İlham Əliyev Rusiya ilə danışıqların detallarını açıqladı, Ermənistana xəbərdarlıq etdi -TƏHLİL
Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi.
Yenixeber.org: Müşavirədə Prezidentin çıxışının Azərbaycan-Ermənistan münasibətləri üzrə istiqamət motivləri həm sülhə çağırış, həm də xəbərdarlıq mesajları ilə zəngin idi.
2022-ci ilin altı ayı Azərbaycanla Ermənistan arasındakı mübahisəli məsələlərin həlli ilə bağlı intensiv görüşlər və sülhə dair səmərəli müzakirələrlə yadda qalıb. Amma əldə olunan razılıqların icrasında İrəvan prosesi axsadan meyarlardan əl çəkmir.
Ermənistanın istər Rusiyanın, istərsə də Avropa İttifaqının təşəbbüsləri ilə əldə edilən razılaşmaların bir qismindən yayınması Bakı üçün təəccüblü də deyil, ancaq Azərbaycan İrəvana onun qol-qanad açmasına şərait yaradacaq vaxt vermək niyyətindən də çox uzaqdır.
Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərə dair baxışını antiterror əməliyyatlarını gündəmdə saxlamaqla möhkəmləndirdi, əhəmiyyətli rıçaqlar qazandıqdan sonra isə həmlə metodunu bir qədər dəyişdi.
Azərbaycan hökuməti Ermənistanla sərhədin Şərqi Zəngəzur istiqamətinə çıxış əldə edənədək sülhməramlıların nəzarət zonasındakı ərazilər barədə açıq mətnlə kəskin mesaj vermirdi, hərçənd ki, bəyanatların bətnində çox samballı məzmunlar gizlənirdi.
Azərbaycan sərhəddə möhkəməndikdən sonra isə Rusiya sülhməramlılarının xidmət apardıqları yerlərə dair konkret mesajlar vermək xəttini tutdu və bunu 2022-ci ilin martında Fərrux yüksəkliyini və Fərrux kəndini separatçılardan təmizləməklə möhkəmləndirdi.
Ağıllı manevrlərlə Rusiyanın 10 noyabr bəyanatının 4-cü bəndini (separatçıların Azərbaycan ərazilərindən çıxarılması) spekulyasiya etməsinin qarşısına keçərək Moskvaya məsuliyyətini xatırladan tezisləri tez-tez yada saldı.
Rəsmi Bakı regionda beynəlxalq güclərin hökmranlığa can atmasının qarşısını alan mövqedə dayanaraq Ermənistanın əlini-qolunu tamamilə yığa bildi.
Bütün bunlar Ermənistan üzərində Azərbaycanın parlaq izolyasiyasını yaradıb, lakin açıq qalan bəzi məsələlər İrəvanın hiyləgərliyi üçün şərait yaradır.
Bakının təqdim etdiyi sülh gündəliyi isə həm qlobal oyunçulara, həm də regional aktorlara cəlbedici görünür və Azərbaycanın artan əhəmiyyəti, Türkiyə ilə qurduğu strateji müttəfiqlik mexanizmi onları öz ambisiyalarını cilovlamağa vadar edir.
Mühasirədə qalan Ermənistan onlardan ötrü iqtisadi fayda gətirən bir rola malik deyil, hərçənd ki, İrəvandan geosiyasi məqsədlər üçün yararlanmaq meyilləri də tam olaraq siyasi üfüqlərdən çəkilməyib.
Ancaq Azərbaycan həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiya ilə münasibətlərinin səviyyəsində balanslı əməkdaşlıq formatı yaratmaqla sülh gündəliyinin formalaşmasında şərtlərini diktə etdirmək potensialına yiyələnib.
Ermənistan bu gücü dəyərləndirsə də, özünün mifik təsəvvürlərə söykənən hikkə və həyasızlığından əl çəkmək istəmir, amma məcburən onun üzərinə bir sıra öhdəliklər də qoyulur.
Sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı ilkin razılaşmalarda da Azərbaycan tərəfi həlledici ümumi çərçivə təqdim edib və bunun detalları üzərində iş gedir. Zamanla detallar açıqlanacaq və bu detalları bəzi hərbi hərəkətlilik də üzə çıxaracaq.
Azərbaycan delimitasiya prosesinin uzun çəkəcəyini bildiyindən 10 noyabr bəyanatının 4-cü maddəsini yenidən gündəmə gətirir və bununla həm sərhədə dair, həm də Qarabağ iqtisadi zonasına dair yeni hərbi baxışlı mövqeyini ortaya qoyur.
Bəli, İlham Əliyevin müşavirədə dediyi kimi, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır və bu məsələ Moskvaya da tez bir zamanda həllini tapması üçün çatdırılıb.
Prezident nitqində deyib ki, Rusiya erməni silahlılarının iyun ayına qədər çıxarılmasını söz versə də, buna əməl olunmayıb.
Erməni silahlılarının Azərbaycan ərazisində qalmasının qəbuledilməz olduğunu vurğulayan Prezident İrəvana və Moskvaya da hərbi gücün tətbiq ediləcəyi mesajını ünvanlayıb.
SİTAT: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu, bəlkə də, indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.
İlham Əliyev bununla bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü öncəsi danışıqların gedişatını müəyyənləşdirəcək diktələri yeridir.
Yəni, iyulun 16-da Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşündə ikinci Bakının yeni şərtlərini qəbul etməli və bunu Nikol Paşinyan administrasiyasına çatdırmalıdır.
10 noyabr bəyanatının Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən bəndinin həyata keçirilməsində də İrəvanın ikibaşlı mövqeyi davam edir.
İlham Əliyev bəzi məqamları diqqətə çatdırıb:
1. Ermənistan Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmiryolunun texniki-iqtisadi əsaslandırmasını təqdim etməyib;
2. Ermənistan Zəngəzur dəhlizi üzrə avtomobil yolunun marşrutunu Azəraycana verməyib.
Zəngəzur demişkən, İlham Əliyev Ermənistanın Qarabağla bağlı status xəyallarına qapılmasına yenidən “Zəngəzura da status” məntiqi ilə cavab verib və bunun reallaşması imkanları daha genişdir.
PROQNOZLAR:
Rusiya ilə danışıqlarda 4-cü maddə daim xatırladılacaq və Moskvanın bu istiqamətdə səy göstərməsinə şərait yaradılacaq. İndi Rusiya öhdəliyindən irəli gələrək Ermənistanı 4-cü bənd üzrə düzgün təlimatlandırmalıdır.
Ermənistan 10 noyabr bəyanatının 4-cü maddəsinə əməl etməsə, Azərbaycan Fərrux yüksəkliyini azad edərkən tətbiq etdiyi yumşaq hərbi gücü təkrarlayacaq. Təbii ki, bu, digər silahlıların çıxarılması üçün dərs olmasa, o zaman hərbi əməliyyatın barıtını çoxaldacaq. Bunun miqyası Qarabağ zonasından Şərqi Zəngəzur bölgəsinin Ermənistanla sərhədinə, bir az da dəqiqləşdirsək, Ermənistanın içərilərinə doğru sıçraya bilər.