Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan Dillər Universitetininin rektoru bu təhsil müəssisəsini cəngəllik qanunları ilə idarə edir” -Professordan ağır ittihamlar

Yenixeber.org: Məlumdur ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra respublikamızda yeni siyasi sistemə keçidin əsası müəyyən olundu və hər sahədə olduğu kimi, təhsil sahəsinin inkişafı üçün də qarşıya yeni tələblər, yeni vəzifələr qoyuldu. İllər keçdikcə isə respublikamızın təhsil sahəsində hiss olunacaq dərəcədə yeniləşmə prosesi özünü göstərməyə başladı. Vaxtilə xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdi: “Təhsil dövlətin əsas dayaqlarından biridir, ona görə də bu sahəyə hər zaman dövlət qayğısı artırılmalıdır”. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları prezident seçildiyi ilk gündən təhsilimizin inkişaf etdirilməsinə, onu dünyanın inkişaf etmiş ölkələrindəki təhsil səviyyəsinə çatdırmağa çalışır. Bütün bunlara baxmayar, bu gün də ölkəmizin təhsil sahəsində ciddi problemlər yaşanmaqdadır. Ciddi problemlərin olduğu təhsil müəssislərindən biri də Azərbaycan Dillər Universitetidir. Biz bu yazıda onlarln bəzilərindən bəhs edəcəyik. Məsələn, bu təhsil müəssisəsinin rəhbərinin uzun illər burada çalışmış filologiya elmləri doktoru, professor Həbib Zərbəliyevə qarşı atdığı addımlar heç bir çərçivəyə və normal məntiqə sığmır.

Oxucularda, geniş ictimaiyyətdə professor Həbib Məmməd oğlu Zərbəliyev haqqında müəyyən fikir formalaşması üçün əvvəlcə onun həyat və fəaliyyəti haqqında məlumatları təqdim etmək istərdik.

Bu günlərdə 70 yaşını qeyd edəcək Həbib Zərbəliyev 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur . Həmin illərdə bu kənddə yalnız ibtidai məktəb fəaliyyət göstərdiyindən Həbib Zərbəliyev iki il bu məktəbdə oxuduqdan sonra təhsilini Salyan şəhər internat məktəbində davam etdirməli olur. O, səkkizinci sinfə qədər burada təhsil alır və 1968-ci ildə Əli Bayramlı şəhər Pedaqoji məktəbinin ibtidai sinif müəllimliyi şöbəsinə daxil olur. 1972-ci ildə Pedaqoji məktəbi fərqlənmə diplomu ilə başa vurmuş Həbib Zərbəliyev ibtidai sinif müəllimi ixtisasına sahib olur və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin may ayına qədər bu rayonun Nərimanov kənd orta məktəbində sinif müəllimi işləyir və daha sonra həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini başa vurduqdan sonra isə o, doğulub boya-başa çatdığı Xurşud kəndində müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını dərindən öyrənir, fars və ingilis dillərini də mənimsəməyə çalışır. 1976-cı ilin yayı Həbib Zərbəliyev üçün olduqca uğurlu olur. O, həmin illərdə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin səyləri  sayəsində SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilən tələbələrdən biri olur. Həbib Zərbəliyev Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olsa da, bu fakültədə İndoneziya filologiyası bölməsinin də olduğunu öyrəndikdə fikrini dəyişir. Əvvəllər İndoneziya haqqında xeyli məlumata malik olan Həbib Zərbəliyevdə bu ölkəyə qarşı yenidən maraq oyanır və çox keçmir ki, o, İndoneziya filologiyası bölməsinə keçirilməsinə nail olur. 

 

   Leninqrad Dövlət Universitetində təhsil alan Həbib Zərbəliyev, tədris proqramı çərçivəsində təkcə İndoneziya dilini deyil, eyni zamanda malay, ərəb, ingilis, holland, türk və sanskrit dillərini də mükəmməl öyrənir və müstəqil şəkildə fars dili ilə də məşğul olur. V kursda oxuyarkən onun yazdığı diplom işi mütəxəssislərin diqqətini cəlb edir və elə ona görə də 1981-ci ildə diplom müdafiəsindən sonra Həbib Zərbəliyev SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Moskva şöbəsindən həmin işi çap etdirmək təklifi alır. Bir neçə il sonra – 1987-ci ildə əsər ("Язык минангкабау") Moskvada "Nauka" nəşriyyatında çap olunur. Həbib Zərbəliyev 1981-ci ildə Leninqrad Dövlət Universitetində ali təhsilini başa vurur. Azərbaycan SSR Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutnda elmi fəaliyyətə başladıqdan az sonra o, dissertasiya işi üzərində işləmək üçün üçün  təhsil aldığı universitetə ezam olunur. İki il müddətinə burada namizədlik dissertasiyası üzərində işləyən Həbib Zərbəliyev həm də tələbələrə İndoneziya dilini tədris edir. İki il ərzində müəllimi Aleksandr Konstantinoviç Oqloblinin rəhbərliyi altında tədqiqatını başa vurur və 1985-ci ilin fevralında "Avstroneziya dillərində saylar" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 1986-cı ildə o, doktorluq dissertasiyası üzərində işləmək üçün yenidən iki il müddətinə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə ezam olunur. Bu dəfə də həm dissertasiya işi üzərində çalışır, həm də İndoneziya dilini öyrənən tələbələrə bu dili tədris edir.

Həbib Zərbəliyev burada elmi əlaqələrinin coğrafiyasını daha da genişləndirir.  Çox keçmir ki, o, Hollandiyanın Leyden Universitetindəki həmkarı Karl Aleksandr Adelardan tədqiqat aparmaq üçün universitetə gəlmək dəvəti alır.  Həbib Zərbəliyev fasilələrlə üç il bu universitetdə tədqiqatını davam etdirir. Burada da o həm doktorluq dissertasiyası ilə bağlı tədqiqat aparır, həm də vaxtaşırı türk və İndoneziya filologiyası bölmələrində tələbələrə mühazirələr oxuyur. Bundan başqa, o, Hollandiyada ictimai-siyasi fəaliyyətlə də məşğul olur, orada Azərbaycan diasporunun formalaşmasında, ölkəmiz haqqında məlumatların yayılmasında böyük rol oynayır. Vaxtaşırı radio və televiziya kanallarında, yerli qəzetlərdə çıxış edir, onlara müsahibələr verir, Azərbaycan haqqında həqiqətləri Avropa dinləyici, tamaşaçı və oxucularına çatdırır. Hər dəfə Azərbaycana gəlib-qayıdarkən o, özü ilə Azərbaycan dili, tarixi, etnoqrafiyası və s. barədə çoxlu kitab götürür, onları Hollandiyanın, Almaniyanın, Belçikanın kitabxanalarına, oradakı müxtəlif ictimai qurumlara hədiyyə verir. Azərbaycan dilinin dialektoloji atlasının bir neçə nüsxəsini də Leyden Universitetinin kitabxanasına məhz Həbib Zərbəliyev hədiyyə etmişdir.

 

    1991-ci ildə Həbib Zərbəliyev Avropa ölkələrində fəaliyyətini başa vurub Bakıya, yəni Dilçilik İnstitutuna qayıdır. Az sonra professor Əlikram Abdullayev onu Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Mədəniyyətşünaslıq kafedrasına işləməyə dəvət edir. O, 1998-ci ilin ortalarına qədər bu ali təhsil ocağında Azərbaycan dilini tədris edir, eyni zamanda institutun Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş şöbəsinə rəhbərlik edir. Onun bu şöbəyə rəhbərlik etdiyi dövrdə qısa müddət ərzində bir sıra xarici ölkələrin ali məktəblərilə, beynəlxalq təşkilatlarla geniş əlaqələr yaradılır, tələbələrin bir qismi Misir, Tayvan, Türkiyə, Fransa, ABŞ, İngiltərə və s. ölkələrin təhsil müəssisələri ilə bağlanmış müqavilələr əsasında bu ölkələrdə təhsil alır, müxtəlif kurslarda iştirak edirlər. Həbib Zərbəliyev və professor Əlikram Abdullayevin səyləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq (dünyada 27-ci) YUNESKO-nun maliyyə dəstəyilə İnsan hüquqları, demokratiya və sülh YUNESKO kafedrası yaradılır.

1994-cü ildə Həbib Zərbəliyev xeyli müddət kənara qoymuş olduğu doktorluq dissertasiyasına yenidən qayıdır, tez bir zamanda onu tamamlayaraq müdafiə edir. Çox keçmir ki, o, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşmış müdafiə şurasına üzv seçilir. Burada o, aparılan müzakirələrdə prinsipial mövqeyi, obyektiv çıxışları, dissertantlara diqqətlə yanaşması, ədalətli və qərəzsiz opponentliyi ilə fərqlənir. Namizədlik və doktorluq dissertasiyası işlərini müdafiə edən onlarca dissertanta opponent olur. Sonralar belə bir fəaliyyətini Bakı Dövlət Universiteti və Təhsil Nazirliyinin birgə İxtisaslaşmış müdafiə şurasında da davam etdirir.

 

   Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda tipologiya məktəbinin əsasını Həbib Zərbəliyev qoymuşdur. 1997-ci ildə onun "Sayların və say konstruksiyalarının tipologiyası" monoqrafiyası nəşr edilir. Bu monoqrafiyasında o,   üç yüzdən artıq dilin materialı əsasında sayları dərindən və hərtərəfli tədqiq edir, saylar əsasında dillərin bir sıra universal xüsusiyyətlərini müəyyənləşdirir. Həmin monoqrafiya ən azı onbeşillik əməyin nəticəsi kimi işıq üzü görür və  öz əhatəliliyi, dərinliyi, nəzəri müddəalarla zənginliyi ilə Həbib Zərbəliyevi dünyanın görkəmli dilçiləri sırasına çıxarır. 1997-ci ildə onun "Müasir İndoneziya ədəbiyyatı antologiyası" dərs vəsaiti də çapdan çıxır. Həmin dərs vəsaiti Bakı Asiya Universitetinin İndoneziya filologiyası bölməsində təhsil alan  tələbələr üçün nəzərdə tutulmşdur. Həbib müəllim bir neçə il həmin universitetdə tələbələrə İndoneziya dili və ədəbiyyatını tədris etmişdir. 

2015-ci ildə Həbib Zərbəliyev Sankt-Peterburq alimlərinin rəyləri və redaktəsi ilə "Avstroneziya dillərində saylar (dil say sistemləri)" fundamental monoqrafiyasını çap etdirir.

Həbib Zərbəliyev həm də tərcümə fəaliyyəti ilə məşğul olur. Hələ Leninqradda namizədlik dissertasiyası üzərində işləyərkən o, İndoneziya dilindən bir neçə maraqlı hekayəni Azərbaycan dilinə tərcümə edərək çap etdirmişdir.  Sonralar o, Azərbaycan yazıçılarının hekayələrini də malay dilinə tərcümə etmişdir. Onun həm elmi əsərləri, həm də tərcümələri öz keyfiyyəti ilə seçilir. 1999-cu ildə rus dilindən, 2000-ci ildə isə ingilis dilindən beynəlxalq humanitar hüquqa aid tərcümə etdiyi iki monoqrafiyanın dili də olduqca oxunaqlı olması, axıcılığı ilə seçilir.

 

2001-ci ildə Həbib Zərbəliyev Malayziyanın Dil və Ədəbiyyat İnstitutuna dəvət olunur və həmin institutda "Malay və Azərbaycan dillərində ərəb və fars alınmalarının fonetik xüsusiyyətləri" mövzusunda tədqiqat aparır. Malayziya hökumətinin maliyyələşdirdiyi həmin layihəni o, 2002-ci ilin mart ayınında müvəffəqiyyətlə başa vurur. Bundan başqa, Həbib Zərbəliyev həmin institutda  elmi məruzələrlə çıxış edir, tez-tez Malayziyanın mətbuat orqanlarına müsahibələr verir. Dil və Ədəbiyyat İnstitutu 2002-ci ildə onun malay dili haqqındakı fikirlərini kompakt disk şəklində kütləvi tirajla nəşr etmişdir.

 

2002–2003-cü illərdə Həbib müəllim bir-birinin ardınca Malayziyanın Dil və Ədəbiyyat İnstitutunun, Malayziya Putra Universitetinin, Malayziya Sains Universitetinin keçirdikləri elmi konfrans və seminarlarda məruzələrlə çıxış edir. Bundan sonra Malayziya tədqiqatçıları onunla əməkdaşlığa böyük maraq göstərirlər. O, Malayziyada olduğu müddətdə İndoneziyaya və Sinqapura da səfərlər edir, orada müxtəlif universitetlərin alimləri ilə görüşlər keçirir, onlarla elmi əməkdaşlıq əlaqələri yaradır. Görkəmli alim İndoneziyanın Türkiyədəki (eyni zamanda Azərbaycandakı) səfirliyi ilə sıx əlaqə saxlayır, onlarla görüşlər keçirir, Azərbaycana gələn səfir və səfirlik əməkdaşlarının, nümayəndə heyətlərinin tərcümə problemlərini həll edir. Səfirlik də öz növbəsində onun İndoneziyada nəşr olunmuş zəruri elmi ədəbiyyatla təmin olunmasına lazımi kömək göstərir.

   Elm sahəsində müstəsna xidmətləri olan Həbib Zərbəliyev 90-dan artıq elmi, çoxsaylı tənqidi, publisistik və bədii tərcümə əsərlərinin, o cümlədən beynəlxalq humanitar hüquqa dair iki kitabın ingilis və rus dillərindən Azərbaycan dilinə tərcüməsinin, bir sıra metodik vəsaitin, göstəriş və tədris proqramlarının müəllifidir. Onun əsərlərinin çoxu xarici ölkələrdə çap olunmuşdur.

Həbib Zərbəliyev 1988–2016-cı illər ərzində Hollandiya, Almaniya, İngiltərə, ABŞ, Yeni Zelandiya, Fici, Tailand, Malayziya, İndoneziya, Avstraliya, Çin, Tayvan, Rusiya, Estoniya, Litva, Qazaxıstan və Gürcüstanda keçirilmiş onlarla beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.

O, 1995-ci ildən Bakı Dövlət Universitetinin nəşri olan "Dil və ədəbiyyat" nəzəri, elmi-metodik jurnalının, 2009-ci ildən həm də Azərbaycan Dillər Universitetinin "Elmi Xəbərləri"-nin (2019-cu ilə qədər), 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşri olan "Türkologiya" jurnalının, 2018-ci ildən AMEA-nın Əlyazmalar İnstitutu və "Elm və təhsil" nəşriyyatının birgə nəşr etdiyi "Filologiya məsələləri" jurnalının, 2017-ci ildən Şimali Sumatra Universitetinin (İndoneziya) nəşri olan "Miqot" jurnalının, 2019-cu ildən həmin universitetin həm də "Journal of Contemporary Islam and Muslim Societies" jurnalının, 2022-ci İldən Xakasiya Elmi Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunun "Научное Обозрение Саяно-Алтая" jurnalının, 2023-cü ildən "Journal of İndonesian Ulama" jurnalının (İndoneziya) redaksiya heyətinin üzvüdür. 2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetinin "Dil və ədəbiyyat" jurnalının baş redaktoru olmuşdur.

Həbib Zərbəliyev 1995-ci ildən dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının, 2003-cü ildən beynəlxalq malay dili məclisinin (Kuala Lumpur) üzvüdür. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini olmuşdur.

2006-cı ildə onun təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində İndoneziya bölməsi açılmışdır və o, həmin bölmədə İndoneziya dili, ədəbiyyatı, etnoqrafiyası və tarixi fənlərini tədris edir. 2010–2013-cü illərdə Həbib Zərbəliyev pedaqoji fəaliyyətini davam etdirməklə bərabər, Azərbaycan Respublikasının Təhsil Nazirliyində Akkreditasiya şöbəsinə də rəhbərlik etmişdir. 2013–2014-cü illərdə o, Azərbaycan Dillər Universiteti ilə bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsində də çalışmış və Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" üzrə İşçi Qrupunun sədr müavini olmuş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinə, 2016–2017-ci illərdə Qafqaz Universitetində (2017-ci ildən Bakı Mühəndislik Universiteti) "Azərbaycan multikulturalizmi" elm-təhsil mərkəzinə rəhbərlik etmişdir.

Professor Həbib Zərbəliyev bir çox monoqrafik tədqiqatların elmi redaktoru, 50-dən çox fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş tədqiqatçının rəsmi opponenti olmuşdur. Cənub-Şərqi Asiya ölkələri xalqlarının dilləri və ədəbiyyatlarının tədqiqi üzrə tanınmış mütəxəssis kimi onun haqqında məlumatlar Niderlandda çap olunmuş "European Directory of South-East Asian Studies" ensiklopedik məlumat kitabına da daxil edilmişdir.

Həbib Zərbəliyev 2004-cü ildən "Heydər Əliyev Elektron Kitabxanası"nın (aliyevheritage.com) İndoneziya dili üzrə tərcüməçisi, 2014-cü ildən İndoneziya dilində çıxan və həmin ölkədə yayılması nəzərdə tutulan "Warisan" ("İrs") jurnalının redakasiya heyətinin üzvü və İndoneziya dilinə tərcüməçisidir. Bundan başqa, o, Azərbaycanın dövlət və hökumət başçılarının, Milli Məclis sədrinin, nazirlərin İndoneziya və Malayziyanın dövlət, hökumət başçılarının və qanunvericilik orqanlarının, nazirliklərinin rəhbərləri ilə keçirilən rəsmi görüşlərin tərcüməcisidir. 



2008-ci və 2009-cu illərdə Malayziya dövlətinin Baş Nazirinin təsis etdiyi mükafat uğrunda tələbələr arasında Malay və İndoneziya dilləri üzrə keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olmuş Həbib Zərbəliyev, 2008-ci ildə İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun şəxsi dəvəti ilə Prezident sarayında keçirilən "İndoneziya Prezidentinin dostları" proqramında iştirak etmişdir. Uzun illər ərzində İndoneziya mədəniyyətinin təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərə görə professor Həbib Zərbəliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun 04 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Mədəniyyət sahəsində xidmətlərinə görə" ordeninə (Tanda Kehormatan Satyalancana Kebudayaan), 15 avqust 2009-cu il tarixli Sərəncamı ilə "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni"nə (Bintang Jasa Pratama) layiq görülmüşdür. 2017-ci ilin avqustunda Həbib Zərbəliyev Nusantara ölkələri ilə dostluq münasibətlərinin yaradılmasında göstərdiyi xidmətlərinə görə İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin təsis etdiyi "Taranggana Sanitra Nusantara" medalı ilə də təltif olunmuşdur.

 

         Hörmətli oxucular!

   Sizi filologiya elmləri doktoru, professor Həbib Zərbəliyevin həyat və fəaliyyəti haqqında ətraflı, geniş məlumatlandırmaqda məqsədimiz onun beynəlxalq səviyyəli alim, tanınmış Azərbaycan ziyalısı olduğunu çatdırmaqdır. Həbib müəllimin uzun illər ərzində Azərbaycan–İndoneziya əlaqələrinin inkişaf etdirilməsində, həmin ölkənin mədəniyyətinin təbliğində, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlər göz qabağındadır. Bütün bunlar onu söyləməyə əsas verir ki, Həbib Zərbəliyev heç də sıradan bir şəxs deyildir. Belə yüksək göstəricilərə malik olan, zəngin elmi fəaliyyəti ilə beynəlxalq səviyyədə tanınan, böyük nüfuz sahibi professor Həbib Zərbəliyev Azərbaycan Dillər Universitetində tutduğu vəzifədən kənarlaşdırılmış, obrazlı şəkildə desək, Universitetin rektoru Kamal Abdullayevin qurduğu oyunun “qurban”ı olmuşdur. Bütün bunlar haqda gundemxeber.az-ın əməkdaşına danışan Həbib Zərbəliyev bildirir ki, “Mən 2007-ci ildən Azərbaycan Dillər Universitetində professor vəzifəsində işləyirdim. 24 iyun 2023-cü il tarixində həmin vəzifəyə təkrar seçki keçirilirdi və mən həmin vəzifəyə yeganə namizəd idim. Seçki öncəsi rektor Kamal Abdullayev filologiya fakültəsinin dekanı, eyni zamanda fakültənin Elmi şurasının sədrinə göstəriş verir ki, Həbib Zərbəliyevin əleyhinə səs verin. Qoy o, məcbur olub mənimlə görüşsün və mənə qarşı yazdığı yazılara görə məndən üzr istəsin. Məsələ ilə bağlı Həbib Zərbəliyev bunları dedi: “Elmi şuranın sədrinin mənə “Kamal Abdullayevlə görüşmək istəyərdinizmi?” sualına cavabım belə oldu:  Onunla görüşüm iki halda baş tuta bilər – birincisi, Kamal Abdullayevin yuxusunda, ikincisi isə, Universitetdə etdiyi total saxtakarlıqlara görə o, həbsxanada məhbus həyatı yaşayarkən. Verdiyim cavabları Şura sədrinin ona çatdırıb-çatdırmadığı haqda dəqiq bir söz deyə bilmərəm. Cavabımda onu da qeyd etdim ki, Şuranın çıxarmış olduğu qərar baş vermiş prosedur pozuntularına görə qanuna ziddir və dərhal ləğv olunmalıdır”.

Həbib Zərbəliyev rektor haqqında həmçinin bunları dedi: 

“Kamal Abdullayev rəhbərlik etdiyi bu ali təhsil müəssisəsini cəngəllik qanunları ilə idarə edir. O, vəzifə səlahiyyətlərini aşaraq əməkdaşları alçaldır, təhqir edir, rektora, alimə yaraşmayan davranış nümayiş etdirir, ölkə rəhbərinin müəllimlərin əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymur. Əmək haqqının artırılmamasını isə onunla əsaslandırır ki, Universitet Publik hüquqi şəxsdir. Halbuki bu, çox yanlış yanaşmadır, çünki Prezidentin imzaladığı belə sərəncamları nəinki publik hüquqi şəxslər, hətta özəl müəssisələr də yerinə yetirməyə borcludur. Bununla o, bir rektor kimi Prezidentin sərəncamlarına da sayğısızlığını nümayiş etdirir.

Kamal Abdullayev Universitetdə işə yüksək vəzifə sahibi olan şəxslərin yaxınlarını götürməyə üstünlük verir, çünki onlardan özü üçün sipər kimi istifadə edir.

Ötən illər ərzində bir çox xarici ölkələrdə Universitetin maliyyə vəsaitləri hesabına mərkəzlər açılmışdır. Həmin mərkəzlər Azərbaycan dilinin,  Azərbaycan multikulturalizminin təbliği üçün nəzərdə tutulsa da, daha çox Kamal Abdullayevin özünün təbliğinə, bədii cəhətdən ciddi dəyəri olmayan əsərlərinin xarici dillərə tərcümə edilməsinə xidmət edir.

Universitetdə baş verən haqsızlıqlara qarşı narazılıq edənləri isə o aşkarcasına işdən çıxarmaqla hədələyir.

Universitetdə hər il yüzlərlə saxta diplomlar verilir. Qaydalara görə, tələbə bir semestr ərzində 6-dan çox kəsir ləğv edə bilməz. Ötəri araşdırma belə, göstərdi ki, Universitetdə tələbələrin kəsirlərinin sayı ilə diplom aldıqları vaxt arasındakı zaman məsafəsi həmin kəsirlərin ləğvi üçün kifayət etmir. Üstəlik, tələbələrin kəsiri qalmış fənlərin xeyli hissəsi davam edən fənlərdir. Sonrakı mərhələlərin kəsirlərinin ləğvi üçün əvvəlki mərhələlərdə olan kəsirlər aradan qaldırılmalıdır. Bu isə əlavə vaxt tələb edir. Bundan başqa, VI, hətta VII ilə böyük sayda kəsirlə gəlib çıxmış tələbələrin birdən-birə ildırım sürətilə kəsirlərini “ləğv edə bilməsi” ortada rüşvət amilinin olduğu ehtimalını yaradır.

Təkcə 2018–2019-cu tədris ilində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində bir əmrlə ümumlikdə 453 kəsirlə 68 tələbəyə, Filologiya fakültəsində 144 kəsirlə 35 tələbəyə diplom verilmişdir. Başqa sözlə, Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 68 tələbəyə, Filologiya fakültəsində isə 35 tələbəyə saxta diplom verilmişdir. Həmin tədris ili ərzində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 5 tələbənin istehsalat praktikasından kəsiri olsa da, onlar diplom almışlar. Pedaqoji praktika üçün 21 kredit nəzərdə tutulur. Bu, o deməkdir ki, 5 tələbə toplamalı olduğu 240 kreditdən yalnız 219 kredit yerinə yetirmiş və saxta diplom almışdır. Həmin dövrdə Filologiya və jurnalistika fakültəsində 9 tələbənin, Təhsil fakültəsində isə 20 tələbənin pedaqoji praktikadan kəsiri olmasına baxmayaraq, onların hamısına saxta diplom verilmişdir.

Bəlkə də, ADU-nun rəhbərliyi saxta diplomları həmin tələbələrə “qara qaşlarına və qara gözlərinə” görə vermişdir. Amma başqa səbəb də ola bilərdi. Kamal Abdullayev 2019-cu ildə hələ Kirill əlifbası ilə yazırdı. Görünür, həmin vaxtlarda o, latın qrafikası ilə yazılmış sənədləri yaxşı başa düşməyib. 

 Bir müddət əvvəl mən Kamal Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Filologiya fakültəsinin Elmi şurasının üzvlərinin böyük qisminə imzalatdığı və saxta ittihamların irəli sürüldüyü şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinə çağrılmışdım. İzahatımda ittihamın tamamilə əsassız olduğunu, bunun Kamal Abdullayevin altı il ərzində verdiyi saxta diplomları üzə çıxardığıma görə diqqəti həmin məsələdən yayındırmaq cəhdi olduğunu bildirdim.

Saxta səsvermə yolu ilə işdən kənarlaşdırılmağımla bağlı mən də məhəkəməyə müraciət etmişəm və məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirəm.

Mübarizəmi isə bütün hallarda davam etdirəcəyəm. Hətta yalançı ittihamlarla mühakimə olunub həbs cəzası ala biləcəyim belə, məni doğru yolumdan döndərə bilməz. Bunu yaxşı bilən Kamal Abdullayev mobbinq fəaliyyətinə – mənə qarşı psixoloji terrora başlayıb. Bunun üçün o muzdlu “yazar”lardan istifadə edir. Bundan başqa, o, Universitetdə 37-ci illərin qaydalarına uyğun şəkildə imza toplayaraq sosial şəbəkələrdə yaymaqla məni susdurmağa cəhd göstərir. Belə bir imza toplanması kampaniyasına Universitetin təkcə professor-müəllim heyəti deyil, texniki işçiləri də cəlb olunmuşdu. Aldığım məlumata görə, hazırlanmış sənədi oxumadan imzalayanlar sonra bir-birindən nəyə imza atdıqlarını soruşurmuşlar. 

Bütün bunlarla bağlı Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Elm və Təhsil naziriliyinə və aidiyyatı üzrə digər dövlət qurumlarına rəsmi şikayət ərizələri ünvanlamışam. Təəssüf ki,  şikayətimə baxılıb-baxılmaması barədə mənə hələ hər hansı məlumat verilməyib. Görünür, Kamal Abdullayev əlaqələrindən istifadə edərək, hələlik şikayətin baxılmasına mane ola bilir. Amma bunun da sonu, əlbəttə, olacaq”.

Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumlarının rəsmi şəxsləri professor Həbib Zərbəliyevin üz-üzə qaldığı haqsızlıqların aradan qaldırılması, ədalətin bərpası üçün əməli addımlar atacaqlar. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzunu diqqətdə saxlayacağıq.(Gundemxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam