Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab -məhkəmə zalından azadlığa buraxılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Mədətoğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Yenixeber.org: Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. E.Mədətoğlunun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, E.Mədətoğlu Rəşad adlı şəxsə özünü mal-qara biznesi quran kimi qələmə verib. O, Rusiya və Gürcüstandan çoxlu sayda iribuynuzlu mal-qaranı gətirərək Azərbaycan ərazisində satmaqla mənfəət əldə etmək adı ilə zərərçəkmişə yalan vədlər söyləyib.
Belə ki, E.Mədətoğlu zərərçəkmişin etibarından sui-istifadə etmə və aldatma yolu ilə Rəşaddan 2014-cü il iyulun 23-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində 101 min manat nağd pul alıb və ona külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Onun barəsində CM-nin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
E.Mədətoğlu məhkəmədə dindirilən zaman ona elan edilən ittihamda özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində göstərib ki, 2016-cı il iyunun 14-dən Rusiyanın Smolensk şəhərində yaşayıb. 2019-cu ilin sonlarında Bərdə rayonundan tanıdığı Rəşadın ondan şikayət etdiyini və buna görə də polisin onu axtarmasını öyrənib. 2021-ci il fevralın 16-da polis əməkdaşları Smolensk şəhərində onu saxlayıb, daha sonra Azərbaycana ekstradisiya edilib.
İfadəsində bildirib ki, 2008-ci ildən 2016-cı il iyun ayının əvvəllərinədək Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsindəki “Hamam” adlanan yerin yanında icarə əsasında iaşə obyekti işlədib, Bərdə rayonundan gətirdiyi mal-qaranı kəsməklə satıb pul qazanıb.
O, Rəşadın dedikləri ilə razılaşmadığını söyləyib.
E.Mədətoğlunun sözlərinə görə, zərərçəkmişlə 2015-ci ilin axırlarında Tərtər rayonu ərazisində təklikdə görüşərək həmin şəxsdən cəmi 8 000 manat pul alıb, 3 000 manatı geri verib və yerdə qalan 5 000 manatı isə qaytara bilməyib.
Söyləyib ki, aralarında heç bir zaman mal-qara satılması ilə əlaqədar şəriklik olmayıb.
Zərərçəkmiş isə ifadəsində bildirib ki, 2012-ci ildən Bərdə rayonundan tanıdığı təqsirləndirilən şəxs qəssablıqla məşğul olub, E.Mədətoğlunun Bakıda çoxlu sayda ət dükanları olub.
O, özünə məxsus çoxlu sayda mal-qaranı təqsirləndirilən şəxsə satıb, 30 000-40 000 manat xeyir götürüb.
2014-cü il iyulun 3-də E.Mədətoğluna 101 min manat məbləğində nağd pul verib.
Zərərçəkmiş qeyd edib ki, hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onunla barışıb, heç bir şikayət və tələbi yoxdur.