"Azərbaycan prezidenti tənqidi media təmsilçisinin 26 illik xidmətini qiymətləndirir"
“Bu mükafat mənim üçün önəmlidir. Ona görə önəmlidir ki, bu, cəmiyyətə, müxalifət düşərgəsinə bir dövlətçilik dərsidir. 26 ilini tənqidi mediaya sərf eləmiş, bir baş redaktor dövlətin başında dayanan şəxs tərəfindən mükafatlandırılır və şəxsən təqdim olunur".
"Xeberinfo.com": Məlumata görə, bu sözləri dünən prezident İlham Əliyevin sərəncamı ilə “əməkdar jurnalist” adı alan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Lent.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu yola çıxarkən mükafat alacağını gözləməyib. “Mən bu yola çıxanda mükafat gözləmirdim. Biz ölümü gözümüzün qabağına alıb sovetlərə qarşı müstəqil media seti yaratmaq haqqında düşünürdük. Amma proseslərin gedişində müxtəlif mükafatlar almışam. Xarici ölkələrdən də, öz ölkəmdən də mükafat almışam. O cümlədən də Mətbuat Şurasının təsis etdiyi Ali Media mükafatına da 5 il əvvəl layiq görülmüşəm. Bu, eyni zamanda çox tərbiyəvi əhəmiyyətə malik məsələdir".
R.Arifoğlu bildirib ki, ömür boyu müxalifət düşərgəsinə xidmət edən adam kimi bir sıra şikayətləri var:"Düşərgəyə aid cəmi bir dənə tənqidi yazı yazanda salamı kəsirlər və yaxud da soyuq münasibət göstərirlər. Məni o baxımından nümunəvi olaraq görsünlər ki, Azərbaycan prezidenti tənqidi media təmsilçisinin 26 illik xidmətini qiymətləndirir”.
Baş redaktor sosial şəbəkələrdə haqqında yazılan fikirlərə də münasibət bildirib. O deyib ki, AXCP üzvlərinin onun əleyhinə apardığı kampaniyalar dayanmır: "Onlar mənim ən böyük köməkçilərimdir. Mənim əhəmiyyətimi və gördüyüm işləri ictimaiyyətləşdirirlər. Onlar mənim adımın tarixə düşməsinə səbəb olan ən ciddi salnaməçilərdir. Onların yazdıqları da, mənim yazdıqlarım da tarixdə qalır. Bu proses Rüstəm İbrahimbəyovla başlamışdı. Onlar deyirdi, "ya İbrahimbəyov, ya da İbrahimbəyov". Mən isə deyirdim ki, bu, olmayacaq. Mən deyirdim ki, gəlməyəcək, aldadır, Rusiya vətəndaşıdır. Mən yazanda dedilər ki, səhv yazırsan, kampaniya aparırsan. Yekunda biz haqlı olduq. Onlar haqsız oldular. Həmin proses indi də davam edir".
R.Arifoğlunun sözlərinə görə, ifalasın içində olan, 22 il ərzində heç bir siyasi uğur qazana bilməyən bir çevrənin onu tənqid etməsindən heç nə baş verməyəcək: "Onların tənqidi, kampaniyası bir əhəmiyyət daşıyırdısa, onları iqtidara daşıyardı. Daşıya bilmirsə, bu siyasət onları daha da batırırsa, ən yaxın adamları belə onları tərk edirsə, o tənqidin bizə başqa ziyanı gəlməz”.
Rauf Arifoğlu Müsavat Partiyasından istefa verməsini isə belə izah edib: “Mən Müsavat partiyasından getmək haqqında 1998-ci ildən düşünürəm. Düz 17 ildir. Bu işin zəruri olduğunu, bunun mütləq olacağını bilirdim. Çünki bir qızıl qayda var; jurnalist partiyalı olmamalıdır. Amma təəssüf ki, Azərbaycanda mühüt buna imkan vermədi. Biz mətbuata hərəkatdan, partiyadan gəlmişik. Onu qurub, partiyadan uzaqlaşıb, mətbuatı özəlləşdirmək missiyası da bizim üzərimizə düşür. Necə ki, müstəqillik dövründə mətbuatı biz qurduq, onun müstəqilləşdirilməsi, siyasi düşərgələrdən ayrılması da bizim işimiz olmalıydı. Bu proses çox uzandı və 2 dəfə bu qərarı partiyanın xeyrinə verdim. Mən 2006-cı ildən bu qərarı mətbuatdan yana verdim ki, yavaş-yavaş həm fiziki, həm də siyasi məsafə götürməyin zamanıdır. Mən özümü partiya mükələfiyyətindən azad etdim".