Putin niyə bütün Qərbə qarşı döyüşməli olacağını hesablaya bilmədi? -ŞƏRH
Yenixeber.org: Bunu siyasi şərhçi Nadir Qocabəyli FB səhifəsində yazıb. Müəllif daha sonra əlavə edir:
Əlbəttə, məğlubu da müdafiə etmək və yanında dayanmaq olar. Və şəxsən mən hər zaman böyük qonşumuzun yanında olacağam. Çünki kiçik vətənimin taleyi ondan çox asılıdır. Ancaq bundan öncə bəzi suallara cavab tapmaq lazımdır.
Çingiz xanın ən böyük siyasi və hərbi məharətlərindən biri o idi ki, özündən güclü düşmənlə açıq döyüşə girmirdi.
Bəs Putin niyə girdi? Niyə bütün Qərbə qarşı döyüşməli olacağını hesablaya bilmədi? Niyə bizləri də SVO-nun iki həftəyə bitəcəyinə inandırdı?..
Nəticədə bu qədər slavyan (elə türk və digər millətlər də) qırıldı, bu qədər ailə bədbəxt oldu, bu qədər ərazi xaraba qaldı, bu qədər silah-sursat sərf olundu. Ən əsası da iki qardaş xalq arasında uzun müddət davam edəcək düşmənçilik yarandı. Ən pis şeylərdən biri də odur ki, 2-ci dünya müharibəsindən sonra ilk dəfə Rusiyanın qüdrətli, məğlubedilməz imicinə böyük zərbə dəydi. Doğrudur, Rusiya Krım müharibəsində (1853-1856) də uduzmuş və bu onun imperiya nüfuzuna böyük zərbə vurmuşdu. Birinci dünya müharibəsində (1914-1918) isə onu bolşeviklər xilas etmişdilər.
Görünür, Ukrayna məğlubiyyəti də (artıq buna demək olar ki, şübhə qalmayıb) təsirsiz ötüşməyəcək və yaxın gələcəkdə böyük qlobal dəyişiklərlə müşayiət olunacaq.
Putin bunu bilərəkdənmi etdi? Yoxsa etdiyi ciddi səhvlərə görə, geriyə yolu qalmamışdı? Yaxud hakimiyyətini itirmək təhlükəsi yaranmışdı? Bəlkə heç də sevmədiyi, ancaq hesablaşmaq zorunda qaldığı sol düşərgənin revanşının qarşısını ancaq bu yolla ləngitmək olardı?.. Bəlkə, ümumiyyətlə bu məsələnin əsası elə SSRİ dağılandan sonra qoyulub? Axı Putin Rusiyanın maraqlarını Qərbə satan Yeltsinin davamçısıdır. Moskvada indiyədək "Yeltsin Mərkəzi" fəaliyyət göstərir. Putin Rusiyada əksəriyyətin satqın saydığı Qorbaçovu o dünyaya böyük ehtiramla yola saldı. Onun ətrafı, Kreml divarlarının arası qərbpərəst liberallarla doludur. Dövlət kommunistlərə mane olacaq çoxlu layihələr maliyyələşdirir, min oyundan çıxır və s.
Suallar çoxdur. Amma bir şey dəqiqdir ki, Rusiyadakı solçu, bolşevik, vətənpərvər qüvvələrin hakimiyyətə gəlməsi Qərbə qətiyyən sərfəli deyil. O, sovet dövrünü çox yaxşı xatırlayır. Avrasiyanı tamamilə ələ keçirmək planını yarımçıq qoya bilməz. Bu səbəbdən də ABŞ üçün kommunistlərdənsə Putin qat-qat yaxşıdır. Putin özü də bunu gözəl anlayır və bundan məharətlə faydalanır. Bu mənada onlar arasında sözsüz razılıq da ola bilər.
ABŞ bir güllə ilə üç dovşan vurdu: həm Rusiyanı bir az da zəiflətdi, həm salavyanlar arasına uzunmüddətli ədavət saldı, həm də ona hələlik sərf edən Putinin hakimiyyətini uzatdı.
Bəs bundan sonra nə olacaq? Axı məğlub Putinə də hakimiyyətdə qalmaq asan olmayacaq. Bəli. Odur ki, artıq bunun tədbiri görülür. Moskvadakı ABŞ səfirliyi Rusiya vətəndaşlarına çağırış edir. Bunun ardınca patriarx Kiril Putinə atəşkəslə bağlı müraciətı edir, o da "təbii ki", patriarxın sözündən çıxmayaraq bu barədə Şoyquya göstəriş verir. NATO ölkəsi Türkiyənin prezidenti Ərdoğan da dərhal dövriyyəyə girərək, atəşkəsə dəstək verir və onun uzadılmasının zəruriliyini vurğulayır. Ancaq guya ki, Zelenski bununla razılaşmır. Deyir ki, Rusiya işğal etdiyi əraziləri qaytarsın, ondan sonra. Əlbəttə, Zelenski belə bəyanatlar verə bilər və verməlidir də. Yoxsa razılaşma inandırıcı görünməz. Fakt isə ondan ibarətdir, son qərarı ABŞ verəcək. Ona Putini hakimiyyətdə saxlamaq, ondan sonra daha liberal və daha asan idarə olunan birinə ötürmək lazımdır. Çünki kommunistlər daha təhlükəlidir və Qərb ən çox onlardan qorxur...