TRAMP PLANINI ƏNGƏLLƏYƏN ÜÇ ŞƏRT -Ağ Ev sıxır, Kiyev “yox” deyir, Kreml isə...

ABŞ Prezidenti Donald Trampın adından hazırlanan, lakin daha çox Kremlin maraqlarına xidmət edən “sülh planı”nın taleyi getdikcə daha çox qeyri-müəyyən çalarlar almağa başlaytır. Peşəkar diplomatlar deyil, alverçi təfəkkürlü məlum şəxslər tərəfindən hazırlanan planın yumşaq desək, problemli olduğu, işğalçı dövlətin reabilitasiyasına və Ukraynanın kapitulyasiyasına bərabər nəticələr doğurduğunu Ağ Evdə də anlamağa başlayıblar. Belə ki, Qərb mətbuatının yazdığına görə, bu plan Ağ Evdə “xaosa və bölünməyə səbəb olub”.
Yenixeber.org: ABŞ vitse-prezidenti J.D. Vens və Dövlət katibi Marko Rubio Ukraynada sülhün əldə olunması ilə ilə bağlı tamamilə fərqli fikirlərə malikdirlər. Trampın xüsusi nümayəndəsi Uitkoff da Venslə eyni mövqedədir. Lakin Ukraynanın suverenliyi və beynəlxalq hüquqa önəm verən Rubio geri çəkilmir və daha peşəkar yanaşması ilə vəziyyəti düzəltməyə çalışır.

Planın ətrafında baş verənlər Donald Trampın özünü də bir qədər geri çəkilməyə vadar edib. Belə ki, prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp planın qəbulu üçün əvvəlcədən qoyduğu son vaxtı ləğv etdiyini deyib. Xatırladaq ki, Tramp Kiyevə cümə axşamına qədər vaxt vermişdi.Jurnalistlərə danışan Tramp, ABŞ nümayəndələrinin Rusiya və Ukrayna ilə müzakirələrdə irəliləyiş əldə etdiyini və Moskvanın bəzi güzəştlərə razı olduğunu söyləyib. Lakin söhbətin hansı güzəştlərdən getdiyini dəqiqləşdirməyib.
Tramp, Uitkoffun gələn həftə Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcəyini və İsrail ilə HƏMAS arasındakı müharibədə Qəzza razılaşmasına kömək edən kürəkəni Cared Kuşnerin də danışıqlarda iştirak etdiyini açıqlayıb. O, əvvəl təyin etdiyi son müddətdən imtina edərək, indi mümkün qədər tez bir zamanda razılaşma əldə etmək istədiklərini söyləyib.
"Mənim üçün son tarix hər şeyin bitdiyi zamandır", - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, mövcud vəziyyətə əsasən, müharibədə Rusiyanın üstünlüyü var və Ukraynanın indi razılığa gəlməsi daha sərfəli olardı. Onun sözlərinə görə, Ukrayna ərazisinin bir hissəsi növbəti bir neçə ay ərzində "Rusiya tərəfindən ələ keçirilə bilər".
Belə ki, Ukrayna tərəfi danışıqlarda irəliləyişi etiraf edir, lakin ABŞ-nin üç əsas tələbinin qəbuledilməz olaraq qaldığını vurğulayır. Əbu-Dabidə Rusiya rəsmiləri ilə danışan ABŞ hərbi elçisi hətta "bir neçə kiçik detal istisna olmaqla, ukraynalıların sülh razılaşmasına razılıq verdiklərini" bildirsə də Ukrayna tərəfi fərqli bir mənzərəni ortaya qoyur. Danışıqlarla tanış olan yüksək vəzifəli mənbə Kiyevdən CNN-ə bildirib ki, Trampın özünəinamına və diplomatlarının nikbin açıqlamalarına baxmayaraq, danışıqlardakı problemlər heç də "bir neçə məqam" və ya "kiçik detallar"la məhdudlaşmır.
28 səhifəlik ABŞ planının əksər bəndlərində ümumi irəliləyişlərə baxmayaraq, üç əsas məsələ hələ də həll olunmayıb və onlar sülhün gerçəkləşməsini müəyyən edən əsas şərtlər ola bilər:
1. Donbasın Ukraynanın nəzarətindəki ərazilərindən imtina edilməsi.
Mənbəyə görə, bu, bütünlükdə ölkənin müdafiəsi üçün vacib olan istehkam xarakterli şəhərlərdən imtina etmək demək olar. ABŞ bu ərazini Rusiyanın nəzarəti altında olan silahsızlaşdırılmış zonaya çevirməyi təklif edir. Mənbə bilıdirib ki, bu şərtin Ukrayna tərəfindən qəbul edildiyini söyləmək “səhv olar”.
2. Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması.
Vaşinqton 600.000 əsgər limiti təklif edir. Lakin Kiyev daha yüksək say tələb edir. Müzakirələr davam edir, lakin razılaşma yoxdur.
3. Ukraynanın NATO üzvlüyündən çıxması.
Mənbə bu məsələni tamamilə qəbuledilməz adlandırıb. Ukrayna belə bir şərtin həm ölkənin gələcək təhlükəsizliyi və suverenliyi üçün təhdid, həm də "pis presedent" yaradacağına inanır.

Hər üç şərt Kremlin uzun müddətdir davam edən tələbləri ilə tamamilə uyğundur. Eyni zamanda, bu şərtlərin qəbulu yüz minlərlə əsgərin həyatı bahasına başa gələn Ukraynanın suverenliyi üçün əsas "qırmızı xətləri" tapdalayır. Həmçinin, bu məsələlərlə bağlı hər hansı bir güzəşt Ukrayna hökuməti üçün böyük daxili siyasi risklər yarada bilər.
Bir sözlə, bir yandan Ukraynanın haqlı mövqeyi, digər yandan Kremlin Ukraynada gerçəkdən sülh istəməməsi və sadəcə növbəti dəfə vaxt udmaq taktikası yürütməsi ilə bağlı şübhələr Tramp planının mümkün uğurunu kölgə altına alır. Odur ki, Trampın tərəflərə qoyduğu “son vaxt”ın hələ neçə dəfə təxirə salınacağı bəlli deyil…(Azpolitika)
C. Məmmədli









AZ
RU