“ETİBAR ET, AMMA YOXLA!” –Türkiyə-Rusiya əlaqələrinin ötən 365 gündəki təzadlı mənzərəsi
“Təsnim” İA (İran), 23.01.2019
2018 – Rusiya-Türkiyə əlaqələri tarixində əhəmiyyətli bir il olub. Bir çox türk siyasətçisinin fikrincə, Moskva ilə Ankaranın əlaqələrindəki inkişaf əvvəllər baş vermiş hadisələr, xüsusilə də “Suxoy” təyyarəsinin vurulması və Rusiya səfirinin qətli ilə müqayisədə inanılmazdır. Heç kim güman etmirdi ki, ölkələr bu böhranlardan tez çıxa biləcək, əməkdaşlıq və ünsiyyət zirvəyə çatacaq.
Ankara-Moskva əlaqələrinin ən uc nöqtələri
Ankara ilə Moskva arasındakı əlaqələrdə (siyasi və iqtisadi əhəmiyyət perspektivindən) 2018-ci ilin ən mühüm nailiyyətləri aşağıdakı kimi təsnif edilə bilər:
1. 2018-ci ildə Türkiyə ilə Rusiya arasındakı siyasi və iqtisadi əlaqələrdə zirvələrdən biri Türkiyəyə və Türkiyədən Avropaya çəkilən qaz kəməri layihəsi “Türkstrim” idi. Bu böyük layihə yalnız Türkiyənin təbii qaza daxili tələbatını həll etmir, həm də Ərdoğanın uzunmüddətli istəklərindən biri kimi Türkiyəni gələcəkdə Rusiyanın enerji tranzitinə çevirə bilər.
2. Rusiya və Türkiyə arasında 2018-ci ildə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin mühüm məqamlarından digəri də Suriya böhranında siyasi və diplomatik birgə səyərin davam etdirilməsidir.
Türkiyə və Rusiya İranla birlikdə Suriya böhranının həlli və atəşkəsin bərqərar edilməsi, habelə münaqişənin sülh yolu ilə həllinə kömək edən mühüm danışıqlar aparıb. Əlbəttə, Türkiyə və Rusiyanın İdlib məsələsində əməkdaşlığı digər probemlərlə müqayisədə daha mühüm idi və Suriyanın yeni konstitusiyasının hazırlanması məsələsində iki ölkənin fərqli mövqeləri qalmaqdadır.
3. 2018-ci ildə Ankara-Moskva əlaqələrinin bir başqa böyük müvəffəqiyyəti, ABŞ-ın təzyiqlərinə baxmayaraq, “S-400“ hərbi satınalma sazişinin imzalanmasıdır.
Birləşmiş Ştatlar Türkiyəyə “S-400”-dən imtina müqabilində “Patriot” raketləri və “F-35” təyyarələrini almaq imkanı versə də, Ankara onları almaqdan imtina edib, “S-400” raketlərinin alınması ilə bağlı ciddi mövqedədir və Putinin qəzəblənməsini istəmir.
4. 2018-ci ildə 6 milyon Rusiya vətəndaşı turist qismində Türkiyəyə səyahət edib və bu, Türkiyənin turizm sektorunu stimullaşdırıb, Türk hökuməti və xüsusi sektor üçün yaxşı gəlir təmin edib.
5. 2018-ci ildə zəruri kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz və s.-in Rusiyaya ixracı artıb və ABŞ sanksiyaları ilə milli valyutanın məzənnə itkisi nəticəsində yenidən sarsılan Türkiyə iqtisadiyyatı gücünü bərpa edib. Əlavə olaraq, bir çox podratçı və Türkiyə sənaye fəalı Rusiyada sahibkarlıqla məşğul olub, mühəndislər və fəhlələr iş yerləri tapa biliblər.
6. 2018-ci ildə Rusiya və Türkiyə nüvə enerjisi sahəsində əhəmiyyətli addımlar atıb və Rusiya mühəndislərinin Akkuyu atom stansiyasının təm.lini qoyması ilə başa çatıb və buna əlavə olaraq bir çox tələbə həmin sahədə Rusiyada təhsil alacaq.
Rusiya ilə əlaqələr Türkiyə üçün Amerikadan daha vacibdirmi?
2018 – Ankara ilə Vaşinqton arasındakı əlaqələr tarixinin ən kədərli və çətin illərindən biri olub. ABŞ prezidenti Donald Tramp Türkiyəni təkrar-təkrar təhdid edib. Bransonun həbsi ilə əlaqədar Türkiyəyə dəhşətli xarici valyuta təzyiqi, iqtisadi vəziyyətin pisləşməsi, hökumətə qarşı təhqiramiz, alçaldıcı ifadələrdən istifadə olunması, Türkiyədən polad və digər məhsulların idxalına ağır tariflərin tətbiqi Tramp hökumətinin Ankara əleyhinə əsas təpkiləri idi.
Başqa sözlə, Türkiyənin Rusiyaya münasibəti ən yüksək səviyyəyə çatdıqda, Türkiyənin Birləşmiş Ştatlarla münasibətləri zədələnib. Bu, Donald Trampın çətin, təəccüblü və gözlənilməz davranışından irəli gəlib.
Bir neçə gün əvvəl Tramp Fəratın şərq sahillərində əməliyyatlar həyata keçirərək, kürdlərə hücum etdiyi təqdirdə, Türkiyə iqtisadiyyatını məhv etməklə hədələyib. Ancaq indiyə qədər Vladimir Putin və digər Rusiya səlahiyyətliləri Türkiyəyə qarşı belə davranmayıb və Rusiyanın Türkiyəyə qarşı diplomatik yanaşması sükunət və səmimiyyətlə müşayiət edilib.
Buna görə də ağla belə bir sual gəlir: Rusiya Türkiyə üçün ABŞ-dan daha əhəmiyyətlidirmi?
Sualı cavablandırarkən qeyd edilməlidir ki, Türkiyənin Rusiyaya yanaşması Ankaranın Vaşinqtonla münasibətlərini gücləndirmək istəməməsinin əlaməti deyil. Donald Tramp və onun xarici siyasət qurumu üçün milyardlarla dollar mənfəət gətirən Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ölkələri daha vacibdir, bir çox cəhətdən öz hədəfləri və planlarını Vaşinqton məhz onları vasitəsilə həyata keçirir.
Normal münasibətlər halında Türkiyə NATO üzvü olaraq Birləşmiş Ştatlarla bütün sahələrdə əməkdaşlığı genişləndirərdi. Bu olmadığından, Rusiya ilə birgə fəaliyyət ən müdrik və realist qərardır.
Təcrübədə bu artıq baş verib və görürük ki, Ankara Rusiya ilə əlaqələrindən maksimum fayda götürmək istəyir.
Rusiya və Suriyada yeni şərait
ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarı bir daha göstərir ki, Birləşmiş Ştatlar Yaxın Şərqin hazırkı durumu və gələcəyinə aid regional məsələlər və tarazlıqlarla bağlı tərəddüddədir.
Xüsusilə Suriya böhranı sonrasında, çünki ap əvvəldən qərar verməkdə qeyri-müəyyənliyə qapılıb və bu, çətin olduğu üçün ABŞ-ın bölgədən çıxışı ən yaxşı yolu ola bilər.
Ancaq Rusiyanın hekayəti tamamilə fərqlidir.
Rusiya öz strategiyasında Aralıq dənizinə böyük əhəmiyyət verir və çoxdan bəri Suriya ilə əlaqələrə xüsusi diqqət yetirir. Bu mənada Suriya arenasında ABŞ və Rusiyanın mövqelərini müqayisə etmək mümkün deyil.
Hazırkı vəziyyətdə və ABŞ-ın Suriyadan çıxışı nəzərə alınaraq, Rusiyanın regionda daha da güclənəcəyini güman etmək olar. Əgər dünən Rusiya yalnız Fəratın qərbi və Suriyanın bəzi mərkəzi bölgələrində güc tətbiq edə bilirdisə, indi Fəratın şərqində də Rusiyanın birbaşa hərbi güc tətbiqi asanlaşacaq.
İndiki şəraitdə Rusiya Suriya hökumətinin suverenliyini gücləndirməyə və ölkənin əksəriyyətini Şamın mərkəzi hökumətinə təslim etməyə çalışır.
Belə bir vəziyyətdə Türkiyəyə Moskvanın nəzarəti də asanlaşır. Buna əyani misal: xarici şlər naziri Çavuşoğlu və kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidanın Moskvaya rəsmi səfərləridir. Rusiya rəsmiləri Türkiyənin Şərqi Fəratda hərbi əməliyyatına icazə verməyiblər.
Suriya sərhədində səksən min türk əsgəri hələ də hücum əmri gözləyir.
Tərcümə: Strateq.az