Ekspert: “Bəzən abituriyentlər “oxumadığımız mövzular var idi” deyir, ya da hazırlığa getdiyi kursun üzərinə atır ki...”
Yenixeber.org: Bu il orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Buraxılış imtahanları martın 5-də, 12-də (onun nəticələri hələ açıqlanmayıb) və aprelin 2-də oldu (ötən ildən qalanlar və bu il üzrlü səbəbdən əvvəlki imtahanlara qatıla bilməyənlər).
Bir çox valideyn və şagirdlər şikayətlənir ki, bəzi suallar məktəb proqramına aid deyildi. İddialara görə, məqsəd şagirdlərin çox bal toplamasına imkan verməmək olub.
11-ci sinif şagirdi Sona Abdullayeva (adı və soyadı şərtidir) AzadlıqRadiosuna bildirib ki, buraxılış imtahanında Azərbaycan dili üzrə suallar xüsusilə çətin idi: “Sualları oxuyub başa düşə bilmirdim, halbuki doğma dilimdir. "Abituriyent" jurnalında verilən proqram üzrə neçə vaxtdır imtahana hazırlaşırdım. Suallar çox dolaşıq idi, elə bil məqsəd biliklərimizi yoxlamaq deyil, imtahanımızı çətinləşdirmək idi".
Abdullayevanın sözlərinə görə, onunla bir yerdə oxuyan şagirdlərin çoxu aşağı bal toplayıb: “O da məhz sualların daha çətin və dolaşıq olmasından oldu. İndi universitetə qəbul işimiz çətinləşəcək. Suallar gərək aydın və dəqiq olsun ki, şagirdlər bir sualın üstündə 10 dəqiqə vaxt itirməsinlər. Yoxsa həyəcanlanırsan, bildiyin də yadından çıxır”.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Turan”a bildirilib ki, imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün aprelin 26-dan onlayn apelyasiya prosesi təşkil ediləcək: “12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin növbəti 7-10 günə elan olunması nəzərdə tutulur”.
Şikayətlərə gəlincə isə 5 mart imtahanında istifadə olunan test tapşırıqlarını elmi məqsədlər üçün növbəti imtahanlarda istifadə etməmək qərara alınıb: “İmtahanlar eyni struktur, standart və tələblər əsasında hazırlanır. Sadəcə, şagirdlərin bu imtahanların çətinlik səviyyəsi haqqındakı təəssüratları onların hazırlıq səviyyələrindən asılı olaraq fərqlənir. Belə ki, hazırlıqlı şagirdlər üçün suallar asan, zəif şagirdlər üçün çətin görünə bilər. Lakin imtahanların nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında qəti fikir söyləmək düzgün deyil”.
Qurumdan əlavə edilib ki, bu yaxınlarda son dörd ilin göstəriciləri ictimaiyyətə təqdim olunub: “Hamısı bir-birinə yaxın idi. İlkin təhlillərə əsasən, builki imtahan nəticələrinin də ötənilki ilə müqayisədə təxminən bərabər olduğunu söyləyə bilərik. Fərq statistik xəta çərçivəsində ola bilər. Geniş təhlillər bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra ictimaiyyətə təqdim olunacaq”.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu il imtahanın nəticələri aşağıdır: “5 martda keçirilən imtahanda 50 min 800-ə yaxın insan iştirak edib və onların arasında cəmi 1 nəfər 297 bal toplayıb. Yəni 50 mindən çox şagirddən heç birinin 300 bal toplaya bilməməsi artıq bu imtahanların nə qədər çətin olduğundan xəbər verir”.
Adil Vəliyev
Təhsil eksperti Adil Vəliyev mövzu ilə bağlı deyir ki, hər il DİM-in keçirdiyi istər buraxılış, istərsə də qəbul imtahanından sonra mütləq şəkildə abituriyentlər və valideynlər tərəfindən narazılıqlar olur: “İllərdir ki, bu hal davam edir. Artıq təbii hal kimi biz bunu qəbul edirik. Düzdür, keçən il buraxılış imtahanının yoxlanılması zamanı müəllimlər ciddi səhvlərə yol vermişdilər. Biz bunu bildik, bunun üstünə getdik. DİM prosesi tam şəkildə qəbul etmədi. Ancaq bilirdilər ki, yoxlama prosesində ciddi problemlər olub. Sonradan apelyasiyada ikinci dəfə yoxlama oldu, daha operativ şəkildə, daha diqqətli şəkildə yoxlamalar oldu. İmtahanın çətinliyi barəsində danışsaq, hər il şagirdlər arasında hazırlıq səviyyəsi aşağı şagirdlər ola bilər. Elə şagirdlər olur ki, yaxşı hazırlıqlı şagird imtahanda həyəcanlı ola bilər. Bəzən də valideyndən nəticəni gizlədir, "unutmuşdum", “sürüşdürmə etmişdim” kimi sözlər deyirlər. Bəzən abituriyentlər “oxumadığımız mövzular var idi” deyir, ya da hazırlığa getdiyi kursun üzərinə, müəllimin üzərinə atır ki, dərs keçilməyib. Biz bu halların çox şahidi olmuşuq. Ancaq suallara gələndə isə mövzudan kənara çıxılmayıb. Sadəcə olaraq, bəzi suallar olub ki, onların yazılış şəkli səhv olub. Ancaq yazılış şəkli səhv olan suallarla bağlı da DİM elan etdi ki, hər hansı suallarda səhv olarsa, biz onu abituriyentin xeyrinə qiymətləndirəcəyik".
Ekspert əlavə edib ki, DİM-in səhv qərar verdiyi bəzi məqamlar var: “İmtahanda bir neçə sual səhvdir. Abituriyentin buna kifayət qədər vaxtı gedir. Hələ bu suallar riyaziyyat, kimya, fizika kimi fənlərdəndirsə, abituriyentin ona kifayət qədər vaxtı gedir. Həll yolunu tapa bilməyəndə ola bilər ki, şagird ümidsizliyə qapılır. Yaxud da digər sualları çatdıra bilmir deyə artıq o təntiyir və o biri sualları doğru yazmaya bilər. DİM, ümumiyyətlə, sual prosesinə, suallara və yoxlama prosesinə xüsusi diqqət etməlidir. Dəfələrlə suallar abituriyentlərə verilməmişdən qabaq yoxlanılmalıdır. Eynilə yoxlama prosesi də çox diqqətli şəkildə aparılmalıdır. Çünki abituriyentin bir səhv sual varsa, abituriyentin ona kifayət qədər vaxtı gedir. İstədiyi nəticəni də əldə edə bilmir. Qaldı ki, narazılıq edənlərə, abituriyentlər və valideynlər apelyasiya komissiyasına müraciət edə bilirlər. Onlar haqlıdırsa, haqları bərpa olunur”.
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, 50011 nəfərdən 1 nəfər də olsun maksimum nəticə-300 bal toplamayıb: “Cəmi bir nəfər 296 bal toplayıb. 5 mart tarixli imtahanın çətin keçdiyini nəzərə alsaq, əlbəttə, 200 bal toplayan hər bir abituriyent üçün bu uğurdur. 5 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri əsasında 70 nəfərdən çox abituriyent arasında apardığım sorğuya əsasən, yüksək nəticə ardıcıllığı qruplara görə belədir: I, IV, II və III”.(musavat)
Afaq MİRAYİQ