPA adlı strukturu və ya agentliyi yoxdur. Məhz bu qurum adından Azərbaycanın bir sıra ictimai xadimlərinə müxtəlif mükafatlar təqdim olunub. Eyni zamanda, UNCOPA-nın dəqiq nə olduğu, təşkilat və ya QHT olması məlum deyil. UNCOPA-nın öz internet saytı belə yoxdur”.
Yenixeber.org: Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Rəşad Hüseynov öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, təşkilatın verdiyi mükafatların BMT ilə heç bir əlaqəsi yoxdur.
“Təəssüf ki, bəzi məmurlar, mədəniyyət və elm nümayəndələri öz tərcümeyi-hallarında BMT-dən mükafat aldıqlarını qeyd edirlər. Amma bu, reallığı əks etdirmir”, - deyə o bildirib.
BMT nümayəndəsi misal olaraq Milli Məclisin deputatı Eldar Quliyev, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə, aktrisa Suqa Bağırzadə və iş adamı Ruxi Əliyevanı göstərib.
Rəşad Hüseynovun sözlərinə görə, yuxarıdakı şəxslər UNCOPA mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə səhv sala bilər. Amma Azərbaycanda bu mükafata yalnız ASAN Xidmət layiq görülüb.