“TÜRKLƏR MOSKVANIN NAZI ILƏ OYNAMIR” - Və Ərdoğandan növbəti tarixi gediş
Ankara Rusiyaya da, Qərbə də öz şərtlərini diktə edir
Ərdoğan növbəti dəfə təkcə Putindən yox, əksər dünya liderlərindən iki baş üstün siyasətçi olduğunu isbat etdi...
“Ərdoğanın “dostu” Vladimirlə necə rəftar etməyə dair böyük təcrübəsi var – istəsə boğazları açar, istəsə bağlayar, istəsə (Rusiyanın) təyyarəsini vurar, istəsə Türkiyə xüsusi təyinatlıları məsələn, Suriyada “özünü yaxşı aparmayan” kəllələri alar, istəsə lap açıq şəkildə Liviyada, yaxud Suriyada onlarla (Rusiya ilə) döyüşər və sair. Türklər heç vaxt Moskvanın nazı ilə oynamır. Kreml onlardan daha çox asılıdır, nəinki onlar Kremldən. Ərdoğanın Putindən iki baş üstün siyasətçi olduğunu isə hər kəs bilir”.
Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi təhlilçi Aleksey Arestoviç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azov” komandirlərinin Kiyevə təhvil verməsini və “Ukraynanın NATO üzvlüyünə tam layiq olduğunu” söyləməsini şərh edərkən deyib.
Doğrudan da Ərdoğan bu qərarı ilə Rusiya ilə heç kimin rəftar edə bilmədiyi şəkildə davranmağı bacardığını bir daha göstərdi. Bu, bir tərəfdən Türkiyənin hansısa qərarı verərkən heç kimlə hesablaşmadığını ortaya qoyursa, digər yandan “taxıl sazişi”ni pozmaq niyyəti barədə bəyantlar verən Kremlə “qulaqburması”, ən əsası isə Türkiyənin hansı safda durduğunun nümayişi oldu.
Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin məlum qərarına münasibət bildirərkən deyib ki, “Kremldə Türkiyənin Moskva ilə dialoqu yüksək səviyyədə saxlayacağına ümid edirlər”. Peskov bildirib ki, Ankara və Kiyev bu qərarı verərkən ilkin razılaşmanı pozublar, lakin Rusiya ilə Türkiyə arasında sıx, inkişaf etmiş, hərtərəfli əlaqələr var. Amma bununla yanaşı, “müəyyən fikir ayrılıqları” da qalır. Vəssalam.
Yəni, Türkiyənin iradəsi və qərarları heç kim üçün müzakirə mövzusu deyil və Ankara yalnız öz milli maraqlarından çıxış edir. Necə ki, İsveçin NATO üzvlüyünə razılıq qərarı da Türkiyənin öz milli maraqları əsas götürülərək verildi. Məlum olduğu kimi, uzun müzakirələrdən, ABŞ-dan Avropa İttifaqına qədər bütün Qərb siyasi isteblişmentinin xahiş və yalvarışlarından sonra nəhayət, R.T.Ərdoğan İsveçin NATO-ya üzv qəbuluna razılıq verdi.
“CNN” adını çəkmədiyi Türk diplomatlarına istinadla bildirib ki, İsveç Türkiyənin irəli sürdüyü bütün şərtləri qəbul edib. Rəsmən bu şərtlərin başında Türkiyənin uzun illərdir mübarizə apardığı terror mövzusu dursa da, siyahıda digər önəmli siyasi və iqtisadi məsələlərin də olduğu şübhəsizdir. Özü də söhbət yalnız İsveçdən yox, ümumilikdə kollektiv Qərbdən gedir.
İsveçin Türkiyəyə verib-alacağı şeylər çox deyil. İsveçin NATO üzvü olub-olmaması da Türkiyə üçün birinci dərəcəli, həyati önəm daşımır. Ancaq bu üzvlüyə yaşıl işıq yandırılması müqabilində Türkiyənin Qərbdən alacaqları İsveçin üzvlüyü ilə müqayisədə əlbəttə ki, daha miqyaslı və önəmlidir. Təkcə rəsmi açıqlamalar onu deməyə əsas verir ki, Türkiyənin Avropa İtifaqı ilə vizasız gediş-gəliş şərtlərinin müəyyənləşdirilməsindən tutmuş, Ankara ilə gömrük sazişinin genişləndirilməsi, Türkiyə üçün güzəştli ticarət mühitinin yaradılması, maliyyə-iqtisadi əlaqələrin genişləndirilməsinə qədər Ankara üçün vacib olan bir çox razılaşmalar əldə olunub.
Hələ bütün bunlar rəsmən elan olunan şərtlərdir və yəqin ki, mətbuata çıxarılmayan digər məsələlər də var. Yəni, Türkiyə bu qərarı hansısa təzyiq, hədə-qorxu yox, öz milli maraqlarından çıxış edərək verib. Türkiyənin indiki çətin maliyyə-iqtisadi vəziyyətini nəzərə alındıqda isə bu gedişlərin Ankara üçün önəmini hesablamaq daha asan olar...
“Bu axşam Türkiyənin, İsveçin və NATO Baş katibinin bəyanatını və Prezident Ərdoğanın İsveçin üzvlüyünə dair sənədin parlamentdə tezliklə ratifikasiyaya veriləcəyinə dair vədini alqışlayıram. Mən Avro-Atlantika regionunun müdafiəsinin gücləndirilməsi üzərində Prezident Ərdoğanla və Türkiyə ilə işləməyə hazıram”. Bunu isə ABŞ Prezidenti Co Bayden bəyan edib.
Bütün bunlar o deməkdir ki, Türkiyə Ankara üçün həyati əhəmiyyət daşımayan İsveçin NATO-ya üzvlüyünə razılıq müqabilində həm böyük maliyyə-iqtisadi, həm də siyasi dividendlər qazana bildi.
Nəticədə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan yenə bütün dünyanın əsas gündəm mövzusudur və dünyanın gələcək taleyinin müəyyənləşdirilməsində vacib oyunçulardan biri qismində çıxış edir.
Onu da unutmayaq ki, Ərdoğanın həm Rusiyaya, həm də Qərbə qarşı bəzən həddindən artıq sərt görünən iradə nümayişinə rəğmən, yenə də məhz Türkiyə gələcək Rusiya-Ukrayna, Rusiya-Qərb danışıqlarının əsas meydançası olaraq qalır. Buna nail olan Ərdoğan isə növbəti dəfə Arestoviçin dediyi kimi, təkcə Putindən yox, əksər dünya liderlərindən iki baş üstün siyasətçi olduğunu isbat edir...(azpolitika)
Cəlal Məmmədov