Politoloq: “Rusiya İrəvan qarşısında şərt qoyacaq və Ermənistanın KTMT-də aktiv iştirakını tələb edəcək”
Yenixeber.org: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatına baxmayaraq, hələ də ölkəni özünün müttəfiqi hesab edir. Bu barədə TASS-a qurumdakı mənbə məlumat verib.
“Bəli, təşkilatın Katibliyi Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla iş rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici Kəşfiyyat Xidməti öz hesabatında İrəvanın 2024-cü ildə razılaşdığı KTMT-də iştirakının dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxacağını ehtimal etməyib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-dəki iştirakını dondurduğunu açıqlamışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır. Lakin Ermənistan bu məsələ ilə bağlı konkret qərar qəbul etməyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə dünən erməni jurnalistlərlə söhbətində bildirib “KTMT ilə bağlı istənilən qərar məxfi ola bilməz”. Bildirib ki, İrəvan KTMT-də vəziyyəti qiymətləndirib, buna əsaslanaraq fəaliyyəti dondurmaq qərarı verib.
Təhlükəsizlik Şurası katibinin fikrincə, Ermənistan KTMT-də qərarların qəbulu prosesində iştirak etmir: “Biz KTMT ilə bağlı siyasi qərar vermişik və bu qərarlar açıqdır. Əgər hər hansı dəyişiklik olarsa, sizə məlumat veriləcək”.
Ekspertlər hesab edirlər ki, İrəvanın bu davranışı KTMT-dən çıxmaq istəyindən qaynaqlansa da, Ermənistan birdəfəlik bu təşkilatla, dolayısı ilə KTMT-nın əsas dövləti olan Rusiyadan qopmağa risk etmir. Daha doğrusu, KTMT-dən birdən-birə çıxmasına görə Ermənistan Rusiyanın qəzəbindən çəkinir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan rəhbərliyinin açıqlamalarında ziddiyyətlər də var, məntiqsizlik də: “Ermənistan əsas gətirir ki, KTMT 44 günlük müharibədə İrəvanın müraciətinə müsbət reaksiya vermədi, kömək etmədi və s. İnciklik də bundan yaranıb. Əslində isə bu, bəhanədir. Çünki İrəvandakılar da yaxşı başa düşürlər ki, Azərbaycan öz ərazilərində müharibə aparıb, Qarabağ Azərbaycan ərazisidir. Bu halda KTMT-nin müdaxiləsi mümkün deyildi. Eyni zamanda, sonrakı əməliyyatlarda Azərbaycan əsgərinin şərti sərhəddəki yüksəkliklərə çıxmasını Ermənistan “Azərbaycanın işğalı” kimi qələmə verməyə çalışır və yenə KTMT-ni ittiham edir ki, kömək olunmayıb. Əslində İrəvanın məqsədi KTMT-dən qopmaq, Qərbdən təhlükəsizlik zəmanətləri almaqdır. Bu zəmanətlər də hələ ki, verilməyib. Ona görə də, Ermənistan nə birdəfəlik KTMT-dən çıxır, nə də bu təşkilatın işində iştirak edir”.
“Baş nazir Nikol Paşinyanın və onun komanda üzvlərinin Rusiya patronajlığındakı iki təşkilata fərqli yanaşması var. İki təşkilatla bağlı yanaşma belədir ki, Avrasiya İqtisadi Birliyi yaxşıdır, KTMT isə pisdir. Ermənistan birinci təşkilatda üzvlükdən gen-bol faydalanır, ikinci təşkilat isə Azərbaycanla qarşıdurmada İrəvanı tək qoyub. Ona görə də, birincinin işində iştirak edirlər, ikincinin fəaliyyətində yox. Amma məncə, bu, uzun sürməyəcək. Hesab edirəm ki, Rusiya İrəvan qarşısında şərt qoyacaq və Ermənistanın KTMT-də aktiv iştirakını tələb edəcək. İrəvan isə məcbur da olsa, fəaliyyəti dondurulmuş vəziyyətdən çıxaracaq. Çünki Ermənistan rəhbərliyi təhlükəsizlik məsələsində Qərbdən istədiyini əldə edə bilmədi”, - deyə analitik fikrini tamamlayıb.(AYNA)