Avtobus məsələsini həll edə bilməyən kral, dirijor prezident, araq qiyamı... –ETİRAFLAR
“Dedim, cənab prezident, bu hərəkətiniz yaxşı olmadı...”
Yenixeber.org: Boris Nemtsovun “Etiraf” adlı memuarları Rusiyanın yaxın tarixi ilə bağlı maraqlı hadisələrin təsviri ilə zəngindir. Kitabdan bir parçanı oxuculara təqdim edirik.
Adi insanlar kimi, siyasətçilərin də xeyli nöqsanları var. İstənilən səhv siyasi xadim üçün faciəvi və siyasi karyerasında sonuncu ola bilər. Çox vaxt siyasətçilər bədbəxt insanlardır, duyğularını və ehtiraslarını qısaraq öz temperamentlərini cilovlamağa məcbur olurlar. Hərçənd, Rusiyada nəyin sizə uğur qazandıracağını, nəyinsə batıracağını söyləmək xeyli çətindir. Məsələn, ölkəmizdə siyasət və alkoqol qəliz şəkildə bir-birinə dolaşıb. Bir tərəfdən alkoqolikləri sevmirlər, digər tərəfdən bəzi məsələləri butulkasız həll etmək mümkün deyil.
1991-ci ildə Yeltsin məni qubernator təyin etdi. Cavan idim, bürokratik və siyasi iş təcrübəsi ilə yüklənməmişdim, amma tez öyrənən idim. Təcrübəli sovet işçisi İvan Sklyarov birinci müavinim idi, məkanı cənnət olsun. Mənə ağıl verməklə o məşğul olurdu.
- Bilirsən, atam, cavan oğlansan, səni heç kim qubernator kimi qəbul etmir. Özün başa düşürsən, ciddi adamlardır: zavod direktorları, kolxoz sədrləri və başqaları. Sənə onlarla tanış olmaq, dostlaşmaq lazımdır...
- Bunun üçün nə etməliyəm ki?
- Hər biri ilə araq içməlisən.
- Bəs bizdə nə qədər zavod var?
- Zavod 500-ə yaxın, kolxoz isə 750.
- Yekə siyahıdır. Onu birtəhər qısaltmaq lazımdır. Belə deyək, yalnız qabaqcılları saxlayırıq.
Yekunda siyahını 400 həmpiyaləyə qədər qısaltdıq və avtoriteti möhkəmləndirmək üçün tanışlıqlar başladı. Bir il sonra şişməyə başladım. Səhərlər güclə qalxırdım, yaddaşım korlandı, nitqlə bağlı problemlər başladı, ciddi qərarların qəbulu çətin baş tuturdu. Anladım ki, alkoqolizmin iti caynaqlarına keçirəm. İvan Sklyarovu çağırdım və soruşdum:
- İvan Petroviç, bunu niyə etdiniz?
- Nə olub ki?
- Siz dediniz ki, öz avtoritetimi yüksəltmək üçün hər zavod direktoru ilə içməliyəm.
- Axı mən bilmirdim, sən bunu konkret qəbul edəcəksən və belə dəqiq yerinə yetirəcəksən...
Əvvəllər, “sovok” zamanı siyasətçilər və məmurlar içkisiz duruş gətirə bilməzdilər, içməyən karyera qura bilməzdi, sadəcə. Sərxoşluq etiketin ayrılmaz hissəsi idi. Bu, ənənə idi, protokol idi, pozulması yolverilməz sayılırdı. Yalnız xəstə adamlara güzəşt edirdilər, məsələn, Andropova. Qalan hamı içirdi. İçməyən adamlara şübhə ilə baxırdılar (özüm də onlara eyni cür yanaşırdım, mənə elə gəlirdi ki, içməyən ya çekistdir, ya da xəstə). İndi vəziyyət dəyişib, insanlar sağlamlıqlarına daha çox diqqət verməyə başlayıblar.
Ümumiyyətlə, bürokratiyanın daha idmançı olduğuna fikir vermisiniz? Yeltsin, məsələn, içməsinə baxmayaraq, tennis oynayırdı. Putin yetərincə idmançı həyat tərzi keçirir. Ölkə dəyişir. Əvvəl hər şey butulka arxasında həll olunurdu, indi yox.
Hökumətin kobud hərəkətləri üzündən 2006-cı ilin yayında mağazaların alkoqol təchizatı pozulanda qorxulu heç nə baş vermədi. Xalq problemi dözümlü və sakit yaşadı. Amma 1991-cı ildə Nijnı Novqorodda rəflərdə araq qurtaranda kişilər yolu bağladılar və avtobusları çevirirdilər. Mən qubernator-dispetçerə çevrilməli oldum, şəhərdə vəziyyəti sabitləşdirmək üçün araq dalınca maşınlar göndərirdim. Bu gün xalq arağa görə qiyam qaldırmayacaq.
Kapitalizm başqa həyat tərzinə alışdırır. Adamlar az alkoqollu içkiləri daha çox içirlər, məsələn, pivə. Tində araq içib üstündən əridilmiş pendir yeyən kompaniyanı az-az görərsən. “Sovok”da isə addımbaşı idi.
Yeltsin zamanında az adam onun özündən çox içərdi. Yadımdadır, Rusiya qoşunları Almaniyadan gedəndə Yeltsin bütün günü içdi və alkoqol coşqusu ilə hətta orkestrə dirijorluq etdi. Biz Lujkovla onun yanına getməyi və belə davranışın Rusiya üçün rüsvayçılıq olduğunu deməyi qərara aldıq. Mən getdim, Lujkov yox idi. Moskva merinə zəng vurdum, dedilər, hansısa vacib görüşdədir. Müdrik Yuri Mixayloviç!
Boris Nikolayeviçin nömrəsinin qarşısında məni prezident mühafizəsinin rəisi Aleksandr Korjakov qarşıladı.
- Tək gedəcəksən? Get, get, istədiyini söyləməyə cəhd elə.
Mən prezident apartamentlərinə daxil oldum Yeltsin divanda oturub, çox da yaxşı formada deyil və acıqla baxır.
- Niyə gəlmisiniz?
- Boris Nikolayeviç, bizim bütün nümayəndə heyətində belə fikir yaranıb ki, orkestr məsələsi yaxşı olmadı. Proqramımıza korrektələr etmək lazımdır, o cümlədən içki məsələsində, çünki qarşıda bizim səfirlikdə sizin adınızdan veriləcək böyük qəbul var. Helmut Kol gələcək, başqa tanınmış siyasətçilər gələcək, hər şeyin mərifətli olması lazımdır.
- Nə olub ki, mən orkestrlə pis etdim?
- Pis - o söz deyil.
- Siz haradan bilirsiniz?
- Bütün telekanallar göstərir.
- Televizoru yandırın.
Televizoru yandırdım. Bütün telekanallarda Yeltsinin orkestrə dirijorluq etməsini göstərirdilər. Mən pultun düymələrini basıram, mənzərə isə dəyişmir: bu, Sovet İttifaqında matəm elan edilərkən bütün kanallarda “Qu gölü”nü göstərilməsinə bənzəyirdi.
- Bu ki, dəhşətdir. Yəni mən belə görünürəm? - Yeltsin soruşdu.
Danışdıq ki, bugünlük içki ilə üzlüşürük. Qəbula elə də çox qalmamışdı. Birdən Yeltsin soruşdu:
- Qəbul nə qədər çəkəcək?
Mənə elə gəldi, məqsədsiz verilmiş sualdır. Həlledici olacağı heç ağlıma gəlmədi.
- Yeddidən doqquzun yarısına qədər, - dedim.
- Cəmi saat yarım! Yaxşı. İndi özümü qaydaya salaram.
Yeddinin yarısında prezidentin otağına gəldik. Bizi Yeltsin qarşılayır, ayıq - turp kimi. Mən hətta öz-özümə təəccübləndim: Ural orqanizmi necə də möhkəmdir!
Qəbul başlayır. Yeltsin nitqini gözəl söyləyir (doğrudur, kağızdan oxuyur, bu da onun üçün səciyyəvi deyil, amma kağızsız ağzına gələni danışmışdı). Almaniya kansleri Kol məmnundur. Hamı əl çalır. Hər şey ədəb və qaydalar çərçivəsində gedir. Masa arxasına otururuq. Süzürlər. Yeltsin yalnız mineral su içir və mənə göz vurur. Mən də düşünürəm: “Çox şükür, islah yoluna qədəm qoyub”.
Doqquzun yarısında Kol qalxır. Yeltsin onu yola salır. Vidalaşırlar.
Qapı Kolun arxasınca bağlanan kimi Yeltsin komanda verir: “Süzün! Hamıya süzün!”
- Boris Nikolayeviç... - mızıldayıram.
- Nə edib sizə Boris Nikolayeviç? Siz mənə nə dediniz? Qəbul yeddidən doqquzun yarısına qədər olacaq. Bunu demişdiniz?
- Demişdim.
- İndi bizim asudə vaxtımızdır. Süzün, - prezident harasa havaya tərəf dedi.
Və başlandı. Bu, dəhşət idi.
Ümumiyyətlə, bizim Boris Nikolayeviçlə çoxlu müxtəlif maraqlı əhvalatlarımız olub. Qeyri-formal, bütün protokollardan kənar.
Bir dəfə İsveçə uçduq. Prezident o zaman içmirdi, amma ürək əməliyyatından sonra güclü dərmanların təsiri altında idi. Stokholma yaxınlaşanda kral HHQ-nin qırıcıları bizim qanadlarımıza “oturdular”, bu da İsveç protokoluna uyğun idi. Qırıcılar o qədər yaxından uçurdular ki, biz pilotların üzünü görürdük. Hətta bir az qorxulu idi.
- Nə yaman səs-küydür. Təyyarələri uzaqlaşdırın, - Yeltsin dedi.
- Mən onları necə uzaqlaşdırım?
- Necə istəyirsiniz.
Tanrıya şükür, tez endik, amma səfər qalmaqalla başladı. Ən məzəli hadisə isə kral qəbulu zamanı baş verdi.
Kral Karl XVI Qustav gözəl arvadı Silviya və şahzadə Viktoriya - o da gözəl və İsveç xalqının sevimlisi - Rusiya prezidentinin şərəfinə nəhəng ziyafət təşkil etmişdilər. Protokola uyğun, Yeltsin tacdar cütlüyün, mən isə şahzadənin yanında oturmuşdum. Saatlarla müxtəlif təamlar daşıyırdılar, hər şey aramla, ahəngdar baş verir.
Birdən Yeltsin oturmaqdan bezdi və krala müraciət etdi.
- Gəlin, mərasimi qısaldaq. Artıq hər şey hər kəsə məlumdur.
- Prinsipcə, mümkündür. Amma bu mərasimin 650 yaşı var.
- Mənə baxın, siz kralsınız, mən - prezident. Məgər biz bu məsələni çözə bilmərik? - və Yeltsin şübhəli-şübhəli mənə tərəf baxır, kral isə bu zaman başqa mövzuya keçərək cavabdan yayınmağa çalışır.
- Yeri gəlmişkən, cənab prezident, bizim burada kiçik problemimiz var, - kral deyir. Mən sarayda yaşayıram, yaxınlıqda isə avtobus dayanacağı var. Daim avtobuslar tüstüləyir. Ekologiya çox pisdir...
- Siz də bu avtobusları dayanacaqla birlikdə rədd edin getsin, - Yeltsin də həmin mövzuya qoşulur.
- Bu məsələni həll etməyə çalışdım, amma alınmadı. Bunu Stokholmun şəhər parlamenti həll edir.
Bu zaman Yeltsin üzünü kraldan çəkir və mənə baxaraq, deyir:
- Bu kimdir? Siz məni hara gətirmisiniz? O xırda bir məsələni də həll edə bilmir. Biz burada niyə oturmuşuq?
İsveçdə ciddi hadisə də oldu. Nümayəndə heyətinin tərkibində “Qazprom”un rəhbəri Rem Vyaxirev də vardı. Bu, hökumətin qaz monopolistinin özəlləşdirilməsini rədd etdiyi və Vyaxirevə şirkətin səhmlərini trast müqaviləsi vasitəsilə çox ucuz almağa icazə vermədiyi dövr idi. Yeltsin Vyaxirevin qolundan tutub mənim yanıma gətirdi və sakitcə söylədi: “Nemtsov haqlıdır. Trast müqaviləsini cırmaq lazımdır. Bu, Rusiyanın qarət olunmasıdır. Yerinə yetirməsəniz, problemlər olacaq”.
Yeltsin öz işini həmişə, istənilən vəziyyətdə bilirdi.(pressklub)
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı