"RUSİYA - UKRAYNA MÜHARİBƏSİNİN 3-cü MƏRHƏLƏSİ BAŞLADI" -Ruslar bu istiqamətlərdə hücuma hazırlaşır, Kiyev isə...
Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.
Yenixeber.org: Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Ümumkrayna telemarafonunun efirində deyib.
Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi", ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi.
“Bir mühasirə çox böyük planlaşdırılırdı, onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə Kramatorsk və Slavyansk ilə birlikdə planlaşdırıldı, indi isə son dərəcə kiçik bir mühasirə ilə qaldılar - əslində Severodonetsk və Lisiçansk, lakin onlar da bunu edə bilməzlər", - Andrusiv deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya qoşunları sərhədlərin müdafiəsi üçün hazırlaşmağa başlayır.
"Ruslar eyni vaxtda üç istiqamətdə hücuma hazırlaşır". Bu barədə “Feygin Live” kanalının efirində Ukrayna prezident aparatının rəhbərinin müşaviri Aleksiy Arestoviç bildirib.
Onun sözlərinə görə, Rusiya Popasnaya, Avdiivka və Zaporojye istiqamətində hücum planı reallaşdıracaq.
“Bizim artilleriyamız hər şeyi müşahidə edib. Popasnaya yaxınlığında rus qoşunlarının toplaşdığı görünüb. Onlar burdan Rubijne, Severodonetsk, Lisiçansk və Zaporojyeni mühasirəyə almaq istəyir”,- deyə Arestoviç bildirib.
Onun sözlərinə görə, son 24 saat ərzində rusların hücumunda heç bir irəliləməsi olmayıb.
"Onlar öz son gücünü o cümlədən tank resurslarını indiki mərhələdə bu istiqamətdə sərf etmək niyyətindədirlər. Onlar inanılmaz dərəcədə öz qoşunlarını bizim güclü müdafiəmizə öldürtməkdə israrlıdırlar”,- deyə o bildirib.
Arestoviç bu gözlənilən hücumu taktiki səviyyədə təhlükə adlandırıb və rusların bu cəhdlərinin uğur qazanmayacağına inanıb.
Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına görə, Xersonda Rusiyanın yaratdığı hərbi-mülki administrasiya Moskvadan Xerson vilayətini Rusiyaya birləşdirməyi xahiş edəcəkləri barədə açıqlama yayıb.
“Bunun üçün saxta referendumlar keçirilə bilər. Rusiya Ukrayna ilə bağlı siyasi məqsədlərinə çata bilməyib. Moskva Xersonda Rusiyaya üzvlük referendumu keçirsə, nəticələri manipulyasiya edəcək. Xerson vilayətinin vətəndaşları, çox güman ki, Rusiya işğalına qarşı öz etirazlarını nümayiş etdirməyə davam edəcəklər”, - məlumatda bildirilib.
Ukrayna müdafiə naziri Oleksiy Reznikov isə bildirib ki, Ukrayna Kiyevdə bir milyon insanı səfərbər etmək istəyir.
“Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib.
“Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb.
Bu arada Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb. Məlumatda bildirilir ki, Rusiya qoşunlarının əsas məqsədi Donetsk, Luqansk və Xerson vilayətləri ərazisində tam nəzarəti təmin etməkdir. Şərqi əməliyyat zonasında döyüşlər davam edir.
Məlumata görə, qarşı tərəfin ən ciddi fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur: “Düşmənin Ukraynadakı hərbi və mülki obyektlərə raket, bomba zərbələri endirəcəyi təhlükəsi hələ də var. Volın və Polissya istiqamətlərində Rusiya Silahlı Qüvvələri fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin 7 batalyonu Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.
Şimal istiqamətində düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin edir. Qarşı tərəf Xarkov istiqamətində aktiv döyüş əməliyyatları aparmayıb. Onun əsas səyləri qoşunlarının Xarkov şəhərindən çıxarılmasına, işğal olunmuş mövqelərin və təchizat yollarının saxlanmasına yönəlib”.
Rəsmi informasiyaya əsasən, Rusiya ordusu PUA-larla hava kəşfiyyatını davam etdirir: “Mariupol şəhərində Rusiya ordusu “Azovstal” zavodunun yaxınlığındakı bölmələrimizi mühasirəyə almaqda davam edir. Kütləvi artilleriya və hava zərbələri endirilir. Donetsk və Luqanskda son 24 saat ərzində qarşı tərəfin 10 hücumunun qarşısı alınıb. 5 tank, 5 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 7 nəqliyyat vasitəsi məhv edilib. Həmçinin 3 PUA-sı vurulub”. "Azpolitika"