Nizami rayonundakı Yaradıcılıq Mərkəzinin mühafizəsinə hər il ayrılan vəsaitdən kimə, nə çatır?-DE-FAKTO
Yenixeber.org: Aprelin 20-də “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında Təhsil Nazirliyində dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditinin nəticələrini açıqladığı çıxarışda qeyd edilib ki, ötən il Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi, alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarıb. Hesabatda bildirilib ki, dövlət satınalmalarının keçirilməsi zamanı podratçılarla bağlı müəyyən edilən tələblər bəzi hallarda rəqabətliliyin təmin edilməsinə təsir göstərib, dövlət ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət tam təmin olunmayıb. Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə müqavalilələrin büdcə ili ərzində tam icra olunmaması və vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürməklə istifadəsiz saxlanılmasına səbəb olub.
Butun bu göstərilənlər Hesablama Palatasının Təhsil Nazirliyindəki auditin çox səthi aparıldığına bir işarədir. Hesab edirik ki, son aylar dövlət satınalmaları yolu sözügedən nazirlikdə baş alıb gedən korrupsiya halları ilə bağlı yayılan məlumatları Hesablama Palatası ciddi şəkildə araşdırsa daha yaxşı olardı. Çünki, dövrü mətbuatda konkret faktlara, sübutlara söykənən elə məlumatlar var ki, birbaşa cinayət işi açmaq olar.
Elə Aktualinfo.org-un bir neçə gün öncə Təhsil Nazirliyinə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin satınalmalarda yol verdiyi qanunsuzluqlar və bunun nəticəsində dövlət vəsaitinin mənimsənilməsi barədə yaydığı məlumatı araşdırmaq kifayət edər. Qeyd edək ki, sözügedən mərkəz tərəfindən 2020-2021-ci illərdə elan olunmuş, lakin nəticələrinin ictimaiyyətdən gizlədilən kotirovka sorğuları həyata keçirilmişdir. Lakin bu kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yerləşdirilməmişdir.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin Tender Komissiyası dövlət əhmiyyətli tədbirlərin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınmasını, dəftərxana və təsərrüfat mallarının alınmasını 2020-2021-ci illər üçün satınalma planlarına daxil etmiş, lakin bu kotirovka sorğularının keçirilməsi və nəticələri barədə məlumatları ictimaiyyətə açıqlamamaşdır.
21.05.2021-ci il tarixdə istehlakyönlü müxtəlif xidmətlər (keçiriləcək müxtəlif tədbirlərdə lazım olan mallar və xidmətlər) üzrə və 04.11.2020-ci il tarixdə mühafizə xidməti üzrə elan olunmuş kotirovka sorğularında bağlanmış müqavilələr üzrə ayrılmış vəsaitlər bu gün qaranlıq qalmaqdadır. Malların allınmasına və xidmətlərin göstərilməsinə nə qədər vəsaitin ayrılması, bunu kimlərin həyata keçirəcəyi bəlli deyilsə, nəticələri barədə məlumumatlar yoxdursa, onda şübhələnməyə əsaslar var.
Bunları elə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin bağladığı satınalma müqaviləsi də təsdiqləyir. Çox istərdik ki, Hesablama Palatası Təhsil Nazirliyində apardığı audit yoxlamalarının nəticələrinə dair ümumi açıqlamasında konkret faktlara da istinad edəydi. Məsələn Təhsil Nazirliyinin il ərzində təhsil müəssisələrinin mühafizə olunmasına ayırdığı vəsaitin qədərini açıqlayayadı. Onda il ərzində mühafizə xərcləri adı altında nə qədər vəsaitin talan edildiyi də bəlli olardı. Biz konkret bir təhsil müəssisəsinin, Yaradıcılıq Mərkəzinin mühafizəsinə ayrıldığı vəsaitdə bu talanları görməyə bilmirik. Ötən yazıda açıqladığımız konkret faktları bir daha Respublika Hesablama Palatasının, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmilərinin diqqətinə bir daha çatdırırıq.
Təhsil Nazirliyinə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən mühafizə xidməti üzrə 05.11.2019-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda isə “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat satınalmaların vahid internet portalına 16.01.2020-ci il tarixdə yerləşdirilmişdir. Lakin birbaşa bağlanılmış bu müqavilədə Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir.
Bunun şişirdildiyi nədən bəlli olur? Əvvəla, qeyd etdiyimiz kimi Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı açıq göstərilmir. Amma bizim əldə etdiyimiz məlumata görə mərkəzi bir nəfər tərəfindən, səhər saatlarından başlayaraq axşama qədər mühafizə edilir. Həftənin bir günü isə istirahət günüdür. Gecə saatlarında Yaradıcılıq Mərkəzinin qapıları bağlı olur. Mərkəzdə kamera və siqnalizasiya sisteminin quraşdırıldığını da istisna etmirik. Özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara ayda ən yaxşı halda 500-600 manat məbləğində maaş alırlar. “Alov Mühafizə” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Daha əvvəlki illərdə isə “Alov Mühafizə” MMC-nin mühafizəçilərə verdiyi maaş 300-350 manat olub. Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin mühafizəsi üçün “Alov Mühafizə” MMC bağladığı 50 min manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 4 150 manat manat maaş verib. Yaradaıcılıq Mərkəzinin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki, MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən aldığımız məlumata görə “Alov Mühafizə” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən ilkin olaraq geyim pulu adı ilə 300 manat alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə daha hansı xərc qalır? Gün ərzində 3 dəfə qidalanmasını və geyim pulunu da bu xərcin içinə daxil etsək, bir mühafizəçi xidmətinə il ərzində 50 min manat vəsait ayırmaq Təhsil Nazirliyi üçün qat-qat çox deyilmi? Bu, bu günə qədər görünməmiş bir korrupsiya halı deyilmi?
Burada bir nüans da var. İddia oluna bilər ki, kotirovka sorğusu 2019-cu ilin sonunda elan olunub, 2020-ci ilin yanvarında satınalma müqaviləsi bağlanılıb. Bu Ceyhun Bayramovun Təhsil naziri olduğu dövrlərə təsadüf edir. Amma fakt-faktlığında qalır. Dövlət satınalmalarının vahid internet portalında 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Müqaviləni “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə kimin, Təhsil Nazirliyinin yoxsa sözügedən nazirliyə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən bağlanıldığı bəlli deyil. Məlum məsələdir ki, Yaradıcılıq Mərkəzinin mühafizəsinə vəsaiti üst qurum olaraq Təhsil Nazirliyi ayırır. “Alov Mühafizə” MMC ilə müqavilə isə Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi bağlayıb. Mərkəz tərəfindən müqaviləyə imza atan uzun illərdir ki, buranın direktoru olan Lalə Qəti olub. Qeyd etdiyimiz kimi, 2020-ci ildə Yaradıcılıq Mərkəzinin bir nəfər tərəfindən mühafizə olunmasına 49 800 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Növbəti illərdə, 2021-2022-ci illərdə Yaradıcılıq Mərkəzinin mühafizə olunmasına ayrılan vəsaitn məbləği bəlli deyil. Çünki, açıqlanmayıb, bilərəkdən gizlədilib. Maraqlıdır burada kimə nə qədər pay düşüb. Mühafizəçinin maaşı və digər xərclərini orta hesabla götürsək bu il ərzində 5-7 min manatdan artıq olmaz. Yerdə qalan 42 min manat kimlərin arasında bölüşdürülüb? Bu məqsədlə 2021-2022-ci illərdə nə qədər vəsait ayrılıb və kimə nə qədər çatıb? Kimlikləri bəllidi. Təhsil Nazirliyinin maliyyə idarəsinin rəsmiləri, “Alov Mühafizə” MMC -nin və Yaradıcılıq Mərkəzinin direktorları arasında. Nə qədəri bəlli deyil. Kimə çox çatıb, kimə az düşüb onu əvvəlcədən danışılmış faizlə müəyyən etmək olar ki, onu da biz bilmirik.