Ərdoğandan sərt ismarıc: “Azərbaycan sizə Gürcüstan və Ukrayna deyil...”
Qardaş ölkədən yerinə düşən qiymətli Qarabağ dəstəyi; Türkiyə liderinin son Bakı səfəri zamanı təmkinli davranmasının əsas səbəbi üzə çıxır; “Ermənistan odla oynayır” uyarısı Rusiyaya da birbaşa və açıq xəbərdarlıq mesajıdır, çünki...
Xeberinfo.com: Təmas xəttində Azərbaycan ordusu ilə açıq döyüşdə üz-üzə gəlməkdən qorxan Ermənistanın işğalçı qüvvələri dinc yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Belə getsə, düşmən Ağdərə istiqamətində daha sərt cəza alası olacaq. Ona görə ki, qarşı tərəf Azərbaycana hərbi-strateji və taktiki baxımdan ayrı seçim saxlamır.
Artıq bir sıra ekspertlər erməni tərəfinin Azərbaycanı bu addıma getmək zorunda qoyduğu barədə xəbərdarlıq eləməkdədirlər. Məsələn, politoloq Elxan Şahinoğlu hesab edir ki, Tərtərin daima atəş altında saxlanması ordumuzun Ağdərə istiqamətində irəliləməsi məsələsini aktuallaşdırır (axar.az). Onun sözlərinə görə, döyüşlərdə əldə olunan nəticələr Qarabağ münaqişəsinin həll formulunu, faktiki, aydınlaşdırıb.
Politoloqa görə, işğal altındakı Ermənistan ordusuna zərbələr endirməklə qarşı tərəfin itkilərini artırmaq və bu yolla İrəvana təzyiqi gücləndirmək, Moskva ilə isə tərəfdaşlıq oyununu davam etdirmək lazımdır:“İkincisi, Rusiya münaqişəyə birbaşa qarışmayana qədər rəsmi Bakı Kremllə münasibətləri tərəfdaş səviyyəsində saxlayacaq. Dağlıq Qarabağ Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa bənzəmir. Rusiyanın həmin separatçı bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağla sərhədi yoxdur ki, birbaşa bölgəyə qoşun və ya desant qüvvələrini yeritsin. Digər tərəfdən, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıqdan imtina etmir. Ancaq Rusiya hakimiyyəti və hərbi komandanlığı Dağlıq Qarabağdakı döyüşlərə birbaşa müdaxilə edərsə, o zaman həm Azərbaycanla münasibətləri gərginləşdirəcək, həm də müharibənin miqyasının genişlənməsinə şərait yaradacaqlar”.
***
Azərbaycan isə aydındır ki, yeganə Rusiya faktoruna görə hələ ki səbr göstərir. Eyni zamanda şübhə yox ki, münasibətləri gərgin olan Türkiyə ilə Rusiyanın hərbi münaqişəyə cəlb olunmasını arzulamır, əksinə, bu iki supergücün maksimum anlaşmasına nail olmaqla, konflikt ətrafında özünə daha məqbul şərtlərin yetişməsinə çalışır. Lakin bu, heç də o demək deyil ki, ona kimi Ermənistan cəzasız şəkildə öz bildiyini edəcək və Azərbaycana qarşı təxribatlarda Rusiya amilindən gen-bol yararlanacaq.
Sözsüz ki, qardaş Türkiyə də durumun fərqindədir və vəziyyəti diqqətlə izləyir, özü üçün müəyyən nəticələr çıxarır. Bunu prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən az sonra Qarabağ mövzusunda verdiyi son açıqlamadan və həmin açıqlamada əksini tapmış, işğalçı və onun müttəfiqinə ünvanlı açıq mesajlardan da görmək olar.
“Ermənistan odla oynayır. Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil. Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk”. Bu sözləri Ərdoğan Serj Sərkisyanın sülh prosesindən imtina etməsi barədə (artıq erməni XİN başçısı bunu təkzib edib - red.) bəyanatını şərh edərkən deyib.
Türkiyə lideri bildirib ki, hazırkı vəziyyətdə Rusiya tam şəkildə Ermənistana açıq dəstək göstərə bilmir, çünki Azərbaycanla da qarşılıqlı əlaqələri var. “Azərbaycanın azad etdiyi yerlərlə bağlı ”bizim üçün əhəmiyyətli deyil" desələr də, Ermənistanı vahimə bürüməyə başlayıb. Ərazi, əsgərlərin sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisəyə gəlməz. Azərbaycan ətrafındakı ölkələrə bənzəməz - nə Gürcüstan, nə də Ukraynaya bənzəyir. Rusiya Ukraynada da istədiyi nəticəni ala bilmədi. Sadəcə, Krımda tatarların sayı az olduğu üçün orada bir nəticəyə nail oldu. Rusiya doğru hərəkət etmir", - Ərdoğan əlavə edib.
***
Əlbəttə, gözlənilirdi ki, Türkiyə dövlət başçısı bənzər bəyanatı Bakıda verəcək. Amma görünür, olduqca həssas bir dönəmdə Azərbaycanın Rusiya ilə münasibətlərinə əlavə gərginlik gəlməməsi naminə təmkinlilik göstərilib - yəqin ki, həm də rəsmi Bakının xahişi ilə. Ərdoğanın “Rusiyanın Azərbaycanla da qarşılıqlı əlaqələri var”, sözləri belə bir qənaətə şübhə yeri saxlamır.
Ancaq bu, əsla o anlama gəlmir ki, Türkiyə Azərbaycanın arxasında deyil. Qətiyyən. Tam əksinə, Ərdoğanın son bəyanatı bir daha Türkiyənin sonadək Azərbaycanın yanında olacağının təsdiqidir. Ümid edək ki, bu, yerində verilən ismarış Ermənistan və onun yiyəsinə ayıldıcı təsir edəcək. Hər necə olmasa, “Ermənistan odla oynayır” demək - elə “Rusiya odla oynayır” deməkdir. Nədən ki, Moskva istəsə, təcavüzkarı dərhal yerində oturdar.
“Rusiya düz eləmir”. Bu da Türkiyədən Kremlə diplomatik tərzdə göndərdiyi başqa bir xəbərdarlığa, eyni zamanda Rusiya XİN başçısı Sergey Lavrovun İrəvandakı məlum antitürk ittihamına və Ağrıdağ jestinə cavab sayıla bilər. Bütün bunlar Ermənistan və onun əsas havadarına açıq ismarışlardı ki, öz “işğalçı” itinin zəncirini çəksin, ya da bu iti Azərbaycanın cəzalandırmasına mane olmasın. Görək, Rusiyanın reaksiyası necə olacaq.
Daha bir mühüm detal: sözügedən bəyanatla qardaş ölkə lideri həmçinin xəbərdarlıq edib ki, əgər cəbhədəki yeni və böyük canlı itkilər fonunda daha 50 min narazı erməni Türkiyədən acından ölən Ermənistana qovulsa, kriminal Sərkisyan rejiminin aqibəti necə olar?
Cavab aydındır. Bu, sadəcə olaraq, ordusu üç strateji istiqamətdə böhran yaşayan Ermənistanın hərbi iflası ilə yanaşı, siyasi-iqtisadi iflasını da tezləşdirər. 4 günlük savaşdakı ciddi hərbi uğursuzluqlara görə bugünlərdə işdən qovulan general Mirzəbekyanın erməni işğalçı ordusunun durumu haqda yazdığı şok məktub elə öz-özlüyündə hər şeyi deyir. Bunun üstünə iqtisadi, sosial böhran da gəlsə, Ermənistan adlı dövlətdən nə qalacağı böyük sual altındadır...
Musavat.com