“Azərbaycan Dillər Universitetininin rektoru bu təhsil müəssisəsini cəngəllik qanunları ilə idarə edir” -Professordan ağır ittihamlar
Yenixeber.org: Məlumdur ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra respublikamızda yeni siyasi sistemə keçidin əsası müəyyən olundu və hər sahədə olduğu kimi, təhsil sahəsinin inkişafı üçün də qarşıya yeni tələblər, yeni vəzifələr qoyuldu. İllər keçdikcə isə respublikamızın təhsil sahəsində hiss olunacaq dərəcədə yeniləşmə prosesi özünü göstərməyə başladı. Vaxtilə xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdi: “Təhsil dövlətin əsas dayaqlarından biridir, ona görə də bu sahəyə hər zaman dövlət qayğısı artırılmalıdır”. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları prezident seçildiyi ilk gündən təhsilimizin inkişaf etdirilməsinə, onu dünyanın inkişaf etmiş ölkələrindəki təhsil səviyyəsinə çatdırmağa çalışır. Bütün bunlara baxmayar, bu gün də ölkəmizin təhsil sahəsində ciddi problemlər yaşanmaqdadır. Ciddi problemlərin olduğu təhsil müəssislərindən biri də Azərbaycan Dillər Universitetidir. Biz bu yazıda onlarln bəzilərindən bəhs edəcəyik. Məsələn, bu təhsil müəssisəsinin rəhbərinin uzun illər burada çalışmış filologiya elmləri doktoru, professor Həbib Zərbəliyevə qarşı atdığı addımlar heç bir çərçivəyə və normal məntiqə sığmır.
Oxucularda, geniş ictimaiyyətdə professor Həbib Məmməd oğlu Zərbəliyev haqqında müəyyən fikir formalaşması üçün əvvəlcə onun həyat və fəaliyyəti haqqında məlumatları təqdim etmək istərdik.
Bu günlərdə 70 yaşını qeyd edəcək Həbib Zərbəliyev 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur . Həmin illərdə bu kənddə yalnız ibtidai məktəb fəaliyyət göstərdiyindən Həbib Zərbəliyev iki il bu məktəbdə oxuduqdan sonra təhsilini Salyan şəhər internat məktəbində davam etdirməli olur. O, səkkizinci sinfə qədər burada təhsil alır və 1968-ci ildə Əli Bayramlı şəhər Pedaqoji məktəbinin ibtidai sinif müəllimliyi şöbəsinə daxil olur. 1972-ci ildə Pedaqoji məktəbi fərqlənmə diplomu ilə başa vurmuş Həbib Zərbəliyev ibtidai sinif müəllimi ixtisasına sahib olur və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin may ayına qədər bu rayonun Nərimanov kənd orta məktəbində sinif müəllimi işləyir və daha sonra həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini başa vurduqdan sonra isə o, doğulub boya-başa çatdığı Xurşud kəndində müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını dərindən öyrənir, fars və ingilis dillərini də mənimsəməyə çalışır. 1976-cı ilin yayı Həbib Zərbəliyev üçün olduqca uğurlu olur. O, həmin illərdə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilən tələbələrdən biri olur. Həbib Zərbəliyev Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olsa da, bu fakültədə İndoneziya filologiyası bölməsinin də olduğunu öyrəndikdə fikrini dəyişir. Əvvəllər İndoneziya haqqında xeyli məlumata malik olan Həbib Zərbəliyevdə bu ölkəyə qarşı yenidən maraq oyanır və çox keçmir ki, o, İndoneziya filologiyası bölməsinə keçirilməsinə nail olur.
Leninqrad Dövlət Universitetində təhsil alan Həbib Zərbəliyev, tədris proqramı çərçivəsində təkcə İndoneziya dilini deyil, eyni zamanda malay, ərəb, ingilis, holland, türk və sanskrit dillərini də mükəmməl öyrənir və müstəqil şəkildə fars dili ilə də məşğul olur. V kursda oxuyarkən onun yazdığı diplom işi mütəxəssislərin diqqətini cəlb edir və elə ona görə də 1981-ci ildə diplom müdafiəsindən sonra Həbib Zərbəliyev SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Moskva şöbəsindən həmin işi çap etdirmək təklifi alır. Bir neçə il sonra – 1987-ci ildə əsər ("Язык минангкабау") Moskvada "Nauka" nəşriyyatında çap olunur. Həbib Zərbəliyev 1981-ci ildə Leninqrad Dövlət Universitetində ali təhsilini başa vurur. Azərbaycan SSR Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutnda elmi fəaliyyətə başladıqdan az sonra o, dissertasiya işi üzərində işləmək üçün üçün təhsil aldığı universitetə ezam olunur. İki il müddətinə burada namizədlik dissertasiyası üzərində işləyən Həbib Zərbəliyev həm də tələbələrə İndoneziya dilini tədris edir. İki il ərzində müəllimi Aleksandr Konstantinoviç Oqloblinin rəhbərliyi altında tədqiqatını başa vurur və 1985-ci ilin fevralında "Avstroneziya dillərində saylar" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 1986-cı ildə o, doktorluq dissertasiyası üzərində işləmək üçün yenidən iki il müddətinə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə ezam olunur. Bu dəfə də həm dissertasiya işi üzərində çalışır, həm də İndoneziya dilini öyrənən tələbələrə bu dili tədris edir.
Həbib Zərbəliyev burada elmi əlaqələrinin coğrafiyasını daha da genişləndirir. Çox keçmir ki, o, Hollandiyanın Leyden Universitetindəki həmkarı Karl Aleksandr Adelardan tədqiqat aparmaq üçün universitetə gəlmək dəvəti alır. Həbib Zərbəliyev fasilələrlə üç il bu universitetdə tədqiqatını davam etdirir. Burada da o həm doktorluq dissertasiyası ilə bağlı tədqiqat aparır, həm də vaxtaşırı türk və İndoneziya filologiyası bölmələrində tələbələrə mühazirələr oxuyur. Bundan başqa, o, Hollandiyada ictimai-siyasi fəaliyyətlə də məşğul olur, orada Azərbaycan diasporunun formalaşmasında, ölkəmiz haqqında məlumatların yayılmasında böyük rol oynayır. Vaxtaşırı radio və televiziya kanallarında, yerli qəzetlərdə çıxış edir, onlara müsahibələr verir, Azərbaycan haqqında həqiqətləri Avropa dinləyici, tamaşaçı və oxucularına çatdırır. Hər dəfə Azərbaycana gəlib-qayıdarkən o, özü ilə Azərbaycan dili, tarixi, etnoqrafiyası və s. barədə çoxlu kitab götürür, onları Hollandiyanın, Almaniyanın, Belçikanın kitabxanalarına, oradakı müxtəlif ictimai qurumlara hədiyyə verir. Azərbaycan dilinin dialektoloji atlasının bir neçə nüsxəsini də Leyden Universitetinin kitabxanasına məhz Həbib Zərbəliyev hədiyyə etmişdir.
1991-ci ildə Həbib Zərbəliyev Avropa ölkələrində fəaliyyətini başa vurub Bakıya, yəni Dilçilik İnstitutuna qayıdır. Az sonra professor Əlikram Abdullayev onu Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Mədəniyyətşünaslıq kafedrasına işləməyə dəvət edir. O, 1998-ci ilin ortalarına qədər bu ali təhsil ocağında Azərbaycan dilini tədris edir, eyni zamanda institutun Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş şöbəsinə rəhbərlik edir. Onun bu şöbəyə rəhbərlik etdiyi dövrdə qısa müddət ərzində bir sıra xarici ölkələrin ali məktəblərilə, beynəlxalq təşkilatlarla geniş əlaqələr yaradılır, tələbələrin bir qismi Misir, Tayvan, Türkiyə, Fransa, ABŞ, İngiltərə və s. ölkələrin təhsil müəssisələri ilə bağlanmış müqavilələr əsasında bu ölkələrdə təhsil alır, müxtəlif kurslarda iştirak edirlər. Həbib Zərbəliyev və professor Əlikram Abdullayevin səyləri nəticəsində Azərbaycanda ilk dəfə olaraq (dünyada 27-ci) YUNESKO-nun maliyyə dəstəyilə İnsan hüquqları, demokratiya və sülh YUNESKO kafedrası yaradılır.
1994-cü ildə Həbib Zərbəliyev xeyli müddət kənara qoymuş olduğu doktorluq dissertasiyasına yenidən qayıdır, tez bir zamanda onu tamamlayaraq müdafiə edir. Çox keçmir ki, o, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşmış müdafiə şurasına üzv seçilir. Burada o, aparılan müzakirələrdə prinsipial mövqeyi, obyektiv çıxışları, dissertantlara diqqətlə yanaşması, ədalətli və qərəzsiz opponentliyi ilə fərqlənir. Namizədlik və doktorluq dissertasiyası işlərini müdafiə edən onlarca dissertanta opponent olur. Sonralar belə bir fəaliyyətini Bakı Dövlət Universiteti və Təhsil Nazirliyinin birgə İxtisaslaşmış müdafiə şurasında da davam etdirir.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda tipologiya məktəbinin əsasını Həbib Zərbəliyev qoymuşdur. 1997-ci ildə onun "Sayların və say konstruksiyalarının tipologiyası" monoqrafiyası nəşr edilir. Bu monoqrafiyasında o, üç yüzdən artıq dilin materialı əsasında sayları dərindən və hərtərəfli tədqiq edir, saylar əsasında dillərin bir sıra universal xüsusiyyətlərini müəyyənləşdirir. Həmin monoqrafiya ən azı onbeşillik əməyin nəticəsi kimi işıq üzü görür və öz əhatəliliyi, dərinliyi, nəzəri müddəalarla zənginliyi ilə Həbib Zərbəliyevi dünyanın görkəmli dilçiləri sırasına çıxarır. 1997-ci ildə onun "Müasir İndoneziya ədəbiyyatı antologiyası" dərs vəsaiti də çapdan çıxır. Həmin dərs vəsaiti Bakı Asiya Universitetinin İndoneziya filologiyası bölməsində təhsil alan tələbələr üçün nəzərdə tutulmşdur. Həbib müəllim bir neçə il həmin universitetdə tələbələrə İndoneziya dili və ədəbiyyatını tədris etmişdir.
2015-ci ildə Həbib Zərbəliyev Sankt-Peterburq alimlərinin rəyləri və redaktəsi ilə "Avstroneziya dillərində saylar (dil say sistemləri)" fundamental monoqrafiyasını çap etdirir.
Həbib Zərbəliyev həm də tərcümə fəaliyyəti ilə məşğul olur. Hələ Leninqradda namizədlik dissertasiyası üzərində işləyərkən o, İndoneziya dilindən bir neçə maraqlı hekayəni Azərbaycan dilinə tərcümə edərək çap etdirmişdir. Sonralar o, Azərbaycan yazıçılarının hekayələrini də malay dilinə tərcümə etmişdir. Onun həm elmi əsərləri, həm də tərcümələri öz keyfiyyəti ilə seçilir. 1999-cu ildə rus dilindən, 2000-ci ildə isə ingilis dilindən beynəlxalq humanitar hüquqa aid tərcümə etdiyi iki monoqrafiyanın dili də olduqca oxunaqlı olması, axıcılığı ilə seçilir.
2001-ci ildə Həbib Zərbəliyev Malayziyanın Dil və Ədəbiyyat İnstitutuna dəvət olunur və həmin institutda "Malay və Azərbaycan dillərində ərəb və fars alınmalarının fonetik xüsusiyyətləri" mövzusunda tədqiqat aparır. Malayziya hökumətinin maliyyələşdirdiyi həmin layihəni o, 2002-ci ilin mart ayınında müvəffəqiyyətlə başa vurur. Bundan başqa, Həbib Zərbəliyev həmin institutda elmi məruzələrlə çıxış edir, tez-tez Malayziyanın mətbuat orqanlarına müsahibələr verir. Dil və Ədəbiyyat İnstitutu 2002-ci ildə onun malay dili haqqındakı fikirlərini kompakt disk şəklində kütləvi tirajla nəşr etmişdir.
2002–2003-cü illərdə Həbib müəllim bir-birinin ardınca Malayziyanın Dil və Ədəbiyyat İnstitutunun, Malayziya Putra Universitetinin, Malayziya Sains Universitetinin keçirdikləri elmi konfrans və seminarlarda məruzələrlə çıxış edir. Bundan sonra Malayziya tədqiqatçıları onunla əməkdaşlığa böyük maraq göstərirlər. O, Malayziyada olduğu müddətdə İndoneziyaya və Sinqapura da səfərlər edir, orada müxtəlif universitetlərin alimləri ilə görüşlər keçirir, onlarla elmi əməkdaşlıq əlaqələri yaradır. Görkəmli alim İndoneziyanın Türkiyədəki (eyni zamanda Azərbaycandakı) səfirliyi ilə sıx əlaqə saxlayır, onlarla görüşlər keçirir, Azərbaycana gələn səfir və səfirlik əməkdaşlarının, nümayəndə heyətlərinin tərcümə problemlərini həll edir. Səfirlik də öz növbəsində onun İndoneziyada nəşr olunmuş zəruri elmi ədəbiyyatla təmin olunmasına lazımi kömək göstərir.
Elm sahəsində müstəsna xidmətləri olan Həbib Zərbəliyev 90-dan artıq elmi, çoxsaylı tənqidi, publisistik və bədii tərcümə əsərlərinin, o cümlədən beynəlxalq humanitar hüquqa dair iki kitabın ingilis və rus dillərindən Azərbaycan dilinə tərcüməsinin, bir sıra metodik vəsaitin, göstəriş və tədris proqramlarının müəllifidir. Onun əsərlərinin çoxu xarici ölkələrdə çap olunmuşdur.
Həbib Zərbəliyev 1988–2016-cı illər ərzində Hollandiya, Almaniya, İngiltərə, ABŞ, Yeni Zelandiya, Fici, Tailand, Malayziya, İndoneziya, Avstraliya, Çin, Tayvan, Rusiya, Estoniya, Litva, Qazaxıstan və Gürcüstanda keçirilmiş onlarla beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.
O, 1995-ci ildən Bakı Dövlət Universitetinin nəşri olan "Dil və ədəbiyyat" nəzəri, elmi-metodik jurnalının, 2009-ci ildən həm də Azərbaycan Dillər Universitetinin "Elmi Xəbərləri"-nin (2019-cu ilə qədər), 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşri olan "Türkologiya" jurnalının, 2018-ci ildən AMEA-nın Əlyazmalar İnstitutu və "Elm və təhsil" nəşriyyatının birgə nəşr etdiyi "Filologiya məsələləri" jurnalının, 2017-ci ildən Şimali Sumatra Universitetinin (İndoneziya) nəşri olan "Miqot" jurnalının, 2019-cu ildən həmin universitetin həm də "Journal of Contemporary Islam and Muslim Societies" jurnalının, 2022-ci İldən Xakasiya Elmi Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunun "Научное Обозрение Саяно-Алтая" jurnalının, 2023-cü ildən "Journal of İndonesian Ulama" jurnalının (İndoneziya) redaksiya heyətinin üzvüdür. 2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetinin "Dil və ədəbiyyat" jurnalının baş redaktoru olmuşdur.
Həbib Zərbəliyev 1995-ci ildən dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının, 2003-cü ildən beynəlxalq malay dili məclisinin (Kuala Lumpur) üzvüdür. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini olmuşdur.
2006-cı ildə onun təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində İndoneziya bölməsi açılmışdır və o, həmin bölmədə İndoneziya dili, ədəbiyyatı, etnoqrafiyası və tarixi fənlərini tədris edir. 2010–2013-cü illərdə Həbib Zərbəliyev pedaqoji fəaliyyətini davam etdirməklə bərabər, Azərbaycan Respublikasının Təhsil Nazirliyində Akkreditasiya şöbəsinə də rəhbərlik etmişdir. 2013–2014-cü illərdə o, Azərbaycan Dillər Universiteti ilə bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsində də çalışmış və Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" üzrə İşçi Qrupunun sədr müavini olmuş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinə, 2016–2017-ci illərdə Qafqaz Universitetində (2017-ci ildən Bakı Mühəndislik Universiteti) "Azərbaycan multikulturalizmi" elm-təhsil mərkəzinə rəhbərlik etmişdir.
Professor Həbib Zərbəliyev bir çox monoqrafik tədqiqatların elmi redaktoru, 50-dən çox fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş tədqiqatçının rəsmi opponenti olmuşdur. Cənub-Şərqi Asiya ölkələri xalqlarının dilləri və ədəbiyyatlarının tədqiqi üzrə tanınmış mütəxəssis kimi onun haqqında məlumatlar Niderlandda çap olunmuş "European Directory of South-East Asian Studies" ensiklopedik məlumat kitabına da daxil edilmişdir.
Həbib Zərbəliyev 2004-cü ildən "Heydər Əliyev Elektron Kitabxanası"nın (aliyevheritage.com) İndoneziya dili üzrə tərcüməçisi, 2014-cü ildən İndoneziya dilində çıxan və həmin ölkədə yayılması nəzərdə tutulan "Warisan" ("İrs") jurnalının redakasiya heyətinin üzvü və İndoneziya dilinə tərcüməçisidir. Bundan başqa, o, Azərbaycanın dövlət və hökumət başçılarının, Milli Məclis sədrinin, nazirlərin İndoneziya və Malayziyanın dövlət, hökumət başçılarının və qanunvericilik orqanlarının, nazirliklərinin rəhbərləri ilə keçirilən rəsmi görüşlərin tərcüməcisidir.