2018-in yekun hesabatı:TÜRKİYƏNİN RUSİYAYA ƏNƏNƏVİ NATO MÖVQEYİ NİYƏ VƏ NECƏ DƏYİŞİB?
Elif Beyza Karaalioğlu
“Middle East Eye”
04.01.2019
Türkiyə və Rusiya arasındakı əlaqələr son dövrə qədər diplomatik dəyişikliklər və gərginliklərlə müşayiət olunub. Keçmişdə Türkiyənin Rusiyaya olan münasibəti ənənəvi NATO mövqeyini, o cümlədən ittifaq xaricində olan ölkələrə qarşı ehtiyatlılığı əks etdirib.
Yenixeber.org: 2015-ci ildə Türkiyə hava sahəsinin pozulmasına görə Rusiyanın döyüş təyyarəsinin vurulmasından sonra diplomatik-siyasi vəziyyət sürətlə inkişaf edib. Bu hadisə ikitərəfli münasibətlərin yaxşılaşmasından əvvəl böyük böhran yaradıb.
Hər iki ölkə ikitərəfli kommunikasiya kanallarını artıraraq, Suriya müharibəsində qarşıdurma gündəmini arxa plana keçirib. Nəticədə, Türkiyə, İran və Rusiyanın rəhbərliyi ilə Astana prosesi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında Suriyada İdlib böhranının aradan qaldırılması səyləri sürətlənib.
ABŞ prezidenti Donald Trampın dekabr ayında Ərdoğanla telefon söhbəti sonrası Suriyanı tərk etmə qərarı ilə, yaxın günlərdə Türkiyə və Rusiya səlahiyyətliləri Moskvada bir araya gəlib.
“Dostluğun təməli”
Türkiyə və Rusiya strateji münasibətləri aydın şəkildə inkişaf edir. Ankaranın Rusiyadan “S-400” raket əleyhinə müdafiə sistemini alması, aprel ayında “Akkuyu” nüvə stansiyasının təməl atma mərasimi və “TürkStream” qaz boru kəməri ilə siyasi, ticari və hərbi əlaqələr güclənib.
“Akkuyu” Türkiyənin ilk nüvə stansiyası olacaq və Türkiyə ilə Rusiya arasındakı enerji arenasında uzun müddətli əməkdaşlığı önə çıxarır. Ankarada layihəni prioritet hesab edib.
“TurkStream” layihəsi də, dənizdəki hissəsinin tamamlanması ilə əlaqədar Ərdoğanın tvitində ikitərəfli əlaqələri əks etdirir: “”TürkStream” ikitərəfli münasibətlərimiz və bölgəmizdə enerji geosiyasəti üçün tarixi layihədir və biz rus dostlarımızla bu istiqamətdə böyük səylər göstərmişik”.
Putin həm “TürkStream”, həm də “Akkuyu”nu “Rus-Türk çoxnövlü tərəfdaşlığının mütərəqqi inkişafı və xalqlar arasındakı dostluğun təməli” kimi səciyyələndirib.
Türkiyənin NATO üzvlüyünü nəzərə alaraq, Rusiya ilə əlaqələrini təhlil edərkən, Alyans həmişə əsas amil olub. Ankaranın “S-400” sistemini satın alması Vaşinqtonda narahatlıqları artırıb və sonradan “F-35” döyüş təyyarələrinin Türkiyəyə satışına maneə törədib.
ABŞ-Türkiyə mübahisəsi
Türkiyə-ABŞ münasibətlərinin zəifləməsi Moskva ilə Ankara arasındakı əlaqələrin inkişafında əsas amildir. Ankara və Vaşinqtin arasındakı əlaqələr problemli hala gəlib.
ABŞ-ın Fətullah Güləni təhvil verməkdən imtina etməsi və Türkiyəyə qarşı sanksiyaların səbəbi olan Endrü Brunsonun həbsi ilə əlaqədar ortaya çıxan mübahisələr Türk iqtisadiyyatına mənfi təsir edib.
Suriyadakı kürdlərə məxsus PYD / YPG-yə ABŞ dəstəyi Ankarada narahatlıq doğurub, Türkiyə-Aİ əlaqələrində də insan haqları və demokratiya sahəsində tənqidlər ucbatından Türkiyənin Rusiyaya istiqamətlənməsi sürətlənib.
Bu zəmində Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün diqqətlə hərəkət edib. İdlibdə hərbisizləşdirilən zona yaratma, Rusiyanın enerji və müdafiə sektorunda strateji dəstəyi ilə birgə, Moskvanı Ankaranın perspektivindən üstün tərəfdaşa çevirib. Bu inkişaflar yeni, ikitərəfli ümumi baxışa işarə edir.
Son illərdə Ərdoğanla Putin arasındakı mütəmadi görüşləri nəzərə alaraq, ABŞ-ın və Aİ-nin geridə qalması ilə müqayisədə, əlaqələri möhkəmləndirmə üçün Türkiyənin Rusiyanın əsas diqqət mərkəzində olması aydınlaşıb. Bununla belə, dərinləşən əlaqələrlə bağlı mənfi cəhətlər və itkilər mümkündür.
Xarici siyasətin dəyişdirilməsi
Məsələn, 2014-cü ildə Rusiya tərəfindən Krımın birləşdirilməsini götürün. Ankara bu ilhaqın qəbul olunmasından imtina edib, amma indiyədək Rusiyanı bu mövzuda dalana dirəməyib. “Əl-Monitor”un rəyincə, “Türkiyədə hökumət dairələri bu böhranda vasitəçi rolu oynamağa hazır olması təəssüratını yaradır”.
Türk xarici siyasəti dəyişir, çünki onun Rusiya ilə əlaqələri inkişaf edir. İkitərəfli ittifaq ticarət və investisiya baxımından praktik ola bilər, baxmayaraq ki, bu da Türkiyənin Qərbdə ənənəvi müttəfiqləri ilə əlaqələrini zəiflətmək dilemması yarada bilər.
İndi Türkiyənin beynəlxalq arenada mövqeyini həmişəkindən daha çox müsbət və balanslı bir şəkildə gücləndirməsi və digər ölkələrlə ikitərəfli əlaqələrini şaxələndirməsi lazımdır.
Gələcəkdə beynəlxalq rahatlığı təmin etmək üçün Ankara tarazlı yanaşma qəbul etməlidir.Tərcümə: Strateq.az