Rami Məxlufun təqibi nəyə işarədir: SURİYADA NÜFUZ SAVAŞI, YOXSA KORRPUSİYAYA QARŞI MÜBARİZƏ GEDİR?
Mustafa Əbusnəynə
“Middle East Eye”, 06.05.2020
Yenixeber.org: Suriyalı iş adamı Rami Məxluf, ölkənin hakim ailəsinin üzvü, Bəşər Əsədi açıq şəkildə tənqid edilməsinə baxmayaraq, Suriyada qalmaqdadır. Əsədin dayısı oğlu olan Məxluf Suriya prezidentinin yaxın çevrəsi hesab olunur və ona milyardlarla dollar dəyərində sərvət qazandıran neft,inşaat, bank, aviasiya və telekommunikasiya sahələrində çalışan şirkətlər şəbəkəsinə nəzarət edir.
Aprelin 30-da Məxluf özünün “Facebook” səhifəsində bir video yayımlayıb, Suriya hökumətinin onu vergi qaçaqçılığında ittiham etməsi və telekomunikasiya lisenziyasının ləğvi ilə hədələməsindən şikayətlənib. O, 9 illik vətəndaş müharibəsi dövründə Əsədə verdiyi maliyyə dəstəyi və xeyriyyə işlərini xatırladıb.
Məlumata görə, Suriya hakimiyyəti mobil rabitə bazarında üstünlük təşkil edən telekommunikasiya nəhəngi “Syriatel”-də Məxlufun bir sıra yüksək səviyyəli menecerlərini həbs edib. Məxluf buna şikayətlə dolu ikinci video ilə cavab verib.
Məxlufun Birləşmiş Ərəb Əmirliklərinə getdiyinə dair bəzi məlumatlara baxmayaraq, Suriya hökumətinin və Əsəd klanının daxili siyasətini yaxşı bilən bir mənbə “MEE”-a açıqlamasında milyarderin Suriyadakı villalarından birində olduğunu söyləyib. “Hələ ki, Məxluf Suriyada qalır və o həbs olunmayıb. Məxlufu şəxsən tanıyıram. O, Suriya dövlətinə etiraz etməyə cəsarət edir. Bu məni təəccübləndirir, o niyə belə edir? Siz 200 milyon dollarlıq bir mübahisədən söz açırsınız, bu, milyardlarla dollar sərvəti olan Rami üçün fıstıqdır”.
Mənbə Məxlufun uşaqlarının BƏƏ-dəki villalar, avtomobillər və təyyarələr və s. aktivlərinin Suriya dövlətinin ödəməsini istədiyi məbləğə yaxın olduğunu vurğulayıb.
Məxlufun oğulları – Məhəmməd və Əli harınlıq simvolu sayılırlar.
Aprel ayında “İnstagram” koronavirus pandemiyası dövründə Məhəmməd Məxlufun ad gününü izolyasiyada necə qeyd etməsi ilə əlaqədar görüntüləri nümayiş etdirdiyinə görə istifadəçilərindən üzr istəyib.
Bu ayın əvvəlində Suriyanın Rabitə və Texnologiyalar Nazirliyi Məxlufun “Syriatel” və “MTN” telekommunikasiya şirkətlərinə 2015-2019-cu illər arasında olan müddət üçün 233.8 milyard Suriya lirəsi (455 milyon dollar) lisenziya haqqını ödəməyi əmr edən bir bəyanat yayıb. Suriyanın vergi orqanları telekommunikasiya şirkətlərinə vergidən yayınma ilə bağlı ayrıca araşdırma aparır.
Analitik Kamal Aləm “MEE”-a açıqlamasında Məxlufun tənqidlərinin davam edəcəyi təqdirdə, həbs edilə biləcəyini bildirib. “Onunla danışacaqlar, amma düşünmürəm ki, tezliklə həbs edəcəklər. Lakin sosial mediada aktiv olsa və pulu ödəməsə, həbs edilə və aktivləri əlindən alına bilər”.
Analitik Əsəd-Məxluf ixtilafının Suriyanın idarəçilik quruluşunda bölünmə kimi yozmur. “Suriya hökuməti kiməsə daha güclü olmağa imkan vermir, Məxlufun isə yalnız pulu var. Suriyada çoxlu pulu olan başqa insanlar da mövcuddur. Onun ordu birliyi və populyarlığı yoxdur. Ordu və kəşfiyyat isə Suriyanın ən güclü qurumlarıdır. Əgər bu mübahisəni həll etmədən ölkədən getsə, yenidən Suriyaya buraxılmayacaq”.
Məxlufun 2011-ci ildə, müharibə başlamazdan əvvəl Suriya iqtisadiyyatının təxminən 60 faizinə nəzarət etdiyi və sərvətinin 5 milyard dollar olduğu təxmin edilir. O, Dəməşq hökumətini dəstəklədiyi üçün ABŞ-ın sanksiya siyahısına salınıb və 2008-ci ilin yanvarında Dövlət Departamentinin bir teleqramında “Suriyanın korrupsiyaya qarşı mübarizəsini əks etdirən uşaq” olaraq təsvir edilib.
Keçən ay Səudiyyə Ərəbistanı Məxlufaməxsus şirkətlərdən birinin loqosu ilə Suriyadan Krallığa qaçaq yolla gətirilən “kaptaqon” kimi tanınan 44,7 milyon dollarlıq amfetamin həbini aşkar edib.
Məxlufun imperiyasına basqınlar 9 illik müharibə, Suriyanın iqtisadiyyatına sərt sanksiyalar və s. ilə yanaşı, hökumətin korrupsiyaya qarşı mübarizəsinin bir hissəsi sayılır. Kamal Aləm bununla əlaqədar bildirib: “Məxlufun təqibi Bəşər Əsədin ictimai imicinə xeyir gətirəcək kampaniyanın bir hissəsidir. Çünki o, korrupsiyaya qarşı mübarizə aparan kimi görünür və o, heç kimin, o cümlədən Məxlufun qanundan üstün olmadığını göstərəcək”.
Tərcümə: Strateq.az