
"Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfərindən sonra rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik ola bilər:"
Yenixeber.org: Bunu rusiyalı politoloq və ictimai xadim Sergey Markov deyib.
Onun fikrincə, hazırda Avropa İttifaqında Fransa Cənubi Qafqazdakı problemlərə münasibətdə lider kimi çıxış edir. Ekspert vurğulayıb ki, ona görə də indi ittifaqın mövqeləri təhrif edilir: "Fransada nüfuzlu erməni diasporu var. Ona görə də Fransa hər hansı məsələyə münasibət bildirərkən Avropa İttifaqının deyil, öz mövqeyini ortaya qoyur. Almaniya isə bu məsələdə Fransanın daha obyektiv olmasına, Aİ-nin bu məsələdə daha neytral mövqe tutmasına yardım edə bilər. Bunun üçün Fransanın Ermənistana göstərdiyi böyük maraq kimi, Almaniyanın da Azərbaycana böyük diqqət göstərməsi lazımdır. Aİ-də belə balanslaşma ittifaqın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha konstruktiv yanaşmasına gətirib çıxara bilər".
rusiyalı politoloq və ictimai xadim Sergey Markov
Almaniyalı politoloq, Almaniya Xarici Siyasət Şurası yanında Bertold Beyts adına Mərkəzin direktoru Aleksandr Rar isə deyib ki, A.Mrekelin Cənubi Qafqaza səfərinin nəticələrindən nəsə sensasiyalı irəliləyiş gözləməyə dəyməz: "Bu, Avropanın qeyri-rəsmi liderinin Aİ-nin daim diqqətində olan, Avropayla əməkdaşlıq etmək istəyən ölkələrə, problemlərin olduğu regiona səfəridir. Angela Merkel hadisələrlə, proseslərlə yerindəcə tanış olmaq istəyir".
Almaniyalı politoloq Aleksandr Rar
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfərə çıxıb. O, avqustun 25-də Azərbaycana gələcək. Danışıqların əsas mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də enerji məsələləri olacağı gözlənilir.(report)