Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Paşinyan Merkeldən nə istəyəcək? -Kanslerin Cənubi Qafqaz səfərində Dağlıq Qarabağ DETALI

 

Paşinyan Merkeldən nə istəyəcək? - Kanslerin Cənubi Qafqaz səfərində Dağlıq Qarabağ DETALI

“Nəzərə alsaq ki, regionda və ümumilikdə dünyada önəmli hadisələr baş verir və Almaniya da Avropa İttifaqının ikinci ən böyük dövlətidir, iqtisadiyyatı isə Avropa İttifaqı daxilində birinci hesab edilir. Bu baxımdan, Aİ-nin əhəmiyyətli bir dövlətinin kanslerinin Azərbaycana gəlişi həm Aİ-Azərbaycan münasibətləri, həm də Almaniya-Azərbaycan münasibətləri yönümündən əhəmiyyətlidir”.

Yenixeber.org: Bu fikirləri politoloq Elçin Mirzəbəyli Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə həyata keçirəcəyi səfərini şərh edərkən deyib.

Politoloq görüşlə bağlı digər suallara da aydınlıq gətirib.

- Azərbaycanın Almaniya ilə münasibətləri hansı perspektivlər vəd edir və kanslerin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək?

- Almaniya son dövrlərdə xarici siyasətdə xeyli fəal görünür. Bu fəallıq Almaniyanın Avropa İttifaqının mövqeyindən çıxış edərkən də, öz maraqlarından çıxış edərkən də qabarıq şəkildə nəzərə çarpır. Daha öncə ABŞ-ın qəbul etdiyi qərarlar Almaniya tərəfindən birmənalı şəkildə qəbul edilirdisə, biz artıq beynəlxalq münasibətlərdə Almaniyanın özünün subyektiv baxışlarının olduğunu görürük. Bu fakt son dövrdə ABŞ-la Türkiyə arasında yaşanan gərginlikdə özünü təsdiq etdi. Eyni zamanda, Rusiya ilə də Almaniyanın özünəməxsus istiqaməti var. Belə bir ölkənin nümayəndəsinin regiona səfəri əhəmiyyət daşımaya bilməz.

Almaniya ATƏT-in Minsk qrupunun üzvü olmasa da, aktiv dövlətlərdən biridir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz töhfəsini verə bilər. Digər tərəfdən, Almaniya kanslerinin ölkəmizə səfəri Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı baxımından da əhəmiyyət kəsb edir. Azərbaycan üçün özünün müəyyənləşdirdiyi strateji hədəflər var. Bu hədəflərdən biri ölkəmizin iqtisadiyyatının diversifikasiyası ilə bağlıdır. Artıq yeni sənaye müəssisələrinin yaradılması, almaniyalı iş adamlarının Azərbaycana sərmayə yatırması üçün kifayət qədər geniş perspektivlər var. Bu aspektdən də səfər mühüm önəm daşıyır.

- Angela Merkelin səfər marşrutu Tbilisi-İrəvan-Bakı formasında nəzərdə tutulub. Bu istiqamət xüsusi məna daşıyırmı?

- Düşünürəm ki, elə bir fundamental əhəmiyyəti yoxdur. Azərbaycan regionda və bu 3 Cənubi Qafqaz dövləti arasında həm iqtisadiyyatı, geosiyasi mövqeyi, həm də siyasi gücü baxımından ən üst səviyyədə yer tutur. Buna görə də düşünürəm ki, əvvəlki iki dövlətlərlə müzakirələr aparıldıqdan sonra son məntəqə olaraq Azərbaycanın seçilməsinin mənası çoxdur. Çünki danışıqlar prosesinin yekunu Azərbaycanda baş tutacaq. Güman ki, ən önəmli danışıqlar da məhz bu danışıqlar olacaq. Bu gün söhbət enerji layihələrinin həyata keçirilməsindən gedirsə, bunun üçün aparıcı mövqedə dayanan, həm layihənin təşəbbüsçüsü və həm də icraçılarından olan söz sahibi ölkə - Azərbaycan ilə yekun nəticələrə gəlinməlidir. Gürcüstan bu baxımdan passiv mövqe sərgiləyir. Ermənistana gəldikdə isə, bu, işğalçı dövlətdir və indiki şəraitdə Azərbaycanla münaqişələri açıqdır. Ölkəmiz bu günə qədər beynəlxalq hüquq çərçivəsində danışıqların aparılması istiqamətində çıxış edib və mövqeyini ortaya qoyub. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinin öyrənilməsinə ehtiyac var. Onun mövqeyinin öyrənilməsindən sonra yekun nəticələrin əldə edilməsi aspektindən Azərbaycanın son məntəqə seçilməsi məntiqlidir.

- Paşinyan Merkeldən nə istəyə bilər?

- Bu gün Nikol Paşinyanın ən çox ehtiyac duyduğu şey Avropa İttifaqının dəstəyidir. Ermənistan iqtisadiyyatı iflasın astanasındadır və ölkə tamamilə Rusiyadan asılı vəziyyətə düşüb. Ölkəyə investisiyaların cəlb edilməsinin qarşısında ciddi maneələr durur. Bu həm ölkədəki siyasi qeyri-sabitliyi, həm də Paşinyanın hakimiyyətdə ciddi mövqeyə malik olmaması ilə əlaqədardır. Digər aspekt isə önəmli sektorların Rusiya şirkətlərinin əlində qalmasıdır. Buna görə də Avropa ölkələrindən Ermənistana sərmayə qoymaq istəyənlər üçün ciddi geridönüş səbəbidir.

Paşinyanın seçki ərəfəsində verdiyi vədlərdən biri Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək və Aİ ölkələrindən investitisiyaların cəlb edilməsi idi. Bu günə qədər bu istiqamətdə hər hansı irəliləyiş qeydə alınmayıb. Əksinə, Aİ-nin son dövrlərdə Azərbaycanın ərazi bütövlüyü ilə açıqladığı məsələlər prinsipial şəkildə qeyd edilib. Ermənistan Aİ üçün siyasi baxımından sabit ölkə olmadığına görə Paşinyanın vədləri hələ özünü çox gözlədəcək. Paşinyan cəhd göstərərək Merkeldən investisiyaların yatırılmasını xahiş edəcək. Lakin bunun baş tutması sərmayələri ciddi risk altına atmaq deməkdir.

- Paşinyanın daxili siyasəti hansı istiqamətdə gedir və o, verdiyi sözlərə nə dərəcədə əməl edə bilib?

- Əlbəttə, yox. Prinsip etibarilə Paşinyan yalnız kütlənin qarşısında çıxış etməklə kifayətlənən və kütləni emosionallığa kökləyə bilən bir meydan funksioneri kimi nəzərə çarpır. Onun dövlət idarəçiliyində təcrübəsiz olması, verdiyi qərarların nəticələrini öncədən ehtimal edib nəzərə almaması göz önündədir. Yuri Xaçaturovun həbs olunması üçün qərar qəbul edilib və sonradan buraxılaraq ölkədən çıxmasına icazə verilməsi açıq-aşkar göstərir ki, Paşinyan öz iradəsinə qarşı addım atır. Və deməli o, qərar qəbul etməkdə müstəqil deyil. Köçəryanla bağl faktları da burada xatırlamaq yerinə düşər. Adamlar həbs edilir və Rusiyanın bəyanatlarından sonra azadlığa buraxılır. Bu da Ermənistanın müstəqil siyasətə malik olmadığını göstərir. Bu da göstərir ki, Paşinyan Ermənistanın xarici münasibətlərində də piyadadır. Digər nüans isə Ermənistanın iqtisadi islahatları ilə bağlı irəli sürdüyü müddəalardır ki, bu da absurddur. Çünki bu ölkənin hər hansı təbii resursu yoxdur. İslahatın aparılması üşün Ermənistan, ilk növbədə, işğalçılıqdan əl çəkməlidir ki, region dövlətləri üçün güvənli şərait yarada bilsin.

Paşinyan nə qədər bəyanat verirsə-versin, işğala son qoyulmayacaqsa, hər hansı iqtisadi islahatdan söhbət getməyəcək. Digər iddialar isə hüquqi islahatla bağlıdır. Paşinyan bir neçə nəfər nüfuzlu şəxsi həbs edib istintaqa təhvil verməklə, guya hüquqi islahatlar aparmış oldu. Başdan-ayağa cəfəngiyyatdır. Başqa bir məqam baş nazirin son mitinqində səsləndirdiyi fikirlərdir. Qanunvericiliyə uyğun olaraq, yeni parlament seçkiləri keçirilərsə, seçkidən öncə baş nazir və kabinet istefaya getməlidir. Paşinyan isə bəyan edib ki, o, istefa verməmək üçün konsitutsiyaya dəyişiklik edəcək. Bu da onun Serj Sarkisyandan heç bir fərqi olmadığını ortaya qoyur. Çünki Sarkisyan da hakimiyyətdə qalmaq üçün belə bir dəyişiklik etmişdi ki, hakimiyyət prezidentlikdən transformasiya olunsun və baş nazirin əlində cəmlənsin. Paşinyanın bu addımı sübut edir ki, onun üçün siyasi konyunktura daha önəmlidir, nəinki Ermənistanın qanunvericiliyi.(publika)

Zümrüd Kərimova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam