Leyla Abdullayevanın "Respublikaçı" deputatlara cavab məktubu:Fransanın məşhur nəşrində
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın 13 iyun 2023-cü il tarixində Fransanın “Le Figaro” qəzetində “Respublikaçı” deputatlar tərəfindən dərc olunmuş məqaləyə cavab məktubu bu ölkənin məşhur “
Yenixeber.org: Məktubda fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olmasının demokratiya və sülh üçün təhlükəli olduğu bildirilib.
Qeyd edilib ki, iyunun 12-də “Le Figaro” qəzetinin saytında və iyunun 13-də isə qəzetin özündə "Respublikaçı" deputatlar tərəfindən dərc edilmiş məqalədə Fransadakı bütün azərbaycanlıların şərəfinə xələl gətirən qeyri-dəqiq məlumatlar mövcuddur.
Məktubda bildirilib ki, "Respublikaçı" deputatların başlatdığı “həyəcan siqnalı” yanlış məlumatlara əsaslanır və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının qarşısını almaq məqsədilə bu miflərlə çıxış edən marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir:
"Bizim son 30 ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, bütün regionda inkişaf və əməkdaşlığa yeni səhifə açmaq üçün tarixi imkanımız olduğu bir vaxtda bu radikal qüvvələr yalnız öz siyasi mövcudluqlarını təmin etmək məqsədilə dağıdıcı mövqeyə üstünlük verirlər. Xatırlatmaq istərdim ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası Ermənistan tərəfindən misli görünməmiş hərbi təcavüz ilə üzləşmiş, bunun nəticəsində beynəlxalq səviyyədə Azərbaycana məxsus ərazilərinin 20 faizi işğal edilmişdir. Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuş, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmənin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası, Fransanın da səs verdiyi, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və Ermənistanın işğalçı qüvvələrinin onun suveren ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir".
"Ermənistan silahlı qüvvələri tərəfindən törədilən çoxsaylı hərbi təxribatlardan sonra 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına uyğun olaraq öz ərazisini və xalqını müdafiə edərək tarixi ədaləti bərpa etmişdir. Ərazilərinin tamamilə dağıdılmasına baxmayaraq, işğal başa çatdıqdan sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif edən də məhz Azərbaycan olmuşdur. Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə vicdanla hörmət etməsi və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməsi vacibdir”, - L.Abdullayevanın “Lopinion” nəşrində dərc olunan məktubunda bildirilib.
Müəllifin məktubunda vurğulanıb ki, məqalədə qeyd olunan Laçın yolu Azərbaycanın suveren ərazisinin bir hissəsidir və Laçın rayonu ilə Azərbaycann Xankəndi şəhəri arasında yerləşir: "Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Laçın yolu müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulmuşdur: “Lakin bu yol Ermənistan tərəfindən qeyri-qanuni hərbi və kommersiya məqsədləri üçün, xüsusən də Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilməsi davam edən silahlı qüvvələrin şəxsi heyətinin hərəkəti və silah-sursatın daşınması üçün istifadə olunmuşdur. Bundan başqa, üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və sıralarına cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olmuşdur. Məqalədə Azərbaycan tərəfindən Laçın yolunun qondarma “bağlanması”na istinad edilməsi heç də reallığı əks etdirmir. Azərbaycan Respublikası tərəfindən Ermənistanla sərhəddə 7/24 fəaliyyət göstərən və erməniəsilli azərbaycanlı sakinlər tərəfindən istifadə edilən keçid məntəqəsi yaradılmışdır. KİV-də yayımlanan çoxsaylı video və fotoların da sübut etdiyi kimi hər iki istiqamətdə sərbəst və təhlükəsiz hərəkət Azərbaycan tərəfindən təmin edilir. Bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarında erməni tərəfinin iddia etdiyi qondarma “bağlanma”ya heç bir istinad edilmir və bu da bu saxta ittihamın heç bir əsası olmadığını sübut edir. Məhkəmənin qərarına əsasən, Azərbaycan Laçın yolu ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək məqsədilə öz milli ərazisində nəzarət-buraxılış məntəqəsi yaratmışdır".
"Bundan əlavə, sağçı "Respublikaçıların" nümayəndələrinin bu çağırışı hətta Ermənistan hökumətinin indiki siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə, xüsusilə 2023-cü il mayın 16-17-də Reykyavikdə keçirilən Avropa Şurasının Zirvə toplantısı zamanı Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla bağlı bəyanat vermişdir. Bu mövqe Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən mayın 14-də Brüsseldə keçirilən görüşün yekununda verilən bəyanatda da bir daha təsdiqlənmişdir. Nəhayət, bu məqaləyə imza atan şəxslər, eyni zamanda, xristian mədəniyyətini dəstəkləməyin vacibliyini qeyd edir. Bu xüsusda, xatırlatmaq istərdik ki, Azərbaycan dünyəvi, çoxkonfessiyalı və multikultural ölkədir. Azərbaycan, müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu tam əmin-amanlıq şəraitində yaşadığı unikal birgə yaşayış modelini təqdim edən ölkədir. Eyni zamanda, Azərbaycan, xüsusilə müxtəlif ölkələrdə, o cümlədən Fransada xristian irsinin qorunub saxlanmasına töhfə vermək kimi dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə verməklə bağlı konkret fəaliyyətlərə imza atmışdır. Davamlı sülh bütün region xalqlarının, o cümlədən Ermənistan xalqının gələcəyi üçün mütləq zərurətdir və yalnız beynəlxalq hüquqa və götürülmüş öhdəliklərə hörmət bizi bu tarixi məqamda çox yaxın olduğumuz bu məqsədə doğru apara bilər".