Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ABŞ və Rusiya Qarabağ məsələsində anlaşıb?

ABŞ və Rusiya Qarabağ məsələsində anlaşıb

Şahin Cəfərli: “Durum müəyyən mənada onları qane edir, çünki Rusiya bu yükü Qərbin çiyinlərindən götürmüş olur” 

 

Xeberinfo.com:  Rusiyanın patronajlığı ilə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin növbəti görüşündə ABŞ başda olmaqla Qərbin iştirak etməməsi ortaya yeni suallar çıxartdı. Əslində danışıqlar prosesində həmsədrlərin daha aktiv şəkildə yer alacağı barədə gözləntilər də özünü doğrultmadı, diplomatlar sadəcə, görüntü xətrinə epizodik rol aldılar. Ancaq aprel döyüşlərinin təkrarlanmaması naminə, bölgədə böyük maraqları olan ABŞ-ın Sankt-Peterburqdakı görüşə önəm verəcəyi gözlənilsə də, dünyanın supergücü seyrçi mövqedən çıxış etdi.
Düzdür, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünə münasibət bildirib. Uorilik “Tvitter” səhifəsində qeyd edib ki, Sankt-Peterburq şəhərində keçirilmiş görüş, eləcə də birgə bəyanat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində müsbət addımlardır. “Biz danışıqlar yolu ilə həll istiqamətində işləməliyik” deyə, amerikalı həmsədr qeyd edib. Ancaq ABŞ Dövlət Departamentinin növbətçi bəyanatla da çıxış etməməsi maraqlı situasiya yaradır. Əslində ATƏT-ə sədrlik edən Almaniyanın kansleri Angela Merkel hələ ötən ay Rusiyanın Qarabağ münaqişəsinin həllində açar rolunu oynaya biləcəyini deməklə bəzi eyhamlar vurmuşdu. O zaman bəzi müşahidəçilər bildirmişdilər ki, hazırkı situasiyada Rusiya ilə Qərb arasında Qarabağ anlaşması var və buna görə də münaqişə tərəflərinə açarın Kremldə olduğuna dair mesaj verilir. Təəccüblüsü budur ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda, Qarabağ məsələsində Moskva ilə ortaq məxrəcə gəlir. 
 
Düzdür, bir sıra Qərb ekspertləri Rusiyanın təşəbbüsü ələ almasına fərqli yanaşır. Məsələn, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, bütün dondurulmuş konfliktlər Rusiyanın ümumi strategiyasının bir hissəsidir: “Rusiya öz qonşularını zəif və mümkün qədər Moskvadan asılı vəziyyətdə saxlamağa çalışır. Ona görə də Donbasın dondurulmuş konfliktə çevrilməsi dağıdıcı nəticələrə səbəb olacaq. Mövzu təkcə Ukrayna deyil. Biz eyni prosesləri Ukraynanın xaricində də görə bilərik. Bura Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ aiddir”. 
Ancaq Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin fərqli qənaətdədir. Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında rəqabət var, nəinki razılaşma: “Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sammit Rusiyanın bu münaqişənin həllində əsas rolu öz üzərinə götürdüyünü bir daha təsdiq etdi. Son zamanlar Qərbin, xüsusilə də ABŞ və Avropa Birliyinin Donbas probleminin nizamlanmasına cəhd etdiyini görürük. Dağlıq Qarabağ da Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərində ağrılı yeridir. Çox güman ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi Qərbin - ABŞ və Avropa Birliyinin bu münaqişənin həllinə sərt müdaxiləsindən yayınmaq üçün görüşmək qərarı veriblər”. (APA) A. Muxin Rusiyanın bu görüşü keçirməklə Qərbə mesaj göndərdiyini vurğulayıb: “Moskva Qərbə göstərmək istədi ki, bu regionda söz sahibi Rusiyadır və ABŞ ilə Avropa Birliyinə Dağlıq Qarabağ  ətrafındakı vəziyyətə ciddi təsir etməyə icazə verməyəcək. Qərbin müdaxiləsinin müharibə ilə nəticələndiyi hamıya məlumdur. Müharibə isə tərəflərdən heç birinə sərf etmir. Ona görə də hesab edirəm ki, münaqişə tərəfləri ölçülü qərar qəbul ediblər”.
Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov “hesab edirəm ki, bu görüşb sadəcə, görüş xətrinə keçirilən görüş deyildi. Qeyd edim ki, dünənki görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi irəliləyiş əldə olunub. Bu, yaxın gələcəkdə qəbul olunacaq qərarın verilməsi üçün keçirilməsi vacib olan görüşlərdən biri idi. Aprelin əvvəlindəki ”dörd günlük müharibə" göstərdi ki, münaqişə mütləq həll edilməlidir. Bu məsələdə Moskva Bakının mövqeyini birmənalı bölüşür. Rusiya da artıq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı deyil. Ona görə də Moskvanın son vaxtlar bu məsələdə aktivliyi nəzərəçarpandır" deyib. 
 
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində, ümumilikdə bizim bölgəmizdə bir Rusiya reallığı var: “Qərb bu reallığı nəzərə alır. Rusiya bu gün həmsədr ölkələr içərisində hər iki münaqişə tərəfinə real təsir imkanları olan yeganə vasitəçidir. Moskvanın Ermənistanla münasibətlərinin səviyyəsi və xarakteri hər kəsə, o cümlədən Qərb paytaxtlarına çox yaxşı məlumdur. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir və iki ölkə arasında münasibətlər o qədər dərindir ki, artıq Ermənistanı Cənubi Qafqazdakı Rusiya anklavı adlandıra bilərik. Digər tərəfdən, Azərbaycan da Rusiya ilə kifayət qədər isti münasibətlər yaradıb və strateji tərəfdaşlıq əlaqələri mövcuddur”. Ekspertin fikrincə, hər iki münaqişə tərəfi Kremlin sözünü dinləyir: “Təsəvvür edin ki, aprel döyüşlərinin qızğın çağında döyüş aparan orduların Baş Qərargah rəisləri Rusiyaya uçur və atəşkəsin bərpası barədə razılığa gəlir, Azərbaycan könülsüz də olsa, buna razılıq verməyə məcbur olur. Moskva təkcə bu faktla duruma nə dərəcədə hakim olduğunu hər kəsə bir daha nümayiş etdirdi. Öz növbəsində tərəflərin də Moskvaya güvəndiyi bir daha hər kəsə əyan oldu. Belə bir vəziyyətdə ABŞ, Qərb niyə bu işə müdaxilə etsin və ya necə müdaxilə etsin? Əksinə, bu durum müəyyən mənada onları qane edir, çünki Rusiya bu yükü Qərbin çiyinlərindən götürmüş olur. Rusiya bu işi həvəslə öz boynuna götürür, münaqişə tərəfləri də buna razıdır. Prezidentlər görüşür, az da olsa bəzi irəliləyişlərin olduğu bildirilir”.
 
Ş.Cəfərlinin sözlərinə görə, bu cür atmosferdə kənardan başqa bir qüvvənin bu işə müdaxiləsi mümkün deyil və heç bu arzuda olan dövlət də yoxdur: “Digər tərəfdən, Azərbaycan qərbyönlü strateji seçim etmədiyi üçün Qərbin bizim ölkəyə və problemlərimizə marağı da yetərli səviyyədə deyil. Yəni Azərbaycana olan münasibət Ukrayna, Gürcüstan və Moldovaya olan münasibətdən fərqlidir. Eyni zamanda Azərbaycanın da Qərbə münasibəti, bu istiqamətdə siyasəti adı çəkilən postsovet ölkələrinin münasibətindən və siyasətindən fərqlənir. Rəsmi Bakı Qərblə siyasi münasibətlərdə araya məsafə qoyur, Qərbdəki bəzi dairələrin Azərbaycanın daxili siyasəti ilə bağlı niyyətlərindən şübhələnir və onlara etimad etmir”. Bununla beləb politoloq qətiyyən iddia etmir ki, Azərbaycan birmənalı şəkildə qərbyönlü seçim edərsə, torpaqlarımız qayıdacaq, bütün problemlərimiz həll olunacaq: “Bu, başqa mövzudur. Söhbət Qərbin siyasətindən, yanaşmasından gedir. Bir az bəsit səslənsə də, deməliyik ki, əgər bir ölkə Qərbə doğru can atmırsa, Qərb həmin ölkəyə görə Rusiya ilə konfrontasiyaya getməyəcək. Yəni hazırkı durumda Qərbin bizə Ukraynaya və Gürcüstana olduğu səviyyədə siyasi dəstək verəcəyini gözləməyə dəyməz. Bu mərhələdə onların postsovet məkanında Rusiya ilə daha bir gərginlik ocağı yaratmağa həvəs göstərmədiyini də qeyd etmək lazımdır. Postsovet məkanındakı prioritet məsələlər Ukrayna və Gürcüstandır, yaxın gələcəkdə Qərb ilk növbədə bu ölkələrin təhlükəsizlik problemlərini həll etməyə çalışacaq. Bütün bu səbəblərlə əlaqədar Qərb hələlik Qarabağ ixtilafının həllinə fəal müdaxilə etməyərək Rusiyanın bu məsələdə dominant rolu ilə barışmış kimi görünür”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam