Laçın vüqarlı Qarabağ qazisi -FOTOLAR
Bu gün sizlərə 44 günlük müharibədə döyüşən bir igidimiz haqqında söhbət açmaq istəyirəm. Bu igid heç vaxt Laçını görməyən, Laçın həsrəti ilə böyüyən əslən Laçın rayonunun Bozlu kəndindən olan Həsənov Pərviz Şahlar ogludur.
Yenixeber.org: O, 1997-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Həsənov Şaxlar Abşeron rayon, Masazır qəsəbəsində İcra nümayəndəsi vəzifəsində çalışır. Anası Lalə Həsənova müəlimədir. Bacısı Ayşən xanım isə Azərbaycan Dillər Universitetində İngilis dili müəlliməsi, qardaşı Təbriz isə Polis Akademiyasını bitirb. Hal-hazırda hüquq mühafizə sahəsində çalışır.
Pərviz Abşeron rayonunun, Masazır qəsəbəsində yerləşən Laçın rayon 15 saylı orta məktəbi bitirib. O, öz təlim-tərbiyəsi ilə həmişə müəllimlərinin nümunəvi şagirdi olub. 2019-cu ildə İdman Akademiyasını bitirib, elə həmin ilin oktyabr ayında da hərbi xidmətə çağrılıb. Gəncə şəhər N saylı hərbi hissədə vətənə olan borcunu layiqincə yerinə yetirib. Hərbi xidmətini başa vurmağa 3 gün qalmış müharibə başladı. Pərviz də döyüş yoldaşları kimi yüksək əhval-ruhiyyə ilə əvvəl Fizuli rayonunun erməni işğalçılarından azad olunması uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edib. Sonra Cəbrayıl rayonunda şiddətli döyüş yolu keçən igidimiz baş atıcı olub.
Oktyabrın 17-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə hücum zamanı minamyot qəlpələrilə qolundan və bel nahiyyəsindən yaralanıb. Döyüşçülərə gətirilən dəbilqələrin (kaskaların) sayının biri eksik olduğundan və Pərviz hərbi yoldaşlarını daha çox düşündüyündən özü kaskasiz döyüşməli olur. Pərviz yaralı olmasına baxmayaraq bir ayağını itirən döyüş yoldaşını təhlükəli zonadan çıxararaq ölümdən qurtarıb. Pərviz 18 gün hospitalda müalicə olunur və yaralandığını öz valideynlərinə də bildirmir. Sağaldıqdan sonra Laçının alınması uğrunda gedən döyüşlərə qatılaraq rayonun Güləbird və Səfiyan kəndlərinin azad olunmasında qəhrəmancasına vuruşub. Pərviz ata yurdundan, əzəmətli dağlardan yığdığı kəklikotunu, itburnunu buşlatının döş cibində, ürəyinin üstündə gətirdiyi bir ovuc vətən torpağını otuz il Vətən həsrətində olan laçınlılara ərmağan edib.
Ümumilli liderimizin ləyaqətli davamçısı, Ali Baş Komandan, Cənab İlham Əliyevin sərəncamı ilə Həsənov Pərviz Şahlar oğlu Cəbrayılın azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı və Hərbi Xidmətlərinə görə medallarla ilə təltif olunub.
Öz ata-baba yurdunu yağı taodağından azad edən Pərviz Həsənov başda olmaqla bütün döyüşçü dostlarına can sağlığı və uğurlar arzulayırıq. (dodoqezeti.az)