BƏŞƏR ƏSƏDİN XANIMI ƏSMA ÖLKƏNİN PREZİDENTİ OLMAĞA HAZIRLAŞIR?-Dünya oyunçuları və BMT də buna işarə vurur - Araşdırma
Valid Barkasiya
Al Modon (Livan), 21.09.2019
Mətbuatın Əsma Əsədə – Suriya prezidenti Bəşər Əsədin zövcəsinə sürəkli diqqəti Suriya rejimi və Suriya münaqişəsinə qatılmış beynəlxalq oyunçuların Əsma xanımı ölkədə bütün icmaların bəyənəcəyi “güzəştli şəxs” kimi ölkəyə başçılıq etməyə hazırladıqları haqda köhnə, maraqlı ideyanı dirçəldir.
Yenixeber.org: Əsma Əsəd Suriya inqilabını boğmaq üçün səkkizillik “yandırılmış torpaq” siyasəti həyata keçirdiyinə görə Suriyanın başqa prezidentlərinin idarəçiliyi dönəmindənsə onun ərindən daha çox ziyan çəkmiş Suriya rejiminin imicini bərpa edir.
Suriyanın informasiya agentlikləri və sosial şəbəkələrdəki şərhçilər məlumatlı ərəb qaynaqlarına söykənməklə xəbər verirlər ki, Əsma Əsədin kütləvi informasiya vasitələrində Suriya prezidenti Bəşər Əsədlə birgə tez-tez anılması əri gedəndən sonra bəzi beynəlxalq oyunçuların hakimiyyəti ona ötürmək səylərini əks etdirir. Əsəd və onun Məxluf ailəsindən qohumları arasındakı fikir ayrılıqları haqda məlumatlar mətbuatda dəfələrlə görünüb ki, bunu da, sözügedən nəzəriyyəyə əsasən, Suriya prezidenti vəzifəsinə başlamağa hazırlaşmaq çərçivəsində Əsmanın Məxluf ailəsinin pul vəsaitlərini öz bacı və qardaşlarına vermək cəhdləri kimi yozmaq olar.
Bu qayda ilə Əsma Əsədin adını xatırlatmaq Suriya inqilabının başlandığı andan bəri, ya da buna qədərki Suriya rejiminin media landşaftını əks etdirir. Əsma Əsəd onun haqqındakı məlumatların “yumşaq güc” mövqeyindən verildiyi Suriya KİV-lərinin bu günki dərclərində mərkəzi yer tutur. Suriya rejimi tərəfdarlarının Əsmanı adlandırdığı kimi, “Jasmin xanım” hətta xərçəng və ondan şəfa tapmaq kimi şəxsi mövzular haqda məqalələrdə də yad edilir. O özünün videoçarxlarını buraxdırır, amma həmişə Əsmanın adıyla birgə xatırlanan əri Bəşər Əsədin obrazına dəstək üçün, vur-tut, ikinci plan aktrisası olaraq qalır.
Son zamanlar Əsma Əsəd haqda məlumatlar Suriya mətbuatında dəfələrlə görünüb ki, bu da 1997-2000-ci illərdə suriyalıların inamını qazanmaq və rəhbər posta hazırlaşmağa görə Bəşər Əsəd üçün təşkil edilmiş reklam kampaniyasını yada salır. Suriya prezidentinin arvadının adı 2011-ci ildən bəri mətbuatda yenidən çəkilməyə başlanıb. Suriya KİV-ləri Əsma Əsədin kilsələrə necə baş çəkdiyi, “Suriya ordusu şəhidlərinin” övladlarına qulluq etdiyi, yaxud protez-reabilitasiya mərkəzlərinin açılışına qatıldığı haqda məlumatları fəal işıqlandırır. Bəşərin özü Əsəd ailəsinin bu yaxınlarda Dəməşq restoranına gedişi daxil olmaqla tədbirlərin çoxuna qatılıb.
Suriya prezidentinin xanımı Əsma Əsəd özünün bütün müsahibələrində deyir ki, öz əri Bəşər Əsədi dəstəkləyir. Rejimyönlü informasiya agentlikləri və Facebook-dakı “Suriya Ərəb Respublikasının prezidiumu” səhifəsi bu haqda həmişə yazır. Əsma Əsəd habelə fərdi təbliğat aparır. Burada Suriya rejiminin nəzarətində olan əraziləri bürüyən son yanacaq böhranı zamanı Dəməşq civarındakı sünni bölgələrinə səfəri yada salmaq lazımdır. Yanacaq böhranı sosial şəbəkələrdə Bəşər Əsədin ünvanına qəzəb dalğası doğurdu, bu da Suriya prezidentinin media səhnəsindən tam yoxa çıxmağına gətirdi. Əsma Əsəd, Bəşərə ictimai təzyiqi zəiflətmək üçün özünün adi “yumşaq güc” üsulu ilə araya girdi. Əsma belə müsahibələrdə heç vaxt öz adından danışmır, məsələn, “biz sizdən eşitdik” kimi ifadələri təkrarlayır. Əsmanın deyimləri onun dinc xarakterini deyil, daha çox onun və əri Bəşər Əsədin vətəndaşların problemlərinə görə rahatsız olduqlarını sərgilməyə nəzərdə tutulub. O, çarxların çoxunda deyir ki, Bəşər suriyalıların probleminə böyük diqqət ayırır. Əsma xərçəng üzərində qələbəsi haqda son müsahibəsində deyib ki, Bəşəri özünün “ömürlük tərəfdaşı” kimi dəstəkləyir.
Ola bilsin, ən parlaq örnək Əsma Əsədin 2016-cı ildə “Rossiya24” kanalının jurnalistlərinə verdiyi eksklüziv müsahibədir. Rusiya komandasının deyil, Suriya prezidiumunun nəzarət etdiyi müsahibənin ərəb versiyasında “vətən” sözü “Bəşər Əsəd”lə əvəz olunub. Bu, Əsma Əsədin ərinin imicini yaratmaqdan ötrü ondan istifadə edilən Suriyada rejiminin təbliğatını yaxşı nümayiş etdirir. Məlumat və açıqlamalar yoxluğu üzündən onun şəxsi iddialarının dərəcəsini müəyyən etmək mümkünsüzdür, amma sözsüz, Əsmanın öz övladlarına münasibətdə iddiaları var. O, son müsahibədə öz uşaqlarını Suriya rəhbərliyində gələcək aparıcı mövqelərə hazırlamaqdan danışıb.
Belə bir inanılmaz cümlə nə iləsə yenil deyil. “Reuters” informasiya agentliyi 2016-cı ildə BMT-nin Suriyadakı təmsilçisi Staffan de Misturanın sözlərini misal gətirib – o, ümidini ifadə edib ki, ölkənin yeni prezidenti qadın ola bilər. Mən Əsma Əsədin bu posta namizədliyinin irəli sürülməsi haqda bir vaxtlar çox yazmışam! Qeyd edilməlidir ki, o vaxtdan bəri Əsmanı suriyalıların qətlində məsum təqdim etmək tendensiyası var. Bu, mətbuatda müxaliflərin Əsmanı müsbət qəbul etdiklərindən danışan son məlumatlarla təsdiq olunur, lakin bu, tam belə deyil. Müxaliflər sosial şəbəkələrdə Əsma daxil olmaqla rejimin bütün təmsilçilərinin cinayətlərini araşdırmağı tələb edirlər. Əsma Əsədin xəstəliyi bildiriləndən sonra onun necə bir bədxahlıqla üzləşdiyini də unutmaq lazım deyil.
Suriya prezidentinin xanımı Suriya rejiminin cinayətkar siyasətindən uzaq ola bilməyib, amma o, gərəkli fikirləri dostluq söhbəti formatına salan “yumşaq güc” kimi göstərərək Bəşər Əsədin hakimiyyətə gəldiyi andan beynəlxalq birlik qarşısında Suriya rejiminin imicinin cilalanmasında gözə dəyən rol oynamağa başlayıb. Əsmann müxtəlif xeyriyyə tərdbirlərində iştirakı yerli səviyyədə Suriya rejiminin obrazını dəyişdirməyə səbəb olub. Onun xarici siyasətdəki önəmli rolunu da qeyd etmək lazımdır. Məsələn, dünya liderləri Livanın baş naziri Rafiq Həririnin qətlində ittihamlara görə Bəşər Əsədlə danışmaqdan imtina edərkən o, 2005-ci ildə Papa İohan II Pavelin dəfni zamanı Bəşər Əsədin təcrid olunmağını pozmağa nail olub. Əsma Əsəd İspaniya kraliçası və Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin xanımı Çeri Blerlə söhbətə girişib.
Suriya prezidentinin zövcəsinə “hamının anası”, Bəşər Əsədə isə “dövlətin və suriyalıların atası” deyirlər. Bununla belə, Əsmanın obrazı indiyədək öz ailəsinin kişilərini dəstəkləyən arvad və ana rolu ilə məhdudlaşıb. Kişi məntiqi Suriya rejiminin təbliğatını on illərlə yönəldib və bu yöndə açıq tərpənişlərə baxmayaraq, Əsma bunu dəyişməyə nail olmayıb. Əsma Əsədin rolunu Hafiz Əsədin ömrü boyu kölgədə qalmış, amma böyük nüfuza yiyələnmiş arvadı Anisa Məxlufun rolu ilə tutuşdurmaq olar.
BBC-nin “Təhlükəli sülalə” sənədli filmində danışılır ki, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd böyük oğlu Basil öləndən sonra istəyib ki, “Əsəd Suriyası” üzərində hakimiyyət qızı Buşrəyə çatsın. Lakin kök atmış ənənələr və Suriyada qadın hakimiyyəti qurmaq üzündən ictimai qəzəb qarşısında qorxu onu Bəşəri öz varisi təyin etməyə vadar edib. Əsma Əsədin adı ortalığa çıxanda Suriya cəmiyyətinin sözügedən qorxusundan danışmırlar. Ehtimala görə, bu, Suriya inqilabı şəklində artıq var olan kinlə, ya da Əsmanın sünnilərə mənsubluğuna ilə bağlıdır.Tərcümə: Strateq.az