“AZAL”ın işçisi Həmkarları Komitəsinin ona qarşı qanunsuzluğunu faktlarla ifşa etdi - FOTOFAKTLAR
Yenixeber.org: "Azərbaycan Hava Yolları” QSC-də 23 il təyyarə bələdçisi vəzifəsində işləmiş Namiq Qədir oğlu Quliyev ona qarşı yol verilən qanunsuzluqlardan şikayətçidir. Onun dinlədikcə, təqdim etdiyi sənədlərə, sübutlara nəzər saldıqca, "AZAL”da işçilərə qarşı yol verilən böyük qanunsuzluqlar göz önünə gəlir. Namiq Quliyev 2016-cı il oktyabrın 20-də "Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin qanunsuz qərarı ilə işdən çıxarılıb. O, deyir ki, buna səbəb ona təklif olunan "üzə durmaq”dan imtina etməsidir:
"23 il ərzində təyyarə bələdçisi vəzifəsində qüsursuz şəkildə, bir dənə töhmət belə almadan işləmişəm. 2016-cı il sentyabrın 20-də Pekin-Bakı reysindən sonra hava gəmisində 4 ədəd konyak şüşələrinin çatışmazlığı ilə bağlı araşdırma başlandı. Həmin reysdə mən, Elmira Abdulova, Rəna Abbaszadə və digər heyət üzvləri olublar. Tabe olduğum İdarənin yeni təyin olunmuş rəis müavini Rəşad Rəhimzadə araşdırma zamanı məni otağına çağıraraq, iş yoldaşım Elmira Abdulovanın "üzünə durmağı”, yəni çatışmazlıqların onun günahı ucbatından baş verdiyinə dair izahat yazmağımı tapşırdı, mən isə buna razı olmadım. Bütün problemlərim də məhz bundan sonra başladı.
Yekunda Elmira ilə birlikdə məni də şərlədilər və bort qidasını daşıyan aeroportun "Sky Catering” maşınında aşkar edilmiş həmin konyak şüşələrini guya oğurlamaq istədiyimi boynuma qoydular. Araşdırma dövrü məndən alınmış birinci izahatda konyak şüşələrini oğurlamadığımı bildirsəm də, məni onsuz da işdən çıxaracaqları ilə təhdid etdilər və bu çatışmazlığı boynuma alacağım təqdirdə, töhmətlə canımı qurtara biləcəyimi bildirdilər. Mənə Rəna Abbaszadənin və digər əməkdaşların etiraf izahatlarını göstərərək, başqa yolumun olmadığını bildirdilər və beləcə, mən 23 illik iş yerimi itirməmək üçün məcbur olub, bu halın baş verdiyini boynuma aldım. Lakin məni aldatdılar, söz verdikləri töhmət əvəzinə həmin gün Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə (əmək müqaviləsi üzrə öhdəliklərimi pozma əsası ilə) işdən çıxartdılar. Bir-iki aydan sonra Elmira Abdulovanın əmək müqaviləsinin müddətini uzatmadılar və onu da işdən beləcə uzaqlaşdırdılar. Rəna Abbaszadəyə isə söz verdikləri kimi, sadəcə töhmət verməklə onu işdə saxladılar.
20.10.2016-cı il tarixli Əmr
Əmək qanunvericiliyinə görə, mənim işdənçıxma əmrimi qəbul etmək üçün İdarəmizdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin razılıq qərarı tələb olunurdu. Komitə 10 gün ərzində mənim məsələmə dair araşdırma aparmalı idi, yəni mənim məsələmə dair iclas çağırmalı idi, iclasın yetərsay olmasına diqqət etməli idi, mənim də həmin iclasda iştirakımı təmin etməli idi, məni dinləməli, dəlillərimi araşdırmalı idi və müzakirəli şəkildə keçirilən iclasda səsvermə yolu ilə qərar qəbul etməli idi. Məhz bu yolla komitə müəyyən edə bilərdi ki, bu məsələdə kim haqlıdır – mən, yoxsa AZAL. Bu komitənin əvvəlki sədri Akif Cəbrayılov heç bir iclas keçirmədən və hər hansı araşdırma aparmadan Komitənin adından qanunsuz şəkildə tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı razılıq qərarını "AZAL”ın rəhbərliyinə təqdim etdi və bununla da mənim iş taleyim məhv oldu.
18.10.2016-cı il tarixli Protokoldan Çıxarış
Bu Çıxarışdan görünür ki, guya mənim məsələmə dair hansısa iclas keçirilib, lakin həqiqətdə heç bir iclas keçirilməyib, burda adı gur səslənən "iclas” kağız üzərində olub və bu kağızı Akif Cəbrayılov özünün iş otağında təkbaşına və qanunsuz olaraq təsdiq edib. Dediklərim 2018-ci ilin oktyabr-dekabr aylarında Hava Nəqliyyatında Polis İdarəsində mənim şikayətim əsasında toplanmış HK-1/148 saylı materiallarda da öz təsdiqini tapır. Həmin araşdırma çərçivəsində dindirilmiş şahidlər (həmkarlar ittifaqı komitəsinin üzvləri) mənim məsələmə dair 18.10.2016-cı il tarixdə hər hansı iclasın keçirilmədiyini, bu məsələdən ümumiyyətlə məlumatsız olduqlarını və 18.10.2016-cı il tarixli Protokolun (razılıq qərarının) təkbaşına, komitənin mərhum sədri Akif Cəbrayılov tərəfindən imzalanaraq "AZAL”a təqdim edildiyini bildirmişlər.
Hava Nəqliyyatında Polis İdarəsinin 27.12.2018-ci il tarixli Qərarı
Təhqiqat orqanında aparılan araşdırma çərçivəsində bütün günahlar Komitənin mərhum sədri Akif Cəbrayılovun üstünə atıldığından, sözügedən araşdırmada cinayət işi başlanılmadı. Lakin bununla belə, həmkarlar ittifaqı komitəsinin sözügedən 18.10.2016-cı il tarixli 52 saylı qərarının qanunsuz hesab edilməsi və mənə vurulmuş zərərin kompensasiya edilməsi üçün mən "Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə 15.02.2019-cu il tarixdə müraciət etdim. Mülki işin araşdırılması zamanı məhkəməyə verilmiş qanunsuz göstəriş ucbatından, məhkəmə ətraflı və obyektiv araşdırma apara bilmədi və 10.06.2019-cu il tarixdə mənim ziyanıma qanunsuz qətnamə qəbul etdi. Hüquqi savadı olmayan istənilən şəxs mənim işimlə tanış olsa, bu işdə mənim haqlı olduğumu asanlıqla müəyyən edə bilər.
Məhkəməyə edilən təzyiqlərlə bağlı cənab Prezidentə, Birinci xanıma, Məhkəmə-Hüquq Şurasına çoxsaylı müraciətlər etsəm də, bütün şikayətlərim araşdırılmadan məhkəməyə göndərilmiş, məhkəmə isə sadəcə onları iş qovluğuna əlavə etmişdir. Dəfələrlə bildirmişəm ki, bu iş "AZAL”a qarşı deyil, həmkarlar ittifaqı komitəsinə qarşıdır. Həmkarlar ittifaqı komitəsi isə qanunla müstəqil ictimai təşkilatdır və hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev də bu komitənin işinə müdaxilə edə bilməz.
Mən "AZAL”dan heçnə istəmirəm, iddia tələbim də "AZAL”a qarşı yönəlməyib. Mənim hazırki işim ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının iç üzünü bütün incəlikləri ilə aşkara çıxarır. Respublikada həmkarlar ittifaqı komitələrinin vəziyyəti olduqca acınacaqlıdır, çünki bu komitələr qanunda tam müstəqil və geniş səlahiyyətlərə malik ictimai təşkilatlar kimi qələmə verilsələr də, əslində işəgötürən müəssisədən tam asılı vəziyyətdədirlər və müəssisə rəhbərliyinin göstərişi ilə oturub-dururlar. Necə ki, mənim misalımda, həmkarlar ittifaqı komitəsi öz razılıq qərarını heç bir araşdırma aparmadan, dərhal "AZAL”a verdi. Halbuki, bu komitə öz səlahiyyətləri çərçivəsində araşdırma aparsaydı, qanuni şəkildə iclas keçirsəydi, mənim əsassız yerə şərləndiyimi müəyyən edə və məni – şərlənən işçini işəgötürənin əsassız təzyiqlərindən müdafiə edə bilərdi. Bu işlərin heç birisini həmkarlar ittifaqı komitəsi yerinə yetirmədi və nəticədə məhz bu komitənin günahı ucbatından "AZAL” məni asanlıqla işdən çıxara bildi.
Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli işi ətraflı araşdırmaq üçün ümumilikdə 18 ədəd məhkəmə sorğularını göndərsə də, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ona ünvanlanmış 6 ədəd məhkəmə sorğularına və iş üzrə cavabdeh komitə ona ünvanlanmış 6 ədəd məhkəmə sorğularına ümumiyyətlə cavab verməmiş, Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov isə məhkəmə tərəfindən ona ünvanlanmış 6 ədəd məhkəmə sorğularına başdansovdu cavab məktubu təqdim edərək, məhkəməyə "öz yerini” göstərmişdir. Buyurun sorğulara və məhkəməyə verilən cavaba baxın, özünüz qiymət verin.
Şəkil 4 – məhkəmənin sorğusu
Şəkil 5 – məhkəmənin sorğusu
Şəkil 6 – məhkəmənin sorğusu
Şəkil 7 – məhkəmənin sorğusu
Şəkil 8 – məhkəmənin sorğusu
Şəkil 9 – məhkəmənin sorğusu
Şəkil 10 – məhkəmənin sorğusuna B.Yusifovun cavabı
Bütün bunlar azmış kimi, komitə üzvlərinə tapşırıq verildi ki, məhkəmə iclasına gəlib şahid kimi mənim üzümə dursunlar. Təsəvvür edin ki, polis orqanında izahat vermiş həmin komitə üzvləri əvvəl verdikləri izahatlarını tam şəkildə dəyişərək, Xəzər Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli məhkəmə iclasında utanmadan mənim üzümə yalan ifadələr verdilər. Onları məcbur edən də məhz "AZAL”ın rəhbərliyi olmuşdur, çünki ifadə verən şəxslər "AZAL”ın işçiləridir. Onlar məhkəmədə utanmadan bildirmişlər ki, guya mənim məsələmə dair 18.10.2016-cı il tarixdə komitənin qanuni iclası keçirilmiş, guya komitə üzvləri bu iclasda iştirak etmiş, hətta guya komitənin mərhum sədri Akif Cəbrayılov məni də həmin iclasa dəvət etmiş və səsvermə yolu ilə mənim işdən çıxarılmağıma dair komitə üzvləri qərar qəbul etmişlər. Şahidlərin yalan ifadə verdiyini məhkəməyə bildirsəm də və bu məsələnin araşdırılmasını rəsmi qaydada məhkəmədən xahiş etsəm də (çünki iclasın keçirildiyi tarixdə komitə üzvlərinin bir çoxu heç iş yerində belə olmamışlar), məhkəmə heç bir tədbir görmədi. Məhkəməyə elə bir tərzdə "işi yekunlaşdırma” göstərişi verilmişdir ki, məhkəmə yalnız bir məsələni düşünürdü ki, tez-tələsik mənim ziyanıma qətnaməsini qəbul etsin və bu işi yekunlaşdırsın. Müqayisə üçün eyni şəxslərin polis orqanında və məhkəmədə verdikləri izahatları sizin diqqətinizə çatdırıram.
Şəkil 11 – S.Quliyevin polisə verdiyi izahatı
Şəkil 12 – S.Quliyevin məhkəməyə verdiyi ifadəsi
Şəkil 13 – A.Səidovun polisə verdiyi izahatı
Şəkil 14 – A.Səidovun məhkəməyə verdiyi izahatı
Şəkil 15 – V.Skripkinanın polisə verdiyi izahatı
Şəkil 16 – V.Skripkinanın məhkəməyə verdiyi izahatı.
Pozulmuş hüquqlarımın bərpası üçün 2018-ci ilin oktyabr ayından hüquq-mühafizə orqanlarına və daha sonra Xəzər Rayon Məhkəməsinə müraciət etsəm də, bu günə qədər həmkarlar ittifaqı komitəsinin 18.10.2016-cı il tarixli iclasına aid sənədlər nə polisə, nə də məhkəməyə təqdim edilməyib. Qanunvericiliyə görə, "AZAL” müvafiq təqdimatla və əsaslandırma sənədləri ilə həmkarlar ittifaqı komitəsinə müraciət etməli idi və komitə 10 gün ərzində araşdırma aparmalı idi. Məhkəmə qaydasında dəfələrlə tələb etsək də, bu günə qədər nə "AZAL”ın təqdimatı, nə də ki, həmkarlar ittifaqı komitəsinin 18.10.2016-cı il tarixli protokolun əsilləri məhkəməyə təqdim edilməyib.
Məsələ burasındadır ki, komitənin keçmiş sədri Akif Cəbrayılov mənim əmrimi rəsmiləşdirmək üçün "AZAL”a 18.10.2016-cı il tarixli 52saylı Protokoldan Çıxarışı təqdim etsə də, iclasa dair hər hansı Protokol tərtib etməmişdir. Yəgin düşünmüşdür ki, bu məsələlər heç vaxt araşdırılmayacaq, araşdırılsa da belə "AZAL” bu söhbəti ört-basdır edəcək. Məhz bu səbəbdəndir ki, hal-hazırda həmin Protokolun əslini nə polisə, nə də ki, məhkəməyə təqdim edə bilmirlər. İş materiallarında olan Protokol isə sadə kserosurətdir və məhkəmə yalnız kserosurətlər əsasında iş aparır.
Ən maraqlısı isə odur ki, sözügedən Protokolun kserosurəti polisdə aparılan araşdırma çərçivəsində həmin Protokolu tərtib etməli olan həmkarlar ittifaqı komitəsindən deyil, Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifova sorğu edilməklə əldə edilmişdir. Bu fakt polis orqanının Bəkir Yusifova ünvanladığı sorğuda öz təsdiqini tapır. Bu Protokol ona görə saxtadır ki, həmin Protokol ilə "AZAL”a təqdim edilmiş Protokoldan Çıxarış tamamilə fərqlənir, şriftin ölçüsündən və yazı üslubundan tutmuş, mətnində olan vacib məlumatlara kimi. Saxtakarlığın həddinə baxın ki, Protokolda mənim də iclasda iştirak etdiyim qeyd olunub, halbuki mənim üzümə duran komitə üzvləri belə bildirmişlər ki, mən iclasda iştirak etməmişəm. Protokolda hər hansı məruzə və çıxış qeyd olunmasa da, Çıxarışda komitə sədrinin ətraflı məruzəsi və çıxışı qeyd olunur. Bu iki sənədin axırında olan Akif Cəbrayılovun imzaları isə bir-birindən olduqca fərqlənir.
Bütün bunlar onu göstərir ki, Akif Cəbrayılov Protokoldan Çıxarışı imzalasa da, həmin sənədin aid olduğu 18.10.2016-cı il tarixli Protokol onun əvəzinə 2018-ci ilin axırlarında imzalanmış və şübhələri oyatmamaq üçün Protokolun əsli heç yerə təqdim edilmir. Bu sənədlərin əsillərinin tələb edilməsi, habelə iş materiallarında mövcud olan surətlər əsasında məhkəmə ekspertizalarının təyin edilməsi barədə dəfələrlə vəsatətlər versək də, məhkəmə ona verilmiş göstəriş ucbatından bu müraciətlərimizi də araşdırmır. Müqayisə üçün özünüz baxın, həm (saxta) Protokola, həm də guya həmin Protokoldan edilmiş Çıxarışa. Bir daha xatırladım ki, məhz bu Çıxarış əsasında "AZAL” mənim işdənçıxma Əmrimi vermişdi.
Şəkil 17 – saxta Protokol
Şəkil 2 – "AZAL”a təqdim edilmiş Protokoldan Çıxarış
Hal-hazırda mənim işim Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşən Kazımovun icraatındadır. Növbəti proses 25.10.2019-cu il tarixə saat 12:30-a təyin edilib. İşin obyektiv və hərtərəfli araşdırılması üçün 10-dan çox vəsatət vermişik. Bu müraciətlərimiz Xəzər Rayon Məhkəməsində araşdırılmadı. Əgər hazırki məhkəmə də birinci instansiya kimi, heç bir araşdırma aparmayacaqsa, deməli bu məhkəməyə də eyni qaydada göstəriş verilib və bu məhkəmə də hər hansı ədalətli qərar qəbul etməyəcək. Hazırki müraciətim vasitəsilə ictimaiyyətdən və ölkə rəhbərliyindən xahiş edirəm ki, məhkəmədə olan işimin obyektiv araşdırılması üçün mənə köməklik göstərsinlər.(criminal.az)